27. Yuxusuzluq səbəbindən törənmiş narahatçılıqdan necə azad olmalı

27. Yuxusuzluq səbəbindən törənmiş narahatçılıqdan necə azad olmalı

Yuxunuz yetərincə olmadıqda narahat olursunuzmu? Onda sizin üçün həyatı boyu bir dəfə də olsa, rahat yata bilməyən dünya miqyasında ən məşhur hüquqşünas Semyuel Untermeyer barədə bilməyiniz maraqlı olacaqdır.
Sem Untermeyerin kollecə daxil olduğu ərəfədə onu iki nasazlıq narahat edirdi: astma və yuxusuzluq onu üzürdü. Görünür, bu vaxtadək xəstəliklərini müalicə edə bilməmişdi. Ona görə də qərara gəlmişdi ki, bu halından məqsədyönlü istifadə etsin, yəni öz yuxusuzluğundan faydalı istifadə etməyə çalışsın. Bütün gecəni ayıq qalıb yataqda çevrilərək əsəb sarsıntısı keçirməkdənsə, o, qalxaraq məşğul olmağı üstün tutmuşdu. Bəs nəticə?
Nəticədə onun biliyi bütün fənlər üzrə parlamağa başlamış və onu Nyu-Yorkda kollecin işıqlı ulduzlarından biri kimi tanıtmışdı.

Lakin hətta hüquqşünas təcrübəsinə başladıqda da yuxusuzluqdan yaxa qurtara bilməmişdi. Bununla belə, Untermeyer ruhdan düşmədi. O, deyirdi ki, «Təbiət özü qayğıma qalacaqdır.» Doğrudan da, təbiət onun qayğısına qaldı. Yuxusunun çatışmazlığına baxmayaraq, onun sağlamlığı pisləşməmişdi və o, Nyu-York vəkilliyindəki hər hansı cavan hüquqşünas tək inadcıl işləməyə qadir idi. O, hətta onlardan da çox işləyirdi. Axı onlar yatıb dincəldiyi vaxt o işləyirdi.
İyirmi bir yaşında olduqda Sem Untermeyer ildə yetmiş beş min dollar qazana bilirdi. Digər cavan vəkillər məhkəmələrə tələsirdilər ki, onun təcrübəsini öyrənə bilsinlər. 1931-ci ildə apardığı bir işə görə bütün hüquqşünaslıq tarixində vəkilin təltif oluna biləcəyi ən böyük pul mükafatı — bir milyon dollar nağd pul ona verilmişdi; bir çəllək pul...
Lakin əvvəlki kimi o, yenə də yuxusuz idi. O, adətincə gecə yarıya qədər oxuyur, sonra isə səhər sat beşdə ayağa qalxaraq məktub diktə edirdi. Digər insanlar yenicə işə başladığı vaxtda o, artıq gündəlik işinin yarısını görmüş olurdu. Heç zaman normal yuxulaya bilməyən bu insan səksən bir il yaşaya bilmişdi. Əgər o, yuxusuzluğuna görə əsəbiləşərək buna görə iztirab çəkmiş olsaydı, ola bilərdi ki, bu vaxta qədər çoxdan dünyasını dəyişmiş olardı.

Biz ömrümüzün üçdə bir hissəsini yuxuda keçiririk. Ancaq həqiqətən yuxunun nə olduğunu heç kəs bilmir. Biz bilirik ki, bu adətdir və istirahət vəziyyətidir, guya bu vaxt təbiət qayğıdan törəyən ziyanı bərpa edir. Lakin biz bilmirik ki, hər insana nə qədər yuxu tələb olunur. Biz hətta qəti bilmirik ki, bizə ümumiyyətlə yuxu lazımdırmı!
Fantastik bir hal? I Dünya Müharibəsi vaxtı Paul Kern adlı bir macar əsgərinin alın hissəsindən beyni ona açılan odlu silah atəşindən ciddi zədə almışdı. Sağaldıqdan sonra çox maraqlıdır ki, o, heç cür yata bilmirdi. Həkimlər nə etsələr də, xeyri olmurdu, onlar sedativ narkoloji preparatlardan və hətta hipnozdan istifadə etsələr də Paul Kern nəinki yuxuladı, hətta mürgüləyə də bilmədi.
Həkimlər belə güman etdilər ki, onun günləri artıq «sayılmaqdadır». Ancaq Paul özünün belə vəziyyəti ilə, deyəsən onları «aldatmışdı». O, işləməyə başladı və uzun illər özünü əla hiss etdi. Adətən o, yatağa uzanır, gözlərini yumaraq dincəlirdi, ancaq yuxusu gəlmirdi. Onun xəstəlik tarixi tibb işçilərinin inamını tərəddüddə qoyaraq hələ də müəmmalı və sirli qalmışdı.

