17. Əgər qismətinizə limon düşmüşsə ondan Iimonad düzəldin

17. Əgər qismətinizə limon düşmüşsə ondan Iimonad düzəldin

Bu kitab üzərində işlədiyim ərəfədə bir dəfə Çikaqo universitetinə getdim və universitetin rektoru Robert Meynord Xatcins ilə söhbət etdim. Mən ondan soruşdum ki, o, narahatçılıqdan necə azad ola bilir? O, belə cavab verdi: «Mən həmişə „Sirs, Roubik end kompani“ firmasının keçmiş prezidenti mərhum Culius Rozenvaldın söylədiyi „Əlinizə limon düşmüşsə, ondan limonad düzəldin“ məsləhətinə riayət etməyə çalışırdım.
Məşhur pedaqoq məhz belə də edirdi. Ancaq axmaq adam isə, bunun əksinə edir. Əgər duyursa ki, taleyi ona limon qismət etmişdir, o, təslim olur və deyir: „Mən iflasa uğradım. Mənim taleyimdir. Mənim heç bir şansım yoxdur.“ Sonra da başlayır öz həyatından gileylənir. Ancaq „limon“ ağıllı adama qismət olursa o, deyir: „Mən bu xoşagəlməzliklərdən hansı ibrət dərsi götürə bilərəm? Mən öz vəziyyətimin yaxşılaşması üçün nə etməliyəm? “Mən bu limonu limonada neçə çevirim?»
Öz həyatını bütünlükdə insanın və onun gizli həyati qüvvələrinin öyrənilməsinə sərf etmiş məşhur psixoloq Alfred Adler bəyan edir ki, «bəşər övladının son dərəcə qəribə keyfiyyətlərindən biri də onun „mənfiləri müsbətə çevirmək bacarığıdır“.

Məhz belə hərəkət edən tanışımın maraqlı və ibrətamiz tarixini sizə danışacağam. Onun adı Telma Tompsondur. O, belə söyləyirdi: „Müharibə vaxtı Nyu-Meksika ştatının “Moxave səhrası yaxınlığında hərbi tədris düşərgəsində ərimi işə götürmüşdülər. Mən oraya, ayrı düşməməyim üçün onlarla birgə getdim. Mənim o yerləri görməyə gözüm yox idi. Orada nə mövcud idisə, hamısına nifrətim vardı. Mən həyatım boyu belə bir bədbəxtliklə üzləşməmişdim. Mənim ərimi Moxave səhrasına hərbi təlim keçməyə göndərmişdilər. Mən isə kiçik bir komada tənha qalmışdım. Burada Forenqeyt cədvəlinə görə kaktus kölgəsində 125 dərəcə dözülməz istilik vardı. Yaxın ətrafda bir kimsə belə yox idi ki, onunla söhbət edə biləm. Ətrafımda ingilis dilini qətiyyən bilməyən meksikalılar və hindular var idi. Külək ara vermədən əsirdi, yediyim bütün xörəklər və nəfəs aldığım havanın özü də qumla dolu idi. Hər yer qum, qum və qum idi!

Mən elə bədbəxt idim və özümə elə yazığım gəlirdi ki, hətta bu haqda valideynlərimə də yazdım. Mən evə yazmışdım ki, artıq mənim heç bir qüvvəm qalmayıb, evə qayıtmaq istəyirəm, mən bir dəqiqə də artıq bu hallara dözə bilmərəm. Qazamatda olmaq bundan yaxşıdır! Atam mənə iki sətirdən ibarət cavab məktubu yazdı. Bu iki sətirlik yazı ömürlük yaddaşımda qaldı və həyatımı tamamilə dəyişmiş oldu.
»İki adam qazamatın polad məhəccərləri arasından baxırdı: onlardan biri çirkabı, o biri isə ulduzları görürdü.
Mən dönə-dönə bu sətirləri oxuyaraq təkrarladım. Öz davranışımdan xəcalət çəkirdim. Düşdüyüm bu vəziyyətdən müsbət nə isə tapmağa qərar verdim. «Mən çalışdım ki, ulduzları görəm.»
Tezliklə yerlə əhali ilə dostlaşdım. Onların mənə olan münasibətlərinə heyran qalmışdım. Mən onların toxuduqları parçalar və düzəltdikləri saxsı əşyalarla maraqlandıqda onların yaxşı nümunələrini mənə bəxşiş verdilər, halbuki onları turistlərə satmaqdan imtina etmişdilər.

