Bir neçə il bundan qabaq radioda çıxış etdiyim zaman aşağıdakı suallara cavab verməyimi xahiş etdilər: «Siz həyatınızda özünüzə hansı ən mühüm ibrət dərsi almısınız?» — sualına cavab vermək mənim üçün çox asan oldu: «Həyatım boyu mənimsədiyim ən qiymətli dərs düşündüklərimizin əhəmiyyətini dərk etməyim olmuşdur. „Nə düşündüyünü mənə söylə, kim olduğunu deyim.“
Bizim fikirlərimiz şəxsiyyətimizin xüsusiyyətlərini təyin edir. Bizim həyata münasibətimiz taleyimizi təyin edən əsas amildir. Emerson demişdir: „İnsan dediyin onun gün ərzində düşündüklərinin elə özüdür… Məgər o, daha nə isə ola bilərmi?“ İndi mən tam əminliklə başa düşürəm ki, bizim sizinlə həyatda rastlaşdığımız ən böyük problem, həqiqətdə bizimlə sizə aid az qala, yeganə olan problem kimi düzgün əhvali-ruhiyyə seçə bilməyimizdən ibarətdir. Əgər biz bu seçimi həyata keçirməyə qadiriksə, onda bütün problemlərimizin həlli yollarına düşmüş olarıq. Roma imperiyasına başçılıq edən böyük filosof Mark Avreliy bu fikri sizin taleyinizi müəyyən edə biləcək doqquz sözlə ifadə etmişdir: „Həyatımız haqqında nə düşünürüksə, məhz həmin düşüncələrimizdir bizim həyatımız.“
Həqiqətən də, biz xoşbəxtlik haqqında düşünürüksə, onda özümüzü xoşbəxt sanırıq. Əgər bizi qüssə çulğalayırsa, onda qəmgin oluruq. Əgər düşüncələrimizdə qorxu hissi iştirak edirsə, biz vahimələnirik. Əgər xəstəlik haqda düşünsək, tamamilə mümkündür ki, biz xəstələnək. Əgər uğursuzluq haqqında düşünsək, çox güman ki, biz iflasa uğrayacağıq. Əgər biz kədərimizə qapılıb qalsaq, onda hamı bizdən qaçacaqdır. Norman Vinsent Pil demişdir ki, „Siz özünüz haqda düşündüyünüz kimi deyilsiniz; siz məhz düşündüyünüzün özüsünüz.“
Sizə elə gəlirmi ki, mən sizin bütün problemlərinizə primitiv nikbin münasibətdə olmağı təbliğ edirəm? Yox, təəssüf ki, həyat o qədər də sadə deyildir. Amma mən isə özümüzdə bizi əhatə edən dünyaya qarşı mənfi deyil, müsbət münasibət aşılamağımızın tərəfdarıyam. Başqa sözlə, biz problemlərimizin baş vermə səbəbləri barədə narahatçılıq keçirməyib, onların həlli qayğısına qalmalıyıq. Burada fərq nədən ibarətdir?
Gəlin bu fikri misallarla aydınlaşdıraq. Mən hər dəfə Nyu-Yorkun bu və ya digər sıx hərəkətli küçə kəsişmələrini keçərkən maşının altına düşməmək üçün qayğı göstərirəm, amma bu hal məndə narahatçılıq hissi doğurmur. Hər şeyi ölçüb-biçmək o deməkdir ki, problemlərin nədən ibarət olduğunu dərk edib, onun həlli üçün sakitcə qərar qəbul edəsən. Daim narahat olmaq isə çevrə boyunca haldan düşənə qədər mütəmadi bihudə yerə dövr etmək deməkdir.
