Yorğunluğun ən böyük səbəbkarı üzüntüdür. Bunu bizim küçədə yaşayan Alisanın nümunəsində görmək mümkündür. Bir dəfə Alisa işdən evə qayıtdıqda tamam üzgün və iztirab çəkmiş görkəmdə idi. Adama elə gəlirdi ki, o, yorğunluqdan ayaq üstə dura bilmir. Alisa, həqiqətən də, çox yorğun idi. Onun başı bərk ağrıyırdı. Onun beli də ağrıyırdı. Onun bircə arzusu vardı; şam yeməyini gözləmədən yıxılıb-yatmaq. Anası ona çox yalvardı… O, axır ki, masa arxasında əyləşdi. Bu zaman telefon səsləndi. Dostu ona zəng etmişdi. Dostu onu rəqsə dəvət edirdi. Alisanın gözləri dərhal parıldamağa başladı. Onun əhvali-ruhiyyəsi bir anda yüksəldi. O, tələsik öz otağına cumdu, gözəl mavi rəngli paltarını geydi və səhər saat üçə qədər rəqs etdi. O, evə qayıdanda heç də əzgin və yorğun görkəmdə deyildi. Sevincindən o qədər şən və həyəcanlı idi ki, yuxuya gedə bilmirdi. Görəsən Alisa səkkiz saat bundan qabaq iztirab çəkmiş görkəmdə və görkəminə münasib davranışda olduğu zaman həqiqətənmi çox yorğun idi? Alisa o vaxt həqiqətən çox əzgin görkəmdə idi, ona görə ki, iş onu möhkəmcə darıxdırmışdı və ya ola bilərdi ki, həyat tərzi onu kəmhövsələ etmişdi. Belə Alisalar milyonlardır. Ola bilsin ki, siz elə onlardan birisiniz.
Hamıya bəllidir ki, emosional vəziyyətimiz bizi fiziki gərginlikdən daha çox yorur və bizi üzgün edir. Bir neçə il bundan qabaq Cozef E.Barmak «Psixoloji arxiv» jurnalında özünün «Sıxıntı necə yorğunluq gətirir» mövzusu üzrə apardığı eksperimentlərin nəticəsi haqda məruzə etmişdi. Doktor Barmak bir qrup institut tələbələrinə özünün düşündüyü, lakin onların maraqlarına səbəb ola bilməyəcək bir neçə test yoxlama sualları vermişdi. Bəs nəticə? Tələbələr dərhal özlərini yorğun və yuxulu kimi hiss etmişdilər, onlar baş ağrısından və gözlərinin yorğunluğundan şikayətlənmiş və tündməzaclıq göstərmişdilər. Bir neçə halda isə onlarda qarın pozulmaları müşahidə edilmişdir. Bütün bunlar həqiqətdə deyil, xəyalən baş vermişdimi? Xeyr. Bu tələbələri «metobolist» yoxlamadan keçirdilər. Nəticə göstərdi ki, insan üçün darıxdırıcı hal yarandıqda onun, həqiqətən qan təzyiqinin dəyişməsi və orqanizmə oksigen qəbulunun azalması baş verir. Yəni orqanizmdə oksigen «aclığı» yaranır. Amma insan icra etdiyi işə maraq göstərməyə başladıqda və əməlindən zövq aldıqda onun orqanizmində maddələr mübadiləsi dərhal qaydasına düşür və o, özünü yaxşı hiss edir.
Bizim üçün qəribə və maraqlı olan bir işin icrasını yerinə yetiririksə, bu işdən çox nadir hallarda yorulmuş oluruq. Məsələn, bu yaxınlarda Kanadanın Luiz gölü sahilindəki sıldırım qayalı dağlarında istirahət edirdik. Bir neçə gün mən Korral-Krik çayı sahilində forel balığı tutdum. Mən boyumdan hündür kolluqlardan keçmək məcburiyyətində oldum. Yıxıq ağac gövdələrinə ilişərək büdrəyib tez-tez yıxılırdım. Buna baxmayaraq, səkkiz saat sürən belə gəzintidən sonra mən heç də əldən-ayaqdan düşmüş vəziyyətdə deyildim. Nə üçün? Çünki mən olduqca yaxşı əhvali-ruhiyyədə idim və hiss edirdim ki, günüm çox müvəffəqiyyətli keçmişdir. Axı mən altı ədəd «nəhəng» forel balığı tutmuşdum. Deyək ki, balıq ovu mənim üçün darıxdırıcı bir məşğuliyyətdir. Belədə siz necə düşünürsünüz? Bu, mənim fiziki halıma hansı təsir göstərərdi? Belə olduqda mən yeddi min fut hündürlükdəki yüksəklikdə gərgin çalışdıqdan sonra özümü çox yorğun və əzgin hiss etmiş olmazdımmı?
