7. Əhəmiyyətsiz işlərin sizi kədərləndirməsinə imkan verməyin

7. Əhəmiyyətsiz işlərin sizi kədərləndirməsinə imkan verməyin

Yəqin ki, bütün ömrüm boyu unuda bilməyəcəyəm bir dramatik hadisə belə vaqe olmuşdu. Bunu mənə Nyu-Cersi ştatındakı Meylluvudda yaşayan Robert Mur danışmışdır.
O, dedi ki, "mən həyatımda ən vacib dərsimi 1945-ci ilin mart ayında aldım. Mən bu dərsi Hindi-Çin sahillərində dənizin 276 fut dərinliyində olarkən aldım. Mən də "Bayya C.C-318" sualtı qayığında olan səksən səkkiz nəfərdən biri idim. Radarın köməyi ilə biz aşkar etdik ki, bizim tərəfə yaponların kiçik konvoy gəmisi yaxınlaşmaqdadır. Biz hücuma keçmək üçün səhərə az qalmış dərinə endik. Göstərici optik cihazda yaponların keşikçi tanker və minadüzən gəmisini gördüm. Biz keşikçi gəmiyə üç torpeda atdıq, lakin hədəfi vura bilmədik. Hər üç torpedanın mexanizmində nə isə sıradan çıxmışdı. Görünür, keşikçi gəmi ona hücum edildiyini duymadığına görə öz kursunu davam etdirirdi. Biz axırda üzən minadüzən gəmiyə hücum etməyə hazırlaşırdıq ki, gözlənilmədən o, geriyə dönüb bizim tərəfə gəlməyə başladı (yaponların təyyarəsi isə altmış fut dərinlikdən bizi görürdü və o, radio vasitəsilə mövqeyimiz haqda minadüzən gəmiyə xəbər verirdi). Biz yenidən 150 fut dərinliyə qədər endik ki, bizi tapa bilməsinlər. Bizə dərinlik bombaları ilə hücuma keçə biləcəklərini düşünüb cavab atəşinə hazırlaşmağa başladıq. Sualtı hərəkətimizin tamamilə səssiz-səmirsiz olması üçün lyukları əlavə boltlarla bərkitdik. Bütün ventilyatorları saxladıq, soyutma sistemlərini və bütün elektrik qurğularını şəbəkədən ayırdıq.
Üç dəqiqədən sonra qarşımızda əsl cəhənnəm qapıları açıldı. Altı ədəd dərinlik bombası ətrafımızda birdən partladı və bizi 276 fut dərinlikdə okean dibinə tulladı. Biz vahimə içərisində idik. Su altında 1000 futdan az olan dərinlikdə hücuma məruz qalmaq çox təhlükəli sayılır. 500 futdan az olan dərinlikdə isə, demək olar ki, ölüm deməkdir. Bizdə isə 250 futdan bir az yuxarı dərinlikdən hücum edilirdi. Belə vəziyyətdə təhlükəsizlikdən söhbət belə gedə bilməzdi. On beş saat ərzində yapon minadüzən gəmisi bizə dərinlik bombaları yağdımaqda davam etdi. Əgər bomba 17 fut yaxınlıqda partlayarsa, gəmidə dəlik yarada bilər. Bizdən 15 fut məsafə həddində isə neçə bomba partladığım saymaq qeyri-mümkün idi. Artıq bizə əmr verilmişdi ki, öz təhlükəsizliyimizi təmin edək. Hər kəs öz yatağında sakitcə uzanmalı və öz üzərində nəzarəti itirməməli idi. Mən elə bərk qorxmuşdum ki, güclə nəfəs ala bilirdim. Mən öz-özümə "bu ölümdür" sözünü təkrar edirdim.
Ventilyatorlar işləmədiyəndən gəmidə istilik 38 °C-dən yuxarı idi. Buna baxmayaraq, mənə çox soyuq idi. Qorxumdan hətta əynimə geydiyim içərisi xəz-dəri gödəkcə, yun sviter məni isidə bilmirdi. Mən soyuqdan tir-tir əsirdim. Dişlərim bir-birinə dəyirdi. Dərimin səthini soyuq yapışqanlı tər bürümüşdü. Hücum isə on beş saat davam etdi. Edilən sürəkli hücumlar nədənsə birdən kəsildi. Görünür yapon gəmisi bütün bomba ehtiyatını işlətmiş və geriyə üzmüşdü. Bu on beş saat bomba hücumu mənim üçün elə bil bir milyon ilə dönmüşdü. Yaşadığım bütün keçmiş həyatım nəzərimdən ani olaraq keçdi. Həyatımda etdiyim bütün pisliklər haqqında düşündüm. Məni düşündürən, narahat edən xırda xoşagəlməz anlarımı da yada saldım. Donanmada qulluq etməyə başlamazdan əvvəl bankda klerk işləyirdim. Mən hey dərd çəkirdim ki, çox işləyir, bunun müqabilində isə az məvacib alıram. Vəzifədə yüksəlməyə də heç ümidim belə yox idi. Yaşadığım ev mənimki olmadığından yeni ev almağa imkanımın yoxluğundan, arvadıma qəşəng paltar belə ala bilmədiyimdən çox narahat olur və dərd çəkirdim. Mənim necə də daim deyinən, donquldayan və mənə daim yersiz irad tutan qoca rəisimi görməyə gözüm yox idi. Yadımdadır ki, axşamlar evə gələndə qəzəbli və narazı olur və heç nəyin üstündə arvadımdan küsürdüm. Avtomobil qəzasından da yadigar qalmış alnımdakı çapıq məni narahat edirdi.
Çox illər bundan qabaq bütün bu xoşagəlməz hadisələr mənə çox nəhəng görünürdü. İndi isə ətrafımda partlayan və dərhal məni o dünyalıq edə bilən dərinlik bombalarının yaratdığı vahiməyə nəzərən onlar olduqca kiçik görünürdü. Onda belə and içmişdim ki, əgər mənə yenidən günəşi, ulduzları görmək qismət olarsa, heç zaman, heç vaxt daha narahatçılıq keçirməyəcəyəm. Heç vaxt! Heç vaxt! Heç vaxt! Bu keçirdiyim dəhşətli on beş saat ərzində mən yaşamaq bacarığını Sirakyussk universitetində oxuduğum dörd il müddətində kitablardan öyrəndiklərimdən daha çox mənimsədim.