Ola bilər ki, siz ciddi problemlərin həllinə qapılmış halda küçə də gedəsiniz, belə halda yaxanızın ilməyində qərənfil gülü olmaqla başınızı vüqarla dik tutmalısınız. Lauell Tomasın məhz bu tərzdə davrandığının şahidi olmuşam. Bir dəfə Lauell Tomas ilə birgə işləmək şərəfinə nail oldum. Biz birlikdə onun I Dünya müharibəsi zamanı Allenbi-Layrens kompaniyaları haqda çəkdiyi məşhur filmlərini nümayiş etdirirdik. O və onun köməkçisi təxminən altı cəbhədə keçirilən hərbi əməliyyatları lentə çəkmişdilər. Ən əsası isə ondan ibarət idi ki, onlar T.E.Lourens və onun qeyri-adi ərəb ordusu haqqında çəkdiyi xronikal kinomaterial və həmçinin Allenbinin Müqəddəs torpağı necə istila etməsi barədə sənədli film gətirmişdilər. Onun „Allenbi ilə Fələstində“ və „Lourenslə Ərəbistanda“ filmlərinin nümayişi isə müşayiət olunan çıxışları Londonda, həm də bütün dünyada çox böyük təsir oyatdı. Tomasın Kovent — Qardendəki Krallığın opera teatrındakı çıxışlarında ağlasığmaz macəralardan ibarət filmlər nümayiş etdirməklə davam edilməsi məqsədilə Londonda opera mövsümü altı həftə təxirə salındı. Londonda qazandığı gurultulu uğurdan sonra onun bir çox ölkələrə təntənəli səfəri başlandı. Daha sonra o, iki il Hindistan və Əfqanıstan həyatından bəhs edən filmlər üzərində işlədi. Sonradan o, bir sıra silsilə olmazın müvəffəqiyyətsizliklər nəticəsində dözülməz dərəcədə imkansız vəziyyətə düşdü və Londonda tamamilə iflasa uğradı. O vaxtlar mən onunla birgə idim. Yadımdadır biz Ceyms Makbi adlı məşhur bir şotlandiyalı aktyordan borc pul almasaydıq, həmin o ucuz yeməkxanalarda da yeməkdən məhrum olacağıq. Həmin əhvalatın məğzi belədir: Louell Tomas hətta böyük borclar etdiyi vaxtlarda və ağır məyusluq halları keçirdikdə belə, narahatçılığa qapılmır və öz problemlərilə ciddi məşğul olurdu. O, bilirdi ki, məyusluğa və ruh düşkünlüyünə yol vermək olmaz, yoxsa hamı hətta kredit verənlər də ondan üz döndərər. Ona görə də hər səhər işə yollanmamışdan qabaq o, çiçək alar, onu yaxasına sancar və şəhərin Oksford-strit küçəsilə başını dik tutaraq təkəbbürlə yeriyərdi. Onun fikirləri müsbət və mərdanə idi, o, məyusluğa qapılmağa, məğlubiyyət barədə düşüncələrə yol verməzdi. O, məğlubiyyətə oyunun bir elementi, həyatda uğur qazanmaq meylində olanlar üçün faydalı bir məşq kimi baxırdı.
Bizim xoş əhvali-ruhiyyəmiz fiziki qüvvələrimizdə inanılmaz dərəcədə müsbət təsir göstərir. Məşhur ingilis psixoloqu C.A.Xedfild özünün „Gücün psixologiyası“ adlı olduqca qiymətli əsərində bu faktı heyrətləndirici lövhələrlə nümayiş etdirir. C.A. Xedfild yazır: „Mən üç kişi üzərində təcrübə aparmışam. Dinamometrin köməkliyi ilə təlqin etmənin onların fiziki qüvvələrinə təsirini ölçmüşəm.“ Yoxlamada onların hər birinə tapşırılmışdı ki, dinamometri var qüvvələrilə sıxsınlar. Təcrübə üç müxtəlif şəraitdə keçirilmişdi.
Onların normal iş şəraitləri zamanında üzərlərində təcrübə aparılarkən dinamometrdə orta sıxma qüvvəsi 101 girvənkə həddində olmuşdur.
Sonra isə yoxlanılanlar əvvəlcə hipnoza məruz qalmış, sonradan təcrübədən keçirilmişlər. Öncə onlara təlqin edilmişdi ki, onlar çox gücsüzdürlər. Nəticədə normal güclərinin üçdə biri qədər, yəni 29 girvənkə sıxa bildilər (onların içərisində biri boksçu idi, onun sözünə görə hipnoz vəziyyətində ona gücsüzlüyü təlqin edildikdə birdən ona elə gəlmişdi ki, onun əli, gücsüz balaca uşaq əli tək kiçikdir bapbalacadır).
