24. Ev sahibəsi daim cavan görkəmdə qalmaq naminə yorğunluqdan necə yaxa qurtara bilər

24. Ev sahibəsi daim cavan görkəmdə qalmaq naminə yorğunluqdan necə yaxa qurtara bilər

Ötən payızda mənim bir əməkdaşım dünyada ən qeyri-adi kursun sessiyasında iştirak etmək üçün Boston şəhərinə yollandı. Tibbi kursmu idi bu? Bir neçə baxımdan bəli. Məşğələlər Boston politexnik institutunun xəstəxanasında aparılırdı. Kursda iştirak edənlər məşğələdən əvvəl müntəzəm və ciddi yoxlanılırdılar. Faktiki baxımdan, isə bu kurslar özü-özlüyündə psixoloji klinikanı xatırladırdı, rəsmiyyətdə isə bu tətbiqi psixologiya adlanırdı. Onların əsl məqsədi narahatçılıqdan xəstələnənlərə kömək etmək idi.Narahatçılıqdan əldən düşənlər üçün olan bu kurslar necə təşkil olunmuşdur? Doktor Cozef X.Prett (yeri gəlmişkən o, Uilyam Oslerin şagirdi olmuşdu) 1930-cu ildə duydu və anladı ki, Boston xəstəxanasını ambulator xəstələri fiziki xəstə deyildirlər. Ancaq faktiki olaraq onlar bu və ya digər xəstəliklərin simptomları üzrə xəstə kimi görünənlər idilər. Onlardan bir qadının qolları, artritdən elə qıc olmuşdu ki, o, qətiyyən bu əllərdən istifadə edə bilmirdi. Bir başqa qadın isə «mədə xərçəngi» ağrıları simptomlarından əzab çəkirdi. Digərləri kürək və baş ağrılarından, xroniki yorğunluq və anlaşılmaz digər ağrı hisslərindən iztirab çəkirdilər. Onlar, həqiqətən bədənlərində mütəmadi olaraq dəhşətli ağrılar və sancılar hiss edirdilər. Ən mükəmməl tibbi müayinələr göstərirdi ki, bu «xəstələrin» hər biri fiziki cəhətdən sağlam idilər. Köhnə «ovxarlı» həkimlər deyərdilər ki, bu halların hamısı pasiyentlərin öz «ruhi» təsəvvürləri ilə bağlıdır.

Ancaq doktor Prett anlayırdı ki, onlara «evlərinizə gedin və bu haqda unudun» demək əbəsdir. O, bilirdi ki, bu qadınların əksəri heç də arzu etməzdi ki, xəstələnsinlər. Lakin onlar asanlıqla öz nasazlıqlarını unuda bilsəydilər, yəqin ki, onlar bunu edərdilər. Bəs hansı tədbirin görülməsi lazım idi. Şəkkak əhvali-ruhiyyədə olan tibb xadimlərinin etirazlarına baxmayaraq, doktor Prett öz kurslarını təşkil edə bildi və bununla da ona möcüzələr yaratmaq müyəssər oldu! Kursların açılmasından sonra on səkkiz il ərzində orada minlərlə insan "şəfa" tapdı. Elələri də oldu ki, onların kurslara getmələri dini iman sahibi olan insanların kilsəyə getmək borcları tək davamlı oldu. Mənim assistentim doqquz il ardıcıl məşğələlərdə iştirak edən bir qadınla söhbət etmişdi. O, söyləmişdi ki, onda «azan böyrək» və nə isə digər ürək xəstəlikləri vardır. Bu qadın o qədər həyəcanlı və gərgin vəziyyətdə idi ki, vaxtaşırı o, görmə qabiliyyətini itirir və arabir «korluq tutmalarına» düçar olurdu. Artıq bu xəstə indi olduqca şən, özünə inamlıdır və özünü çox gözəl hiss edir. Biz onunla görüşdükdə xarici görkəmindən o, qırx yaşlı qadına bənzəyirdi. Lakin o, dizi üstündə nəvələrindən birini oturtmuşdu. Bu qadın söyləyirdi: «Mən ailəmdə baş vermiş xoşagəlməz hallara görə o qədər narahatçılıqlar keçirmişəm ki, özümə ölüm arzulayırdım. Ancaq bu klinikada mən dərk etdim ki, narahatçılıq keçirmək mənasızdır. Mən o halımı — narahat hallarımı tərk etməyi bacardım. İndi artıq mən deyə bilərəm ki, həyatım „qiyamsızdır“.

