Özümün şəxsi arxivimdə «MESH» indeksli qovluq saxlayıram. Bu, «mənim etdiyim səfeh hərəkətlər» deməkdir. Bu qovluqda yalnız özümün günahı üzündən edilmiş səfeh və axmaq hərəkətlərim haqda yazılarımı saxlayıram. Bəzən bu yadigar yazılarımı öz katibəmə diktə etməli oluram. Hərdən elə də olur ki, onlar çox intim yazılar olduğundan diktə etməkdən xəcalət çəkirəm və onları əl yazmam şəklində təqdim edirəm.
Mən on beş il bundan qabaqkı tarixdə «MESH» indeksli qovluqda saxladığım Deyl Karnegi haqda tənqidi qeydlərimi indi də yadıma sala bilərəm. Əgər mən özümə qarşı tamamilə vicdanlı olsaydım, mənim axmaqlıqlarım üzündən burada əksini tapan yazılara görə bu qovluqlar şişib tikişləri sökülmüş olardı. Belə ki, mən indi tam ixtiyarla çar Saulanın iyirmi əsrdən də çox bundan qabaq söylədiyi sözləri təkrar edə bilərəm: «Mən ağılsız hərəkətlər və çoxlu səhvlər etdim.»
Hər dəfə «MESH» indeksli qovluğu əlimə alıb özüm haqqında yazdığım tənqidi qeydlərimi oxuduqda onlar mənim — Deyl Karneginin ən çətin problem məsələlərimi həll və idarə etməyimə köməklik edir.
Adətimcə mən də uğursuzluqlarıma görə başqalarını günahlandırırdım, lakin yaşa dolduqdan sonra, ümid etdiyim kimi, daha müdrik və ağıllı çağlarımda mən dərk etdim ki, nəticə etibarilə mənim bütün bədbəxtliklərim şəxsən öz günahım üzündən yaranmışdır. Əksər insanlar yaşa dolduqdan sonra bu fikrə gəlirlər. Napoleon Müqəddəs Yelena adasında olduğu vaxt demişdi: «Mənim özümdən, yalnız mənim özümdən başqa, heç kəs mənim qəzaya uğramağımda günahkar deyildir. Mənim qəddar düşmənim mən özüməm; faciəvi taleyimin səbəbkarı mən özüməm.»
İzn verin, sizə özünüzü qiymətləndirməkdə və idarə etməkdə misilsiz ustad olan bir insandan söhbət açım. Onu, X.P.Xauell deyib çağırardılar. Onun 31 iyul 1944-cü ildə «Ambassador» otelinin aptekində qəflətən ölməsi xəbəri bütün ölkəyə yayıldı. Bu xəbərdən Uoll-Strit tamam sarsıldı. Axı o, Amerika maliyyə dünyasının xadimlərindən biri, funksiyaların etibarlı icraçısı, Uoll-Strit küçəsi 56 saylı binada yerləşən kommersiya milli bankının və şirkətinin müdiri və həm də bir sıra böyük korporasiyaların direktoru idi. Gəncliyində o, çox yüksək təhsil almamışdı. Xauell öz iş fəaliyyətinə kənd dükanında satıcı vəzifəsindən başlayaraq, nəhayət nəhəng «Yu.S.Stil» şirkətində kreditlərin bacarıqlı sərəncamçısı olmuşdu. O, öz fəaliyyət yolunu yüksəlişə — qüdrətli və əzəmətli vəzifələrə doğru istiqamətləndirmişdi. Mən Xauelldən onun belə nailiyyətlərə necə nail olması səbəblərini soruşduqda o, belə izah etdi:
«Uzun illərdir ki, mən gün ərzindəki bütün görüşlərim haqda qeydiyyat aparıram. Mənim ailəm şənbə günləri boş vaxtlarının olacağına ümid etmir. Onlar bilirlər ki, mən vaxtımın müəyyən hissəsini özümü yoxlamaya və fəaliyyətimi qiymətləndirməyə sərf edirəm. Nahardan sonra mən özümü qeyri qayğılardan təcrid edir, görüş qeydləri apardığım kitablarımı açır, axırıncı həftə ərzində keçirilən iclas və yığıncaqlarda ayrı-ayrı insanlarla görüşlərim və onlarla apardığım söhbətlərim haqda bir də düşünüb-daşınıram. Mən