Üçüncü təcrübə zamanı Xedfild sınaqdan keçirilən şəxslərə təlqin etmişdi ki, onlar olduqca güclüdürlər. Bundan sonra onların hər birinin sıxma qüvvəsi 142 girvənkəyə çatdı. Öz qüvvələri barədə müsbət fikirlərlə „silahlandıqdan“ sonra onların həqiqi fiziki qüvvəsi, demək olar ki, əlli faiz artmışdı.
Bəli, bizim əhvali-ruhiyyəmiz belə ağlagəlməz dərəcədə gücə malikdir.
Yaşlılarla otuz beş illik tədrisin nəticəsi olaraq mən bilirəm ki, kişilər və qadınlar öz düşüncə tərzlərini dəyişdirməklə narahatçılıqdan, qorxudan və digər xəstəliklərdən yaxa qurtarar və həyatlarını yeni şəklə sala bilərlər. Mən bilirəm! Mən bilirəm! Mən bilirəm!!! Mən yüz dəfələrlə insanların bütün həyatlarının inanılmaz dərəcədə şəkildən-şəklə düşməsinin müşahidəçisi olmuşam. Mən belə halları o qədər tez-tez görmüşəm ki, onlar artıq məni təəccübləndirmir.
Mən tam əminəm ki, bizim ruhi dincliyimiz və həyati sevincimiz, biz haradayıqsa, nəyə biz sahibiksə, cəmiyyətdə hansı mövqedə bərqərarıqsa, ondan asılı deyildir, yalnız və yalnız bizim əhvali-ruhiyyəmizdən asılıdır. Xarici mühitin buna heç bir təsiri yoxdur. Məsələn, qoca Con Braunun tarixçəsinə bir baxın; onu asdılar ona görə ki, Xarpers-Ferri şəhərində o, dövlət arsenalını ələ keçirmiş və qulları qiyama çağırmışdı. O, dar ağacına, arabada öz tabutu üzərində, oturmuş vəziyyətdə gedirdi. Onun yanında gedən həbsxana gözətçisi çox həyəcanlı və qəmgin idi. Qoca Con Braun isə, olduqca sakit idi və qətiyyən halını pozmurdu. O, Virqinidə, Blu-Ric dağının yanından ötərkən səsləndi: „Nə gözəl mənzərəli yerlərdir! Buraları əvvəllər görmək mənə nəsib olmamışdı.“
Cənub qütbünü fəth edən ilk ingilislərə — Robert Falkon Skott və onun yoldaşlarına aid daha bir misal. Yəqin ki, onların geri dönmə yolları bəşər övladının bəxtinə düşən ən məşəqqətli sınaqlardan biri olmuşdur. Onların ərzaq və yanacaqları tamamilə tükənmişdi. Onların Yer kürəsinin ən ucqarında düz on bir gün tüğyan edən tufanda bir addım da belə irəliləməyə taqətləri yox idi. Külək elə qəddarcasına və o qədər sərt əsirdi ki, hətta polyar buzları üzərində şırımlar açmışdı. Skott və onun yoldaşları dərk etdilər ki, onlar artıq ölümə məhkumdurlar. Onlar yola düşərkən özlərilə hər ehtimala qarşı tiryək maddəsi götürmüşdülər ki, ölümləri əzablı olmasın. Kifayət idi ki, tiryəkdən yüksək dozada qəbul edib sakitcə yuxuya gedəsən və bir daha heç vaxt ayılmayasan. Lakin onlar bu tiryək maddəsindən istifadə etmədilər və ölərkən „şən, ilhamverici“ mahnılar oxudular. Biz bu haqda onların „vida“ məktublarından oxuduq, bu məktub səkkiz aydan sonra onların donmuş cəsədləri ilə birlikdə axtarış qrupu tərəfindən tapılmışdı.
Bəli, əgər edama aparıldıqda biz, icranı yüksək ehtirasla, mərdanə və təmkinlə qarşılaya biliriksə və bu vaxt biz özümüzə mənsub tabutun üstündə oturub gözəl təbiətdən zövq almağı bacarırıqsa, xalis buzdan olan palatamızda mahnılar da oxumağa qadir ola bilərik.