Hətta alpinistlik kimi çətin idman növü ilə məşğul olanlarda belə darıxdırıcı hallar fiziki qüvvəni tükəndirir və yüksək yorğunluq yaratmış olur. Misal üçün Minneapolisidə fermer və mexaniklərin sığorta bankının prezidenti bu hala çox uyğun nümunə ola bilən bir hadisə barədə danışdı. 1943-cü ilin iyul ayında Kanada dövləti şahzadə Uelsk adına divevrsiya-kəşfiyyət alayının əsgərlərinə alpinistlik üzrə məşğələ keçmək üçün bələdçilərin ayrılması barədə Kanada alpinistlər klubuna müraciət etmişdi. Əsgərlərə məşq keçəcək bələdçilərin siyahısında cənab Kinqmenin də adı vardı. O, mənə söylədi ki, onun özü və digər bələdçilər — qırx iki yaşından əlli beş yaşına kimi kişilər — gənc əsgərlərin məşqi üçün uzun zaman keçidli buzlaqlardan aşan və qarlı çöllərdən keçən, hündürlüyü qırx futdan çox olan dik qayalara kəndirlərin köməyi ilə dırmaşmaq, ayaqlarının altında kiçicik dayaq yeri və əlləri üçün kiçik dayaq çıxıntılarını tutmaqla keçidləri aşmaq şəraitini nəzərdə tutmuşdular. Onlar Kanadanın Littl-Yoxo vadisindəki qayalı dağların «Maykl» və «Vitse-prezident» və digər adsız zirvələrinə dırmaşa bilmişdilər. Onlar on beş saat dırmandıqdan sonra bu gözəl fiziki formada insanlar (baxmayaraq ki, bu diversiya — desant ordusu əsgərləri altı həftəlik heç də asan başa gəlməyən hazırlıq məşğələlərinin iştirakçısı olmuşdular) tamamilə taqətdən düşmüşdülər.
Onlar kurslarda lazımınca alışmamış, bərkiməmiş əzələlərinin səbəbindənmi yorğun olmuşdular? Yox. Düşərgədə diversiya-desant ordusunun təlim keçmiş hər bir əsgəri belə mənasız suala qəhqəhə çəkib bərkdən gülərdi. Xeyr, əsgərlər yalnız dağlara dırmaşmaq onlar üçün cansıxıcı və darıxdırıcı olduğundan yorğun idilər. O qədər yorğun idilər ki, onlardan bir neçəsi şam yeməyini gözləmədən yuxuya getmişdi. Bəs bələdçilər özlərini necə hiss edirdilər? Axı onlar əsgərlərdən iki-üç dəfə yaşlı idilər. Bələdçilər yorğun idilərmi? Bəli. Ancaq onlar əzgin və üzgün vəziyyətə düşməmişdilər. Onlar yeməklərini rahat yedilər və sonra isə bir neçə saat günün hadisələrini müzakirə etdilər. Onlar yorulmamışdılar, yalnız ona görə ki, bu gəzinti onlar üçün olduqca maraqlı olmuşdu.
