Bu kitabı yazmağa başlayanda «Mən narahatçılığıma necə qalib gəldim» mövzusunda ilhamverici və xeyirli avtobioqrafik hekayələrin konkursunu təşkil etməyi qərarlaşdırdım. Bu yarışın qalibinə iki yüz dollar mükafat verməyi nəzərdə tutduq.
İndi sizi o hekayətlərin birisi ilə tanış edəcəyəm. Onu S.R.Berton göndərmişdi. O, Missuri ştatındakı Sprinqfildəki avtomobillərin satışı üzrə «Uizzer» firmasında işləyirdi.
Cənab Berton yazırdı ki, «Mən doqquz yaşında olduğum zaman anamı itirdim, iyirmi yaşımda isə atasız qaldım. Mənim atam vəfat etdi, anam isə on doqquz il bundan qabaq sadəcə evdən getdi. O vaxtdan bir dəfə də onun üzünü görə bilmədim. Mən kiçik bacılarımı da bir daha görmədim, anam onları özü ilə aparmışdı.
O, evdən gedəndən səkkiz il sonra mənə məktub yazdı. Anam evdən getdikdən üç il sonra atam avtomobil qəzasından həlak oldu. Atam sağlığında öz iş ortaqları ilə birgə Missuri ştatının kiçik bir şəhərində kafe açmışdı və atam işgüzar səfərdə olarkən onun ortağı kafeni satmış və bütün pulları götürüb aradan çıxmışdı. Odur ki, atamın dostlarından biri atama teleqram göndərmişdi ki, tez qayıdıb gəlsin. Atam geri dönərkən çox tələsdiyindən Kanzas ştatının Salinas şəhərində avtomobil qəzası törətmiş və ölmüşdü.
Onun iki kasıb qoca və xəstə bacısı vardı. Buna baxmayaraq, onlar ailəmizin yetim qalmış üç uşağını himayəyə götürmüşdülər. Ancaq mən və mənim balaca qardaşım heç kəsə lazım olmamışdıq. Biz şəhər hakimiyyətinin himayəsində qalmışdıq. Bizi daim belə bir qorxu və vahimə izləyirdi ki, uşaqlar bizə yetim gözü ilə baxacaqlar. Tezliklə bu, belə də oldu. Məni bir neçə müddətə kasıb bir ailə tərbiyə etmək üçün öhdəsinə götürdü. Lakin o vaxtlar yaşamaq üçün çətin və ağır bir dövr idi. Ailənin başçısı iş yerini itirdiyindən məni artıq saxlaya bilmədilər. Sonra mən cənab və xanım Loftinlərin fermasında yaşadım. Onların ferması şəhərin on bir milliyində yerləşirdi. Cənab Loftinin yetmiş yaşı vardı. O, „kəmərvari dəmro“ xəstəliyindən yatağa mıxlanmışdı. O, öz evində mənim yaşamağıma bu şərtlə razı olmuşdu ki, oğurluq etməyim, yalan danışmayım və sözə qulaq asan olum. Bu üç tapşırıq mənim bibliyam oldu. Mən bu tapşırıqlara tam ciddi və dürüst əməl edirdim. Mən məktəbdə oxumağa başladım, amma bir həftə keçməmiş dərsə gedə bilməyib evdə qaldım və uşaq kimi ağladım. Uşaqlar məni ələ salır və yekə burnuma görə sataşırdılar. Mənə deyirdilər ki, sən kütbeyinsən və mənə yetim törəməsisən deyib ələ salırdılar. Mən bütün təhqirləri ürəyimə salır və həmişə onlarla dava etmək istəyirdim. Lakin məni öz öhdəsinə götürmüş fermer cənab Loftin belə dedi: „Həmişə yadında saxla ki, düşməninin sənə etdiyi hücumu dəf etməyə girişməkdənsə, mübarizədən imtina etmək səndən böyük mərdlik və mətanət tələb edir.“ Odur ki, dava etməyə mən girişməzdim, amma bir dəfə sinfimizdən olan bir oğlan məktəbin həyətindən toyuq ifrazını qaldıraraq mənim üzümə çırpdı. Mən onu yarımcan olana kimi döydüm və nəticədə iki nəfər dost qazandım. Onlar təsdiq etdilər ki, o, tutduğu əməlinə görə haqlı cəzasını aldı.
