8. Sizin narahatçılığınızın xeyli hissəsini qeyri-qanuni hesab edən qanun

8. Sizin narahatçılığınızın xeyli hissəsini qeyri-qanuni hesab edən qanun

Mənim uşaqlıq çağlarım Missuri ştatındakı fermada keçmişdir. Bir dəfə albalı meyvəsinin tumunu çıxarmaqda anama kömək edirdim və birdən məni ağlamaq tutdu. Anam məndən soruşdu: "Deyl, nə olmuşdur? Niyə ağlayırsan?" Mən burnumun altında donquldandım: "Qorxuram ki, məni diri ikən torpağa basdıralar."
O zamanlar mən daima qorxu çəkir və narahat olurdum. Qorxurdum ki, tufanda məni ildırım vuracaqdır. Ağır zamanlarda qorxu çəkirdim ki, yeməyə heç nəyimiz olmayacaqdır. Qorxu çəkirdim ki, mən öldükdən sonra cəhənnəmə düşəcəyəm. Mən bir də ondan dəhşətə gəlirdim ki, məndən yaşlı olan Sem Uayt mənim yekə qulaqlarımı kəsəcəkdir. Axı o, bunu edəcəyi ilə daim məni qorxudurdu. Mən qorxu çəkirdim ki, qızlara yanaşdıqda onlar mənə güləcəklər. Mənə elə gəlirdi ki, heç bir qız mənə ərə gəlməyə razılıq verməyəcəkdir. Mən qabaqcadan əsəbilik keçirirdim ki, toyumuzdan sonra gəlinimə deməyə söz tapmayacağam. Mən təsəvvür edirdim ki, biz hansısa, kiçik bir kilsəcikdə kəbin kəsdirib iki yerlik, üstü saçaqlı örtük ilə bəzədilmiş faytonda fermadakı evimizə gələcəyik... Mən habelə qorxurdum ki, görəsən seçdiyim qızla söhbəti davam etdirmək iqtidarında ola biləcəyəmmi? Bu zaman mən özümü necə aparacağam? Kotan dalınca mən çölə gedərkən də mən bu dünyəvi problemləri necə həll edəcəyim haqda saatlarla baş sındırır və düşünürdüm.
İllər keçdi və dərk etdim ki, mənim qorxularımın doxsan faizindən çoxu mənasız və uydurma imiş.
Dediyim kimi, çox vahiməli bir tərzdə mən ildırımdan qorxardım; indi isə, bilirəm ki, milli təhlükəsizlik şurasının hesablamalarına görə hər hansı bir ildə üç yüz əlli mində bir ehtimalla məni ildırım vurma şansı ola bilər.
Məni diri-diri torpağa basdırmaları qorxusu daha çox cəfəng, mənasız fikir imiş. Heç təsəvvür edilməz haldır ki, kimisə on milyonda bir ehtimalla diri ikən torpağa basdıra bilərlər: mən isə bu bədbəxtliyin mənim başıma gələ biləcəyi haqda hey düşünər və ağlayardım.

Ölümlərin səkkizdə biri xərçəng xəstəliyindən baş verir. Hər hansı bir səbəbdən öləcəyimə narahatçılıq çəkməyə meylli idimsə də, mən daha çox xərçəngdən öləcəyimdən qorxu çəkir, ildırımdan ölmək və ya diri-diri torpağa basdırılmaq kimi halların baş verə biləcəyindən daha çox narahat olurdum. Tamamilə aydındır ki, bu haqda söhbət uşaqlıq və gənclik dövrlərinə aid olan narahatçılıqdan gedir. Əfsus ki, çox hallarda yaşlı insanlar da bu motivdə qorxu hissi keçirirlər. Bu da həmçinin absurd bir haldır.
Siz və mən əgər keçirdiyimiz həyəcanlı halımızı kifayət qədər uzun müddət tərk edə bilsəydik, yəqin ki, narahatçılığımızın onda doqquzunu özümüzdən dərhal kənarlaşdıra bilərdik və bununla da böyük rəqəmlər baxımından bizim keçirdiyimiz qorxuların özünü necə doğruldacağını təyin edə bilərdik.