Milton bu həqiqəti yüz il qabaq kor olarkən dərk etmişdi; „İnsan ağlı — öz-özü üçün cəhənnəmi cənnətə, cənnəti də cəhənnəmə çevirmək iqtidarındadır.“
Napoleon və Elən Kellerin həyata bəslədikləri münasibət Miltonun bu fikirlərini tamamilə təsdiq edir. Napoleon, adətən insanların can atdığı hər şeyə: şöhrətə, hakimiyyətə və var-dövlətə artıq nail olmuşdu. Lakin o, müqəddəs Yelena adasında olarkən demişdi: „Mənim həyatım boyu heç olmazsa altı xoşbəxt günüm olmamışdır.“ Halbuki kar, kor və lal Elen Keller iddia edir ki, „mənim həyatım necə də gözəldir!“
Əgər yarım əsrlik həyatımda nə öyrənmişəmsə, o da ancaq „özünüzdən başqa heç kəs sizə ruhi sakitlik gətirə bilməz.“ kəlamından ibarətdir.
Mən, sadəcə olaraq Emersonun „özünə inam“ essesinin sonundakı ibrətamiz sözləri təkrar etməyə çalışacağam. O, yazmışdır:
»Nə vaxt ki, siyasi meydanda qələbəyə nail olmuşsan, nə vaxt ki, öz gəlirinin artırılmasına nail olursan, nə vaxt ki, evinizdəkilərdən xəstələnmiş kimsə sağalır, nə vaxt ki, uzun müddət səndən ayrı düşmüş dostun qayıdır və yaxud həyatınızda hər hansı başqa bir xoş hadisə baş verir, onda səni şən əhvali-ruhiyyə bürümüş olur. Onda belə güman edirsən ki, səni qabaqda da gözəl çağlar gözləyir. Buna sən inanma. Dünyada özündən başqa heç kəs sənə ruhi dinclik, qəlbinə sakitlik gətirə bilməz."
Böyük filosof-stoik Epiktet xəbərdarlıq etmişdi ki, «bədənimizdə əmələ gəlmiş şişlərin, çibanların kənar edilməsindən daha çox fərz, başımızdakı yaramaz fikirlərin aradan qaldırılmasına diqqət yetirməliyimiz daha faydalı olardı.»
Epiktet bu haqda 19 əsr bundan qabaq söyləmişdi. Kaş ki, müasir təbabət elmi onun mövqeyini dəstəkləmiş olaydı. Doktor C.Kenbi Robinson bildirmişdi ki, Cons Hopkinsin xəstəxanasında hər beş xəstədən dördü emosional gərginlikdən və əsəb sarsıntısından yaranmış xəstəlikdən əzab çəkir. İnsanlarda bu hallar orqanizmin nasazlığı səbəbindən də törənmiş olur və nəhayət bu xəstəliklər insanın həyata və onun problemlərinə alışa bilməməsi səbəbindən yaranmış olur.
Böyük fransız filosofu Monten aşağıdakı on doqquz sözü öz həyatının devizi kimi qəbul etmişdir: "İnsan vaqe olmuşlara görə bir o qədər də iztirab çəkmir, nə qədər ki, o, artıq vaqe olmuşlara verdiyi qiymətə müqabil narahatlıq keçirir."
Mən bununla nəyi nəzərdə tuturam? Siz soruşa bilərsiniz ki, necə olur ki, mən narahatlıqdan cana doyduğunuz, əsəbləriniz qırılmaq həddində olan sim kimi gərildiyi bir vaxtda sizdən iradənizə zor gələrək düşüncə tərzinizi dəyişdirməyi təkidlə tələb etməyə cəsarət edirəm. Bəli, mən məhz bunu tələb edirəm! Hələ bu, hamısı deyildir. Mən hətta bunu necə etmək lazımdırsa, onu da sizə göstərmək istəyirəm. Bunun üçün ola bilər ki, tərəfinizdən kiçik bir səy və qüvvə tətbiqi tələb olunacaqdır, lakin bunun sirri çox sadədir.