Bir dəfə xanım Loftin mənə bir yaraşıqlı papaq almışdı, bununla mən çox qürrələnir və fəxr edirdim. Yuxarı sinif şagirdlərindən bir qız onu başımdan qapıb içərisini su ilə doldurdu. Papaq bununla da tamam korlanmış oldu. O, mənə dedi: „Mən onunçun belə etdim ki, senin tuncdan olan alnın islansın, onda bəlkə sənin toyuq beynin istidən qovurulmaz.“
Məktəbdə heç zaman ağlamazdım, amma evə gələndə isə ağlamaqdan göz yaşlarım məni boğurdu. O vaxt xanım Loftin həyəcanımı və narahatçılığımı məndən kənar edə biləcək bir məsləhət verdi: „Rolf, əgər sən onlara maraq göstərsən və onlara nə isə xoş və xeyirli bir xidmət etsən, onlar səni hirsləndirməz və sənə “yetim törəməsi» deməzlər. Mən xanımın bu məsləhətinə riayət etdim. Mən dərslərimlə ciddi məşğul oldum və tezliklə sinfin ən yaxşı şagirdi oldum. Amma mənə heç kəs qibtə etmirdi, çünki mən var qüvvəmlə digər şagirdlərə də kömək etməyə çalışırdım.
Mən çox oğlanlara yazılı ifadə və inşa yazmaqda kömək edirdim. Onların bir neçəsi üçün tam məruzələr tərtib etmişdim.
Bizim sinfin bir tələbəsi ona etdiyim köməklik barədə öz valideynlərinə söyləməyə xəcalət çəkir və utanırdı. Ona görə də o, mənim yanıma gələndə, bir qayda olaraq, anasına deyirmiş ki, «opossum» ovuna gedirəm. Elə hallar da olurdu ki, o, cənab Loftinin fermasına gəldikdə öz itlərini sarayda bağlayırdı, mən də dərslərin hazırlanmasında ona kömək göstərirdim. Bir şagird üçün kitablardan xülasələr yazmış və bir qıza riyaziyyat fənnindən kömək etmişdim.
Qonşumuzda iki ölüm hadisəsi olmuşdu. İki nəfər qoca fermer vəfat etmişdi, bir nəfər qadının əri isə onu tərk etmişdi. Beləliklə mən dörd ailəyə himayədarlıq edən yeganə kişi oldum. Mən düz iki il bu dul qadınlara kömək etdim. Mən məktəbə gedərkən və qayıtdıqda yolüstü onlara baş çəkir, onlar üçün odun doğrayır, inəkləri sağır, heyvanları yemləyir və sulayırdım. İndi artıq əhatəmdə olanlar mənə xeyir-dua deyir, məni söyənlər və təhqir edənlər artıq yox idi. Məni hər yerdə bir dost kimi qəbul edirdilər. Hərbi donanmada qulluğumu başa vurub qayıtdıqda onlar məni qarşılayarkən öz hisslərini müstəsna bir şəkildə təzahür etdirmişdilər. Ordudan qayıtmağımın birinci günündə iki yüzdən çox fermer görüşümə gəlmişdi. Onlardan bir neçəsi səksən mil məsafədən təşrif buyurmuşdu. Məni gördükdə onların keçirdikləri sevinc hissləri olduqca səmimi idi. Mən çox az hallarda narahatçılıq keçirirdim, çünki həmişə başqalarına kömək etməklə məşğul idim. Bu mənə böyük bir xoşbəxtlik gətirdi. Artıq on üç ildir ki, məni heç kəs «yetim törəməsi» deyib çağırmır.
Yaşasın cənab Berton! O, bilir dostları necə qazanmaq olar. Həmçinin o, bilir ki, narahatçılıqdan necə azad olmaq və həyatdan necə zövq almaq olar.
Vaşinqton ştatının Sietl şəhərində olan Frenk Lup da bu cür hərəkət etmişdi. O, iyirmi üç il idi ki, artrit xəstəliyindən əlil idi. Ancaq «Sietl star» qəzetinin müxbiri Styuart Uitxaus yazmışdı: «Mən diktor Lupadan dəfələrlə müsahibə almışdım və ömrümdə mən heç bir zaman belə qeyri-xudbin, bir kəs, həm də öz həyatından mümkün olanların hamısını götürmüş ikinci bir insan görməmişdim.
