Bir dəfə mən general-mayor Semdli Batler ilə söhbət etdim. Onu «hər şeyi görən gözün dastanı» ləqəbi ilə tanıyırdılar. Onu başqa adla «cəhənnəm iblisi» də deyib çağırırdılar! Yadınızdadırmı? O, Birləşmiş Ştatların piyada ordusuna başçılıq edən komandirlər içərisində ən «koloritli», arsız və qəmsiz generallardan biri idi.
O, mənə söyləmişdi ki, gənc yaşlarında populyar olmağı ehtirasla arzulayardı. O, həmişə istərmiş ki, özü haqda hər kəsdə məmnunluq hissləri yaratmış olsun. O günlərdə ona qarşı edilmiş ən qərəzsiz tənqid onda dərin iztirablara səbəb olurdu. Amma o, etiraf edirdi ki, onun dənizçi ordusunda otuz il ənənəvi xidmətdə olması onu «gönüqalın» etmişdi. «Məni daha necə təhqir etmirdilər, abrımı ətəyimə tökmürdülər. — deyərək Batler keçmişi xatırlayırdı:
»Məni əclaf, şahmar ilan, rəzil insan adlandırırdılar. Məni bu «söyüş» sahəsinin ən mahir «mütəxəssisləri» təhqir edərdilər. Məni ingilis dilində olan bütün dərc olunmaz söyüşlər «ahəngində» hallandırardılar. Siz yəqin ki, düşünürsünüz ki, mən bunlara fikir verirdim? Heç də yox! Məni söyürdülər, amma heç başımı da çevirib baxmırdım ki, heç olmazsa onun kimliyini biləm.
Ola bilərdi ki, keçmiş əyyamın «uzaq görən gözü» adlanan Batlerdə də tənqidə qarşı ifrat dərəcədə biganəlik yaranmışdı, amma bir şey aydındır ki, bizim əksəriyyətimiz cüzi edilmiş tənqidi, inciklikləri ürəyimizə olduqca yaxın buraxırıq. Bundan çox illər qabaq yadımdadır Nyu-York «San» qəzetinin müxbiri mənim yaşlılara aid kurslarımda nümunəvi bir dərs nümayiş etdirdi. O, mənim özüm və işim haqqında həcv yazmışdı. Hirsimdən mən özümdən çıxmışdımı? Mən bunu şəxsi təhqir kimi qəbul etdim və odur ki, «San» qəzetinin icra komitəsinin sədri Cil Xodjesə zəng edib xahiş etdim ki, yazılmış o həcvə əvəz həqiqi faktlar əsasında fəaliyyətim haqqında məqalə dərc etsinlər. Mən bununla «cəzanın cinayətə uyğun olmasına tam cidd-cəhd göstərmək əzmində idim.
İndi isə mən özümü bu tərzdə apardığıma görə xəcalət çəkirəm. Artıq dərk edirəm ki, bu qəzeti alanların yarısı bunu bir qərəzsiz zarafat tək qəbul edərək məqaləyə gülmüşlər. Bu yazıdan kam alanların yarısı da bir neçə gün keçdikdən sonra, yəqin ki, bu məqalə haqda tamam unudacaqdılar.
İndi mən düşünürəm ki, insanlar nə mənim, nə də sizin barənizdə qətiyyən düşünmürlər, sizinlə birlikdə bizim haqqımızda nə danışırlarsa, heç kəsi narahat etmir. Onlar ancaq özləri ilə məşğuldurlar. Səhər yeməyindən əvvəl və sonra və bütün vaxtlarda yarı gecədən sonraya qədər də onlar yalnız özləri ilə məşğuldurlar.
Özlərinin kiçicik başağrıları sizin və ya mənim haqqımızda eşitdikləri ölüm xəbərindən də min dəfə artıq onları narahat edir.
Hətta altı ən yaxın dostunuzdan biri sizi böhtanlamışsa, sizə təhqiranə gülmüşsə, sizi aldatmışsa, arxadan „kürəyinizə bıçaq sancmışsa“, özünüzə rəhm edin ki, qəmlənməyəsiniz. Yaxşısı budur ki, məhz belə bir hərəkətin İsa peyğəmbərə qarşı da edildiyi haqda düşünün. İsa peyğəmbərin ən yaxın on iki dostundan biri onu rüşvət almaqda şərləmişdi. Halbuki, deyilən məbləğin indiki hesab ilə dəyəri vur-tut on doqquz dollara bərabərdir. Onun on iki dostundan bir başqası isə İsa peyğəmbər belə pisliyə düçar olduğu zaman ondan üz döndərmiş və üç dəfə bildirmişdi ki, Onu tanımır və heç vaxt İsa peyğəmbərlə tanışlığı olmamışdır. Görün bir İsa peyğəmbərə nə kimi bəlalar üz vermişdir. Bəs nə üçün siz və mən özümüzə bundan fərqli olan müsbət münasibət gözləməliyik?