Mən kaktus bitkilərinin qəribə formalarını öyrənirdim. Çəmənlik işləri haqqında yeni məlumatlar öyrəndim, səhrada günəşin batmasını müşahidə etdim, buralar milyon il əvvəl dəniz dibi olduğundan dəniz balıqqulağı və ilbiz qabığı axtarırdım.
Görəsən, məndə bu fövqəladə dəyişikliyi nə yaratmış oldu? Maxave səhrası səbəb olmadı ki? Hindular olduqları kimi idilər. Dəyişən yalnız mən olmuşdum. Mən öz düşüncə tərzimi dəyişmişdim. Beləliklə, mən ən məşəqqətli iztirablarımı həyatımın ən həyəcanlı və maraqlı macəralarına çevirmiş oldum. Mən özümə yeni dünya kəşf etdim. Bu yeni dünyam məni həyəcanlandırır və ilhamlandırırdı. O qədər heyran olmuşdum ki, mən bu haqda «Parlaq işıqlandırılmış qalalar» adlı roman yazdım. Mən özümə yaratdığım qazamatın məhəccərlərindən ulduzları görə bildim.

Telma Tompson siz özünüz üçün qədim yunanların eramızdan beş yüz il qabaq təlim etdikləri həqiqəti kəşf etmisiniz: "ən yaxşı şeyləri yaratmaq hər şeydən çətin olur."
Harri Emirson Fosdik bunları XX əsrdə yenidən təkrarlamış oldu: «Xoşbəxtlik əsasən zövq almaq deyildir; bu, əslində qələbədir.» Bəli, qələbə keçirdiyimiz çətinliklərin aradan qaldırılması təntənəsi kimi, limonu limonada çevirdiyimiz zaman keçirdiyimiz yüksək hisslərin nəticəsi kimidir.

Mən bir dəfə Floridada hətta zəhərli «limonu limonada» çevirməyə müyəssər olmuş xoşbəxt bir fermerin evində oldum. Fermaya sahib olduğu zamanlar əvvəlcə o, çox naümid vəziyyətdə idi. Torpaq heç nəyə yararlı deyildi. Belə torpaqda meyvə yetişdirmək və ya donuzçuluğu inkişaf etdirmək mümkün deyildi. Sahədə yalnız palıd kolları bitir və «zınqırovlu» (mələyən) ilanlar yaşayırdı. Nəhayət ki, onun ağlına belə bir fikir gəldi. Düşündü ki, «mənfiləri müsbətə» çevirməyə cəhd göstərmək lazımdır. Nə üçün də axı bu «zınqırovlu» ilanlardan fayda əldə etməyək? Hamının təəccübünə baxmayaraq o, bu ilanların ətindən konserv məhsulu hazırlamağa başladı. Bir neçə il sonra mən onun fermasına baş çəkdim, gördüm ki, çoxlu turist bu zınqırovlu ilan fermasına tamaşa edir. Bu fermanı görməyə ildə 20000 insan gəlirdi. Onun müəssisəsi çiçəklənməyə başlamışdı. İlanların dişlərindən alınan zəhər antitoksik immun zərdabı hazırlamaq üçün laboratoriyalara göndərilirdi. İlanların dərisindən ağlasığmaz pullar əldə edilirdi. Bu ilan dərilərindən qadınlar üçün ayaqqabı və çantalar hazırlanırdı. Mən gördüm ki, bu mələyən ilanların ətindən hazırlanmış konserv məhsulları bütün dünya müştərilərinə necə göndərilirdi. Mən üstündə fermanın şəkli olan poçt markasını aldım «zəhərli limonu limonada» çevirən insanın şərəfinə təzə adlandırılmış «zınqırovlu ilanlar» poçtunun ünvanına açıq məktub göndərdim.
Nə qədər ki, mən bütün Amerikanı dolaşmışam, xoşbəxtlikdəndir ki, gəzdiyim yerlərdə onlarla «mənfini” müsbət çevirə bilən kişi və qadına təsadüf etmişəm.