Dünyada ən məşhur olan Londondakı Lloyd sığorta kompaniyası həyatda az təsadüf edilən narahatçılıqlara təmayüllü insanların hesabına saysız-hesabsız milyonlara yiyələnmişdir. "Lloyd" London kompaniyasına müraciət edənlərlə mərcə gəlmişlər ki, güman etdikləri bədbəxtliklər onları heç zaman yaxalamayacaqdır. Birdə ki, firma bunu heç zaman mərc adlandırmazdı. Axı onlar buna sığorta adı vermişlər. Əslində isə, bu "böyük rəqəmlər qanunu" baxımından mərc etmək deməkdir.
Artıq iki yüz ildir ki, bu nəhəng sığorta kompaniyası mövcuddur və günü-gündən də çiçəklənir. Əgər insanların təbiətləri dəyişməzsə, belə kompaniyalar bundan sonra da əlli əsr müddətində də ayaqqabıdan tutmuş ta gəmilərədək böyük rəqəmlər qanununa" əsasən az hallarda baş verən bədbəxt hadisələrdən sığorta etməklə yaşayacaqdır. (Ehtimal etdiyimizdən əksinə olaraq, bu hadisələr heç də tez-tez təkrarlanmır).
Əgər biz "böyük rəqəmlər qanununu" öyrəniriksə, aşkar etdiyimiz faktlar qarşısında heyrətə gələrik. Məsələn, əgər bilsəydim ki, qarşıdakı beş il ərzində Qettisberq döyüşündəki qanlı vuruşlardan betər çarpışmağa məcbur olasıyam dəhşətə gələrdim. Eləcə də mən özümün bu dünyada görəsi işlərimi qaydaya salar, vəsiyyətimi yazmalı olar və düşünərdim: "Çox güman ki, mən belə bir döyüşə tablaşa bilmərəm. Ona görə də mənə gərəkdir ki, qalmış bir neçə illik ömrümü ən yaxşı bir tərzdə yaşayam. Əslində isə, faktlar "böyük rəqəmlər qanununa uyğun olaraq deyir ki, əlli yaşından əlli beş yaşına qədər sülh dövründə əmin-amanlıqla yaşamaq cəhdi Qettisberq döyüşündə vuruşda olduğu qədər təhlükə ilə və faciə ilə nəticələnə bilər. Mən bunu dedikdə əllidən əlli beş yaşına qədər insanların hər minindən ölənlərin sayı Qettisberq döyüşlərinə 163.000 əsgərdən hər mininə düşən ölənlərin sayına bərabərdir.