Bəzi insanlara, başqalarından fərqli olaraq, çox yatmaq zəruri olur. Toskanini adlı bir nəfərə beş saat yatmaq tələb olunurdu, amma Kelvin Kulicə iki dəfə çox. Kulic günün iyirmi dörd saatının on birini yatmış olurdu. Başqa sözlə, Toskanini həyatının beşdə birini, Kulic isə təxminən yarısını yuxuda keçirmişdi.
Yuxusuzluğun özündən çox yuxusuzluğa görə narahatçılığınız sizə böyük zərər yetirə bilir. Məsələn, mənim kurs dinləyicilirimdən olan Ayra Sendner xroniki yuxusuzluğuna görə özünü öldürmək həddinə çatmışdı. Ayra Sendner söyləyirdi: «Mən, həqiqətən də, düşünürdüm ki, dəli olacağam. Dərd burasında idi ki, axı əvvəllər mən möhkəmcə yuxulayardım. Hətta saat zəng çaldıqda mən oyana bilməzdim. Odur ki, hər səhər işə yubanardım. Mən duydum ki, əvvəlki tək yuxuya qalaraq işə geciksəm, məni işdən qovacaqlar. Mən buna görə dərd çəkirdim. Onsuz da rəisim mənə vaxtında işə gəlməyi ciddi tapşırmışdı. Bilirdim ki, işə gecikməyim yenə davam edərsə məni işdən qovacaqlar. Bu haqda dostlarıma söylədim. Onlardan biri yuxuya getməzdən qabaq bütün nəzər-diqqətimi zəngli saatdan ayırmamağı məsləhət bildi. Bu andan mənim yuxum, necə deyərlər ərşə çəkildi. Bu andan zəngli saatın sonsuz tıqqıltısız məni izləməyə başladı. Mən yuxumu itirdim və sübhədək yerimdə o üzə — bu üzə çevrilməyə başladım. Səhərki gün mən özümü xəstə kimi hiss etdim. Yorğunluq və narahatçılıq məni üstələyirdi. Düz səkkiz həftə belə davam etdi. Çəkdiyim əzabları sözlə ifadə etməkdə acizəm. Mən dəli olacağımı güman edirdim. Mən otaq­da saatlarla aramsız irəli-geri gəzir, özümü pəncərədən ataraq ömrümə son qoymaq haqda ciddi düşünürdüm! Nəhayət, həyatım boyu tanıdığım bir həkimə müraciət etdim, o, dedi: „Ayra, mən sənə kömək edə bilmərəm. Sənə heç kəs kömək edə bilməz, ona görə ki, sən özün-özünü belə vəziyyətə düçar etmişsən. Bu axşam yataqda sakitcə uzan, əgər yuxuya gedə bilmirsənsə, bu haqda unut. Sadəcə olaraq özünə de: “Yuxuya gedə bilməməyim zənə qədər məni narahat etmir. Mən razıyam ki, səhərə qədər ruh yüksəkliyində olum.» Gözləriniz qapalı halda uzanaraq deyin: «Hələ ki, mən sakitcə uzanmışam və əsəbi deyiləm, mən hər halda istirahət edirəm.»
«Mən həkimin məsləhətinə riayət etdim, — deyərək Sendner sözünə davam etdi və iki həftə keçdikdən sonra mən yuxulamağa başladım. Hələ bir ay keçməmiş mən hər gün səkkiz saat yuxulaya bildim və mənim əsəblərim tam sakitləşdi.