Yatağına mıxlanmış əlil bir insan həyatda mümkün ola bilənlərin hamısına necə nail ola bilər? O, öz həyatından gileylidirmi? — Xeyr… O, özünün bəs qədər yazıqlığını çəkərək ətrafındakıların da ona diqqətli olmalarını tələb edirmi? — Xeyr! Yenə də cavab düz deyildir. O, həyatının sevincini şahzadə Uelsin gerb üzərindəki „Jeh dien“ — »mən xidmət edirəm" kəlamını öz devizi kimi qəbul etdikdən sonra dərk etmişdi. Doktor Lup başqalarının soyadını və ünvanlarını öyrənmiş və onlara yazdığı məktubları ilə onları və özünü şənləndirmişdi. Hətta o, əlillərin məktublaşması klubunu təşkil etmiş və onların bir-birinə məktub yazmalarına həvəs oyatmışdı. Nəhayət o, «Qapalıların cəmiyyəti» adlı müəssisə yaratmışdı.
O, yataqda uzanmış vəziyyətdə ildə 1400 məktub yazaraq və minlərlə əlilə radioqəbulediciləri və maraqlı kitablar hədiyyə verdirərək ətraf mühitdən təcrid olunmuş insanlara sevinc hissləri bəxş etmişdir.
Doktor Lup ilə digər çoxsaylı insanlar arasında olan əsas fərq görəsən nədir? Fərqi yalnız birdir: onun ruhu digərlərindən fərqli olaraq, ali məqsədlər naminə xeyirxahlığı ilə nurlanmış idi. O, həyatının daha xeyirxah və əhəmiyyətli ideyalara söykəndiyini dərk etdiyinə görə, Şounun dediyi kimi «eqosentrizmin törətdiyi nasazlıqdan, inciklikdən və bütün dünya əhli özünü məhz onun xoşbəxtliyinə nə üçün həsr etmədiyindən şikayətlənməyərək özündə şadlıq hissləri keçirməyi bacarmışdı.
Bizim insana verə biləcəyimiz ən böyük tərif və insana olan bütün tələblərimiz aşağıdakılardan ibarət olmalıdır: O, başqaları ilə birgə zəhmət çəkməyi bacarmalı və bütün insanlara qarşı dostluq münasibətində olmalı, sevgidə və kəbində etibarlı və sədaqətli olmalıdır.
Biz hər gün nə isə xeyirli bir iş görməliyik. Xeyirli iş nədir? — deyib siz soruşa bilərsiniz. Peyğəmbər Həzrəti Məhəmməd demişdir: „Xeyirli iş — bu odur ki, digər insanın çöhrəsinə şadlıq və gülümsəmə bəxş edir.“
Nə üçün hər gün yaxşı əməllər etmək onu törədənlərə heyranedici müsbət təsir göstərir? Ona görə ki, başqasına yaxşılıq etmək cəhdi daim özümüz haqda düşünməyimizə imkan vermir, məhz özümüz haqda olan daimi düşüncələrimiz narahatçılığımıza səbəb olur, qorxu yaradır və bizim melanxoliya mərəzinə düçar edir.
Mən, başqalarına yaxşılıq etdiyi zaman özünü unudan və nəticədə öz sağlamlığını və xoşbəxtliyini qazanmış olan insanların söylədiklərindən tam bir kitab tərtib edə bilərdim. Misal üçün Amerikanın hərbi donanmasında ən tanınmış qadın Marqaret Teylor Jeyms haqqında danışılan rəvayətlərlə tanış olaq.
Xanım Jeyms romanlar yazmışdır, amma onun detektivlərindən heç biri Perl-Xarborda yapon gəmilərinin onlara hücum etdiyi faciəli bir sabahda onun başına gələn hadisənin yarısı qədər maraqlı deyildir. Xanım Jeyms bir ildən artıq müddət idi ki, əlil idi; onun ürəyi xəstə idi. Günün iyirmi dörd saatından iyirmi ikisini xəstə yatağında keçirirdi. Onun ən uzaq səyahəti bağçada günəş vannası qəbul edəndən sonra gəzintisi olurdu. Hətta bağçaya çıxdıqda qulluqçunun qoluna söykənməyə məcbur olurdu. Həmin o, günlər ona elə gəlirdi ki, bütün ömrü boyu əlil olaraq qalacaqdır. O, mənə belə söyləmişdi: „Əgər yaponlar Perl-Xarbora hücum etməsəydilər, yəqin ki, mən heç zaman sağalmayacaqdım. Onlar məni bir anda qəflət və sükunət halımdan çıxarmış oldular.