Biz çox vaxt həyati sarsıntılar keçirdiyimiz anlarda özümüzü mərdliklə aparırıq, sonradan isə cüzi şeylərə imkan veririk ki, kiçik bir sancma ilə bizi yerə sərsin. Məsələn, görün Semual Pepis öz gündəliyində ser Harra Veynin edamı haqda nə söyləyir. O, yazır ki, mən Londonda Veynin boynunun kütlə qarşısında necə vurulduğunu görmüşəm. Cənab Harri edam meydançasına qalxdıqda yalvarmamışdı ki, onu bağışlasınlar, öldürməsinlər. O, cəllada yalvardı ki, onun boynunu vurarkən peysərindəki çox ağrı verən çibana toxunmasın.
Həmin bu insan xüsusiyyətləri admiral Berd qütb gecələrinin dəhşətli soyuq və zülmət şəraitində yaşadığı zamanlarda dərk etmişdi. O, deyirdi ki, onun tabeçiliyində olanlar boş yerə daha çox qəzəblənər və əsəbiləşərdilər, nəinki ciddi bir məsələyə görə. Onlar bütün təhlükəli hallarda, ağır həyat şəraitində, hətta tez-tez -38oC dərəcəyə çatan şaxtalı şəraitdə sakitcə yaşamağı bacarırdılar. Bəzən isə ən səmimi dostların (deyə admiral Berd söyləyirdi) biri digərinin öz iş alətini onun alət saxladığı yerə qoyduğundan şübhələndiyi üçün onunla danışmazdı. Mən onlardan eləsini tanıyırdım ki, nahar zamanı yeməkxanada qarşısında "fletçerist" insanla, yəni yediyini ağzında tam iyirmi səkkiz dəfə çeynəməmiş udmayan insanla üzbəüz oturmamaq şərtilə nahar edərdi."