Praktik psixologiyanın korifeyi Uilyam Ceyms aşağıdakı müşahidəni etmişdir: «Belə sanılır ki, hərəkət əhvali-ruhiyyənin nəticəsidir.» Əslində isə bunlar biri-birindən ayrılmazdırlar. Biz bilavasitə əhvali-ruhiyyəmizin nəzarətində olan öz hərəkətlərimizi idarə etməklə, nəzarətə tabe olmayan əhvali-ruhiyyəmizin dolayı yol ilə idarə etməyi bacarırıq.
Başqa sözlə, Uilyam Ceyms belə hesab edir ki, biz emosiyalarımızı «təkcə iradəmizin gücü ilə birbaşa dəyişə bilmirik.» Ancaq biz öz hərəkətlərimizi bilavasitə dəyişməyə qadirik." Nə vaxt ki, biz öz hərəkətlərimizi dəyişdirməyi bacarırıq, onda avtomatik olaraq öz hisslərimizi də dəyişmiş oluruq.
«Beləliklə, o, belə nəticəyə gəlir ki, əgər siz pərişansınızsa, dərhal sevinc hissinə qovuşa bilməzsiniz. Amma əgər siz şən əhvali-ruhiyyə ilə əyləşsiniz, hərəkət etsəniz və danışsanız, onda istər-istəməz ruhlanacaqsınız.»
Görəsən, belə bir sadə «oyun» doğrudanmı kömək edə bilir? O, necə bir plastik cərrahiyyə əməliyyatı kimi təsir göstərir.
Çalışın bunu öz üzərinizdə sınayın. Hər şeydən əvvəl geniş, şən bir halda, ürəkdən gülümsəyin, çiyinlərinizi və qamətinizi düzəldin, dərindən nəfəs alın, hər hansı xoşunuza gələn mahnıdan bir bənd oxumağa çalışın. Oxumağı bacarmırsınızsa dodaqaltı zümzümə edin. Siz dərhal dərk edəcəksiniz ki, Uilyam Ceyms nəyi nəzərdə tuturdu. Axı əgər siz özünüzü xoşbəxt insan qiyafəsinə sala bilmişsinizsə, belə halda fiziki cəhətdən qəmgin və ya əzgin görünə bilməzsiniz.
Bu təbiətin çox da böyük olmayan əsas həqiqətlərindən biridir və bu sizin həyatınızda möcüzələr yarada bilər. Mən Kaliforniyada adını sizə deməyəcəyim bir qadın tanıyıram ki, o, bu sirri bilmiş olsaydı, 24 saat ərzində özünün bütün bədbəxtliklərindən qurtula bilərdi. O, indi artıq yaşlı qadındır. Mən etiraf edirəm ki, bu, onun üçün çox bədbin bir hal idi. Amma, görəsən, o çalışırdımı ki, özünü heç olmazsa bir anda olsa, bəxtiyar kimi aparsın? — Xeyr! Əgər ondan soruşsanız ki, özünü necə hiss edir o, cavabında deyəcəkdir: «Hə, mənim hər işim öz qaydasındadır». Ancaq onun üzünün ifadəsi və səsinin qəmgin ahəngi sizə deyəcəkdir: «Eh, aman Allah, əgər siz bilsəydiniz ki, mənim üçün nə qədər çətindir!» Elə təəssürat yaranır ki, guya onun yanında özünüzü xoşbəxt kimi göstərməyə cəsarət etdiyiniz üçün o, sizi məzəmmət edir. Yüzlərlə qadın ondan daha pis vəziyyətdədir. Onun üçün əri sığorta polisi xətti ilə kifayət qədər pul qoymuşdur ki, ömrünün axırına qədər ehtiyac hiss etməsin, ərdə olan qızları onu istədiyi vaxt himayə edə bilərdilər. Lakin mən onu təsadüfi hallarda gülən görmüşəm. O, isə hər üç kürəkənindən daim şikayətlənib deyirdi ki, onlar olduqca xəsis və xudbin insanlardır. Buna baxmayaraq, o, aylarla onların evində qonaq qalırdı. Bundan əlavə, şikayətlənirdi ki, qızları ona heç vaxt hədiyyə almırlar, amma onlardan gizli özünə pul yığırdı. O, deyirmiş ki, pul insanın qocalıq «dövrü üçün» saxlanılmalıdır. Bu qarı özünün və bədbəxt övladlarının həyatlarını zəhərləyirdi. Lakin məgər bu, beləmi olmalıdır? Bütün bunlar çox kədərli bir haldır. Əgər o, qarı istəsəydi, dəyişilə də bilərdi; bədbəxt kinli bir qarıdan ailənin sevimli, hörmətli, hamı tərəfindən sevilən üzvünə çevrilərdi. Belə bir dəyişikliyin baş verməsi üçün özünün uğursuz həyatına görə gecə-gündüz göz yaşı axıtmaqdansa, lazım idi ki, özünü bir balaca şən göstərsin, elə etsin ki, guya yaxınlarını az da olsa sevir.