Xanım Jeyms sözünə davam edərək, dedi: “Bu hadisə baş verdikdə ətrafda hər yerdə çaxnaşma və qarışıqlıq hökm sürürdü. Bir bomba mənim yaşadığım evin lap yanında partladı və dəhşətlə yatağımdan kənara atılmış oldum. Hərbi yük maşınları tələsik piyada əsgərlərin və dənizçilərin uşaqlarını, arvadlarını döyüş zonasından çıxarmaq və məktəb binalarında yerləşdirmək üçün Xikem-Filddə hava limanında, Skoufildəki kazarmalarda və Kennoxe-Beydəki aviabazaya tərəf yolladılar. Qırmızı Aypara cəmiyyətinin işçiləri xahiş etdilər ki, kimdə boş otaq vardırsa, köçkünləri qəbul etsinlər. Onlar bilirdilər ki, mənim çarpayımın yanında telefon aparatı vardır, odur ki, məndən xahiş etdilər ki, evakuasiya edilənlər barədə hərbi qulluqçuların ailələrinə məlumat verim. Piyadaların və dənizçilərin ailələrinin haralarda yerləşdikləri haqda məlumatlar toplayırdım. Bütün hərbi qulluqçular onların ailələrinin haralarda yerləşdirildikləri haqda məlumat almaq üçün mənə müraciət edirdilər.
Tezliklə mən öyrəndim ki, mənim ərim ikinci ranq kapitanı Robert Reley Jeyms xəsarət almamışdır. Hərbi qulluqçuların arvadlarına onların ərləri barədə məlumatın hələlik olmadığına görə onlara ürək-dirək verməyə çalışırdım. Lakin narahatçılığa səbəb az deyildi. 2117 zabit və sıravi əsgər ölmüş, 960-ı isə itkin düşmüşdü.
Telefon zənglərinə mən əvvəlcə yatağımda uzanmış halda cavab verirdim. Sonradan onların suallarını oturmuş vəziyyətdə cavablandırırdım. Nəhayət, mən o qədər işlə məşğul və həyəcanlı idim ki, zəif düşdüyümü unutmuşdum, yataqdan qalxaraq artıq miz arxasında əyləşmişdim. Məndən daha çox zərər çəkmişlərə olan qayğılarıma görə öz xəstəliyim haqda hər şeyi unutmağı bacarırdım. O andan mən gün ərzində yuxuya ayrılmış yalnız səkkiz saat müddətində öz yatağımda olurdum. İndi mən anladım ki, əgər yaponlar Perl-Xarbora hücum etməsəydilər, mən bütün ömrüm boyu yarı-əlil vəziyyətində qalacaqdım. Vaxtımı yataqda keçirmək mənə olduqca rahat və xoş idi. Mənə daima qulluq edirdilər və mənə indi aydın oldu ki, mən istər-istəməz həyata inamımı, iradi qüvvəmi və sağalmağım naminə aparmalı olduğum mübarizə qüdrətimi itirmiş idim.
Perl-Xarbora edilən hücum Amerika tarixində ən böyük faciə idi. O, şəxsən mənim üçün isə ən əlamətdar hadisə oldu. Bu dəhşətli çox çətin durum uzun müddət arzusunda olduğum qüvvətimi özümə qaytardı. Mənim nəzər-diqqətim öz iztirablarımdan yayınaraq, digər insanlar üzərinə yönəldi. Bu, mənim həyatıma dərin məna və yeni keyfiyyət bəxş etdi. Mənim artıq özüm haqda düşünməyə və qayğı çəkməyə vaxtım yox idi. Kömək üçün psixiatrlara müraciət edən insanların üçdə biri əgər Marqaret Jeymsin nümunəsi üzrə hərəkət edərdilərsə, özlərini müalicə etmiş olardılar. Başqa sözlə, əgər öz narahatçılıqlarını unudaraq başqalarına yardım və xidmət etsəydilər, bu yolla özlərinə şəfa tapmış olardılar. Bəs mənim ideyam? Bu, təxminən Karl Yunqun dediyi kimidir. Bunun ondan daha yaxşı kim şərhini verə bilərdi? O, belə demişdi: „Mənim xəstələrimin üçdə biri klinik diaqnozlaşdırılmış əsəb xəstəliyindən (nevrozdan) deyil, həyatlarının boşluğu və mənasızlığından iztirab çəkirlər.“ Başqa sözlə desək, onlar istəyirlər ki, kimsə „onları daşısın“, onları yedəyə alsın, həyat isə onlardan yan keçmiş olur. Onlar psixiatrın qəbuluna öz məhdud mənasız və əhəmiyyətsiz keçən həyatlarından şikayətlənməyə tələsirlər. Onlar gəmidən kənarda qalıb körpü üzərində duraraq özündən başqa qalan hamını günahlandırmaqla tələb edirlər ki, bütün dünya onların istəyinə mane olmamalıdır.