Admiral Berd deyirdi ki, "qütbarxası" düşərgədə buna bənzər əhəmiyyətsiz şeylər ən intizamlı insanları belə dəlilik həddinə qədər hövsələdən çıxara bilir. Ailədə ər-arvad münasibətlərində də "boş şeylər insanları dəlilik həddinə çatdıra bilir və bu rəqəm dünyada ürək xəstəliklərinə düçar olanların yarısını təşkil edir."
Belə ki, qırx mindən artıq boşanma prosesini aparan Çikaqo şəhərindən olan hakim Cossef Sabat belə hesab edir ki, "qeyri-xoşbəxt kəbinlərin əsasını boş şeylər təşkil edir." Nyu-York dairəsinin prokuroru Frenk C.Xoqan isə deyir ki, "bizim məhkəmələrdə araşdırılan cinayət işlərinin təxminən yarısı boş və əhəmiyyətsiz şeylərdən başlayır." Barlarda ötkəm davranış, kişilənmə, təhqiredici tənbeh, qeyri-səmimi deyilmiş söz, düşməncəsinə çıxışlar - məhz bu boş şeylər insanları bir-birinə hücum etməyə hətta caniliyə belə təhrik edir. Bizlərdən çox az adam həyatları boyu kəskin təhqirlərə məruz qalmamış olar. Axı məhz bizim şəxsi şərəfimizə və hisslərimizə vurulmuş kiçik bir zərbə, təhqiredici tənbeh, qürurumuza toxunmalar dünyadakı ürək xəstəliklərinin yaranması səbəblərinin yarısını təşkil edir."

Eleonora Ruzvelt ərə getdiyi ilk günlərdə daim narahatçılıq keçirirdi. Ona görə ki, onun yeni aşpazı yaxşı xörəklər hazırlaya bilmirdi. Xanım Ruzvelt sonralar deyir ki, "əgər indi belə olsaydı, çiyinlərimi çəkər və bunu unudardım." Əladır! Məhz yaşlı adamlar özlərini belə aparmalıdırlar. Hətta öz qəddarlığı ilə seçilən II Yekaterina əgər aşpaz hər hansı xörəyi korlamış olarmışsa, buna ancaq gülümsəyərmiş.
Biz bir dəfə xanım Karnegi ilə Çikaqodan olan dostum gildə nahar edirdik. O, boşqabdakı əti bıçaqla kəsdiyi vaxt nəyi isə səhv etmişdi. Mən bunu sezməmişdim. Əgər mən duysaydım belə buna əhəmiyyət verməzdim. Onun arvadı isə bunu gördükdə dərhal bizim yanımızda ona hücum etdi: "Con - deyərək o qışqırdı - sən nə etdiyini dərk etmirsənmi! Axı sən stol arxasında özünü aparmağı nə vaxt öyrənəcəksən!?"
Sonra isə bizə belə dedi: "O hər zaman səhvlərə yol verir və səhvini də düzəltməyə heç bir səy göstərmir." Boşqabdakı ətin qaydasında kəsilməsinə, ola bilər ki, o, səy göstərməmişdi, ancaq mən onun bu səbrinə heyran qalmışdım; o, bu adamla iyirmi il necə yaşamışdı?!
Açığını desəm, mən belə şəraitdə "Pekin ördəyi" "akula üzgəci" yeyib bu cür arvadın deyingənliyinə qulaq asmaqdansa, xardalla sosiska yeyib, qulağı dinc şəraitdə yaşamağa üstünlük verərdim.
Bundan az sonra bizə də qonaqlar gəldi. Qonaqların gəlmələrinə az qalmış xanım Karnegi görmüşdü ki, üç-dörd dəsmal stolüstü süfrəyə uyğun deyildir. Sonradan o, mənə dedi ki: "Mən dərhal aşpazdan öyrəndim ki, digər üç dəsmal camaşırxanaya göndərilmişdir. Artıq gec idi, qonaqlar kandarda idilər. Dəsmalları dəyişməyə vaxt yetməzdi. Bu an hiss edirdim ki, məni bu saat ağlamaq tutacaqdır!" Mənim bu vaxt ancaq düşündüyüm bu oldu ki, "nə üçün axı bu səhv görülmüş iş bizim istirahət gecəmizi pozmalıdır?" Sonra düşündüm ki, niyə axı buna yol verməliyəm? "Gecəni şən keçirəcəyəm" qərarı ilə stol arxasında rahat oturdum və bütün gecəni ruh yüksəkliyi ilə keçirdim. Qoy dostlarımız məni əsəbi, tündməzac kimi tanımaqdansa, səliqəsiz evdar qadın kimi tanısınlar. Hər halda, mənə belə gəlir ki, xörək dəsmallarına heç kəs fikir verməmişdi.

