Mətbəxdə gigiyena

Mətbəxdə gigiyena

mətbəxdə təmizlikMətbəximizdə hər şey təmizliyə xidmət etməlidir. Bunun üçün zədəli qablar, yemək artıqları, çirkli parça qırıqları saxlamayın. Qablar yuyulmazdan əvvəl yemək artıqlarından təmizlənməlidir. Bu mənada qabyuyan maşın, soba və qaz plitələrinin təmizliyi də əsas şərtdir.
Yemək hazırlamağa başlamazdan əvvəl, çiy ət, yaxud toyuq məhsullarına toxunduqdan sonra əllər 20 saniyə fasiləsiz olaraq isti su və sabunla yuyulmalıdır. İstifadə etdiyiniz bez və süngərlər yaxşı təmizlənmədikdə bir neçə saat ərzində üzərlərindəki bakteriyalar artıb çoxalır. Çiy əti doğrayarkən işlətdiyiniz bıçağı təmizləyib, qaynar suda saxlayaraq dezinfeksiya edin.
Mətbəx avadanlıqları və əlüzyuyan isti, sabunlu su ilə yuyulduqdan sonra 1 çay qaşığı xlor əlavə edilmiş su ilə durulanmalıdır. Sintetik, plastik qablardan təkrarən istifadə etməyin, atın. Bəzən ət məhsullarını bişirməzdən əvvəl bakteriyalardan təmizləmək məqsədi ilə yuyurlar. Buna ehtiyac yoxdur, çünki bakteriyalar yalnız 71 dərəcə selsidə məhv olur.
Mətbəxdə işlədilən yaş bezlər mikrob mənbəyinə çevrilməsin deyə, həftədə 1 dəfə paltaryuyan maşında isti su ilə yuyun.
Əlüzyuyanda yığılıb qalmış yemək artıqları nəmli şəraitdə bakteriyaların çoxalmasına səbəb olur: Odur ki, əlüzyuyanı tez-tez xlorlu su ilə yumaq və dezinfeksiya etmək lazımdır.
Konserv məhsullarını açmazdan öncə açacağın yer təmizlənməli, konserv qabı yuyulmalıdır.
Mətbəx taxtasının təmizliyi həmişə diqqətdə saxlanmalıdır. Çalışın çiy ət, toyuq, balıq üçün işlətdiyiniz taxtadan salat üçün istifadə etməyin, yəni salat taxtasını ayırın. Taxtanı fırça ilə yuduqdan sonra xlorlu su ilə də durulayın.
Ərzaq məhsullarına əldən də bakteriya və mikrob yoluxur. Odur ki, işə başlamamışdan qabaq da, sonra da əlləri təmiz yumaq lazımdır.
Ayaqyolundan istifadə edərkən, körpənin bezini dəyişdirərkən, asqırma, öskürmə, burun təmizliyindən sonra əllər ilıq su və sabunla ən azı 20 saniyə davamlı olaraq yuyulmalıdır. Əldə yara, kəsik varsa, yara bantı ilə bağlanmalı, yemək hazırlayarkən əlcək geyilməlidir.
Əllərinizi yuyarkən antibakterial sabun ideal vasitə sayılır. Əllərin önü və arxası 20-30 saniyə ovulmalıdır. Dırnaqların içi və barmaqların digər nahiyələrinin yaxşıca yuyulmasına əmin olduqdan sonra isti su ilə əllər durulanmalı və kağız salfetlə qurulanmalıdır.
Top