4. Narahatçılıq problemlərini necə təhlil və həll etmək

4. Narahatçılıq problemlərini necə təhlil və həll etmək

Mənim altı nökərim vardır: zirək və igid.
Ətrafımda nə görürəmsə, hamısını onlardan
öyrənirəm mən. Mənim işarəmlə onlar
dərhal hazır olurlar. Onlar belə adlanır:
Necə və nə üçün, kim, nə, nə vaxt və harada
Redyard Kiplinq (müəllif)

Narahatçılığın müxtəlif növlərinin öhdəsindən gəlmək üçün hazır olmalıyıq. Bunun üçün problemin üç əsas mərhələdə təhlilini öyrənməliyik.
I qaydaya baxaq: faktları toplayın. Faktlara yiyələnmək nə üçün bu qədər əhəmiyyətlidir? Əgər bizim sərəncamımızda faktlar olmazsa, problemin ağıllı həllinə cəhd göstərməyi bacarmarıq. Faktlar olmadığı halda, biz ancaq çaxnaşma içərisində vurnuxa bilərik. Bu mənim fikrimdir? Xeyr, bu fikir Kolumbiya universiteti nəzdindəki Kolumbiya kollecinin 22 il dekanı olmuş mərhum Herbert E.Xoksun fikridir. O, iki min tələbənin narahatçılıqdan qurtulmasına kömək etmişdir. O, mənə dedi: "Çaxnaşma və həyəcan narahatçılığın yaranmasının əsas səbəblərindəndir." O, birdə belə ifadə işlətdi: "Dünyada narahatçılığın yarısını lazımi məlumata yiyələnməmişdən qabaq qərar qəbul etməyə çalışan insanlar törədirlər." Misal üçün o, dedi: "Əgər qarşımda çərşənbə axşamı üç saat ərzində həlli tələb olunan məsələ durursa, həmin gün gəlməyincə mən bu barədə hətta qərar qəbul etməyə belə cəhd göstərmirəm. O vaxta qədər problemin həlli ilə əlaqədar bütün faktların toplanması ilə məşğul oluram. Mən narahat olmur və vahiməyə də düşmürəm və sadəcə olaraq bütün diqqətimi faktların toplanmasına yönəldirəm. Çərşənbə axşamı gəldikdə, əgər mənim sərəncamımda bütün faktlar vardırsa, problem adətən özü həllini tapacaqdır." Mən Xoksdan soruşdum ki, bu, belə deməkdirmi ki, siz narahatçılıqdan tamamilə yaxa qurtarmışsınız? O, bildirdi ki, elə düşünürəm ki, həyatım bu narahatçılıqdan, demək olar ki, tamamilə xilas olmuşdur. Mən dərk etdim ki, əgər insan vaxtını faktların toplanmasına sərf edirsə və bunu qərəzsiz və obyektiv bir surətdə həyata keçirirsə, onda narahatçılıq adətən biliyin işığında yoxa çıxır, əriyib gedir.
İcazə verin təkrar edim:
"Əgər insan vaxtını faktların toplanmasına sərf edirsə və bunu qərəzsiz və obyektiv bir surətdə həyata keçirirsə, onda narahatçılıq adətən biliyin işığında yoxa çıxır, əriyib gedir."
Bəs bizim əksəriyyətimiz bu barədə necə hərəkət edirik? Biz faktlarla tanış olmağa kiçicik də olsa, səy göstəririkmi? Tomas Edison əbəs yerə tam ciddiliyilə söyləməmişdi ki: "İnsan hər addımı atmağa hazırdır, təki zehni qüvvəsini sərf etməsin" (doğrudan da paradoksal da olsa, bu belədir - tərcüməçidən)
Əgər biz faktları toplamaq zəhmətinə qatlaşırıqsa, artıq biliyimizi təsdiqləyə bilən faktların ardınca qaçırıq, qalan bütün faktlara məhəl qoymuruq. Məhz keçmişlərdən qavradığımız və yalnız düşüncələrimizə uyğun olan hərəkətimizi təsdiqləyən faktların qəbulu bizi qane edir.
Andre Moruanın dediyi kimi: "Arzularımıza uyğun gələn hər şey bizə doğra görünür. İstəyimizə uyğun gəlməyənlər isə bizi qəzəbləndirir."