Məşhur hüquqi qayda belə səslənir:
"De minimis non curat bex" - Qanun boş şeylərlə məşğul olmur."
Öz ruhi rahatlığını qoruyub saxlamaq istəyən qayğıkeş insan gərək ki, boş şeylərə fikir verməsin.
Əksərən bizlərdən tələb olunan budur ki, boş şeyə görə əsəbiləşməyək. Bu o deməkdir ki, biz beynimizdə zövqümüzü oxşayan əhvali-ruhiyyə yaratmalıyıq.

Mənim dostum Xomer Kroy "Onlar Parisi görməli idilər" adlı kitabında və bir düjün digər əsərlərində bu işin həlli istiqamətində valehedici nümunələr gətirir. O, yeni kitabın üzərində işləyərkən dəlilik həddində idi. Onu bu hala salan Nyu-Yorkdakı mənzilində olan radiatorun cingildəyən səsi idi. Radiatordan keçən buxar hey döyəcləyir və fışıldayırdı. Xomer Kroy da yazı stolunun arxasında oturmuş halda qəzəbindən sakitləşə bilmirdi.
Somadan Xomer Kroy söyləyirdi: "Mən dostlarımla turist səfərinə yollandım. Ocaqda yanan ağac budaqlarının çırtıltılı səsi mənə nə qədər də radiatorun çıxardığı titrəyişli səsi xatırladırdı. Mən özümə sual verdim ki, nə üçün yanmaqda olan ağacın səsi mənə xoş gəlir, radiatorun titrəyən səsi isə yox? Evə qayıdandan sonra öz-özümə düşündüm ki, yanmaqda olan budaqların çırtıltılı səsi mənə xoş idisə, axı radiatorun səsi də gərək ki, eyni təsir bağışlaya. Əgər gedib yatağımda yataramsa, bu səs məni narahat etməməlidir. Mən elə də etdim. Bir neçə gün ərzində mən bu səsə alışdım və tezliklə bu səsi ümumiyyətlə unutdum."