Kursların tibbi konsultantı doktor Roza Xilferdinq söyləyirmiş ki, onun fikrincə narahatçılıqdan yüngülləşmək üçün çarə narahatçılıq doğuran pis xəbərləri inandığımız adama danışıb onunla bölüşməyimizdədir. Pasiyent ardıcıl olaraq məşğələlərə gəlirsə, onlara imkan yaradılır ki, hər şeyi, bütün dərd-sərlərini yerli-yerində və ətraflı başqalarına danışa bilsinlər. Tənhalıqdan sıxılmaq, dərdlərinizi başqalarından gizlətmək ciddi-cəhdi çox böyük əsəb gərginliyinə gətirib çıxarır. Biz öz həyəcanlarımızın səbəbini kiməsə söyləməyə, dərdimizi o kəslərlə bölüşməyə böyük ehtiyac duyuruq. Biz dərk etməliyik ki, dünyada bizi dinləyən, bizi başa düşməyi bacaran kəslər mövcuddur».

Mənim assistentim bir xəstə qadının öz problemlərini söyləyib qurtardıqdan sonra özündə necə bir rahatlıq və yüngüllük hiss etdiyinin şahidi olmuşdu. Onun evində arzuedilməz hadisələr baş vermişdi və o, öz söhbətinə başlayanda yay kimi gərilmiş idi. Sonradan özünün dediyi kimi, tədricən sakitləşməyə başlamışdı. Söhbətin axırında isə hətta gülümsəməyi də unutmamışdı. Onu narahat edən problemlər doğrudanmı artıq öz həllini tapmışdı? Xeyr, bu o qədər də sadə məsələ deyildi. Kiminləsə danışıb dərdlərin bölüşdürülməsi imkanının yaradılması bu söhbətdən sakitləşdirici məsləhətin alınması dərdəşəriklik və insanı qayğının bəslənilməsini məhz belə önəmli müsbət dəyişikliyə gətirib çıxaran hallardır. Dəyişikliyin yaranmasındakı əfsanəvi şəfaverici qüvvə söylənilmiş sözün qüdrətindədir.

Sözün şəfaverici qüvvəsi müəyyən qədər psixi təsirləri məqsədyönlü olmasında axtarılmalıdır. Hələ Freyd zamanlarından bəri psixi araşdırmalar mütəxəssisləri bilirdilər ki, dərdini söyləmək imkanı yaradılarsa, pasiyent daxili gərginliklərdən yüngülləşməyə imkan tapmış olar. Nəyə görə bu belə alınır? Ola bilər ki, danışıq prosesində biz o qədər söylədiyimiz problemlərin dərinliklərinə varırıq ki, artıq bizi həyəcanlandıran problemləri əsl və həqiqi mənalarda «görə» bilirik. Heç kəs bunun əsl mənasını ilk andan dərk edə bilməz. Ancaq biz hamımız çox yaxşı bilirik ki, əgər dərdimizi kiməsə söyləyə bilsək, ruhumuzu canüzücü düşüncələrdən yüngülləşdirmiş oluruq və dərhal özümüzü yaxşı hiss edirik.