özümə belə bir sual verirəm: „Bu dəfə mən hansı səhvlərə yol vermişəm? Hansı işi həyata keçirmişəm və hansı məsələdə mən daha yaxşı hərəkət edə bilərdim? Bu təcrübələrdən özümə nə kimi önəmli dərs götürə bilərəm? Bezən həftə ərzindəki davranışlarımın obrazları məni çox məyus edir. Çox zaman mən etdiyim yanlış hərəkətlərimə təəccüb edirəm. Əlbəttə ki, bu qeyri-münasib hərəkətlərimin tezliyi getdikcə azalır və çox az hallarda təkrarlanır. Bu, ildən-ilə izlədiyim özümü yoxlama sistemim mənə bütünlüklə digər tədbirlərdən daha faydalı olmaqla çox səmərə də vermişdi.“
Ola bilər ki, X.P.Xauel özünü yoxlama ideyasını Ben Franklindən iqtibas etmişdi. Lakin Franklin gələn həftəni gözləmədi, o, hər axşam öz üzərində intensiv işləyərdi. O, öz fəaliyyətində on üç ciddi çatışmazlıq kəşf etmişdi. Onlardan üçü belədir: sadəcə boş şeylər üzərində vaxt itirmək, həyəcanlanmaq, mübahisə etmək və höcətləşmək. Müdrik insan qoca Ben Franklin anlamışdı ki, əgər özü bu çatışmazlığı aradan qaldırmazsa, o, həyatı boyu uğur qazana bilməyəckdir. Ona görə də o, bütün həftə boyu hər günün müəyyən hissəsini öz işində olan çatışmazlıqlara qarşı mübarizəyə həsr edir, özünə gündəlik tutur və kim kimi üstələmişsə, o haqda qeydlərini aparırdı. Sonrakı gün boksçu kimi „əlcəklərini“ geyinərək o, başqa bir yanlışlığını „seçir“ və rinqə çıxaraq qonq zəngi çalınan kimi onunla mübarizəyə girişirdi. Franklin iki ildən artıq bir müddətdə hər gün öz kəsirləri və çatışmazlıqları ilə mübarizə aparmışdı.
Təəccüblü deyildir ki, o, Amerikanın yetirdiyi ən nüfuzlu və hörmətli şəxsiyyətlərdən biri olmuşdur.
Elbert Xabbart demişdi: „Hər insan gündə bir dəfə də olsa, beş dəqiqə axmaqcasına fikirləşmiş olur və ya hərəkət edir. Müdriklik ondadır ki, bu həddi aşmayasan.“
Məfkurəcə zəif adamlar hər edilmiş əhəmiyyətsiz xırda bir tənqiddən qeyzlənir, müdriklər isə onun hərəkətini müzakirəyə çıxaran, onu məzəmmət edən, ona yol verməyənlərdən nəyi isə öyrənməyə cəhd göstərirlər. Uolt Uitmen bu fikri aşağıdakı tərzdə ifadə etmişdir: „Siz dərsinizi sizə heyran olanlardan, sizə hüsnü rəğbət bəsləyənlərdən və sizə “buyur-buyur» deyənlərdənmi alırsınız. Sizi rədd edənlərdən, sizə nifrət edənlərdən və sizə yol verməyənlərdən böyük dərs almağı sınamısınızmı? Nə üçün gözləməliyik ki, düşmənlərimiz bizi və ya bizim fəaliyyətimizi tənqid etsinlər? Nə üçün də axı biz onları qabaqlamayaq? Gəlin biz özümüz özümüzü ən sərt tənqid edənlərdən olaq. Gəlin biz öz zəif cəhətlərimizi aşkarlamaqda və onları düzəltməkdə düşmənlərimizi qabaqlayaq. Çarlz Darvin məhz belə hərəkət edərdi. Həqiqətən də, o, on beş il özünütənqidlə məşğul olmuşdur. Çarlz Darvin «Növlərin yaranması» adlı ölməz əsərinin əl yazmasını bitirdikdən sonra dərk etmişdi ki, onun növlərin yaranması haqda olan inqilabi konsepsiyasının dərgi intellektual və ruhani dünyanı lərzəyə gətirəcəkdir: Beləliklə, o, öz mülahizələrinə və gəldiyi nəticələrə tənqidi yanaşaraq özünün şəxsi tənqidçisinə çevrildi və əlavə on beş il öz dəlillərini təkrar-təkrar yoxladı.