Bu kitabın bir neçə sərlövhəsini Kanadanın qayalı dağlarında olan Bou gölünün sahilindəki Ham-Ti-Taxedəki Ceyms Cimpsonun ovçu komasında yazdım. Bir dəfə yay vaxtı mən orada San-Fransiskolu cənab və xanım Herbert X.Selincer ilə tanış oldum. Sakit, xeyirxah qəlbli xanım Selincer məndə həyatında heç zaman narahatçılıq halı keçirməyən bir qadın təəssüratı doğurmuşdu. Necə oldusa, bir dəfə kamində (divar sobasında) yanan ağac budaqlarının uğultulu səsini dinləyə-dinləyə ondan soruşdum ki, o, həyatı boyu nə vaxtsa narahatçılıq hissi keçirmişdirmi? - "Əlbəttə, hələ gör bir necəsini, - deyərək o, cavab verdi. Narahatçılıq mənim həyatımı az qalmışdı ki, tamamilə məhv etsin, mənim həyatım tam on bir il əsl cəhənnəm xatırladırdı. Belə bir cəhənnəmi özüm üçün mən özüm yaratmışdım. Mən çox əsəbi və çılğın idim. Mən ağlagəlməz gərgin vəziyyətdə yaşayırdım. Mən, demək olar ki, hər həftə yaşadığım San-Mateodan San-Fransiskoya bazarlıq etməyə gedərdim. Dükanları gəzdikcə şübhələr içərisində, üzülürdüm. "Bəlkə, mən ütünü elektrik şəbəkəsindən ayırmağı unutmuşam? Ola bilər, evimiz artıq alovlanmışdır? Bəlkə, qulluqçu qadın evdən getmiş və uşaqları tənha buraxmışdır. Bəlkə, uşaqlar velosipeddə gəzməyə getmiş və onları maşın vurmuşdur? Bazarlığımın ən qızğın çağında tez-tez elə həyəcanlanırdım ki, məni soyuq tər basırdı. Mən belə də dərhal avtobuslara əyləşir və tələsik evə yollanırdım ki, hər şeyin qaydada olduğuna arxayın olum. Heç də təəccüblü deyildir ki, mənim birinci kəbinim faciəli qurtarmışdır.
Mənim ikinci ərim hüquqşünasdır. O, analitik xarakterli ağıla malik sakit bir insandır. O, heç vaxt, heç nədən narahat deyildir. Mən gərgin və narahat vəziyyətdə olduqda o, mənə adətincə deyərdi: "Sakit ol, gəl düşdüyümüz vəziyyət barədə düşünək... Mən və sən həqiqətən nədən narahatıq? Gəl "böyük ədədlər qanunu"nu tətbiq etməklə bu haqda düşünək; belə bir hadisə doğrudan da baş verə bilərdimi?"
Məsələn, yadımdadır ki, biz avtomobildə Nyu-Meksiko ştatın­dakı Albukerkdən Karlsbadsk mağarasına tərəf gedərkən - biz torpaq yolla gedirdik - gözlənilmədən fırtınalı və dəhşətli leysan yağışına düşdük. Avtomobilimiz gah sürüşür, gah da yerində durur, təkərlər yerindəcə boş-boşuna fırlanırdı. Biz avtomobili idarə edə bilmirdik. Mən çox inanırdım ki, biz sürüşərək yolun hər iki kənarında olan xəndəyə düşə bilərik. Lakin ərim mənə təkrarlamaqdan yorulmurdu: "Mən olduqca yavaş sürürəm... çox ehtimal ki, ciddi bir hadisə baş verməyəcəkdir. Hətta əgər maşın kənara - xəndəyə sürüşərsə də, "böyük ədədlər qanunu"na əsasən biz qəzaya uğramayacağıq." Onun bu sakitliyi və inamı məni sakitləşdirirdi.
Bir dəfə biz yayda qayalıqlı Kanada dağlarındakı Tunen dərəsinə səyahətə yollanmışdıq. Orada başımıza belə bir hadisə gəldi. Gecə ikən biz dəniz səviyyəsindən yeddi min fut hündürlükdə çadırlar qurduq. Birdən fırtına qopdu. Belə dəhşətli külək çadırlarımızı parça-parça edə bilərdi. Çadırlar troslarla ətrafdakı torpağa çalınmış ağac mıxlara bərkidilmişdi. Kənardakı çadır bir anda əsməyə başladı. Biz küləyin dəhşətli uğultusunu eşidirdik. Hər dəqiqə mənə elə gəlirdi ki, çadırlarımız bax bu saat yerindən qopacaq və havaya uçacaqdır. Mən dəhşətdən özümdə deyildim! Ərim isə təkrar-təkrar deyirdi: "Mənim əzizim, bir qulaq as, biz "Bryuster" firması bələdçilərinin köməyi ilə səyahət edirik. Onlar öz işlərini çox yaxşı bilirlər. Belə çadırlar bu dağlarda artıq əlli-altmış ildir ki, quraşdırılır. Bizim bu çadır da yəqin çox mövsümlərdir ki, belə tufanlarla qarşı dura bilmişdir. Bu günə qədər onu külək yerindən qopara bilməmiş, "böyük rəqəmlər qanununa" əsasən bu axşam da, yəqin ki, onlar yerindən qoparılmayacaqdır. Əgər belə bir hadisə baş versə də, qonşu çadıra köçə bilərik. Belə ki, gərginliyi tərk et və sakitləş..." Mən onun bu məsləhətlərinə uydum və gecənin qalan hissəsini sakitcə yatdım."

Bir neçə il bundan əvvəl Kaliforniya ştatının yaşadığımız ərazisini poliomielit epidemiyası bürümüşdü. Əvvəlki vaxtlarım olsaydı, yəqin ki, təbdən çıxardım. Ərim isə özümü sakit aparmağım üçün mənə ürək-dirək verirdi. Biz ehtiyatlı olmağımız naminə bacardığımız bütün mümkün tədbirləri gördük. Biz uşaqlara çoxlu insanların toplandığı yerlərə getməyə izin vermədik, onları kinoya və məktəbə buraxmadıq. Səhiyyə şöbəsindən öyrəndik ki, Kaliforniyanın ən kəskin poliomielit epidemiyasına düçar olduğu vaxt ölənlərin sayı 1855 uşaqdan artıq olmamışdır. Adi vaxtlarda isə bu rəqəm 200 və ya 300 olmuşdur. Bu rəqəmlər qorxu yaratsa da, biz belə hesab edirdik ki, "böyük rəqəmlər qanunu"na görə hər hansı bir uşağın xəstəliyə düçar olması ehtimalı böyük deyildir. "Böyük rəqəmlər qanunu"na görə bu halın baş verməyəcəyi ehtimalı mənim həyəcanlarımın 90%-i aradan qaldırmış və axırıncı iyirmi il ömrümün ən xoşbəxt çağlarını da yaşamağım üçün imkan yaratmışdı.