Kolumbiya universitetinin doktor Edvard Torndayk yorğunluğu öyrənmək üçün eksperiment zamanı üzərində təcrübə keçirənlərə olduqca maraqlı iş tapşırığı verərək bir həftə onları yatmağa qoymamışdı. Uzun sürən tədqiqatlardan sonra o, belə bir nəticəyə gəlmişdi: «Darıxma və həyəcan əmək qabiliyyətini aşağı salan yeganə səbəbdir.» Əgər zehni əməklə məşğulsunuzsa siz nadir halda görülmüş işin çoxluğundan yorğun olarsınız. Ola bilər, siz o işlərdən yorula bilərsiniz ki, onların icrasına vaxtınız çatmasın. Məsələn, yadınızdadırmı ki, ötən həftə sizi necə də aramsız olaraq tez-tez işinizdən ayırmışdılar, yaxud hansısa məktuba cavab verməmişdiniz və yaxud sövdələşdiyiniz görüş baş tutmamışdı və s. Hər yerdə xoşagəlməz hadisələr baş verirdi. O gün bütün işləriniz «alt-üst» olmuşdu. Əslində, o gün heç nə etmədiniz, ancaq siz əzgin, iztirab çəkmiş görkəmdə və ağrıyan başla evə qayıtdınız.
Ertəsi gün isə idarənizdə işlər, necə deyərlər «yağ kimi» getmişdi. Siz o gün yaxın günlərdə gördüyün işlərdən qırx dəfə çox iş görmüş oldunuz. Siz evə olduqca nikbin qayıtdınız, görkəminiz ağ qar «qardenyası» kimi tərtəmiz idi. Sizdə belə hallar olmuşdumu? Məndə də olmuşdur.
Buradan hansı bir müsbət dərs götürməliyik? Yalnız təkcə bir nəticə: «yorğunluq çox hallarda işləməkdən deyil, narahatçılıq, peşmançılıq və mənəvi inciklikdən baş verir.»
Bu başlığı işlədiyim dövrdə Ceroma Kernanın "Üzən teatr" adlı valehedici musiqili komediyasının yenidən işlənmiş variantına baxdım. «Pambıq kolunun çiçəyi» gəmisinin kapitanı Kapitan Endi özünün fəlsəfi interlüdiyasında deyir: «O insanlar xoşbəxtdirlər ki, onlar zövq verici işlərlə məşğul olmağı bacarırlar.» Bu insanlar xoşbəxtdirlər ona görə ki, onların böyük enerjisi vardır və çox nikbindirlər, az narahatdırlar və az da yorğundurlar. Bizim maraqlarımız haraya istiqamətlənmişsə, oraya da bizim enerjimiz yönəlmiş olur. Deyingən və öcəşkən arvadla on kvartal yol getmək ola bilsin ki, daha yorucu olur, nəinki sizə hörmət edən sevgilinizlə on mil məsafəni qət etmək.
Bəs necə olsun? Bu barədə biz nə edə bilərik? Oklahoma ştatının Talse neft firmasında işləyən stenoqrafist bir qadın görün necə etmişdi. O, hər ay bir neçə gün ərzində ən darıxdırıcı, eyni yeknəsəq işi görmək məcburiyyətində qalmışdı. Belə ki, o, ayrı-ayrı neft istehsalı sahələrinin icarəyə verilməsinə dair çap olunmuş hazır blanklara uyğun qrafalar üzrə statistik rəqəmlər yazırdı.
İş o qədər darıxdırıcı idi ki, özünü müdafiə üçün o, bu işin görülməsini maraqlı etmək qərarına gəldi.
