Narahatçılığın qarşısını almağa həsr olunmuş bu kitabda nə üçün axı mən yorğunluq haqqında yazıram? Cavab sadədir: Yalnız ona görə ki, çox hallarda yorğunluğumuz narahatçılığın yaranmasına səbəb olur və ya belə halda biz narahat olmağa meyl göstəririk. Hər bir tələbə-medik təsdiq edə bilər ki, yorğunluq yüzlərlə digər müxtəlif xəstəliklərdən əlavə, insan orqanizminin soyuqlamağa qarşı olan fiziki müqavimət qabiliyyətini də azalda bilir və hər bir ruhi xəstəliklər üzrə həkim təsdiq edər ki, yorğunluq həm də sizin qorxu və narahatçılıq emosiyalarınıza qarşı olan müqavimətinizi qıra bilir. Odur ki, narahatçılığın vaxtında qarşısını almaq üçün ilk öncə yorğunluqdan azad olmaq lazımdır.
Mən dedim ki, «narahatçılığa səbəb olur». Lakin bu çox yumşaq deyilmiş sözdür. Doktor Edmund Cekobson bu barədə daha uzağa getmişdir. Cekobson yorğunluğa və taqətdən düşməyə aid iki kitab yazmışdır: «Tədriclə süstləşmək» və «Siz süstləşməlisiniz». Amma özü Çikaqo universitetinin klinik laboratoriyasının müdiri kimi yorulmadan çalışmış və bir neçə il «süstləşmə» üsulu ilə müalicələr etmiş və bu sahədə uğurlu tədqiqatlar aparmışdır. O, təsdiq edir ki, istənilən həddə olan əsəb və emosional gərginlikdən «tam süstləşməklə» azad ola bilərik. Başqa sözlə, əgər süstləşərsinizsə, narahatçılıq sizi tərk edəcəkdir.
Beləliklə yorğunluğun və narahatçılığın vaxtında qabağını almaq üçün I qayda olaraq tez-tez istirahət etməniz lazımdır. Yorulduğunuzu hiss etməzdən öncə istirahət edin.
Nəyə görə bu, belə çox vacibdir? Çünki yorğunluq ağlagəlməz tezlikdə yarana bilir. Birləşmiş Ştatlarda aparılmış çoxsaylı təcrübələr nəticəsində müəyyən edilmişdir ki, hətta cavan oğlanlar — çox illər quru qoşunlarında xidmət edərək bərkimiş, mətinləşmiş insanlar belə, əgər onlar arxa çantalarını yerə qoyaraq hər bir saat ərzində on dəqiqə dincələrlərsə, dözümlülük göstərərək aşırımları rahat keçə bilərlər. Orduda bunu etməyə onları məcbur edirlər. Sizin köksünüzdə döyünən ürəyiniz də Amerika ordusu tək «ağıllıdır». Sizin ürəyiniz hər gün bir dəmir yolu sisternası qədər qanı bütün orqanizminiz boyu «qova» bilir. Onun hər iyirmi dörd saatda sərf etdiyi enerji kürək ilə üç fut hündürlüyündə olan platformaya 20 ton daş kömürün yüklənməsinə yetərdi. O, kiçik ürək bu ağlasığmaz həcmli işi 50 il, 70 il ola bilsin ki, 90 il yorulmadan yerinə yetirir. Belə bir yükə bəs o, necə tablaşır? Harvard universitetinin professoru doktor Uolter B.Kennon bunu belə izah edir: "Əksər insanlar belə hesab edirlər ki, ürək daim işləyir. Əslində isə, ürək hər döyünmədən sonra müəyyən müddət istirahət anı keçirir. Dəqiqədə yetmiş dəfə vuran ürək bu işə günün 24 saatının yalnız 9 saatını sərf edir. Onun dincəlmə müddəti isə cəmi 15 saat təşkil edir.
II Dünya Müharibəsi zamanı Uinston Çörçillin təxminən 70 yaşı vardır. Lakin o, hər gün 16 saat işləmək qabiliyyətində idi və illərlə Britaniya İmperiyasının hərbi qüvvələrinə yorulmadan rəhbərlik etmişdi. Bu ki fenomen haldır. Bunun sirri görəsən nədədir? O, hər səhər yatağındaca saat 11-ə qədər işləyərdi. Bu müddətdə o, qəzet oxuyur, əmrlər diktə edir, telefonla danışır və mühüm iclaslar keçirirdi. Qəlyanaltıdan sonra o, yenidən yatağa uzanır və bir saat yatırdı. O, axşamlar yeməkdən əvvəl saat 8 radələrində iki saat yatağında uzanıb yuxulayardı. O, yorğunluğundan heç zaman müalicə olunmazdı. Ona müalicə olunmaq ümumiyyətlə lazım deyildi. O, yorğunluğunun qarşısını ala bilirdi. Tez-tez istirahət etməyi sayəsində o, daim gümrah və ciddi, səliqəli və gecə yarıya qədər işləmək iqtidarında olan bir insan idi.