Baş vermiş bütün boş şeylərlə də belə olur, onlar bizi "közərənə qədər" hiddətləndirə bilir, yalnız ona görə ki, biz onların həyatımıza olan təsirini əhəmiyyətli dərəcədə şişirdirik..."
Dizraeli demişdir: "Boş şeylərə həsr etməyə ömrümüz olduqca gödəkdir." Andre Morua "Zis uik" jurnalında yazır ki, "Bu səslər pisliklərin dəf edilməsində mənə kömək etdi. Çox zaman biz özümüzə imkan veririk ki, bu boş şeylər üçün əsəbiləşək, halbuki onlara nifrət etməliyik və onları unutmalıyıq. Bizim bu Yer üzündə bir neçə il ömrümüz qalmışdır. Biz isə qaytarılmayacaq, lakin yaşanmalı saatlarımızı incikliyimiz ətrafında düşüncələrə sərf edirik. Bir halda ki, bir il keçdikdən sonra bunları tamamən unudacağıq. Onları nəinki biz, bütün ətrafdakı insanlar da unudacaqlar. Yox, gəlin biz öz ömrümüzü insanlığa layiq hərəkətlərimiz və hisslərimiz ilə xoş əməllərə həsr edək, qoy bizi ulu, uca düşüncəmizə, yüksək amalımıza və ölməz əməllərə bağlılığımız zinətləndirsin. Axı ömrümüz boş şeylərə həsr edilmək üçün olduqca gödəkdir."
Lakin hətta Redyard Kiplinq kimi məşhur şəxsiyyət də ola bilər öz yazdığı "ömür o qədər də uzun deyildir ki, onu boş şeylərə sərf edəsən" kəlamını bəzən unudurdu. Bəs nəticə necə oldu? Bu hal onun və onun qaynı Vermortun həyatında ən davamlı məhkəmə qalmaqalını yaratmış oldu. Onların bu höcətləşmələri elə məşhurlaşdı ki, hətta bu məhkəmə davaları haqda "Vermontda Redyard Kiplinqi iztirablara düçar edən düşmənçilik" adlı kitab da yazdılar.
Bu işin tarixçəsi təxminən belə idi:
Kiplinq Vermontdan olan Karolina Beylstir adlı bir qızla evlənmişdi. O, Vermont ştatının Brettlboro şəhərində qəşəng bir ev tikmişdi ki, qalan ömrünü orada sakitcə yaşasın. Onun qaynı Bitti Beylstir Kiplinqin ən yaxın dostu oldu. Onlar bir yerdə işləyər və birlikdə əylənərdilər.
Somadan isə Kiplinq Beylstirdən torpaq sahəsini satın aldı və qərarlaşdılar ki, Beylstir hər il bu torpaq sahəsinin otunu biçəcəkdir. Bir dəfə Beylstir gördü ki, Kiplinq həmin çəmənlikdə bağ salır. Onun qanı qaynadı. O, hiddətləndi. Kiplinq də özündən çıxmışdı. Vermontun bu yaşıla bürünmüş dağlarında vəziyyət ciddiləşmişdi. Bundan bir neçə gün keçmiş Kiplinq velosipeddə gəzintiyə çıxan zaman qaynı onun yolunu gözlənilmədən atlara qoşulmuş furqonla kəsdi, nəticədə Kiplinq yerə yıxıldı.
"Ətrafdakılar başlarını itirmişdilər və sizi buna görə təqsirləndirirlərsə, əgər bacarırsınızsa, barı siz başınızı itirməyin." kəlamını yazmış Kiplinq bu zaman özü başını itirərək Beylsterin həbsə alınmasını tələb etmişdi. Bunun ardınca qalmaqallı sensasiya doğuran məhkəmə prosesi başlandı. Böyük şəhərlərdən jurnalistlər Brettlboroya axışıb gəldilər. Bu yenilik bir anda bütün dünyaya yayıldı. Onlar barışmadılar. Bu küsüşmə Kiplinqin və onun arvadının Amerikada olan evlərini birdəfəlik tərk etmələrinə səbəb oldu. Boş bir iş üstündə nə qədər narahatçılıq və acılıq yarandı! Bütün bu işlərin yaranmasına bir topa ot səbəb oldu.