Problemlərimizin həlli yollarını axtardıqda böyük çətinliklərlə qarşılaşmağımız sizdə təəccüb doğurmurmu? Əgər biz iki üstə gəl iki bərabərdir beş mülahizəsindən çıxış etsəydik, bizim üçün daha adi arifmetik misalları həll etmək yəqin ki, çox çətinlik törətmiş olardı. Bununla belə, həyatda hələ də çox adamlar var ki, "iki üstə gəl iki bərabərdir beşə və ya ola bilər beş yüzə" fikrinə israr edirlər və bu yolla həm öz həyatlarını, həm də başqalarının həyatını cəhənnəmə döndərirlər.
Bəs belə halda biz necə hərəkət etməliyik? Belə halda biz həyəcanları fikrimizdən, təfəkkürümüzdən uzaqlaşdırmalıyıq. Xoksun dediyi kimi, faktları ədalətlə və qərəzsiz toplamalıyıq. Əgər biz tam narahatçılıq içərisindəyiksə, bu məsələni yerinə yetirmək asan olmayacaqdır. Belə hallarda bizim emosiyalarımız daha fəal olur. Mən sizə öz problemlərimizi kənar adamın mövqeyindən çıxış etməklə dərk etmək üçün iki faydalı üsul təklif edirəm. Bu, problemlərə tam aydınlığı və obyektivliyi ilə baxılmağa kömək edir.
1. Faktları toplayan zaman mən özlüyümdə təsəvvür edirəm ki, məlumatları özüm üçün deyil, hər hansı başqa bir nəfər üçün toplayıram. Bu hal məsələyə şüurlu və qərəzsiz yanaşmağıma kömək edir.
2. Məni həyəcanlandıran problem ilə əlaqəli faktları aydınlaşdırmağa çalışdıqda özümü arabir qarşı tərəfin müdafiəsinə hazırlaşan hüquqçu kimi təsəvvür edirəm. Başqa sözlə, mənim əksimə şahidlik edən bütün faktları, mənim istəyimə müxalif olan faktları toplamağa çalışıram. Elə faktları ki, mən onlara heç müraciət etmək istəməzdim.
Sonra isə bunların lehimə və əleyhimə olanlarını ayrılıqda yazıram. Bir qayda olaraq, belə bir nəticəyə gəlirəm ki, həqiqət haradasa, iki kənar nöqteyi-nəzərin arasındadır. Bax budur mənim düşüncələrimin mahiyyəti. Nə mən, nə sən, nə Eynşteyn, nə də Amerika Ştatlarının ali məhkəməsi sadəcə olaraq faktlarla ilk tanışlıq olmadan bu və ya digər problemin ağıllı həllinə yiyələnə bilmərik.
Tomas Edison bu barədə bilirdi. Onun ölümündən sonra evindən qarşılaşdığı problemlər haqda iki min beş yüz faktla dolu yazı dəftərləri tapılmışdı.
Beləliklə problemlərimizin həlli üçün zəruri olan birinci qayda: "Faktları toplayın." Bu barədə Xoksdan nümunə götürəcəyik. İlkin, qərəzsiz məlumatları toplamamışdan öz problemlərimizin həllinə cəhd göstərməyəcəyik.
Birdə ki, biz həyatda olan bütün faktları toplaya biləriksə də, lakin nə qədər ki, onları araşdırmamışıq, dərk etməmişik, bizə zərrə qədər kömək etməz.
Mən şəxsən özümün acı həyat təcrübəmdən anladım ki, faktların ilk qeydiyyatından sonra onların analizini aparmaq olduqca asandır. Həqiqətən də, kağız üzərində faktların sadə şərhi və onların aydın formalaşdırılması qarşımızda duran problemlərin əhəmiyyətli dərəcədə ağıllı həllinə kömək edəcəkdir. Çarlz Ketterinq hesab edir ki, "Problemlərin yaxşı tərtibi problemin həllinin yarısı deməkdir."
İcazə verin, bu üsulun təcrübədə necə həyata keçirildiyini sizə göstərim. Çinlilər deyirlər ki, bir şəkil on min söz dəyərindədir. Deyək ki, bir nəfər hal-hazırda söhbət nədən gedirsə, məhz onu işdə tətbiq etmişdir.