Bir çox illər bundan qabaq kəşf etdim ki, mənə qarşı edilə biləcək ədalətsiz tənqidlərə heç bir maneçilik göstərə bilməsəm də, hansısa daha təsirli, önəmli iş görə bilərdim; məsələn mən araşdıra bilərdim ki, görəsən, ədalətsiz tənqidə mən özüm necə reaksiya verərdim?
Düzünü desəm, mən təkid etmirəm ki, hər edilmiş tənqidi qulaqardına vurmaq lazımdır. Xeyr. Mən bundan uzağam. Demək istəyirəm ki, ancaq ədalətsiz tənqidə qarşı etinasız olmamaq gərəkdir. Mən bir dəfə Elenora Ruzveltdən soruşdum ki, o, ədalətsiz tənqidlərə necə münasibətdə olur. Eh, bir Allah bilir onun payına nə qədər bu tərzdə edilən tənqidlər düşmüşdür. Hər ehtimala görə onun da haçansa Ağ evdə yaşamış bütün qadınlardan fərqli olaraq çoxsaylı dostları və barışmaz düşmənləri olmuşdur.
O, mənə söyləmişdi ki, cavanlıqda onun bir xəstəlik həddinə çatan ifrat utancaq təbiəti olmuşdur. O, həmişə qorxarmış ki, görəsən adamlar belə hərəkətimə nə deyəcəklər. O, tənqiddən o qədər qorxarmış ki, bu haqda məsləhət üçün Teodor Ruzveltin bacısı olan öz xalasına müraciət edərək məsləhət istəmişdi.
O, Elenora xalasına demişdi: „Teddi xala, mən belə hərəkət etmək fikrindəyəm. Amma buna görə insanların məni mühakimə edəcəklərindən qorxuram.“
Ruzveltin Teddi adlı bacısı onun gözlərinə baxaraq demişdi: „Əgər ruhən inanırsansa ki, sən düzgün hərəkət edirsən, onda camaatın nə deyəcəyindən heç zaman çəkinmə, həyəcanlanma.“ Elenora mənə dedi ki, bu məsləhət neçə illər keçəndən sonra da Ağ evdə olduğum müddətdə mənim üçün fəxr ediləsi Hibraltar qayalıqları kimi əzəmətli dayaq oldu. Hər hansı tənqiddən qaçmaq üçün yeganə üsul odur ki, gərək „rəfdə durmuş Drezden farforundan düzəldilmiş heykəl“ misalında olasan. Öz ürəyinin hökmünə görə hərəkət et, onsuz da hər necə hərəkət etsən, insanlar səni mühakimə edəcəklər. Belə etsən və ya etməsən də səni lənətləndirəcəklər. Onun məsləhəti bu oldu.
Mərhum Metyu S.Braş Amerika Beynəlmiləl korporasiyasının (Uoll-Strit, 40) prezidenti olduğu dövrlərdə, mən ondan soruşdum ki, o, tənqidə həssasdırmı? O, mənə belə cavab verdi: „Bəli, gənc yaşlarımda mən tənqidə olduqca ağrılı reaksiya verirdim. Mən o vaxtlarda böyük ehtirasla arzu edirdim ki, bizim təşkilatın bütün əməkdaşları məni tam kamil bir insan kimi sansınlar. Onlar belə etmədikdə mən möhkəmcə həyəcanlanırdım. Adətimcə, mənə qarşı ilk çıxış edən kəsin rəğbətini qazanmağa çalışırdım; onunla pozulmuş münasibətimi bərpa etmək istəyim isə digər əməkdaşda mənə qarşı qəzəb doğurmuş olurdu. Mən həmin kəslə də münasibətimi bərpa etməyə çalışdıqda etdiyim bu hərəkətin özü də öz növbəsində pis niyyətli başqa birisində narazılıq yaratmış olurdu. Nəhayət, mən dərk etdim ki, nə qədər sülh yaratmağa və məndən inciyənlərə münasibətimi yaxşılaşdırmağa çalışıramsa, bir o qədər çox düşmən qazanmış oluram. Mən özümə, nəhayət ki, belə dedim: “Əgər sən kütlənin zirvəsinə yüksəlsən də, seni mütləq məzəmmət edəcəklər. Sən gərək buna alışasan.» Mənə bu kəlam çox kömək etdi. O vaxtdan öz gücüm və qüdrətimə görə, bir qayda olaraq, lazım bildiyim hər şeyi etməyə qərar verdim və obrazlı desək, öz «köhnə çətirimi» açaraq başım üzərində tutdum ki, o, məni ədalətsiz «tənqid yağışları»ndan qorusun və yağış şırnaqları boynumun ardına axmasın.