Tamamilə mümkündür ki, siz elə bu saat öz-özünüzə deyəsiniz: „Əlbəttə ki, bu nağıllar məndə heç bir dərin təəssürat yaratmadı. Əgər mən də o vaxt Perl-Xarborda olsaydım, böyük bir məmnuniyyətlə Telor Yele kimi hərəkət edərdim. Amma məndə hər şey başqa yöndədir: mənim həyatım ən sadə və həmahəngdir. Hər gün səkkiz saat ərzində mən cansığıcı işlə məşğulam. Mənim həyatımda dramatik heç bir hadisə baş vermir. Axı mən başqalarına kömək etməklə nə üçün vaxtımı keçirməliyəm? Axı nə üçün bunu mən etməliyəm? Bu mənə nə verə bilər?
Sual tamamilə ədalətlidir. Çalışacağam bu suala cavab verəm. Bəli, bizim həyatımız yeknəsəqdir, ancaq siz hər gün hansısa müxtəlif insanlarla rastlaşırsınız. Siz onlar üçün nə edirsiniz? Siz onların yanından sadəcə ötüb keçirsiniz, heç onları narahat edən nədirsə, onunla maraqlanırsınızmı? Məsələn siz hər gün öz poçtalyonunuz ilə üz-üzə gəlirsiniz. O, hər il sizə poçtun çatdırılması üçün piyada yüz millərlə məsafə qət edir. Siz heç olmazsa onunla bircə dəfə maraqlanmısınız ki, o, harada yaşayır, heç onun həyat yoldaşı və uşaqlarının şəkillərinə baxmaq arzunuzu ona bildirmisinizmi? Siz ondan soruşmusunuzmu ki, o, öz işini yerinə yetirdikdə çoxmu yorulur, bu iş onu təngə gətirməyir ki?
Siz hər gün baqqaliyyə dükanının satıcısını görürsünüz, qəzet satanları və sizin ayaqqabılarınızı silib parıldadan çəkmə siləni görürsünüz. Axı onlar da insandırlar və onların da özlərinə görə qayğıları, arzuları və təşəbbüsləri vardır. Onlar da kiminləsə öz dərdi-sərlərini bölüşdürmək istəyirlər. Lakin siz haçansa onlara belə bir imkan vermisinizmi? Siz nə vaxtsa, onların şəxsiyyətləri və həyatları barədə nəyi isə öyrənməyə canlı və səmimi maraq göstərmisinizmi? Mən məhz bunları nəzərdə tuturam. Dünyanı yaxşılaşdırmaq üçün, siz öz şəxsi dünyanızı yaxşılaşdırmaq üçün heç də məcburi deyildir ki, Florens Naytinqeyl və ya sosial-islahatçı olasınız, siz özünüz bunun icrasına lap elə sabahdan hər gün təmasda olduğunuz insanlarla başlaya bilərsiniz!
Bu sizə nə verəcəkdir?! Böyük səadət! Böyük məmnunluq və öz hərəkətinizlə fəxr edə bilməyi. Aristotel belə davranışı “mədəni eqoizm» adlandırmışdı. Zərdüşt isə demişdir: «Başqalarına yaxşılıq etmək borc deyildir. Bu, şadlıqdır, ona görə ki, insanın sağlamlığını yaxşılaşdırır, xoşbəxtliyini artırır.» Benjamin Franklin isə bunu çox sadəcə olaraq xülasə etmiş və yekunlaşdırmışdır: «Nə vaxt ki, siz başqasına yaxşılıq edirsiniz, bununla siz birinci növbədə, özünüzə yaxşılıq etmiş olursunuz.»