İyirmi dörd əsr bundan qabaq Perikl demişdi: "Vətəndaşlar, artıq yetər ki, bu boş şeylərlə həddən artıq məşğul olduq!" Tamamilə düzdür!
İndi isə doktor Harri Emerson Fosdikin mənə nağıl etdiyi maraqlı bir tarixçəni sizə söyləyəcəyəm, orada qələbə ilə nəticələnən döyüş və bir meşə nəhənginin məğlubiyyəti haqda yazılmışdır.
Kolorado ştatındakı Lonqs-Pik dağının ətəyində nəhəng bir ağacın gövdəsi yerə sərilib qalmışdı. Mütəxəssislər təsdiq edirlər ki, bu ağac dörd yüz ilə yaxın yaşamışdır.
Kolumbun üzüb Salvador sahilinə çıxdığı tarixdən indiyə kimi yaşamışdır. İngilis koloniyaçılarının Plimutda məskunlaşdıqları dövrdə ağac yaşının yarısı qədərini yaşamışdı. Özünün uzun ömrü müddətində bu ağac on dörd dəfə ildırım zərbəsinə məruz qalmış, saysız-hesabsız fırtınalar və daşqınlar dörd yüz il onun ətrafında coşmuşdur. Lakin o, bütün bunlara dözmüş və yaşamışdır. Nəhayət isə, sürülərlə kiçik böcəklər onu yonmağa və sökməyə başladılar. Böcəklər əvvəl tədriclə onun qabığını gəmirdilər, sonra da onun içərisini özlərinin kiçik, əhəmiyyətsiz görünən, lakin mütəmadiyən davam edən gəmirmələri ilə sökdülər. Əsrlərin öhdəsindən gələ bilmədiyi bu nəhəng ağac insanın iki barmağının azacıq qüvvəsi ilə məhv edilə bilən xırda böcəklərin səngimək bilməyən hücumları nəticəsində yerə sərildi.
Biz özümüz də həyatı naminə çırpınan bu meşə nəhənginə bənzəmirik mi? Biz də, hər halda, belə və ya başqa formada həyatımızda rastlaşdığımız boranlara və fırtınalara dözə bilirik, amma narahatçılığımızın "balaca böcəklərinə" imkan veririk ki, ürəyimizi didib-dağıtsınlar. Özü də elə böcəklər ki, "biz onları ikicə barmağımızın qüvvəsilə məhv edə bilərik."

Bundan bir neçə il əvvəl Çarlz Seyfred ilə Vayominqdə Titon milli parkını səyahətə çıxmışdıq. Biz Con D.Rokfellərin parkı ərazisində yerləşən malikanəsinə baş çəkmək fikrində idik. Necə oldusa, əyləşdiyimiz avtomobil yolu azaraq digər istiqamətə yollandı, biz malikanəyə o biri maşınlardan bir saat gec gəlib çatdıq.
Darvazanın açarı cənab Seyfreddə idi, o bizi qaynar meşədə, hər tərəfdə qaynaşan mığmığaların əhatəsində bir saat idi ki, gözləyirdi. Buranın mığmığaları o qədər zəhlətökən və qəddar olurlar ki, hətta müqəddəsləri də ağıldan çıxara bilərlər. Ancaq mığmığalar Çarlz Seyfredi halından çıxara bilməmişdilər. Bizi gözlədiyi müddətdə o, ağcaqovaq ağacından budaq kəsərək ondan fit düzəltmişdi. Biz gəlib çatanda, o, mığmığaları lənətləndirirdimi? - Qətiyyən yox. O, şən halda fit çalırdı. Bu günə qədər mən o fiti həyatın xırda, xoşagəlməz anlarına qalib gələn bir insandan yadigar olaraq saxlayıram.

Sizə narahatçılıq vərdişini tərk etmək üçün ikinci qaydaya riayət etməyi tövsiyə edirəm: "Nifrət etdiyiniz və unudulması lazım olan boş şeydən ötrü pərt olmanıza imkan verməyin. Yadda saxlayın ki, həyat o qədər gödəkdir ki, onu boş şeylərə sərf etməyə dəyməz."

Top