Necə? Bu qız hər gün işdə özü-özü ilə yarışırdı. Hər səhər o, doldurulmuş hazır müqavilə vərəqələrini sayırdı. Sonra isə çalışırdı ki, gün ərzində bu rəqəmi aşmış olsun. İşin axırında yazılmış müqavilə vərəqələrinin ümumi sayını hesablayırdı və qarşıdakı iş günü daha böyük həcmdə iş görməyə cəhd göstərirdi. Bəs nəticə necə oldu? O, şöbədə işləyən hər hansı stenoqrafist işçidən daha çox bu darıxdırıcı işi görməyə müyəssər oldu. Bəs buna əvəz o, nəyə nail ola bildi? Tərifəmi? — Xeyr… Təşəkkürəmi? — Xeyr… Vəzifədə yüksəlişəmi? — Xeyr… Onun əmək haqqınımı yüksəltdilər? — Xeyr. O, darıxmaqdan törəyən yorğunluq halından yaxa qurtarmış oldu. Darıxdırıcı işi maraqlı etmək cəhdi ona enerji və ruh yüksəkliyi verdi. O, asudə saatları üçün daha çox sevinc və zövq qazanmış oldu. Mən təsadüfən ayrı mənbədən öyrəndim ki, bu hadisə doğrudan da, olmuşdur. Başqa bir stenoqrafist bir qadın isə inanırdı ki, «guya onun gördüyü iş olduqca maraqlıdır» anlayışı ilə hərəkət etmək mümkündür. Əvvəllər öz işini yerinə yetirməkdə o, çox böyük qüvvə və cidd-cəhd göstərməyə məcbur olurdu. İndi isə vəziyyət tam dəyişmişdi. Onun adı Velli C.Holden xanımdır. Görün o, mənə nə yazmışdı: «Bizim idarədə dörd stenoqrafist qadın çalışır. Bizim hər birimizə dörd nəfər institut tələbəsinə məktub yazmaq tapşırığı verilmişdi. Arabir biz o qədər işlə yüklənirdik ki… Bundan əlavə bizim şöbənin rəis müavini mənə tapşırmışdı ki, makinada uzun bir məktub çap edim. Mən hövsələdən çıxmışdım. Mən onun inandırmağa çalışdım ki, axı burada mətni təzədən tam çap etmək tələb olunur. Səhvi belə də düzəltmək mümkündür. O, xəbərdarlıq etdi ki, əgər etiraz edərəmsə, bu iş üçün başqa birisini tapa bilər! Mən acıqdan özümdə deyildim! Lakin mən bu məktubu təzədən çap etdikdə gözlənilmədən dərk etdim ki, gördüyüm bu işin tapşırığını alan çoxları özlərini bəxtəvər sanardılar. Bundan başqa, mənə məhz həmin bu iş üçün haqq verirdilər. Mənim əhvali-ruhiyyəm yaxşılaşmağa başladı. Nəhayət, qərara gəldim ki, doğrudan da, bu iş mənim ürəyimcədir. Halbuki bundan öncə mən bu işə nifrət edirdim, indi isə icrasından zövq alıram. Buradan mən aşağıdakı mühüm kəşfi etdim: Əgər mən „guya“ bu işin yerinə yetirilməsindən doğrudan da zövq alıram» düşüncəsi ilə işləyərəmsə, mən ondan yəqin ki, hansısa bir məmnunluq hissi duya bilər və yüksək zövq ala bilərəm. Mən bunu da kəşf etdim ki, bir işi məmnunluqla yerinə yetirərəmsə, cəld işləməyi bacararam. Ona görə də indi mənim nadir hallarda işdən əlavə çalışmağım üçün lüzum yaranmış olur və bu işə münasibətimin dəyişməsi səbəbindən mən artıq «yaxşı işçi» adını qazanmışam. Odur ki, şöbə rəhbərlərindən birinə şəxsi katibə tələb olunduqda o, məhz məni seçir, ona görə ki, onun özünün etiraf etdiyi kimi mən əlavə görüləsi işləri narazı halda yerinə yetirmirəm! Holden xanım mənə yazmışdı ki, psixoloji şəraitin dəyişməsi mənim üçün mühüm kəşflərin edilməsinə şərait yaratmış oldu.
Özünə hesabat vermədən xanım Velli Holden məşhur bir fəlsəfi «elə bil» prinsipindən istifadə etmişdi. Uilyam Ceyms bizə tövsiyə edir: «Biz elə hərəkət etməliyik ki, „guya ki, biz doğrudan da xoşbəxtik və özümüzü bundan sonra da xoşbəxt hiss edəcəyik və s.
Özünüzü elə aparın ki, elə bil işləmək sizin üçün doğrudan da maraqlıdır. İlk əvvəl bu sizə oyuncaq kimi görsənə bilər, gələcəkdə isə ola biləcəkdir ki, sizdə öz işinizə həqiqi maraq oyanacaqdır. Bu həm də sizin yorğunluğunuzu, gərginliyinizi və narahatçılığınızı azaltmış olacaqdır.