Nyu-Yorkdakı psixoloji xidmət mərkəzinin direktoru Henri S.Link isə yazır: «Mənim zənnimcə, müasir psixologiyanın heç bir kəşfi bir o qədər vacib sayılmır, nə qədər ki, elmi dəlil kimi təsdiqini tapmış fədakarlığın, özünütəsdiqin və xoşbəxtliyin həyata keçirilməsi. Başqalarına göstərdiyiniz qayğı nəinki sizin narahatçılığımzı aradan qaldırar, o, həm də özünüzə dost qazanmaqda kömək edər və beləliklə, həyatınızdan bəs qədər həzz ala bilərsiniz. Hansı tərzdə? Belə bir suala Yelsk universitetinin professoru Uilyam Layon Felpsə müraciət etdim, görün o, mənə nə cavab verdi: „Nə vaxt ki, mən mehmanxanaya, bərbərxanaya və ya dükana gəlirəm və kiminlə qarşılaşıramsa, mən ona mütləq xoş bir kəlam söyləyirəm. Çalışıram ki, hər kəsi “öz dili» ilə, yəni onun xoşuna gələn sözlərlə dindirim. Mən istəyirəm ki, müraciət etdiyim hər kəs hiss etsin ki, o, maşının bir «vinti» deyildir, şəxsiyyətdir. Mən özünə xidmət edən satıcıya kompliment xarakterli bir söz deyirəm. Mən onun gözəl saçlarına, qəşəng gözlərinə heyran olduğumu deyirəm. Bərbərimə müraciətlə deyirəm ki, bütün gün ərzində ayaq üstə durmaqdan yorulmursanmı? Bundan başqa, hətta ondan soruşuram ki, bu sənətə o, necə yiyələnmişdir, neçə ildir ki, işləyir və bu vaxt ərzində neçə insan başını qaydaya sala bilibdir? Bu hesabı çəkməkdə ona kömək də edirəm. Bunun nəticəsində gördüm ki, bu hal onu insana maraq göstərməyə və bundan xoşhal olmağa, şən gülümsəməyə vadar edir. Əl çantamın daşınmasında mənə kömək etmiş hambalın əlini sıxıb təşəkkür edirəm. O, bununla bütün günü özünü şən və xoşbəxt hiss edir. Bir dəfə yayın son dərəcə isti bir günündə mən nahar etmək üçün dəmir yol ekspress qatarının vaqon restoranına getdim. Sərnişinlərlə dolu vaqon qaynar sobanı andırırdı, sərnişinlərə xidmət isə çox ləng edilirdi. Xörəkpaylayan mənə xörəklərin siyahısını verdikdə ona dedim: «Belə qaynar bir gündə, yəqin ki, mətbəxin qızğın sobasının istisində işləmək çox çətindir.» O, incimiş bir tonda danışırdı. İlk anda mənə elə gəldi ki, o, mənə acıqlanır. «Ey sevimli Qadir Allahım, — deyərək o, səsləndi — bura gələn insanlar daima xörəklərdən şikayətlənirlər. Onlar xidmətin ləng getdiyindən şikayətlənirlər, istiliyin çoxluğundan və qiymətlərin yüksək olmasından donquldanırlar. Mən artıq on doqquz ildir ki, bu şikayətləri eşidirəm. Siz isə qaynar soba yanında işləyən aşpazların halına acıyan və yanan birinci yeganə insansınız. Mən Allahıma yalvarıram ki, qoy o, bizim qismətimizə mümkün qədər çoxlu belə sərnişinlər nəsib etsin.»
Xörəkpaylayan mənim zənci aşpazların halına insani münasibətdə olduğumdan sarsılmışdı. Mən onlara mürəkkəb dəmir yol mexanizmlərinin vintləri kimi deyil, canlı bir insan kimi baxırdım. Professor Felps sözünə davam edərək dedi: "İnsanlar heç olmazsa, kiçicik də olsa, insani diqqətə və qayğıya möhtacdır." Mən küçədə getdikdə görsəm ki, bir nəfər iti ilə gedir, mütləq ona itin qəşəngliyinə heyran qaldığımı bildirirəm. Mən ötüb keçdikdən sonra çox hallarda onun şövqlə itini tumarladığını görürəm. İtin qəşəngliyinə olan heyranlığım sahibinin itinə olan sevgisini bir daha artırmış olur.
Bir dəfə İngiltərədə ağıllı, nəhəng ovçarka cinsli iti olan çobana rast gəldim. İtin gözəlliyinə heyran idim və bu haqda çobana da söylədim. Mən onun iti necə tərbiyə etdiyi barədə sormuşdum. Onlardan müəyyən məsafə aralandıqdan sonra çiynim üstündən geriyə baxdım və gördüm ki, it arxa ayaqları üzərində qalxaraq qabaq pəncələrini çobanın çiyninə qoymuşdur və çoban da onu sığallayır. Çoban və onun itinə göstərdiyim maraq çobanı bəxtiyar etmişdi. Mən də həmçinin özümü və iti xoşbəxt etmiş idim."
Siz belə təsəvvür edirsinizmi, hambalın əlini sıxaraq təşəkkür edən, sobanın istisindən qızmış mətbəxdə çalışan zənci aşpazın halına yanan, küçədə rast gəldiyi tanış olmayan nəfərin itinin gözəlliyinə heyran olan insan məgər qəmgin və narahat ola bilərdimi? Məgər belə bir insan psixiatrın köməyinə möhtac ola bilərmi? Əlbəttə ki, yox. Çinlilərin zərbi-məsəli belə səslənir: «Qızılgül hədiyyə edənin əlindən həmişə ətir saçır.»