Məşhur Con Rokfeller ikicə nailiyyəti ilə məşhurlaşmışdı. O, dünyada ən çox var-dövlət toplamışdı və doxsan səkkiz yaşına qədər yaşadı. O, buna necə müyəssər olmuşdu? Əsas səbəb, əlbəttə, onların nəsillikcə uzun ömürlü olmalarıdır. Başqa səbəb isə, hər gün günorta vaxtı yarım saat yatıb istirahət etməsi olmuşdur. O, otağında olan taxt üzərində uzanaraq istirahət edirdi, istirahət etdiyi zaman hətta Amerika Birləşmiş Ştatlarının prezidenti də Con D.Rokfelleri telefona çağıra bilməzdi.
Daniel U.Cosselin özünün «Nə üçün yorğun olmalıyıq» adlı kitabında qeyd edir ki, «Dincəlmək heç də bekar qalmaq demək deyildir. Dincəlmək, „təmir“ deməkdir. Uzun müddətli dincəlmək mümkün olmasa da, beş dəqiqəlik istirahət yorğunluğun götürülməsinə kömək edir. Beysbol oyununun məşhur kralı olan Konni Makk mənə dedi ki, əgər o, gündüz oyundan qabaq yatıb istirahət etməsəydi, o, yorğunluq hiss etmədən bir gündə iki matç ardıcıl oynaya bilməzdi.
Mən Elenora Ruzveltdən soruşanda ki, Ağ evdə olduğunuz on iki illik müddətdə canüzücü fəaliyyətinizi siz necə davam etdirdiniz? O, cavab verdi ki, hər görüşdə o, tez-tez kürsüdə əyləşir və ya taxt üzərində uzanıb özünü tamamilə süstləşdirər və 20 dəqiqə bu vəziyyətdə dincələrdi.
Bu yaxınlarda mən Cin Otri ilə söhbət etdim. Biz onun „Medison skver qarden” artist otağında idik. Mən onun artist otağında “yürüş çarpayısı» gördüm. Cin Otri söyləyirdi ki, «Mən hər gün burada tamaşalar arası fasilələrdə bir saat müddətində yatıb istirahət edirəm. Hollivudda filmə çəkildikdə mən tez-tez böyük yumşaq, kürsüdə oturur və tam süstləşib dincəlirəm.
Sonradan da mən gün ərzində iki-üç dəfə on dəqiqə müddətində mürgüləyirəm. Bu, fövqəladə bir tərzdə mənim həyat tonusumu yüksəldir.
Edison belə hesab edirdi ki, onun tükənməz qüvvə və dözümlülüyü onun istədiyi vaxt yatıb istirahət edə bilməsinin nəticəsidir.
Mən Henri Fordun səksən yaşı ərəfəsində onunla söhbət etmişdim. Onun şən və çiçəklənən çöhrəsi məni valeh etmişdi. „Bunun sirri nədədir“ — deyə ondan soruşdum. O, belə cavab verdi: „Əgər oturmağa imkan vardırsa, mən heç vaxt ayaq üstə durmuram, əgər uzanmaq mümkündürsə, mən heç vaxt oturmuram.“
Müasir pedaqogikanın atası Xoras Menn ixtiyar yaşlarında özünü məhz belə aparırdı. Antioks kollecinin prezidenti olduqda o, tələbələrlə söhbət etdikdə taxt üzərində rahat oturmuş olardı.
Mən Hollivudun bir kinorejissoruna belə bir analoji qaydanı sınaqdan keçirməyi tövsiyə etdim. O, etiraf etdi ki, alınan nəticə möcüzə həddindədir. Mən hal-hazırda, „Metro-Holdvin-Meyer“ kino şirkətinin aparıcı rejissorlarından biri olan Cek Çertok barədə deyirəm. Cek Çertok yanıma gəldikdə o, hələ „MQM“-də qısametrajlı filmlər şöbəsinin rəisi idi. O, taqətdən düşənə qədər yorulardı, onun enerjisi tükənmək həddində olardı. O, hər dava-dərmanın, həyat tonusunu qaldıra bilən dərmanların, vitaminlərin və digər dərman preparatlarının qəbulunu sınaqdan keçirmişdi. Ancaq onların heç biri ona kömək edə bilməmişdi. Mən ona məsləhət bildim ki, hər gün istirahət etsin. Hansı tərzdə? Öz kabinetində bir taxt qoymaqla, öz ssenariçiləri ilə söhbət zamanı onun üzərində uzanaraq müəyyən müddət süstləşmiş halda dincəlməklə.
