Xoşagəlməz qoxulardan xilas olmaq üçün

Xoşagəlməz qoxulardan xilas olmaq üçün

arzuolunmaz qoxular
Evdə arzuolunmaz qoxulardan xilas olmaq üçün bir neçə tədbir görə bilərsiniz. Məsələn, zibil vedrəsindəki qoxunu aradan qaldırmaq üçün meyvə-tərəvəz və yemək tullantılarını bir paketə yığıb, ağzıbağlı halda zibilə atın.
Hər gün olmasa da, iki-üç gündən bir zibil vedrəsini yuyucu vasitə ilə yuyun. Belə etsəniz, ağcaqanadların da qarşısını ala bilərsiniz. Qoxunu yox etmək üçün qızartma zamanı yağa bir budaq cəfəri atın, balıq qoxusuna görə isə ağzıaçıq qabda azca sirkəli su qaynadın.  

Yeməkləri ağzını bağlamadan soyuducuda yerləşdirdikdə xoşagəlməz qoxular meydana çıxır. Əgər yeməyi soyuducuya ağzıaçıq qoymaq məcburiyyətində qalsanız, onda soyuducuya bir qab sirkə yerləşdirin. Pendir qoyduğunuz qaba da azca kəklikotu qoymağı unutmayın. 

 Siyirmələrdəki qoxular 
Mətbəxinizdəki şkaf və siyirmələri əvvəlcə, yuyucu vasitə ilə silin, sonra kiçik bir qabda bir qədər un, bir qədər xardal və ya qoxulu sabunlardan qoyun. Yemək qızardarkən yayılan qoxu, şkafın içərisinə də hopur. Odur ki, şkafın (həmçinin siyirmənin də) qapaqlarını həmişə bağlı saxlayın. 

 Boya qoxusu 
Boya qoxusundan xilas olmaq bir az çətindir. Gərək qapı və pəncərələri günlərlə açıq saxlayasınız. Digər tərəfdən, bunun üçün boya işi qurtardıqdan sonra otağın ortasına bir qabda hissələrə bölünmüş bayat çörək qoyun. Ertəsi gün isə həmin yerə başqa bir qabda qaynadılmış isti süd qoyun. Boya qoxusu tamamilə yox olmasa da, bir qədər azalacaq. 

 Siqaret qoxusu 
Xüsusilə, izdihamlı qonaqlıqlardan və yığıncaqlardan sonra otağa günlərlə siqaret qoxusu hopur. Bunun üçün otağın künclərinə ipə keçirilmiş yaş süngər asın ki, qoxunu özünə çəksin. 

 Qazandakı qoxu 
Uzun müddət istifadə edilməyən qazan və qab-qacaqlardakı qoxuları bir qədər quru qəhvə ilə yox edə bilərsiniz. Əgər bunun da faydası olmasa, qazana bir dilim limon qoyun, üzərinə bir qədər su əlavə edin və qaynadın.  

Top