Əgər siz kişisinizsə, onda növbəti abzası buraxın. O, sizi maraqlandırmayacaqdır. Bu abzasda siz narahat və bədbəxt bir qızın üç cavanın qəlbini necə fəth etdiyinin şahidi olacaqsınız. Onların üçü də onunla evlənməyi təklif etmişdilər. İndi bu qız artıq nənədir. Bir neçə il bundan qabaq onun əri ilə yaşadığı evdə qalmalı oldum. Mən onların yaşadığı şəhərdə məruzə ilə çıxış etməli idim. Səhəri gün o, məni avtomobildə Nyu-Yorka gedən qatara minəcəyim vağzala qədər ötürdü. Yolda dostların qəlblərini necə fəth etmək mövzusunda söhbət başlandı. Mənim yol yoldaşım belə dedi: «Cənab Karnegi, mən sizə nə isə danışmaq fikrindəyəm. Mən bu barədə heç kəsə, hətta ərimə də danışmamışam. (Deyəsən söyləyəcəyim bu hekayə hər ehtimala görə sizin gözlədiyiniz qədər də maraqlı olmayacaqdır).» O, dedi ki, mən adi Filadelfiya cəmiyyətinə mənsub bir ailədə tərbiyə olunmuşam. Mənim uşaqlığım və gəncliyimin faciəsi kasıbçılığımız idi. Mənim ətrafımda olan qızlar kimi biz qonaq qəbulu təşkil edə bilmirdik. Mən heç bir zaman əməlli-başlı bir paltarım olmamışdı. Eyni bir paltarı uzun müddət geyinməyə məcbur idim. Paltarlar mənim bədənimdə çox pis oturur və onlar köhnə dəbdə tikilmiş idi. Mən o qədər bədbəxt idim və bu hal mənə o qədər ar gəlirdi ki, mən gecələr ağlayırdım. Bəzən ara-sıra tam ümidsizliyə qapılmağım məni elə bil yuxudan ayıltdı. Mən qərara gəldim ki, məni əyləndirən oğlanlardan soruşam ki, onlar hansı anları yaşamaq məcburiyyətində olublar, onların həyata baxışları və gələcək barədə planları nədir?
Mən bu sualları ona görə vermirdim ki, guya cavabları mənim üçün maraqlıdır. Mən bunu elə edirdim ki, onların nəzərləri mənim köhnə dəbli paltarlarımdan yayınmış olsun. Lakin qəribə bir hal alınmağa başladı: Mən nə qədər bu cavan adamların özləri haqda etdiyi söhbətlərinə qulaq asırdım və onların həyatları barədə məlumatlanırdımsa bir o qədər də onlarla söhbət etmək mənim üçün maraqlı olurdu. O qədər maraqlı olurdu ki, hətta geyimimdə olan çatışmazlıqları unudurdum. Amma məni ən çox heyrətə gətirən aşağıdakılar idi: mən yaxşı dinləyici olduğumdan və cavan adamları danışmağa sövq edə bildiyimdən onlar özlərini bununla xoşbəxt sanırdılar və məndə yavaş-yavaş öz həmyaşıdlarım arasında nailiyyətlərə çatırdım, hətta onlardan üç cavan oğlan mənə ailə qurmaq barədə təklif etmişdi" (qızlar cavanların ürəklərini fəth etməyi öyrənin). Yəqin ki, başlığı oxuyanlardan çoxu deyəcəkdir: «Bütün bunlar — ətrafın maraqları barədə deyilənlər absurd və boşboğazlıqdır.» bütünlükdə cəfəngiyatdır. Xurafat sayaqlamalarıdır! Bütün bunlar mənim istəyimcə deyildir! Mənə pul qazanmaq və pul dağarcığımı doldurmağı lazımdır. Mən həyatımda hər şeyə nail olmaq istəyirəm: özü də indi, bu saat. Nəyimə lazımdır boş-boşuna hərəkət. «Boş kilə, boş anbar!»