Ayra Sendneri üzən yuxusuzluq deyildi, onu üzən yuxunun yoxa çıxması, haqda onun düşüncələri idi.
Çikaqo universitetinin professoru doktor Nataniel Kleytman kimi dünyada yuxu problemini bu dərinlikdə heç kəs tədqiq etməmişdir. Bu şəxs yuxu üzrə dünyanın ən böyük mütəxəssislərindən biridir. O, təsdiq edir ki, yuxusuzluqdan hələ heç kəs ölməyib. Həqiqətən də insan yuxusuzluqdan o qədər narahat ola bilər ki, onun orqanizminin müqaviməti azalar və onun mikroblara qarşı müqaviməti zəifləmiş olar. Ancaq bu zərəri ona yuxusuzluq deyil, onun narahatçılığı yetirə bilər.
Doktor Kleytman qeyd edir ki, insanlar əksərən yuxusuzluqdan şikayət edirlər. Əslində isə, onlar başqalarından daha çox yatırlar. Tamamilə mümkündür ki, guya bütün gecəni gözünü bir an belə yummadığına heç şübhə etmədən and içən insan, əslində saatlarla aramsız yatmış olur. Məsələn, XIX əsrin ən məşhur mütəffəkkirlərindən biri yaşlı-subay Herbert Spenser pansionatda yaşayırdı. O, yuxusuzluqdan daim şikayətlənərək hamını təngə gətirmişdi. O, yatdıqda kənar səslərdən qorunmaq və əsəblərini sakitləşdirmək üçün hətta qulaqlarına pambıqdan tıxac da qoyarmış. Bəzən yuxu „gətirmək“ üçün tiryək də qəbul edərmiş. Bir dəfə elə oldu ki, professor Oksford Seyslə bir otaqda gecələdilər. Sabahkı gün Spenser bildirdi ki, bütün gecəni o, bir an da olsa, gözünü qapaya bilməyib. Əslində isə, o deyil, professor Seys gözünü bir an belə qapaya bilməmişdi. Məhz o, yata bilməmişdi, ona görə ki, Spenser səhərə kimi xoruldamışdı.

Yaxşı yuxu üçün ən birinci şərt təhlükəsizlik hissidir.
Çalışın ki, fiziki tədbirlərlə süstləşə biləsiniz. „Əsəb gərginliyindən azad olma“ adlı kitabın müəllifi doktor Devid Harold Fink belə hesab edir ki, bunun üçün ən önəmli üsul „öz bədəninizlə danışa bilmək“ bacarığıdır. Doktor Finkin nöqteyi-nəzərinə görə söz bütün növ hipnozlar üçün açardır, siz əgər ardıcıl olaraq yata bilmirsinizsə, deməli onda özünüzə təlqin etmişsiniz ki, bu hal sizdə yuxusuzluq xəstəliyi ilə bağlıdır. Siz ondan yaxa qurtarmaq üçün özünüzü hipnoz vəziyyətinizdən „ayıltmalısınız“ və siz bunu „öz bədəninizin əzələləri ilə“ danışmaqla edə bilərsiniz: „sakit, sakit, süstləşin və istirahət edin“. Biz artıq bilirik ki, əgər əzələlərimiz gərgin vəziyyətdədirsə, bizim beynimiz və əsəblərimiz süstləşə bilməz. Əgər yuxulamaq istəyirsinizsə, öncə əzələlərinizdən başlayın. Doktor Fink məsləhət bilir ki, arxa üstə uzanmış vəziyyətdə dizləriniz altına bir yastıq qoyun ki, ayaqlarınızın gərgin vəziyyəti azalsın və həmin məqsəd üçün qollarınızın altına da kiçik yastıqlar yerləşdirin (bu təcrübə sizə kömək edəcəkdir). Sonra isə öz çənə əzələlərinizlə „danışın“ ki, sıxılmasınlar, „gözləriniz“, „qollarınız“ və „ayaqlarınız“la da „danışın“ ki, qoy onlar da süstləşsinlər. Beləliklə xəbəriniz olmadan yuxuya getmiş olacaqsınız. Mən özüm bunu sınaqdan keçirmişəm və ona görə bunu bilirəm. Sizin yuxunuz səksəkəlidirsə doktor Finkin „Əsəb gərginliyindən azad olma“ adlı kitabını götürün və oxuyun (bu haqda artıq danışmışıq). Bu, mənim tanış olduğum kitablardan daha oxunaqlı, daha maraqlı və yuxusuzluğa dərman ola biləcək yeganə kitabdır.
Yuxusuzluğa qarşı ən yaxşı dərman bağçada işləyərək yorulmaq, suda üzmək, tennis oynamaq, qolf oyunu, xizəkdə sürüşmək və çox ağır, insanı əldən sala bilən fiziki işdir. Teodor Drayzer məhz belə edərdi. O, ədəbi fəaliyyətə başlayan zamanlarda yuxusuzluqdan əzab çəkirdi. O, Nyu-York mərkəzi dəmir yoluna fəhlə işinə keçdi. O, dəmiryol relslərinə bütün gün ərzində mıx çalmaqdan, əlində kürək çınqıl tökməkdən o qədər üzülərdi ki, axşamlar şam yeməyi zamanı var gücü ilə yuxusunu qovmağa çalışardı.

