19. Yadınızda saxlayın ki, ölmüş iti heç kəs heç vaxt döymür

19. Yadınızda saxlayın ki, ölmüş iti heç kəs heç vaxt döymür

1929-cu ildə Amerikada maarif dahiləri arasında görünməmiş sensasiyalı bir hadisə baş vermişdir. Bu hadisənin şahidi olmaq üçün bütün ölkələrin alimləri Çikaqoya üz tutmuşdular. Bir neçə il bundan qabaq xörəkpaylayan, meşədə ağac doğrayan, evdə zəif oxuyan şagirdlərlə məşğul olan, paltarasan ip hazırlayıb satan Robert Xatçins adlı bir cavan Yelsk universitetinə yol tapdı. Fəaliyyətə başladıqdan səkkiz il sonra o, ad-sanına görə Amerikada dördüncü yer tutan Çikaqo universitetinə prezident vəzifəsinə keçdi. Onun neçə yaşı vardı? — Otuz. İnanmalı deyil! Yaşlı professorlar başlarını yırğalayırdılar. Elm aləmində yeni «vunderkind»lə bağlı hisslər coşmuşdu. Onu hər tərəfdən tənqid atəşinə tutmuşdular. Onu gah çox gənc və təcrübəsiz olmasına, gah da təhsil sahəsindəki fikirlərinin mənasızlığına görə məzəmmət edirdilər.
Robert Meynard Xatçins universitetin prezidentliyi vəzifəsinə başladığı gün öz dostu onun atasına dedi: «Bu günkü qəzetin baş məqaləsində oğlunuza edilən hücumları oxuduqda sarsıldım.»

Yaşlı Xatçins cavab verdi ki, bəli, bu qəddarlıqdır, amma yadda saxlayın ki, heç kəs heç vaxt "ölü iti döymür".
Qəribədir, həqiqətən də, kim daha çox məşhurlaşırsa, onu təhqir etməkdən insanlar daha çox həzz alırlar. Uelsin şahzadəsi, sonra isə kral VIII Eduard (daha sonra Hersoq Vindzorskiy) bu halı istər-istəməz öz təcrübəsində sınaqdan keçirmişdi. O, bir zamanlar Devonşirdə Tartmutsk kollecində oxumuşdu. Bu kollec Annapolisdəki hərbi-dəniz akademiyasına bərabər sayılırdı. Prinsin on dörd yaşı vardı. Dənizçi zabitlərdən biri onu ağlayan görərkən soruşmuşdu ki, axı nə olub? Əvvəlcə oğlan cavab vermək istəməmiş, sonra isə tezliklə etiraf etmişdi ki, onu döyüblər. Belə məlum olmuşdu ki, prins şikayət etməmişdir, ancaq o bilmək istəyir ki, axı nə üçün məhz o — prinsin özü bu təhqirlərə obyekt seçilmişdir?

Əvvəlcə bir qədər vaxt qardemarinlər əzilib-büzülmüş, dilləri dolaşmış, burunlarının altında donquldanmışdılar. Sonradan onlar axır ki, etiraf etmişdilər ki, gələcəkdə krallığın donanmasında kapitan və komandir olarkən deyə biləcəklər ki, gənclik dövründə onlar gələcək kralı möhkəm əzişdirmişlər.
Belədir də, nə vaxt ki, bizə hücum edir və ya yersiz bizi tənqid və təhqir edirlər, bununla onlar çox vaxt özlərinin guya əhəmiyyətli bir şəxs olduqlarını nümayiş etdirmiş olurlar. Əksərən belə hal o zaman baş verir ki, siz nəyə isə nail olmuş və nədə isə diqqətəlayiq sayılmışsınız. Onların çoxu özündən daha yüksək təhsili olanlara paxıllıq səbəbindən qəddarlığa əl atır, təhqirə keçirlər və bundan da həzz alırlar. Məsələn, mən bu başlığı yazarkən bir qadından azadlıq ordusunun təşkilatçısı general Uilyam Butu ifşa edən bir məktub aldım. Mən radioda general Butu tərifləməklə çıxış etmişdim. Bu qadın mənə nələr yazmamışdı? O, general Butu kasıblara paylanmaq üçün toplanmış səkkiz milyon dolların oğurlanmasında ittiham edirdi. Əlbəttə, bu ittiham yalan idi. Lakin bu qadın haqqı müdafiə etmirdi. O, öz qərəzli təskinliyini özündən qat-qat yüksəkdə duran insana qarşı qara yaxmaqda görürdü. Mən onun bu böhtan xarakterli məktubunu zibil səbətinə tullayaraq Qadir Allaha şükürlər etdim ki, yaxşı ki, o, mənim arvadım deyildir. Onun məktubundan general But haqda heç nə öyrənə bilmədim, amma onun özü haqda çox şey öyrəndim. Şopenhaur bundan çox illər qabaq demişdi: «Alçaq adamlar böyük şəxsiyyətləri hər hansı hərəkətində kiçicik qüsur və çatışmazlıq aşkar etdikdə bundan böyük həzz alırlar.»