Mən İndianadan X.C.Enqlerta adlı bir adam tanıyıram o, bu sirri özü üçün kəşf edə bildiyinə görə indi də sağdır. On il bundan qabaq X.C.Enqlerta skarlatin xəstəliyi keçirmişdi, sonra xəstəlik mürəkkəbləşərək nefritə çevrilmişdi. O, bir çox həkimlərə hətta ara həkiminə də müraciət etmişdi, heç kəs ona kömək edə bilməmişdi. Tezliklə onda digər mürəkkəbləşmələr də baş vermişdi. Qan təzyiqi kəskin artmışdı. O, həkimin yanına gedəndən sonra məlum oldu ki, onun qan təzyiqi 214 dərəcə həddinə yüksəlmişdir. Ona dedilər ki, vəziyyəti olduqca gərgindir, xəstəliyi daha da şiddətlənəcəkdir və məsləhətdir ki, öz işlərini qaydaya salsın.
O, belə deyir: «Mən evə getdim və yoxladım ki, görəsən sığorta vəsiqələrini ödəmişəmmi. Sonra isə öz Yaradanım qarşısında bütün günahlarımı boynuma aldım və qəmli düşüncələrə daldım.
Mən hamını bədbəxt etmişdim. Mənim arvadım və ailə üzvlərim hamısı əzab çəkirdi və mən də dərin ruh düşkünlüyünə qapılmışdım. Tam bir həftə həyatımdan şikayətlənir və özümə yazığım gəlirdi. Amma tezliklə öz-özümə dedim: „Sən özünü axmaqcasına aparırsan. Ola bilər ki, bundan sonra da bir il yaşayacaqsan. Elədirsə, bəs niyə görə onu xoşbəxtcəsinə yaşamağa çalışmayasan?“
Mən çiyinlərimi düzəltdim, ürəkdən gülümsədim və özümü elə aparmağa çalışdım ki, guya hər işim öz qaydasındadır. Etiraf edirəm ki, özümü şən və həyatımdan razı kimi göstərmək əvvəlcə mənə böyük zəhmət hesabına başa gəldi, lakin mənim bu səyim nəinki təkcə ailəmə, həm də mənə kömək etmiş oldu.
Tezliklə mən özümü doğrudan da, arzuma uyğun necə görmək istəyirdimsə, demək olar ki, o cür də yaxşı hiss etməyə başladım. Mənim səhhətim nəzərə çarpacaq dərəcədə yaxşılaşmışdı. İndi isə güman etdiyim dəfn mərasimindən bir çox aylar keçdikdən sonra mən nəinki təkcə sağam, sağlamam və xoşbəxtəm, həm də mənim qan təzyiqim aşağı düşmüşdür! Mən bir şeyi qəti bilirəm ki, əgər məğlubiyyət və ölüm haqqında düşünməkdə davam etsəydim, həkimin söylədiyi sözsüz ki, özünü doğruldacaqdı. Mən düşüncə tərzimi tamam dəyişdiyim üçün xəstəlikdən yaxa qurtara bildim.»