Gəlin Heylən Litçfild ilə bağlı baş vermiş hadisəyə baxaq. Mən artıq neçə ildir ki, bu adamla tanışam. Bu adam uzaq Şərqdə ən yüksək nailiyyətlər qazanmış amerikan biznesmendir. Yaponlar Şanxay şəhərini tutduqları vaxt - 1942-ci ildə cənab Litçfild Çində işləyirdi. O, orada özünün başına gələn hadisəni evimdə qonaq olduğu zaman mənə söyləmişdi.
Yaponlar Perl Xarboru tutduqdan dərhal sonra onlar izdihamla Şanxaya soxuldular. Mən o vaxt Şanxayda Asiya sığorta kampaniyasında müdir işləyirdim. Bizə bir admiral rütbəsində hərbi ləğvedici göndərilmişdi. Mənə bizim fondları ləğv etməkdə ona kömək etmək əmri olunmuşdu. Bu halda mənə başqa yol seçmək imkanı qalmırdı. Mən ya yaponlarla əməkdaşlıq etməli idim. Və ya da məni ölüm gözləyirdi.
Mənə əmr edilənləri yerinə yetirirdim, çünki başqa çıxış yolum yox idi. Buna baxmayaraq admirala verilən siyahıya 750.000 dollar dəyərində bir bağlama qiymətli kağızı daxil etməmişdim. Bu qiymətli kağızların Şanxay fonduna heç bir dəxili yox idi və onlar bizim Honkonq təşkilatına aid idi. Ona görə də həmin qiymətli kağızları qeydiyyata salmadım. Bununla belə, qorxurdum ki, əgər yaponlar törətdiyim əməldən xəbər tutsalar, yaxşı "yuxu" görməyəcəyəm. Tez bir zamanda onlar bunu aşkar etdilər.
Onlar işdən xəbər tutanda mən kontorda yox idim, ancaq baş mühasibim orada idi. O, admiralın özündən çıxdığını mənə söylədi. O, ayaqlarını bərk-bərk döşəməyə döymüş, məni söymüş, oğru və satqın adlandırmışdı. Demə, mən yapon ordusuna qarşı çıxış etmişəm. Mən dərk edirdim ki, bu nə demək idi. Məni onlar Bricxauza göndərə bilərdilər.
Bricxauz! Yapon gestaposunun cəzavermə kamerası! Mənim dostlarım məsləhət bildilər ki, bu qazamata düşməkdənsə, özünü öldürsən yaxşıdır. Mənim digər dostlarım orada on gün ardıcıl istintaq və cəzadan sonra dözməyib ölmüşdülər. İndi mənim özümü belə həbs gözləyirdi.
Bəs mən necə hərəkət etdim! Mən bu yenilik haqda bazar günü günortadan sonra eşitdim. Hər halda ümidsizliyimə hər cür əsas var idi. Problemlərimin müəyyən üsullarla həlli qaydasını bilməsəydim, yəqin ki, mən də ümidsiz vəziyyətə düşə bilərdim. Mən uzun illər ərzində hər dəfə həyəcanlandığım anlarda özümün yazı maşınıma yaxınlaşmış, iki sual və həmçinin bu suallara cavablar yazmışam:
1. Mən nə barədə narahatam?
2. Mən buna müqabil nə kimi təşəbbüs göstərə bilərəm?
Əvvəllər mən bu suallara cavab yazmazdım. Tezliklə mən öz nöqteyi-nəzərimi dəyişdim. Mən kəşf etdim ki, sualları və cavabları yazmaq problemlərin analizini yüngülləşdirir. Beləliklə, bazar günü günorta vaxtı Xaml Şanxay şöbəsində mən öz otağıma yollandım və yazı maşınını götürdüm. Mən orada yazdım:
1. Mən nədən qorxuram?
Mən qorxuram ki, məni sabah səhər Bricxauza göndərərlər. Sonra mən növbəti sualı yazdım.
2. Mən nə tədbir görə bilərəm?
Mən bu suallara cavab axtarmağa çox saatlar vaxt sərf etdim və yaranmış vəziyyətə görə, edəcəyim hərəkət tərzimə görə və hər hadisənin ehtimal olunan nəticələrinə görə dörd variantla cavab yazdım.