Bir neçə il bundan qabaq Xarlan A.Xayard həyatını tamamilə dəyişə biləcək qərar qəbul etmişdi. O, darıxdırıcı işi maraqlı etməyə qərar vermişdi. Onun işi, həqiqətən də, olduqca darıxdırıcı idi: o, qab-qacağı yumalı dəzgələrin üstünü silməli və məktəblilərin yeməkxanasına dondurmaları verməli idi. Halbuki bu vaxt oğlanlar, adətən, topla oynayırdılar və ya qızlara pərəstiş göstərirdilər. Xarlar A.Xauard öz işinə nifrət edirdi, ancaq onun başqa çarəsi olmadığından o, dondurmaya aid hər şeyi, hər biliyi öyrənməyi qət etdi. Dondurmanı necə hazırlayırlar, onun tərkibi nədən ibarətdir, nə üçün onların bəzi növləri başqalarından daha dadlıdır və s. O, dondurma istehsalının kimyəvi texnologiyasını öyrəndi və kimya fənni üzrə orta məktəb kurslarının yaxşı dinləyicisi oldu. O qədər o, yeyinti məhsullarının kimyası ilə maraqlanmışdı ki, Massaçusets ştatında kollecə daxil olmuş və yeyinti məhsulları texnologiyası üzrə ixtisaslaşmışdı. Nyu-York kakao birjası, kakao və şokolad məhsullarından istifadəetmə mövzusunda “ən yaxşı məruzəçi» başlığı altında keçiriləcək açıq konkurs elan etdi və yüz dollar da pul təltifatı müəyyənləşdirdi. Necə düşünürsünüz kim qalib gəlmiş oldu? Bəli, siz haqlısınız. Xarlan Xaudard.
İş axtarmaqda çətinliklərlə üzləşdiyi zaman o, Massaçusets ştatının Amherts şəhərindəki öz evinin zirzəmisində xüsusi laboratoriya açdı. Bundan bir az sonra qanun verilib tələb olunurdu ki, süddə olan bakteriyaların sayı təyin edilsin. Xarlan A.Xauard Amherst əyalətində on dörd firmanın süd məhsullarında olan bakteriyaların sayının hesabını aparmağa başladı və əlavə iki laborant da işə götürdü.
Siz necə düşünürsünüz? Əlbəttə ki, o vaxta qədər yeyinti məhsulları üzrə indiki mövcud xadimlər ya yaşa dolub təqaüdə gedəcək və ya onlar dünyalarını dəyişəcəklər. Onların yerini hal-hazırdakı təşəbbüs və entuziazmlarla dolu cavan oğlanlar tutacaqlar. Bu dövrdə isə onun haçansa birgə dondurma satan yoldaşlarından bəziləri ümidsiz bir uğursuza çevirəcəklər, işsizlərin sayını artıracaqlar, dövləti günahlandıracaq və təəssüflənəcəklər ki, onlara öz həyatlarının dəyişdirlməsinə imkan yaranmadı. Tam ehtimala görə Xarlan A.Xauard da öz darıxdırıcı işini maraqlı etməyə qərar verməsəydi, çox güman ki, o da belə imkanı heç vaxt əldə edə bilməyəcəkdi.
Bundan çox illər əvvəl darıxdırıcı işi onu təngə gətirən cavan bir oğlan da var idi. O, zavodda torna dəzgahının arxasında bolt yonub hazırlamaqla məşğul idi. Onun adı Sem idi. Sem işdən çıxmaq istəyirdi, ancaq qorxurdu ki, başqa işə düzələ bilməsin. Darıxdırıcı işlə məşğul olduğuna görə Sem qərara gəlmişdi ki, öz işini maraqlı etsin. O, qonşu dəzgahda işləyən tornaçı ilə özünün arasında bir növ yarış təşkil etdi. Onlardan biri pəstahın qeyri-hamar səthini işləməli, o biri isə onlardan lazımi diametrdə boltlar hazırlamalı idi. Onlar arada ədalət naminə dəzgahlarını dəyişdirirdilər ki, eyniləşmiş şəraitdə kim daha çox bolt hazırlayacaqdır. Usta Semin səliqəliliyi və icra sürəti yüksək qiymətləndirilmişdi və onu tezliklə daha yüksək ixtisaslı işə köçürmüşdülər. Bu, onun qulluq pillələrində yüksəlişinin başlanğıcı oldu. Otuz il keçdikdən sonra Sem-Semyuel Vokleyn «Bolduin lokomotiv uorks» firmasının prezidenti oldu. Axı o, darıxdırıcı işini maraqlı işə çevirməsəydi, ömrü boyu tornaçı kimi də qalacaqdı.