Deyək ki, kimsə sizi «lənətə gəlmiş axmaq» deyərək söymüş və təhqir etmişdir. Siz nə edərdiniz? Özünüzdən çıxardanızmı? Qəzəblənərdinizmi? Bir görün belə halda Linkoln necə hərəkət etmişdir. Linkolnun hərbi naziri Eduard M.Stenton bir dəfə Linkolnu «lənətə gəlmiş axmaq» adlandırmışdı. Buna səbəb o, idi ki, Linkoln onun işlərinə qarışırdı. Bir xudbin siyasətçiyə yarınmaq üçün Linkoln bir neçə alayın yerini dəyişmək barədə əmr imzalamışdı. Stenton nəinki göstərişi icra etməyə etiraz etmiş, həm də o, and içmişdi ki, «Linkoln, həqiqətən, lənətə gəlmiş axmaqdır» məhz bu səbəbdən belə səfeh əmrlərə qol çəkir. Bəs nəticə necə oldu? Stentonun dedikləri haqda Linkolna xəbər verildikdə Linkoln sakitcə cavab vermişdi. Əgər Stenton deyibsə ki, «mən lənətə gəlmiş axmağam», deməli bu belədir ki, var. Axı o, demək olar ki, həmişə haqlı olur. Deyəsən mən özüm bunu araşdırmalı olacağam."
Linkoln Stentonun yanına yollandı. Görüşdə Stentona müyəssər oldu ki, Linkolnu inandırsın ki, onun verdiyi əmr səhvdir. Linkoln əmri ləğv etdi.
Mənə və sizə edilmiş belə tənqidləri alqışlamalıyıq. Əslində biz heç vaxt əmin ola bilmərik ki, dörd haldan üçündə biz haqlı oluruq. Hər halda Teodor Ruzvelt Ağ evdə olduğu vaxt belə hesab edirdi. Hətta zəmanəmizin ən görkəmli mütəfəkkiri olan Eynşteyn etiraf edirdi ki, onun əldə etdiyi nəticələr doxsan doqquz faiz yanlış və səhv ola bilər!
Laroşfuka deyir ki, "özümüz haqda yürütdüyümüz şəxsi mülahizələrdənsə, düşmənlərimizin barəmizdə olan fikirləri həqiqətə daha yaxındır".
Mən inanıram ki, belə mülahizə əksər hallarda düzgün olur.
Amma kimsə məni tənqid etməyə başlasa, tənqid edənin barəsində nə dediyi haqda məlumatım olmaya-olmaya özümü ələ ala bilmədikdə dərhal avtomatik olaraq özümü müdafiə etməyə başlayıram. Hər dəfə özümü belə apardıqda özümdən mən narazı qalıram. Biz hamımız tənqid edildikdə hiddətlənir, tərifə layiq olub-olmamağımızdan asılı olmayaraq, tərif eşitdikdə şadlanır və xoşhal oluruq. Görünür sağlam məntiq bizə xas deyildir. Bizim məntiqimiz dərin, zülmətli coşqun emosiya dənizində o tərəf — bu tərəfə çırpınan qayığa bənzəyir. Bizim əksəriyyətimiz indiki şəxsiyyətimiz haqda yüksək fikirdə oluruq. Amma qırx ildən sonra ola bilər ki, indi necəyiksə, bu vəziyyətimizə gülək.
Amerikanın kiçik bir şəhərində məşhur qəzet naşiri işləmiş Uilyam Allen Uayt keçmişdəki cavan bir oğlanı yada salaraq onun əlli il bundan qabaqkı obrazını belə təsvir etmişdi "… o, olduqca qəliz, inadkar bir axmaq,… riyakar, nadan, təkəbbürlü və özündən razı, irticaçı cavan bir oğlan idi." Ola bilər mən və siz də iyirmi il keçdikdən sonra indiki dövrümüzü oxşar epitetləri işlətməklə yad edəcək və xarakterizə edəcəyik. Ola bilər. Kim bilir?
Əgər sizi qərəzli tənqid edərlərsə, belə hallarda özünüzü necə aparmalı olacağınız barədə əvvəlki başlıqlarda demişəm. Əlavə olaraq aşağıdakıları demək istəyirəm. Elə ki, sizi haqsız yerə müzakirə edirlər və siz hirslənməyə başlayırsınız, nə üçün onda siz səbir edib özünüzdə deməyəsiniz ki:
«Bir dəqiqə dur görək… Mən kamillikdən hələ çox uzağam. Əgər Eynşteyn kimi bir şəxsiyyət etiraf edirsə ki, o, özü doxsan doqquz faiz səhv edə bilər, onda ola bilər ki, məndə heç olmazsa, 80% səhv edirəm. Ola bilər ki, mən bu tənqidə həqiqətən layiqəm. Əgər belədirsə, axı mən ona təşəkkür etməliyəm və çalışmalıyam ki, bu tənqiddən özümə fayda götürəm.»
«Pepsodent» şirkətinin prezidenti Çarlz Lakman Bob Xaupun bir ildə radiodakı çıxışlarına milyon dollar sərf edir. Bu proqram barədə ona çoxsaylı rəylər gəlir. O, heç bir tərif məzmunlu yazılara nəzər yetirmir və əməkdaşlarından təkidlə tələb edir ki, ona yalnız tənqidi məktublar haqda məlumatlar versinlər. O, bilir ki, belə məktublardan faydalı tövsiyələr əldə edə bilər.