Dims Teylor isə bir az da irəli getdi; O, imkan verdi ki, «tənqid yağışları» onun yaxa arxasına da tökülsün, sonra da onlara şənliklə kütlə qarşısında gülsün. O, bazar günləri Nyu-Yorkun filarmoniyasında simfonik orkestr konsertinin fasilə vaxtında veriliş apararkən hansısa bir qadının məktubunu ona vermişdilər, məktubda onu «yalançı, satqın, ilan və kütbeyin» adlandırırdılar.
Sonrakı həftə cənab Teylor bu məktubu radioada milyonlarla dinləyicilərə açıq-aşkar oxudu. "İnsanlar və musiqi barəsində" adlı kitabında o, yazır ki, bir neçə gün keçdikdən sonra o, yenidən həmin qadından məktub aldı, qadın məktubunda öz əvvəlki sarsılmaz inamını ifadə edərək, yenə də onu təhqir etmişdi. Cənab Teylor əlavə edərək belə dedi: «mən şübhə də edirəm ki, bu qadın mənə ünvanlandığı məktubu haqda radio verilişində dediklərimə heç bir diqqət yetirməmişdir. Biz isə, təhqir olunduğuna baxmayaraq, kim özünü bu tərzdə sakit, müvazinətli və eləcə də yumor hissləri ilə apara bilirsə, istər-istəməz o insana qibtə edir və onunla fəxr edirik.
Prinstonda bir qrup tələbə qarşısında Çalrz Şvab çıxış edərək etiraf etmişdir ki, o, həyatının ən önəmli dərsini poladəritmə zavodunda qocaman almandan almışdır. Bir dəfə necə olmuşsa, həmin alman digər fəhlələrlə hərbi mövzuda qızğın mübahisəyə girişmiş və nəticədə mübahisə edənlər onu çaya atmışlar. Cənab Şvab söyləyirdi ki, „O, mənim otağıma girdikdə onun üstü-başı büsbütün yaş və palçıq içərisində idi. Mən ondan soruşduqda ki, axı sən onlara nə dedin ki, onlar səni çaya atdılar. O, cavabında “mən onlara ancaq gülürdüm» — dedi.
Cənab Şvab qoca almanın bu sözlərini özünə deviz qəbul etdi: «Mən ancaq gülürdüm.»
Bu deviz siz ədalətsiz qınaqların və tənqidlərin «qurbanı» olduğunuz hallarda daha əhəmiyyətli olur. Səninlə kobud rəftar edənin cavabını vermək olar, amma o, təhqir olunan kəs cavabında yalnız sakitcə gülərsə, onda o, adama nə deyə bilərsən.
Əgər Linkoln «sizi qızğın tənqid edənin cavabını vermək ciddi-cəhdi dəlilikdir» kəlamını dərk etməsə idi, o, yəqin ki, vətəndaş müharibəsinin gərginliklərinə dözə bilməzdi. O, nəhayət dedi: "Əgər çalışsaydım ki, mənə edilən tənqidi hücumları bir-bir sadalayam (hələ tənqidlərə verə biləcəyim cavablar haqda demirəm), onda mənim başqa işlərlə məşğul olmağım qeyri-mümkün olardı. Buna nə vaxtım, nə imkanım və nə də hövsələm çatardı. Mən nəyə qadirəmsə, öz qüvvəm dairəsində hamısını yerinə yetirirəm, mütləq mənada hamını, axıra qədər də belə hərəkət etmə fikrindəyəm. Əgər məni məğlubiyyət gözləyirsə, hətta on mələk and içsə də ki, mən haqlı idim, heç nə dəyişməyəcəkdi.
Beləliklə, əgər sizi və məni haqsız yerə mühakimə edirlərsə, ikinci qaydanı yerinə yetirin:
Ancaq gücünüz həddində nəyə qadirsinizsə hamını icra edin. Sonra isə öz köhnə çətirinizi açın ki, sizi tənqid yağışından qorumuş olsun. Belə edərsinizsə, soyuq su damlaları yaxalığınızın arxasına tökülməz.