İcazə verin, sizə bir sual verim. Əgər şən və razılıq bildirən görkəm, sağlamlaşdırıcı müsbət düşüncə tərzi bu insanın həyatını xilas edə bilibsə, bəs nə üçün siz və mən özümüzə bir dəqiqəliyə də olsa, məyus və qəmgin olmağa imkan veririk? Nəyə görə belə bir imkanımız olduğu halda, özümüzü və yaxınlarımızı bədbəxt və qəmgin edirik. Başqa sözlə bunun üçün həyatından razı olan şən insan roluna girməyimiz yetməzdimi?" Bundan çox illər qabaq mən balaca bir kitab oxudum; bu kitab həyatımda silinməz bir iz buraxmışdı. Kitabın adı belədir: "İnsan necə düşünür". Müəllifi isə Ceyms Leyn Allendir. Orada belə yazılmışdır:
"İnsana məlum oldu ki, o, şeylərə və digər insanlara münasibətini dəyişərsə, onlar da ona qarşı öz münasibətini dəyişəcəklər." Kifayətdir ki, insan öz fikirlərini qəti şəkildə dəyişsin, onda təəccüblü də olsa, görəcəkdir ki, necə də tezliklə onun maddi həyat şəraiti dəyişəcəkdir. İnsanları özünə cəlb edən onların istəklərinə görə deyil, bu varlığımızda təcəssüm edən və taleyimizi müəyyənləşdirən ilahi qüvvədir. O, bizim əsl mahiyyətimizdir. İnsan həyatda nəyə nail olursa, bunların hamısı yalnız onun şəxsi düşüncələrinin birbaşa nəticəsidir. İnsan ancaq öz düşünmə qabiliyyətini artırmaqla yüksələ bilər, qələbə qazanar, qalib gələr. Əksinə öz düşüncələrin və təfəkkürünü yüksəltməkdən imtina edərsə, o, həqiqətən gücsüz, zavallı və bədbəxt vəziyyətdə qalacaqdır."
«Məişət» kitabında deyilir ki, Yaradan insana bütün Yer üzündə hakimliyi vermişdir. Sözsüz ki, bu böyük bəxşişdir. Ancaq mənim üçün belə, müstəsna ixtiyar yüksək hakimiyyət heç nədir. Hamıdan çox mən öz üzərimdə hakimliyimi arzu edirəm: öz təfəkkürüm və keçirdiyim qorxular üzərində, öz ağlım, öz qəlbim və öz nəfsim üzərində hakimiyyəti ələ almaq istəyirəm. Mənim bildiyimə görə, ən əsas cəhət belə hakimiyyətə istənilən vaxt, son dərəcə asan şəkildə necə yiyələnə bilməyimizdən ibarətdir. Bunun üçün sadəcə olaraq yalnız və yalnız öz hərəkətlərimi idarə etməyi nizamlamağı bacarmalıyam və onlar da öz növbəsində mənim reaksiyalarıma (münasibətimə) təsir edəcəkdir.
Beləliklə, gəlin Uilyam Ceymsin aşağıdakı sözlərini yada salaq: "Çox vaxt müsibət və bədbəxtlik hesab etdiyimizi sadəcə olaraq öz əhvali-ruhiyyəmizi dəyişməklə ilhamverici və sağlamlaşdırıcı hala gətirə bilərik, bunun üçün bədbəxtkəranəlikdən və qorxu halımızdan mübarizəyə keçmək lazımdır."
Demək, xoşbəxtliyimiz naminə mübarizə etməliyik!
Gəlin, nikbin və konstruktiv əməli düşüncəmizə söykənərək səadətimiz uğrunda mübarizəyə başlayaq. Bunun üçün hər gün əməl edəcəyimiz bir proqram təklif edirəm. O, belə adlanır: «Məhz bu gün.» Mən bunu o qədər həvəsləndirici proqram sandım ki, onu yüzlərlə nüsxədə dərc edərək payladım. Onu mərhum Sibilla F.Partric otuz altı il öncə yazmışdı. Əgər siz və mən bu proqrama əməl etsək, keçirdiyimiz həyəcan hissinin əksər hissəsini aradan qaldırar və fransızların təbirincə desək, «həyat sevincini» son dərəcə artırarıq — La joie de vivre.