«Ford» kompaniyasının rəhbərləri öz fəaliyyətlərindəki çatışmazlıqların və səhvlərin aşkarlanmasına ciddi-cəhd göstərirlər. Bu məqsədlə də bu yaxınlarda şirkətin əməkdaşları ilə sorğu aparılmış və onlara tapşırılmışdı ki, istehsalat rəhbərlərini və müdiriyyəti onların işi aspektində tənqid etsinlər.
Mən bir qayda olaraq özünün tənqid edilməsini təkidlə tələb edən keçmişdə sabun ticarəti üzrə müvəkkil işləmiş bir nəfərlə tanışam. O, «Kolqeyt» firması üçün sabun satışına başlayanda sifarişçilərin sayı çox az idi. O, qorxurdu ki, iş yerini itirə bilər. O, belə düşünürdü ki, əgər sabunun keyfiyyəti əladırsa və qiymətləri də münasibdirsə, deməli günah onun özündədir. O, ticarət müqavilələrinin bağlanmasına müyəssər ola bilmədikdə tez-tez məhəllənin ətrafına dolaşır, səhvinin nədən ibarət olduğunu müəyyənləşdirməyə çalışırdı. Ola bilər ki, onun izahı aydın yox, «dumanlı» olmuşdur və yaxud buna səy göstərməsi kifayət qədər olmamışdır? Bəzən o, nağdı yolla topdansatışı həyata keçirən müştərilərin yanına qayıdaraq onlara deyirdi: «Mənim sizin yanınıza təzədən qayıtmağım sabun təklif etmək məqsədilə deyildir. Ona görə qayıtmışam ki, sizin təklif, tövsiyə və tənqidlərinizə ehtiyac duyuram. Mən sizə olduqca minnətdar olardım, əgər siz mənə açıq şəkildə bildirsəydiniz ki, mən bir neçə dəqiqə bundan əvvəl sizə sabun satmaq istərkən nədən səhv etmişəm. Sizin bu sahədə təcrübəniz mənimkindən daha çoxdur və siz daha çox nailiyyətlərə sahibsiniz. Zəhmət olmazsa, tənqidi qeydlərinizi söyləyin. Xahiş edirəm səmimi olun. Fikrinizi çəkinmədən mənə deyin. İfadələrinizə görə utanmayın.»
Belə səmimi münasibət Lakmana çoxlu dost qazandırdı və o, olduqca faydalı məsləhətlər əldə etdi.
Bəs bu adamın gələcək taleyi necə oldu? Hal-hazırda o, «Kolqeyt-palmoliv-pit soun» şirkətinin prezidentidir. Bu şirkət dünyanın ən nəhəng sabun istehsalçısıdır. Onun adı E.X.Littl idi. Ötən il ABŞ-da ancaq on dörd adam ondan çox, yəni 240141 dollar qazanc götürmüşdür.
X.P.Xauell, Ben Franklin və E.X.Littl kimi hərəkət edə bilmək üçün həqiqətən gərək böyük insan olasan. Amma indi bir halda ki, heç kəs baxmır, nə üçün siz güzgüyə baxıb özünüzdən «soruşmayasınız» ki, görək siz bu şirkətə layiqsinizmi?
Özünüzü tənqid olunmaqdan yaranmış narahatçılıqdan qorumaq üçün III qaydaya riayət edin:
Etdiyiniz axmaq hərəkətlərinizin siyahısını tutun və özünüzü də tənqid etməyi unutmayın. Nə qədər ki, biz kamillikdən uzağıq gəlin E.X.Littl kimi hərəkət edək: başqalarından qərəzsiz, xeyirli, konstruktiv tənqid edilməyimizi xahiş edək.
Xülasə
Qayda 1. Unutmayın ki, ədalətsiz tənqid çox vaxt pərdələnmiş komplimentin özüdür. Yadımızda saxlayın ki, "ölmüş iti heç kəs, heç vaxt döymür".
Qayda 2. Ancaq gücünüz həddində nəyə qadirsinizsə hamısını icra edən. Sonra isə öz köhnə çətirinizi açın ki, sizi «tənqid yağışından» qorumuş olsun. Belə edərsinizsə, «tənqid damlaları» yaxalığınızın arxasına düşməz.
Qayda 3. Etdiyiniz axmaqcasına hərəkətlərinizin siyahısını tutun və özünüzü də tənqid etməyi unutmayın. «Nə qədər ki, biz kamillikdən uzağıq, gəlin E.X.Littl kimi hərəkət edək; başqalarından qərəzsiz xeyirli, konstruktiv tənqid edilməyimizi tələb edək.