X.V.Kaltenborn — Amerika radiousunun məşhur siyasi icmalçısı, bir dəfə mənə öz darıxdırıcı işini necə maraqlı işə çevirə bildiyi barədə danışmışdı. O, iyirmi iki yaşında Atlantik okeanından gəmi ilə heyvanları keçirən kərə çoban işləyirdi ki, öz yol pulunu qazana bilsin. O, heyvanları oradaca yedizdirir və sulayırdı. İngiltərəni velosipedlə səyahət etdikdən sonra o, Parisə ac və yaşamağa heç bir vəsaiti olmadan gəlib çatmışdı. Məcbur olmuşdu ki, öz fotoaparatını beş dollara lombarda qoysun. O, iş axtardığı barədə, «Nyu-York qerald» qəzetinə elan vermişdi, ona stereoptikon aparatının ticarəti ilə məşğul olmağı təklif etmişdilər. Sizin qırxa qədər yaşınız vardırsa, ola bilər yadınızda olsun, iki eyni şəkli stereoptikon aparatında gözlərimizin önünə gətirdikdə eyni iki şəkli bir şəkil kimi görürdük. Əgər biz baxmağa davam edərdiksə, birdən bir möcüzə baş verdiyinin şahidi olurduq. Stereoptikondakı iki linza ilə iki eynə şəklə baxdıqda onlar gözlərimiz önündə bir şəkil kimi özü də üç ölçülü effektlə canlanırdı. Biz şəklə baxmağı davam etdirdikdə məsafənin dərinliyini və təsvirin üç ölçülü effektliyini daha aydın duyur və dərk edirdik.
Dediyim kimi Kaltenborn bu aparatların satışı ilə məşğul olmağa başlamışdı. O, Parisdə bir evin qapısından başqasına keçirdi, üstəlik onu da deyək o, fransız dilində bir söz belə danışa bilmirdi. Buna baxmayaraq o, birinci il beş min dollar qazana bilmiş və Fransada bu ilin ən böyük gəlirli ticarət agenti sayılmışdı. X.V.Kaltenborn mənə söylədi ki, «bu təcrübə mənim uğurlu fəaliyyətim üçün Harvardda bir il oxumaqdan da çox bilik vermişdir» Özünə inamlı olmaqmı? — O, özü mənə söyləmişdi ki, mənə elə gəlir ki, indi mən Fransanın evdar qadınlarına «konqresin protokolları»nı da satmağı bacararam.
Bu təcrübə fransızların həyat tərzlərinin dərk edilməsində ona o qədər dərin bilik vermişdi ki, sonradan o, radioda çıxış edərək Avropa hadisələrini analiz etdikdə bu biliklər onun üçün əvəzsiz olmuşdu.
Fransız dilində bir kəlmə də danışa bilməyən bu insan bəs necə oldu ki, birinci dərəcəli ticarət agenti ola bildi? O, özünün iş təşkilatçısından xahiş etmişdi ki, alıcılara müraciət etmək üçün fransız dilində ona əla bir mətn tərtib etsin. Kaltenborn bu mətni əzbər öyrənmişdi. O, qapının zəngini vurduqda qapını açan fransız qadınına əzbərlədiyi mətni kobud tələffüzlə və çox gülünc bir tərzdə təkrar-təkrar söyləyirmiş. Sonra isə o, evdar qadına satmaq istədiyi şəkilləri təqdim etdikdə deyirmiş: «Amerikalı… amerikalı...» sonra cəld şlyapasını çıxarır və içərisində yapışdırılmış fransız dilində əla xətlə yazılmış mətni ona göstərirmiş. Ev qadını güldükdə o da gülərmiş və qalan digər şəkilləri də bir-bir ona göstərərmiş. Bunları söyləyən X.V.Kaltenborn etiraf edirdi ki, onun işi qətiyyən asan deyildi. Ancaq ona təkcə özünün bir keyfiyyəti kömək edirdi. O da onun işi maraqlı etmək səyi və bacarığı idi. Hər səhər işə yollanarkən güzgüyə baxaraq o, aşağıdakı sözlərlə özünü ruhlandırardı: «Kaltenborn, əgər yemək istəyirsənsə, sən bu işi görməyə borclusan. Madəm bu işi görməyə borclusan, nə üçün də axı onu maraqlı və ürəyə yatan etməyəsən.» Hər dəfə qapının zəngi çalındıqda mən özümü nəzərləri mənə cəlb olunmuş kütlənin qarşısında səhnədə çıxış edən bir aktyora bənzədirəm və özümə deyirəm: axı sənin etdiyin bu gülməli hərəkətlər teatrda oynanılan gülüş səhnələrinə bənzəyir. Belədirsə, nə üçün də axı mən öz oynuma «daxili» əhvali-ruhiyyəmi, sevincimi əlavə etməyim?