 

Yaşadığım axırıncı on ilə dönüb baxdıqda mən dərk edirəm ki, narahatçılıqlarımın əksər hissəsini öz uydurmalarım təşkil etmişdir. Cim Qrant mənə danışmışdı ki, o da belə anları yaşamışdır. O, Nyu-Yorkda "Ceyms A.Qrant" firmasının sahibi idi. Onun firması Floridadan gətirilmiş portağal və qreypfrut meyvələrinin topdansatış ticarəti ilə məşğul idi. Cim Qrant Floridadan bir dəfəyə on vaqondan əlli vaqona qədər meyvə tədarük edib yola salırdı. O, mənə deyirdi ki, mən qabaqlar bəzən özümə belə fikirlərlə əzab verirdim: "Birdən qatar qəzaya uğramış olar? Mənim meyvələrim dağılarsa, bəs necə olar? Mənim vaqonlarım körpüdən keçdikdə körpü dağılarsa necə?" Əlbəttə, meyvə bütünlüklə sığorta edilmişdi. O, hey iztirab keçirirdi: ola bilər, mənim meyvələrim vaxtında mənzil başına çatmaz və ya o, satış bazarını itirə bilər. O, elə narahatçılıq keçirirdi ki, hətta mədə xorası xəstəliyinə düçar olduğunu güman edərək həkimə müraciət etmişdi. Həkim isə pozulmuş əsəb sistemindən başqa, heç bir nasazlıq tapmamışdı. "Bəzən mən özümə sual verirdim. "Qulaq as, Cim Qrant, bütün bu illər ərzində neçə vaqon meyvə göndərmisən? "Cavab belə idi: "İyirmi beş minə qədər." Sonra özümə əlavə belə bir sual verdim: "Cənin cəmi neçə vaqonun qəzaya uğramışdır?" Cavab: "Ola bilər, beş vaqon." Onda mən özümə dedim: "İyirmi beş mindən ancaq beşi? Sən dərk edirsənmi bu nə deməkdir? Birin beş minə olan nisbəti! Başqa sözlə, "böyük rəqəmlər qanunu"na görə təcrübəyə əsasən şans belədir: sənin beş min vaqonundan biri qəzaya uğrayacaq olursa, bu beş mindən birini təşkil edir. Bəs sən nədən belə narahatçılıq hissi keçirirsən?
Sonra mən özümə belə bir sual da verdim: "Bəs körpünün uçurulmasından neçə vaqonun qəzaya uğramışdır? - "Heç biri" onda mən özümə belə dedim: "Sənin üçün ayıb deyildirmi ki, heç vaxt uçulmayan körpüyə görə özünü mədə xorası xəstəliyinə tutulmağa qədər bir təzada düçar edirsən." Bütün bunlara bir də ətraflı nəzər saldıqdan sonra mən özümü bu vaxta qədər axmaqcasına apardığımı anladım. Həmin andan da "böyük rəqəmlər qanunu"nun tətbiqi ilə narahatçılığımı dərhal aradan qaldırdım. O vaxtdan mən mədə xəstəliyimi unutdum."