Beləliklə əgər siz emosional gərginlik törədən problemlərlə üz-üzə qalmışsınızsa və sizin kiminləsə dərdləşməyiniz mümkünsə nə üçün dərdi-sərinizi onunla bölüşməyəsiniz? Əlbəttə ki, burada ətrafdakıların hamısını öz deyintiləriniz və gileylərinizlə təngə gətirməyinizdən söhbət getmir. Ölçüb-biçin elə adam seçin ki, siz ona etibar etmiş olasınız və görüşməyinizi ondan xahiş edə bilərsiniz. Bu adam ola bilər ki, sizin qohumlarınızdan olsun, həkiminiz, hüquqçu və ya keşiş olsun. Ona müraciət edərək deyin: «Mənim sizin məsləhətinizə ehtiyacım vardır. Qarşımda həllini gözləyən problem məsələlərim vardır, istəyirəm ki, mənə qulaq asasınız. Ola bilər ki, siz mənə bu haqda məsləhət vermək iqtidarında olacaqsınız. Siz elə aspektləri görə bilərsiniz ki, bunu görmək mənə müyəssər deyildir. Əgər siz bilavasitə kömək edə bilməsəniz belə, mənə yalnız sadəcə qulaq asasınız, böyük kömək etmiş olarsınız».
Əgər görsəniz ki, müraciət etməyə heç bir adamınız yoxdur, peşman olmayın. Sizi naəlac vəziyyətdə qoymayan məxsusi «xilasetmə liqası» mövcuddur. Onun Boston xəstəxanası ilə heç bir əlaqəsi yoxdur. Həyatları xilas edən liqa — dünyada ən qeyri-adi liqadır. Əvvəllər bu intiharın qarşısını almaq məqsədi daşıyırdı. Amma illər keçdi, onun fəaliyyət dairəsi get-gedə genişləndi; o bədbəxtlərin ki, təskinlik tapmağa ehtiyacı vardır, onlara mənəvi kömək etməyə başladı.
Pasiyentin öz həyəcanlarının səbəbini başqasına nağıl etməsi, dərdini söyləməsi Boston xəstəxanasında tətbiq edilən müalicəvi metodlardan ən önəmlisidir. Ancaq bir neçə ideya vardır ki, biz onları bu kurslardan iqtibas etmişik. Əgər ev sahibəsinizsə, siz bu ideyaları öz evinizdə tətbiq edə bilərsiniz.
1. Ruhlandırıcı qiraət üçün adi dəftər və ya cib dəftəri (bloknot) tutun. Bəyəndiyiniz və sizi ruhlandıra biləcək bütün şer və sitatları oraya yazın. Haçansa siz yağmurlu bir gündə qəmlənmişsinizsə, ola bilər ki, kədərli fikirlərinizi qovmaq üçün bu dəftərdən bir resept kimi istifadə edəsiniz. Boston xəstəxanasının xəstələri uzun illərdir ki, belə bir dəftər tutmuşlar. Onlar deyirlər ki, bu dəftər onların psixi hallarına «tonuslaşdırıcı inyeksiya» kimi təsir göstərir.
2. Başqalarının kəm-kəsirləri haqda çoxlu düşünməyin! Şübhəsiz ki, sizin ərinizin də öz çatışmazlıqları vardır. Əgər o, müqəddəs olsaydı, heç vaxt sizinlə evlənməzdi. Belə deyilmi? Kursun dinləyicilərindən birinə — deyingən təbiətli və üzgün görkəmdə olan bir qadına məşğələ zamanı qəflətən belə bir sual verdilər: «Sizin əriniz ölərdisə, siz nə edərdiniz?» Bu sualdan möhkəmcə sarsılmış bu qadın cəld əyləşərək tələsik, ərinin bütün müsbət cəhətlərinin siyahısını yazdı. Aydın oldu ki, bu məziyyətlər heç də az deyilmiş. Əgər birdən ağlınıza gelsə ki, siz xəsis bir müstəbidə ərə getmişsiniz, əgər belədirsə, nə üçün də axı siz həmin qadının nümunəsində hərəkət etməyəsiniz. Ola bilər ki, siz də onun nümunəsində hərəkət edərək birgə həyat qurmaq istədiyiniz insanın xüsusiyyətləri haqda yazılmış siyahıda olan yaxşı cəhətləri görə idiniz.