1. Yapon admiralına hər şeyi aydınlaşdırmağa cəhd göstərə bilərəm. Ancaq o, isə ingilis dilində danışmır. Əgər mən tərcüməçiyə müraciət etsəm, ola bilər, o yenidən hiddətlənsin. Onun hiddəti mənim ölümümə səbəb ola bilərdi. Axı o, qəddar idi və ən əvvəl özünə zəhmət verib mənimlə danışmadan məni Bricxauz divarları içərisinə atmağı üstün tutardı.
2. Mən qaçmağa cəhd göstərə bilərdim. Lakin onların məni daim izlədiklərini bilirdim. Mən orada qulluq zamanı borclu idim ki, öz otağıma nə vaxt getdim və oradan nə vaxt çıxdımsa, onlara xəbər verim. Əgər qaçmağa cəhd göstərsəydim də, onlar məni dərhal tutar və güllələyərdilər.
3. Mən öz otağımda qala bilər və bir daha kontora getməyə bilərdim. Əgər mən belə edərdimsə, bu yapon admiralında şübhə doğurardı. Ola bilərdi ki, o, əsgər göndərər, məni tutaraq bir söz belə deməyə imkan vermədən Bricxauza göndərərdi.
4. Mən bazar ertəsi səhər tezdən adətimcə kontora gedə bilərdim. Ola bilərdi ki, yapon admiralı bu zaman o qədər məşğul olmuş olardı ki, mənim haqqımda heç yadına da düşməzdi. Hətta o, bu haqda düşünsə belə, tamamilə ola bilərdi ki, admiralın acığı soymuş olsun və məni sakit buraxsın. Belə olardısa, mən zərərçəkənlərdən olmazdım. Hətta o, bu barədə xatırlasaydısa da, mənim ona nə isə aydınlaşdırmağıma ümid yaranardı. Beləliklə, bazar ertəsi heç nə olmamış kimi davranaraq həmişəki qaydada işə gedərəmsə, mən türməyə düşməkdən yayınmağa iki imkan qazanmış olardım.
Dördüncü hərəkətetmə planıma görə hər vəziyyəti düşünüb-daşınandan sonra dərhal mən qərarlaşdırdım ki, bazar ertəsi səhər-səhər heç bir şey olmamış kimi kontora gedim. Mən özümdə böyük yüngülləşmə hiss etdim.
Səhəri gün mən kontora getdikdə yapon admiralını mənim kabinetimdə ağzında da siqaret oturmuş gördüm. O, həmişəki adətincə diqqətlə üzümə baxdı və heç bir söz demədi. Altı həftədən sonra Allaha çox şükür olsun ki, o Tokioya getdi. Bununla da mənim həyəcanlarım qurtardı.
Mən necə ki, düşünmüşdüm elə də etdim. Bazar günü mümkün bütün variantları düşünmüş, bunların icrası zamanı ehtimal oluna biləcək nəticələr haqda yazmışdım. Bunlar sakitcə qərar qəbul etməyimə böyük kömək etmiş oldu. Əgər mən bütün mümkün vəziyyətlər haqda düşünməsəydim, çox güman ki, mən əsəbiləşəcəkdim, tərəddüdlü hal keçirəcəkdim və qızğın əsəbi halımda ehtiyatsızlıqla hərəkət edəcəkdim. Əgər mən öz problemlərimi hərtərəfli düşünməsəydim, vahimə və təlaş içərisində bütün bazar günü narahat olacaqdım. Mən gecəni də yata bilməyəcəkdim. Bazar ertəsi mən işə narahat və qəmgin gələcəkdim. Təkcə bu halım yapon admiralında şübhə yarada bilər və onu qəti hərəkət etməyə vadar edərdi.
Həyatı təcrübəm məni inandırdı ki, düşünülərək müəyyənləşdirilmiş qərar böyük əhəmiyyətə malikdir. Məhz düşdükləri "ovsunlanmış dairədən" çıxmaq üçün lazımi tədbir planını cızmaq bacarıqsızlığı insanları əsəb sarsıntılarına gətirib çıxarır. Onların həyatını əsl cəhənnəmə döndərir. Mənə belə gəlir ki, həyəcanlanmağım öncə aydın təsəvvür edilərək qərar qəbul edildikdə əlli faiz, onların icrasına başlayanda əlavə qırx faiz yoxa çıxır.