Əgər biz yetərincə yorulmuşuqsa, təbiət özü bizi, hətta gəzinti zamanı ayaq üstündə də yuxuladacaqdır. Mən bunu öz şəxsi təcrübəmdə sınamışam. Mənim on üç yaşım olan çağlarımda atam kökəldilmiş donuzları vaqonlarda Missuri ştatının Sent-Co şəhərinə yollayardı. Bir dəfə ona dəmir yolu ilə getməyə iki ədəd pulsuz talon (bilet əvəzi) verildiyindən məni də özü ilə götürmüşdü. Sent-Co şəhərinə düşdükdə mən çox həyəcanlı hala gəldim. Mən altı mərtəbəli evlər gördüm, möcüzələr-möcüzəsi tramvay gördüm. İndi də gözlərimi qapamağa bəndəm. Mən dərhal o tramvayı görür və səsini eşidirəm. Həyatımda gördüyüm bu əntiqə və həyəcanlı günümdən sonra mən atamla Missuri ştatının Reyvenvud şəhərinə qatarda qayıtdıq. Biz ora səhər saat dörddə çatdıq, firmamıza çatmaq üçün dörd mil məsafəni piyada getməyə məcbur olduq. Görün bu tarixçənin əsas mahiyyəti nədədir? Məni həyəcanlandıran bu yolu piyada getdikdə ayaq üstə yuxulamağım, hətta bu anda yuxu görməyim oldu. Bu vaxta qədər at üstə getdikdə yuxuladığım hallar olmuşdu. İndi isə, gördüyünüz kimi, mən sağ və salamatam və bu haqda sizə söyləyə də bilirəm!
Tam yorğun və əldən düşmüş, üzgün insanlar dəhşətli və qorxunc, müharibə zamanı topların atəş gurultuları altında yuxulaya bilirdilər. Məşhur nevroloq doktor Foster Gennedi mənə söyləmişdi ki, 1918-ci ildə müharibə vaxtı V İngiltərə ordusu geri çəkildikdə əzab və iztirab çəkmiş onun əsgərləri harada dururdularsa, onlar oradaca dərhal yıxılır və yuxuya gedirdilər. Hətta onların göz qapaqlarını barmaqla qaldırdıqda da yuxudan ayılmırdılar. O, bunu da mənə söyləmişdi ki, onların bəbəkləri göz yuvalarında yuxarı çevrilmiş olurdu. Doktor Gennedi söylədi ki, „Bundan sonra mən yuxum pozulduqda göz almacıqlarımı elə tərzdə fırladıram ki, bəbəklərim həmin vəziyyətə düşmüş olsun. Bir neçə saniyədən sonra mən artıq əsnəyir və özümü yuxulu hiss edirdim. Bununla da məndə idarə edə bilməyəcəyim avtomatik refleks işə düşürdü.
Bu vaxta qədər heç kəs yuxusuzluqdan intihar etməmiş və etməyəcək də. Təbiət, insanın bütün qüdrətinə baxmayaraq, məqamı gəldikdə bizi yuxulamağa məcbur edəcəkdir. Təbiət bizi müəyyən vaxt yemsiz və susuz qalmağımız üçün imkan yaradır, yuxusuzluğumuz üçün isə yox.