İki il keçdikdən sonra biz yenidən görüşdükdə o, belə dedi: „Möcüzə baş verdi, mənim şəxsi həkimlərim də belə hesab edirlər. Əvvəllər özümüzün qısametrajlı filmlərinin mövzularını müzakirə etdiyimiz zaman mən gərgin bir vəziyyətdə belimi düzəldərək söykənəcəyi son həddə qədər qaldırılmış kürsü üzərində oturardım. İndi isə iclasları öz iş otağımdakı taxt üzərində uzanmış və süstləşmiş vəziyyətdə aparıram. 20 ildə birinci dəfədir ki, mən özümü insan kimi hiss edirəm. Hal-hazırda əvvəlkindən iki saat artıq işləyə bilirəm və nadir hallarda yorulmuş oluram.“
Bu vəziyyət hansı dərəcədə sizə aid edilə bilər? Şübhəsizdir ki, əgər siz stenoqrafistsinizsə, onda siz Edison və ya Qaldvin kimi mürgüləyə bilməzsiniz. Əgər siz mühasib işləyirsinizsə, kim sizə icazə verər ki, öz rəisinizlə maliyyə hesabatını uzanmış halda müzakirə edəsiniz. Lakin əgər siz kiçik bir şəhərdə yaşayır və evinizə qəlyanaltı etməyə gəlirsinizsə, ola bilər ki, bir on dəqiqə yeməkdən sonra yuxulamağa müyəssər olasınız. General Corc S.Marşal məhz belə edərdi. O, o qədər məşğul olurdu ki, müharibə vaxtı Birləşmiş Ştatlar ordusunun general ştab rəisi vəzifəsində işlədiyi zaman belə günorta vaxtı dincəlməyi zəruri hesab edirdi. Yox, əgər yaşınız əllidən yuxarıdırsa və siz daim tələsir və istirahət üçün bir dəqiqə də olsa vaxtınız yoxdursa, onda bir an belə yubanmadan nəyin bahasına olursa-olsun öz həyatınızı sığorta etdirin. Dəfn çox baha başa gəlir, bizim bu günümüzdə ölüm də gözlənilmədən baş verir, arvadınız da ola bilsin həmin sığorta pulundan götürərək daha cavan bir insana ərə getmək istəsin!
Əgər günorta mürgüləməyə imkanınız yoxdursa, barı axşam yeməyindən qabaq bir saat yatmağı sınayın. Bu, sizə sodalı viski içkisindən ucuz başa gələr və uzun bir müddət 5467 dəfə faydalı olar. Əgər axşamlar saat beşdən altıya qədər və ya saat yeddidə yatıb dincələ bilsəydiniz, beləliklə, siz özünüzün fəal həyatınıza bir saat əlavə etmiş olardınız. Necə axı? Hansı tərzdə? Ona görə ki, axşam yeməyindən əvvəlki bir saatlıq yuxu gecənin altı saatlıq yuxusuna bərabərdir. Cəmi yeddi saat təşkil edən bu yuxu gecənin ardıcıl səkkiz saat yuxusundan əhəmiyyətlidir.
Əgər fiziki əmək işçisi dincəlməyə çox vaxt sərf edərsə, böyük həcmli işlər görməyə qadir olar. Fredirik Teylor bunu „Betlexem stil“ poladəritmə şirkətinin elmi idarəçiliyində mühəndis işləyərkən nümayiş etdirmişdi. O, müşahidə etmişdir ki, hər bir fəhlə yük maşınına gündə 12,5 ton çuqun yükləyə bilir və görürdü ki, günün axırında bütün fəhlələr yorğunluqdan ayaq üstə dura bilmir, yıxılırlar. O, fəhlələri belə yorğun hala gətirən bütün amilləri analiz edərək elan etdi ki, hər fəhlə gündə 12,5 ton deyil, 47 ton çuqun yükləyə bilər. O, hesabladı ki, həmin yorğunluqla onlara təxminən dörd dəfə çox yük yükləməlidirlər. Siz deyəcəksiniz ki, buna hansı sübut vardır?
Teylor təcrübə aparmaq üçün hansısa bir Şmidt adlı fəhləni seçdi, ona təklif edildi ki, „saniyə ölçülərində“ işləməlidir. Şmidt işləyərkən onun yanında saniyəölçənlə xronometrist də durmuşdu və ona əmrlər verirdi: „Çaşkanı qaldır və irəlilə… İndi isə otur, dincəl… İndi isə get, indi isə dur, istirahət ət.“
Nəticədə nə alındı axı? Şmidt hər gündə 47 ton çuqun yükləyə bildi. Hansı ki, digər fəhlələr bu müddətdə ancaq 12,5 ton yükləyə bilmişdilər. Nə qədər ki, Teylor bu şirkətdə xidmətdə idi, Şmidt faktiki olaraq bu ritmdə üç il işlədi. Şmidt bunu ona görə bacardı ki, o, yorğunluq hiss etməmişdən əvvəl istirahət etdi. O, hər saatda cəmi 26 dəqiqə işlədi, 34 dəqiqə isə istirahət etdi, ancaq onun əmək məhsuldarlığı digər fəhlələrdən təxminən dörd dəfə yüksək oldu! Necə? Bu, ancaq söz-söhbətdir? Belə ola bilməz? Yox, siz özünüz Fredirik Unislou Teylorun kitabındakı qeydiyyatlarla tanış ola bilərsiniz. Bu kitabın adı „Elmi idarəçiliyin prinsipləri“dir.
İzn verin təkrar edim. Amerika ordusunun əsgərindən nümunə götürün, işlədikdə tez-tez dincəlin… köksünüzdə çırpman ürəyiniz öz işində necə edirsə, siz də onu edin, yorulmanızı gözləmədən istirahət edin və siz, beləliklə, hər gün fəal həyatınıza bir saat əlavə etmiş olarsınız.