El.Smit Nyu-York ştatının qubernatoru işləyərkən o, öz siyasi rəqiblərinin hücumlarını dönə-dönə "gəlin faktları öyrənək... Gəlin faktları öyrənək." sözlərini təkrarlamaqla necə dəf etdiyini eşitmişdim. Sonra isə o, faktlar gətirməyə başladı. Gələn dəfə əgər mən və ya siz narahatçılıq keçirirsə, gəlin bu qoca El.Smitin müdrik kəlamlarına qulaq asaq: gəlin əvvəl faktları öyrənək və onların həlli istiqamətində bizim üçün üzücü narahatçılığın olub-olmamasını araşdıraq. Frederik C.Malstedt artıq qəbirdə uzanmış olduğunu güman edib qorxu hissi keçirdikdə məhz bu cür hərəkət etmişdir. O, mənim Nyu-Yorkda olan yaşlılara aid kurslarımda iştirak edərkən belə deyirdi:
"1944-cü il iyunun əvvəllərində Omaxa-Biç yaxınlığında bir nəfərlik səngərdə idim. Mən o vaxt 999 saylı rabitə bölüyündə hərbi qulluqda idim. Biz burada - Normandiyada tez-tələsik "səngərlənmişdik". Mən bu dördbucaqlı bir adamlıq səngərə baxdıqda öz-özümə dedim: "Necə də qəbirə oxşardır." Mən səngərdə uzanıb bir qədər yuxulayıb dincəlmək istərkən mənə elə gəldi ki, həqiqətən artıq mən qəbirdəyəm. Mən qeyri-ixtiyari düşündüm ki, "bəlkə doğrudan da elə mənim qəbrim bu olacaqdır."
Səhər saat 11-də alman bombardmançı təyyarələri üstümüzə bomba tökməyə başladılar.
Mən qorxudan oduna dönmüşdüm. Birinci iki-üç gecə heç yata bilmədim. Dördüncü və ya beşinci gün idi ki, artıq mən əsəbilikdən şok vəziyyətinə düşmüşdüm. Mən dərk etdim ki, nəsə etmək lazımdır, yoxsa mən ağlımı itirə bilərəm. Bu vaxt yadıma düşdü ki, artıq beş gecə keçmişdir, mən və bizim bölmədə olanlar hamımız salamatıq. Cəmi iki nəfər yaralıdır, onlar da düşmən gülləsindən deyil, bizim öz zenit mərmilərimizin qəlpələrindən yaralanmışdır.
Mən özlüyümdə qərara gəldim ki, narahatçılığımı aradan qaldırmaq üçün nə iləsə, konstruktiv bir işlə məşğul olmalıyam. Mən öz səngərimin üstündə qalın ağaclardan örtük düzəltdim ki, məni də öz zenit mərmilərimizin qəlpələri yaralamasın. Düşündüm ki, bizim hissəmiz cəbhə xəttində böyük sahəni tutmuşdur. Özüm-özümə düşündüm bu dar və dərin xəndəyi andıran səngərimdə ölmək mərminin düz üzərimə düşməsi nəticəsində baş verə bilər. Lakin hesabladım ki, mərminin düz hədəfə dəymə ehtimalı on mində birdən azdır. İki gecə elə bu haqda düşünərək mən sakitləşdim və bombardman zamanı da sakitcə yatıb yuxulaya bildim.
ABŞ-ın hərbi donanma qüvvələri komandanlığı dənizçilərin ruh yüksəkliyini qaldırmaq üçün "böyük rəqəmlər qanunu"nun statistik göstəricilərindən istifadə etmişlər.

Bir nəfər dənizçi mənə söyləmişdi ki, o və onun döyüş yoldaşları yüksək oktan ədədli yanacağı daşıyan tankerə xidmətə göndərildikdə onlar çox qorxmuşdular. Əmin idilər ki, düşmənin torpedası əgər bu tankerə dəyərsə, onlar bir anda o biri dünyalıq ola bilərlər.
ABŞ-ın dəniz qüvvələri komandanlığı digər rəqəmlərə malik idilər. Belə ki, hər yüz tankerdən qırxı "böyük rəqəmlər qanunu"na uyğun olaraq torpeda zərbəsinə məruz qalmış, altmışı isə salamat qurtarmışdı. Qırx tankerdən yalnız beşi on dəqiqədən az bir müddətdə sulara qərq olmuşdur. Bu onu göstərir ki, ekipajın yanmaqda olan gəmini tərk etməyə vaxtı yetərli olduğundan itki olduqca az olmuşdur. Bu söylənilənlər döyüş ruhunun qalxmasına kömək etdimi? "Böyük rəqəmlər qanunu"nu bilmək məni əsəb sarsıntılarından azad etdi." - deyərək bütün bu hadisələri nağıl edən şəxs Klayd U.Maas bildirirdi ki, bütünlükdə komanda özünü yaxşı hiss edirdi. Biz belə dərk etdik ki, "böyük rəqəmlər qanunu"na görə yaşamaq şansımız vardır və ehtimal ki, biz ölməyəcəyik.
Narahatçılığınız sizi tərk etməmiş sizin onu tərk etməniz üçün üçüncü qaydanı yerinə yetirin:
"Faktları öyrənin. Özünüzdən soruşun ki, "böyük rəqəmlər qanunu" baxımından narahat olduğum hadisələrin nə vaxtsa baş verə biləcəyi şansı, görəsən necədir?

Top