Cənab Kaltenborn bir də mənə dedi ki, «hər günkü ruhlandırıcı səhnələr mənə kömək etdi ki, bu işə məndə yaranmış nifrət və qorxu xoşuma gələn sərgüzəştlərlə əvəz edilsin və mənə çoxlu gəlir gətirmiş olsun.»
Mən Kaltenborndan soruşanda ki, o, həyatda hər şeyə nail olmağa can atan gənc amerikalılara hər hansı bir məsləhəti verə bilərmi? Cavabında o, dedi: «Hər səhər öz üzərinizdə işləyin. Hər səhər bizi yarıyuxululuqdan oyadan fiziki məşğələlərin əhəmiyyəti haqda çox danışırıq. Ancaq bizim edəcəyimiz hərəkətləri stimullaşdıran ruhi və əqli məşqlərə daha çox ehtiyacımız vardır. Özünüz özünüzə sizi ruhlandıra biləcək söz deməyi unutmayın.»
Məgər insanın gündəlik öz-özünə ruhlandırıcı söz deməyi, axmaqlığı, yüngül ağıllılığı uşaqcasına hərəkətmi görünür? — Xeyr, əksinə sağlam psixologiyanın əsl mənası elə bundadır. «Bizim həyatımız biz o haqda nə düşünürüksə, elə o özüdür.» Bu, on səkkiz əsr bundan qabaq Mark Avrelinin «Düşünmə» adlı kitabındakı: «Bizim həyatımız biz o haqda nə düşünürüksə, elə o, özüdür.» kəlamından az məna kəsb etmir.
Günün hər saatında öz-özünüzlə «söhbət etməklə» siz öz düşüncələrinizi idarə etmiş olursunuz. Mərdlik və xoşbəxtlik, qüvvə və rahatlıq haqda düşünün. Özünüz haqda elə şeyləri düşünün ki, onlardan razısınız, onlar sizi ruhlandırmışdır və onlar sizin qəlbinizə gözəl bir mahnı kimi yayılmışdır.
Öz düşüncələrinizi müsbət istiqamətdə kökləyin, onda hər hansı bir iş sizə tam xoşagəlməz görünə bilməz. Sizin rəisiniz istər ki, siz işinizə maraqlı olasınız, çünki onun sabit gəliri də bundan asılıdır. Gəlin rəisin nə düşündüyünü unudaq. Yalnız o haqda düşünün ki, əgər siz öz işinizə yüksək maraq göstərmişsinizsə nəticədə özünüzə müsbət nə qazana bilərsiniz. Düşünün ki, belə edərsinizsə, sizin yaşamağa olan inamınız ikiqat artacaqdır, çünki siz fəal həyatınızın təxminən yarısını işdə keçirirsiniz. Odur ki, o, sizə sevinc yetirməyəcəksə, ola bilər ki, siz onu bir daha heç vaxt, heç yerdə tapa bilməyəcəksiniz. Yadınızda saxlayın ki, işinizdə olan marağınız sizin yaxanızı narahatçılıqdan qurtaracaq və nəticədə çox ehtimal ola biləcəkdir ki, sizi vəzifədə yüksəlmək və artan məvacib gözləycəkdir. Hətta bu olmasa da, işə göstərdiyiniz maraq sizin yorğunluğunuzu minimuma endirəcək və siz istirahət vaxtlarınızdan daha çox zövq alacaqsınız.