Beləliklə mən öz həyəcanlarımın təxminən doxsan faizini aşağıdakıları icra etdikdən sonra dəf etmiş oluram.
1. Məni həyəcanlandıran vəziyyəti dəqiq yazıram.
2. Mən nə tədbir görə biləcəyəmsə, onun hərəkət planını cızıram.
3. Qəti qərar qəbul edirəm.
4. Bu qərarın təcili icrasına başlayıram.
Hal-hazırda Heylen Litçfil "Starr, Park end Frimen" cəmiyyətinin Uzaq Şərq şöbəsi üzrə ABŞ firmalarının maraqlarının təlimatçı direktorudur.
Həqiqətən, hazırkı zamanda Heylən Litçfild Asiyada Amerikanın ən nüfuzlu biznesmenlərindən biridir. O, mənə etiraf etdi ki, belə əhəmiyyətli dərəcədə nailiyyətlərə yuxarıda göstərilən narahatçılığın aradan qaldırılmasına aid üsulların nəticəsini tətbiq etməklə nail olmuşdur.
Görəsən onun bu metodlarının nailiyyət qazanmasına səbəb nədir? O, öz hərəkətlərinin konkretliyi, bir də problemlərin məğzinə nüfuz etmə bacarığı ilə fərqlənirdi. Beləliklə, yuxarıda göstərilənləri tamamlayandan sonra üçüncü əvəzedilməz qaydanın adını çəkirəm. "Problemin həlli üçün təşəbbüs göstərin." Əgər siz nəzərdə tutulmuş işin icrasına başlamasanız, onda fakt toplamağınız və onları təhlil edib mənimsəməyiniz "boş qabı boş qaba" boşaltmağa bənzər. Belə halda qüvvənizi mənasız yerə boş-boşuna sərf etmiş olarsınız.
Uilyam Ceyms aşağıdakıları demişdir:
"Nə vaxt ki, qərar qəbul etdiniz, dərhal onun icrasına başlayın, cavabdehliyiniz haqda olan narahatçılığınızı tərk edin və nəticənin əldə edilməsinə qayğı göstərin." Bu halda Uilyam Ceyms "narahatçılıq" kəlməsini sinonim kimi "qayğı" sözü ilə əvəz etdi. O, burada faktların dərk edilməsinə əsaslanaraq qəbul edilmiş qərarın icrasına dərhal başlamağın vacibliyini nəzərdə tutur. Bu icrada tərəddüd edərək qəbul etdiyiniz qərara yenidən baxılmasını gecikdirmədən, bir an belə dayanmadan hərəkət edin. Nəzərdə tutduğunuz planlarınızdan bir an belə çəkinməyin, şübhələr burulğanında dolaşıb qalmayın. Belə ki, nəticə etibarilə yeni şübhələrə düşə bilərsiniz. Geriyə baxmadan irəliləyin.
Mən bir dəfə Oklaxomanın ən görkəmli neft sənaye işçisi Uayt Fillipsdən soruşdum ki, o, öz qərarlarını necə icra edir. O, cavab verərək dedi: "Mən belə hesab edirəm ki, problemlərimiz ətrafında həddən ziyadə götür-qoy etməyimiz və düşüncələrimiz bizi yeni şübhələrə və çaşqınlığa gətirib çıxara bilər. Elə an da yetişə bilər ki, artıq analiz etmələrin davamlılığı yalnız ziyana səbəb olar. Bu elə bir andır ki, bu vaxt biz yalnız yubanmadan qərar qəbul edib, geriyə baxmadan icra üçün hərəkət etməliyik.
Beləliklə axı nə üçün də sizi hal-hazırda həyəcanlandıran problemlərin həlli üçün Heylən Litçfildin metodlarının tətbiqinə başlamayasınız?
Siz özünüzə 1-ci sualı verin: "Mən nədən belə narahatam?" (Buyurun bu sualın cavabını karandaşla yazın. Bunun üçün aşağıda boş yer buraxılmışdır.)
2-ci sual: "Mən nə kimi təşəbbüs göstərə bilərəm?"
3-cü sual: "Problemin həlli üçün mən nə etməyə hazırlaşıram?"
4-cü sual: "Nəzərdə tutduğum işin icrasına nə vaxt başlamaq fikrindəyəm?"

Top