İntihar dedikdə mənim yadıma doktor Henri S.Linkin “İnsanın ikinci kəşfi» adlı kitabında yazdığı bir əhvalat düşdü. Psixologiya korporasiyasının vitse-prezidenti doktor Link də narahatçılıq və depressiyadan iztirab çəkən insanlarla söhbət etmişdir. «Qorxu və narahatçılığın tərk edilməsi» başlığı altında o, intihar etmək istəyən pasiyent barədə belə nağıl edir. Doktor Link bilirdi ki, xəstə ilə höcətləşməyin əhəmiyyəti yoxdur, bundan onun halı daha da pisləşə bilər. Odur ki, o, öz xəstəsinə belə dedi: "Əgər siz, doğrudan da öz həyatınıza intiharla son qoymaq istəyirsinizsə, bunu heç olmazsa, qəhrəmancasına da edə bilərsiniz. Məhəllə ətrafında dairəvi o qədər qaçın ki, ta axırda yıxılıb öləsiniz." Pasiyent bunu etməyə bir deyil, bir neçə dəfə cəhd göstərdi. Hər dəfə də o, özünü fiziki olmasa da, psixi cəhətdən yaxşı hiss etdi. III gün doktor Link istədiyinə nail oldu. Xəstə fiziki cəhətdən o qədər yorğun düşdü ki, (və fiziki cəhətdən süstləşmiş oldu) dərhal ölü kimi yuxuya getdi. Sonradan o, idman klubuna üzv oldu və yarışlarda iştirak etməyə başladı. Tezliklə özünü o qədər yaxşı hiss etdi ki, o, daimi yaşamaq arzusunda oldu.

Beləliklə yuxusuzluq səbəbindən törənmiş narahatçılıqdan necə azad olmaq üçün mən sizə dörd qayda təklif edirəm:
1. Əgər yata bilmirsinizsə, siz bunu Semuyel Untermeyerin nümunəsində edin. Qalxın və özünüzü yuxulu hiss edənə qədər işləyin və yaxud oxuyun.
2. Yadınızda olsun ki, yuxusuzluqdan hələ heç kəs ölməmişdir. Yuxusuzluq səbəbindən baş verən narahatçılıq bir qayda olaraq insana daha böyük zərər yetirir, nəinki yuxusuzluğun özü.
3. Bədəninizi süstləşdirin "əsəb gərginliyindən qurtulma" kitabını oxuyun.
4. Fiziki məşqlər edin. Özünüzü fiziki cəhətdən o qədər yorun ki, heç ayağa qalxmağa taqətiniz olmasın.
Xülasə
Qayda 1. Tam yorulmanı gözləmədən dincəlin.
Qayda 2. İşdə süstləşməyi öyrənin.
Qayda 3. Əgər siz evdar qadınsınızsa, sağlamlığınızı və xarici görkəminizi qoruyun, evdə  süstləşməyi unutmayın.
Qayda 4. Aşağıdakı dörd yaxşı əmək vərdişini tətbiq edin:
a) öz yazı masanızı bütün yazılı kağızlardan təmizləyin, ancaq bu saat həllini gözləyən problemlərə aid edilən yazılardan başqa;
b) əhəmiyyətliliyi baxımından növbələməklə problemləri həll edin;
v) qarşınızdakı problem məsələnin həlli üçün qərar qəbul etməyə faktlar mövcuddursa, onu dərhal həll edin;
q) işi təşkil etməyi, cavabdehliklərin bölüşdürülməsini və nəzarət etməyi öyrənin;
Qayda 5. Narahatçılıq və yorğunluqdan yaxa qurtarmaq üçün səylə çalışın.
Qayda 6. Yadınızda saxlayın ki, yuxusuzluqdan hələ heç kəs ölməmişdir. Yuxusuzluqdan törənmiş narahatçılıq isə yuxusuzluğun özündən daha zərərlidir.
Top