1. Mən məhz bu gün xoşbəxt olacağam.
Bu o deməkdir ki, mən Avraam Linkolnun: "İnsanların əksəriyyəti xoşbəxt olmaq əzmində olduqları həddə qədər xoşbəxtdirlər." mülahizəsini əldə rəhbər tutacağam. Xoşbəxtlik bizim öz daxilimizdədir. O, xarici şəraitin nəticəsi deyildir.
2. Məhz bu gün məni əhatə edən həyata uyğunlaşmağa çalışacağam, lakin cəhd göstərməyəcəyəm ki, hər şeyi arzularıma uyğunlaşdırım. Öz ailəmi, öz işimi və öz həyat şəraitimi necə varsa, olduğu kimi qəbul edəcəyəm və onlara uyğunlaşmağa çalışacağam.
3. Məhz bu gün orqanizmimə qayğı göstərəcəyəm. Mən gimnastika ilə məşğul olacaq, öz bədənimin təmizliyi qayğısına qalacaq, düzgün qidalanacaq və çalışacağam ki, öz sağlamlığıma zərər yetirməyim və ona laqeyd qalmayım. Elə olsun ki, mənim bədənim tələblərimi yerinə yetirə biləcək ideal maşın vəziyyətinə düşsün.
4. Məhz bu gün əqlimin inkişafına fikir verəcəyəm. Mən nə isə bir faydalı iş öyrənəcəyəm. Əqli cəhətdən tənbəl olmayacağam. Güc, təfəkkür və diqqətin mərkəzləşməsini tələb edən yazılar oxuyacağam.
5. Məhz bu gün əxlaqi cəhətdən təkmilləşməyimlə məşğul olacağam. Bunun üçün üç işi yerinə yetirməliyəm. O adam özü bilmədən kiməsə, və nədəsə yaxşılıq etməliyəm. Uilyam Cemsin məsləhətinə istinadən sadəcə olaraq mən özüm istəmədiyim heç olmazsa iki önəmli iş icra etməliyəm.
6. Məhz bu gün mən hər kəsə qarşı xeyirxah əhvali-ruhiyyədə olacağam. Çalışacağam ki, mümkün qədər yaxşı görkəmdə olum: mümkün olduqca mənə daha çox yaraşan paltarlarımı geyinəcəyəm, sakit səslə danışacağam, özümü səmimi aparacağam, tərifləməkdə "əliaçıq" olacağam, çalışacağam ki, heç kəsi tənqid etməyim, heç kəsə irad tutmayam və kiməsə münasibətdə özümü rəhbər kimi aparmayım və ya kiminsə səhvlərini tutmağa çalışmayım.
7. Məhz bu gün çalışacağam ki, yalnız bu gün üçün yaşayam, bütün həyati problemlərimin hamısını birdən həllinə çalışmayım. Mən 20 saat ərzində elə naqis işlər törədə bilərəm ki, əgər belə işlərlə bütün ömrüm boyu məşğul olsam belə, onlar məni yenə də dəhşətə gətirmiş olar. Amma mən naqis işləri çalışacağam ki, etməyim.
8. Məhz bu gün görüləsi işlərimin proqramını qeyd edəcəyəm. Hər saat ərzində nə iş görməyə hazırlaşıramsa; onları yazacağam. Ola bilər ki, bunların hamısını proqram üzrə yerinə yetirə bilməyəcəyəm. Bu məni tələskənlikdən və qətiyyətsizlikdən qurtarmış olacaqdır.
9. Məhz bu gün mən yarım saat vaxtımı tənhalıqda sakit keçirəcəyəm və əsəb gərginliklərindən tam azad olmağa çalışacağam.
10. Məhz bu gün mən heç nədən qorxmayacağam, ələlxüsus xoşbəxt olmaq ümidini itirməyəcəyəm, gözəlliklərdən zövq almaqdan və sevməkdən usanmayacağam, kimləri sevirəmsə, onların da məni sevdiklərinə inam bəsləyəcəyəm. Əgər siz istəyirsinizsə ki, özünüzdə sizə sakitlik və nikbinlik bəxş edən xoş əhvali-ruhiyyə yaradasınız, I qaydanı yerinə yetirin: «Düşünün və özünüzü gülərüzlü aparın və nəticədə siz özünüzü bəxtiyar hiss edəcəksiniz.»