Nə etmək olar? Əgər sizin belə mülahizəniz vardırsa, sizin buna haqqınız vardır. Lakin siz haqlısınızsa, onda bütün dahi filosoflar və bəşəriyyətin yazı tarixindən başlamış bütün iman təlimçiləri: İsa Peyğəmbər, Konfutsiy, Budda, Əflatun, Aristotel, Sokrat, Müqəddəs Fransisk səhv etmişlərmi? Əgər söhbət dini mütəfəkkirlərin təlimindən getdiyindən siz buna ağız büzür və nifrətlə qımışırsınızsa, onda ateistlərin məsləhətlərinə müraciət edək. Amerikanın ən məşhur XX əsr ateisti Teodor Drayzerə müraciət edək. Əgər Drayzer bütün dinlərə necə bir nağıl kimi rişxənd edib belə hesab edirdisə ki, həyat axmaq adamın söylədiyi povest kimidir və onda çoxlu söz və ehtiras olduğu halda, məna yoxdur. Bununla belə, Drayzer İsa Peyğəmbərin söylədiyi belə bir ehkama valeh olmuşdu ki, bu da başqalarına xidmət göstərməyin vacibliyi barədə idi. Drayzer deyir ki, həyatın qısa bir anında insan düşünüb elə bir plan tutmalıdır ki, bu plan onun və başqalarının vəziyyətini yaxşılaşdırmaqla ümumi sevinc bəxş etsin. Bu duyulan sevinc dərəcəsi başqalarına görə onun özünün keçirdiyi sevinc hissinin dərəcəsindən və başqalarının ona görə sevinmələrinin həddindən asıla olacaqdır. Drayzer təkidlə qeyd edir ki, "Əgər başqalarının vəziyyətini yaxşılaşdırmağa hazırlaşırıqsa, onda tələsməliyik. Axı vaxt gözləmir, ötür." Bu yol ilə mən ancaq bir dəfə gedə bilərəm. Bəs belədirsə, qoy elə indi ləyaqətli hansısa tərifəlayiq hərəkət edim və ya yaxşılıq göstərim, bunu etmək üçün yaranmış fürsəti eldən verməyim, ona görə ki, bu yoldan mən heç vaxt bir daha keçməyəcəyəm." Ona görə də siz istəyirsinizsə narahatçılıqdan yaxa qurtarasınız və ruhi sakitlik və xoşbəxtlik əldə edəsiniz, onda yeddi qaydanı yerinə yetirin:
"Özünüzü unudun, ətrafdakılara maraq göstərin. Hər gün başqasının çöhrəsində gülüş yaradacaq xeyirxah iş görün.
Xülasə
Qayda 1. Düşüncənizi sakitlik, mərdlik, sağlamlıq və ümid doğuran fikirlərlə doldurun. Axı bizim həyatımız nəyin haqqında düşünürüksə, elə onun özüdür.
Qayda 2. Heç vaxt düşmənlərinizlə haqq-hesab çəkməyə cəhd göstərməyin, ona görə ki, bununla siz özünüzə daha çox zərər yetirərsiniz, nəinki düşməninizə. Gəlin general Eyzenxouer kimi hərəkət edək. Heç bir vaxt, bir dəqiqə də olsa, xoşlamadığınız adamlar barədə düşünməyək.
Qayda 3. A. Sizə göstərilən laqeydlik üçün narahatlıq keçirməyin. Belə halın baş verməsinə hazır olun. Yadınıza salın ki, İsa Peyğəmbər bir gündə on nəfər cüzamlı xəstəyə şəfa vermişdi, onlardan yalnız biri ona təşəkkür etmişdi. Bəs nəyə görə biz Peyğəmbərə göstərilən təşəkkürdən daha artıq minnətdarlıq gözləməliyik.
B. Bilin ki, xoşbəxtliyi qazanmağın yeganə üsulu minnətdarlıq gözləmədən öz xoşbəxtliyiniz naminə yaxşılıqlar etməyinizdir.
V. Yaddan çıxarmayın ki, təşəkkür etmə elə bir insanı keyfiyyətdir ki, bu, tərbiyə edilməklə başa gəlir: ona görə əgər biz istəyiriksə ki, bizim uşaqlar da minnətdar olmağı bacarsınlar, onları bu xasiyyətə alışdırmalıyıq.
Qayda 4. Ancaq nailiyyətlərinizin hesabını aparın, xoşagəlməz hallarınızın yox.
Qayda5. Başqalarını təqlid etməyin. "Özünüzü tapın" və "özünüzlə olun." Axı «paxıllıq cəhalətdirsə» təqlidetmə intihardır.
Qayda 6. Tale sizə «limon» qismət edibsə, çalışın ondan «limonad» düzəldəsiniz.
Qayda 7. Özünüz haqda unudun, ətrafınızdakılara maraq göstərin. Hər gün başqasının çöhrəsində gülüş yaradacaq xeyirxah iş görün.