3. Öz qonşularınız ilə maraqlanın. Sizinlə bir küçədə yaşayan qonşularınızla sağlam maraq və qarşılıqlı dostluq şəraitində birgə yaşamaq vərdişlərini özünüzdə işləyib-yaradın. Kursda elə pasiyent vardır ki, o, özünü başqalarından müstəsna dərəcədə fərqli sayırdı. Odur ki, onun heç bir dostu yox idi. Məşğələdə ona təklif etmişdilər ki, ilk qarşılaşdığı adam haqqında ifadə yazsın. Tramvayda getdiyi zaman o, özünün tanıdığı insanların tərcümeyi-halları və onların həyat şəraitləri haqda özündən uydurur, fikirləşib nə isə tapmağa çalışırdı. Onların həyatlarının necə «axdığını» təsəvvür etməyə cəhd göstərirdi. İndi isə bu qadın kiminlə qarşılaşırdısa, onunla söhbətə girişirdi. İndi o, artıq xoşbəxt, ünsiyyətli, məlahətli bir qadın olmuş və öz «məşəqqətli halları»ndan xilas olunmuşdur.
4. Yatmazdan qabaq səhərki gününüz üçün plan tərtib edin. Məşğələlərdə aydın oldu ki, əksər qadınlar özlərini sonsuz çevrələr tək nəhayəti görünməyən ev işləri və üzərlərinə düşən vəzifələrin çoxluğundan pozulmuş əsəb sarsıntılarından əzab çəkənlər imişlər. Onlar öz ev işlərini heç vaxt qurtara bilmirlər. Onların heç zaman sərbəst vaxtları olmur. Odur ki, daimi tələskənlikdən və narahatçılıqdan azad olmaları üçün onlara sabahkı gün üçün hər axşam plan tərtib etmək tövsiyəsi edilmişdi. Bəs nə alındı? Onlar böyük həcmli işləri az yorğunluqla yerinə yetirə bildilər. Onlar öz əməklərindən qürur və məmnunluq hissləri keçirdilər. Onların artıq dincəlməyə və öz gözəlliklərilə məşğul olmağa əlavə vaxtları da qalırdı. (Hər bir qadın gün ərzində öz xarici görkəmi ilə məşğul olmağa vaxt tapmalıdır. Mənə elə gəlir ki, hər bir qadın bilsə ki, o, gözəl görkəmdədir, istəsə də əsəbiləşə bilməyəcəkdir).
5. Lakin gərginlikdən və ifrat yorğunluqdan qaçın. Süstləşin! Süstləşin! Heç nə insanı gərginlikdən və ifrat yorğunluqdan törənən hal qədər vaxtından əvvəl qocalda bilməz. Yorğunluq tək heç nə sizin cavanlığınızı (gəncliyinizi) və gözəlliyinizi sarsıda və dəyişdirə bilməz! Mənim assistentim olan bir qadın Boston xəstəxanasındakı «düşüncələr üzərində nəzarətə aid» kurs məşğələsində tam bir saat oturub dinləmişdi.