Çətin ki, Yelsk universitetinin sabiq prezidentini rəzil insan sanmaq mümkün olsun. Lakin bununla belə, Timoti Duayt ABŞ-ın prezidentliyinə namizəd olan insana qarşı etdiyi kəskin çıxışlarından tam həzz alırdı. Yelsk universitetinin hazırkı prezidenti xəbərdarlıq edirdi ki, əgər bu adamı ölkənin prezidenti seçsələr, görəcəyik ki, bizim arvad və qızlarımız qanuniləşdirilmiş fahişəliyin necə qurbanları olacaqlar. Onlar necə də soyuqqanlıqla ləkələnəcək və rüsvay olacaqlar, necə də ar, ləyaqət və ədəbdən məhrum ediləcək və Allahın insanların lənətinə hədəf olacaqlar.
Bu Hitler barədə deyilənlərə bənzəmirmi? Amma bu tamam başqa insan barədə deyilmişdir. Bu, Tomas Ceffersonun ifşa edilməsi idi. Hansı Tomas Ceffersonun? Yoxsa bu, «istiqlaliyyət Deklarasiyası”nın müəllifi, demokratiyanın müqəddəs müdafiəçisi, ölməz Tomas Ceffersondur? Bəli, təsəvvür edin belə hücumlara məruz qalan məhz o, idi.

Sizcə hansı amerikalını „ikiüzlü“, „fırıldaqçı“ və „qatil“ adlandırmışlar? Qəzetlərin birində onun karikaturasını gilyotin edam qurğusunda çəkmişdilər; şəkildə nəhəng bıçaq artıq onun başı üzərinə endirilmiş vəziyyətdə idi… Camaat küçədən keçərkən onu ələ salır, istehza edərək ona gülür və arxasınca fit çalırdı. Bu, kim idi? — Corc Vaşinqton.
Axı bu, bir çox illər bundan qabaq baş vermişdi. Ola bilərdi ki, bu müddət ərzində insan təbiəti, azacıq da olsa, təkmilləşmiş olsun. Nə olar, baxaq görək. Misal üçün şimal qütbünə 6 aprel 1909-cu ildə gedib çıxmış tədqiqatçı admiral Pirinin obrazı qarşımızdadır. O, bu səyahəti itlər qoşulmuş xizəkdə etmişdi. Bütün dünya bu igidlik haqqında olan xəbəri sevinclə qarşılamışdı. Bu böyük məqsədə çatmaqdan ötrü tarixdə çox insanlar əsrlər boyu əzab çəkmiş və məhv olmuşlar. Pirinin özü də acından və soyuqdan az qalmışdı ki, həlak olsun. Ayaqlarının səkkiz barmağı elə donmuşdu ki, sonradan məcbur oldular ki, amputasiya etsinlər. O, elə bədbəxtliklərə məruz qalmışdı ki, qorxurdu ki, axırda dəli olsun.

Ancaq yüksək dənizçi rütbə sahibləri Pirinin dünya şöhrətli qiymətə layiq olduğuna görə paxıllıqlarından alışıb-yanırdılar. Onu günahlandırırdılar ki, elmi ekspedisiyanın keçirilməsi üçün o, çoxlu pul toplamışdır. „O, isə Arktikada özünün kefi üçün yaşamış və əylənmişdir.“ Çox ehtimal ki, onlar həqiqətən də məhz elə düşünmüşlər ki, axı insan istəyərsə özünü hər şeyə, hər iftiraya inandıra bilər. Onların ciddi-cəhdləri, Pirini alçaltmaları və onun hərəkət etməsinə maneçilik göstərmək istəkləri o qədər güclü olmuşdu ki, ancaq prezident Mak-Kinlinin birbaşa əmri onun Arktika fəaliyyətini davam etdirməsinə imkan yaratmış oldu.
Əgər Piri admiral deyil, hərbi dəniz donanmasında sadə kontor işçisi tək çalışardısa, belə təhqirlərə məruz qalardımı? — Xeyr. Onun bu fəaliyyəti o qədər də mühüm əhəmiyyətli sayılmayacaqdı ki, onlar da buna həsəd aparsınlar.

Admiral Piridən daha sərt münasibətə general Qrant məruz qaldı. 1862-ci ildə o, birinci dəfə şöhrət yüksəkliyini fəth etdi. Bircə gündə əldə edilən qələbə — Qrantı dərhal milli qəhrəman edən bu qələbə, hətta uzaq Avropada əks-səda verən qələbə, Menadan Missisipi sahillərinə qədər zəfər tonqallarını yandıran, bütün kilsələrin zənglərini çaldıran qələbə idi bu. Bu məşhur cahanşümul qələbədən altı həftə keçməmiş bu qalib Qrant — Şimal qoşunları qəhrəmanı Qrant öz qoşunlarının baş komandanlığından azad edildi və həbsə alındı.

General U.S. Qrant yüksək şöhrət qazandığı bir zamanda axı nəyə görə həbsə alınmışdı?
Birincisi ona görə ki, o, bu şöhrəti ilə öz lovğa və dikbaş rəislərində şübhə və paxıllıq hissləri oyatmış oldu.
Əgər siz nahaqdan edilmiş tənqidlərdən narahatlığa meyllisinizsə, birinci qaydaya əməl edin:
Unutmayın ki, ədalətsiz tənqid çox vaxt pərdələnmiş komplimentin özüdür.
Yadınızdan çıxarmayın ki, „ölmüş iti heç kəs heç vaxt döymür.“
Top