Burada kursun rəhbəri professor Pol E.Conson əvvəlki başlıqlarda dediyimiz kimi, süstləşmənin qaydaları və prinsipləri haqda danışmışdı. Kürsü üzərində oturub məruzəni dinləyən assistentim on dəqiqədən sonra oradaca demək olar ki, yuxulayıb qalmışdı. Fiziki süstləşməyə nə üçün belə böyük əhəmiyyət verilir? Ona görə ki, Boston xəstəxanasının həkimləri, həmçinin digər həkimlər də bilirlər ki, xəstəni narahatçılıq tutmalarından müalicə etmək üçün onlara süstləşməyi öyrətmək gərəkdir! Doğrudan da, əgər siz ev sahibəsinizsə, süstləşməyi bacarmalısınız! Siz ən böyük üstünlüyə maliksiniz, siz istədiyiniz zaman uzanıb dincələ bilərsiniz. Siz, hətta döşəmə üzərində də uzana bilərsiniz. Çox qəribədir ki, yaxşı sərt döşəmə yumşaq yaylı çarpayı və yumşaq döşəkcədənsə süstləşmə məşğələləri üçün daha münasibdir. Sərt döşəmə orqanizmə böyük müqavimət göstərir. Bu da fəqərə sütunu üçün olduqca əhəmiyyətlidir. Siz bir neçə belə məşğələni evinizdəcə yerinə yetirə bilərsiniz. Heç olmazsa, həftədə bircə dəfə bu məşğələni etsəniz, görəcəksiniz ki, sizin əhvali-ruhiyyəniz və xarici görkəminizə nə qədər müsbət təsir göstərəcəkdir!
a) Yorğunluq hiss etdikdə dərhal döşəməyə uzanın. Var qüvvənizlə dartının. Əgər istəyirsinizsə, bir böyürdən digər böyür üstə çevrilin. Bunu gündə iki dəfə edin.
b) Gözlərinizi qapayın. Siz professor Consonun tövsiyəsinə əsasən öz-özünüzə bu sözləri təkrarlaya bilərsiniz. «Göydə günəş parlaq işıq saçır. Başım üzərində mavi göylərdir. Təbiət sakitdir, o, dünyanı idarə edir. Mən isə təbiətin uşağı tək kainatla bir harmoniyadayam.»
v) Ola bilər ki, sobada xörəyiniz bişməkdə olduğundan sizin döşəmə üzərində uzanmağa imkanınız olmasın. Nə olsun ki, siz həmin effekti kürsü üstündə oturmuş vəziyyətdə də əldə edə bilərsiniz. Düz və dik söykənəcəkli sərt kürsü süstləşmək üçün daha yararlıdır. Kürsü üzərində «Misir heykəli» kimi belinizi bükmədən dik oturaraq, ovuclarınızın içləri aşağı olmaqla əllərinizi ombalarınız üzərinə qoyun.
q) İndi isə ayaq barmaqlarınızı yavaş-yavaş gərginləşdirin, sonra isə onları boşaldın. Siz bunu boyun əzələlərinə çatana kimi yavaş-yavaş bütün bədən əzələləri daxil olmaqla həyata keçirin. Sonra isə başınızı yavaşca futbol topu kimi dairəvi hərəkətlərlə tərpədin. İrəlidəki başlıqda deyildiyi kimi, öz əzələlərinizə təkrar-təkrar «deyin»: Sakitcə dincəlin! Sakitcə dincəlin! Sakitcə süstləşin!
d) Yeknəsəq tənəffüslə öz əsəblərinizi sakitləşdirin. Dərindən ritmik nəfəs alın. Hind yoqları haqlı idilər: ritmik tənəffüs əsəbləri sakitləşdirməkdə haçansa kəşf edilmiş metodlardan ən önəmlisidir.
e) Sifətinizdəki qırışıqlardan yaranmış dərin qatlar haqda düşünün və onları sığallayın. Qaşqabaqlı və acıqlı olan anlarda qaşlarınız arasındakı və həmçinin göz kənarlarındakı dəri qırışıqları, ağız bucaqlarındakı bükükləri açın, onları gərgin vəziyyətdən azad edin. Bunu hər gün iki dəfə təkrarlayın. Beləliklə, ola bilsin ki, bunun üçün gözəllik salonunda masaj olunmaq üçün müraciət etməyə ehtiyac qalmayacaqdır. Ola bilər ki, sizin ruhi vəziyyətinizin yaxşılaşması xarici görkəminizə də müsbət təsir etsin.
Top