Mərhum Uilyam Bolita kitabında yazır ki, „Həyatda ən önəmli hal öz qüvvə və bacarığından maksimum istifadə edilməsində deyildir. Hər bir axmaq bunu bacarar. Əslində işə, ən önəmli hal və hərəkət itkilərdən xeyir əldə etmək bacarığıdır. Bu isə ağıl tələb edir, buradadır ağıllı adamla axmaq arasındakı fərq.“
Bolita bu sözləri dəmiryol qəzasında ayağını itirdikdən sonra söyləmişdi. Amma mən adam tanıyıram ki, hər iki ayağını itirdikdən sonra bu itkinin artıqlaması ilə əvəzini çıxa bilmişdi. Onun adı Ben Fortson idi. Mən onunla Corciya ştatının Atlante otelində tanış olmuşdum.
Mən liftə daxil olduqda mənim diqqətimi iki ayağı olmayan, lakin şən, gülümsər bir insan çöhrəsi cəlb etdi. Lift onun mərtəbəsində dayandıqda o, nəzakətlə mənə müraciət etdi ki, mən onun öz kürsüsü ilə liftdən çıxması üçün liftin bir kənarına çəkilim. O, mənə belə dedi: „Mən sizi narahat etdiyimə görə çox heyfsilənirəm.“ Bu an onun sevinc bəxş edən şən gülüşü çöhrəsini nurlandırırdı.
Liftdən çıxdıqdan sonra öz otağıma daxil oldum. Mən daim həyatından razı o şikəst adam haqqında düşünürdüm. Odur ki, mən sonradan onu tapdım və xahiş etdim ki, o, öz həyatı haqda danışsın. O, gülümsəyərək dedi:

Bu hadisə 1929-cu ildə baş verdi. Mən fındıq ağacları olan sahəyə getdim ki, bağçamda əkilmiş paxla cücərtilərinə dayaq məqsədilə çubuq tədarük edim və kəsdiyim çubuqları öz „ford“ maşınıma yüklədim ki, evə yollanım. Birdən necə oldusa, çubuqlardan birisi sürüşərək avtomobilin altına düşdü və mən sükanı kəskin çevirərkən çubuq idarəetmə sisteminə düşərək sükanı pərçimlədi. Avtomobil gözlənilmədən çəpəri aşdı və məni tullayaraq ağaca çırpdı. Mənim fəqərə sütunum zədələndi. Ayaqlarım iflic oldu.
Bu hadisə mənim 24 yaşım olduqda baş vermişdi. O vaxtdan mən ayaqlarımla bir addım da atmamışam. 24 yaşımda ömürlük əlil arabasına məhkum olundum.
Mən ondan soruşdum ki, bütün bunlar baş verə-verə mərdanə yaşamağa siz necə müyəssər oldunuz? O, belə cavab verdi: „Mən əvvəlcə bu halım ilə barışmağı heç cür bacarmırdım. Mən olduqca əsəbi və naümid idim. Daim öz taleyimi lənətləndirirdim.“ İllər çox üzücü keçirdi. Nəhayət, dərk etdim ki, əsəbilik mənə sərtlikdən başqa heç nə gətirmir. „Nəhayət, başqalarının mənə qarşı olan diqqət və xeyirxahlıqlarını qiymətləndirməyə başladım, — deyərək o, sözünə davam etdi və qərara gəldim ki, mən ən azı onlara qarşı diqqətlə və mehriban olmalıyam.“

Mən soruşdum ki, o, belə hesab edirmi ki, hadisədən belə çox vaxt keçməsinə baxmayaraq, bunu o, hələ də həyatının ən dəhşətli fəlakəti sanır? O, dərhal cavab verdi ki, yox. „Mən indi demək olar, şadam ki, bu hadisə baş verdi.“ Mənə o danışdı ki, bütün sarsıntılar və həyəcanlar keçdikdən sonra o, elə bil başqa bir dünyada yaşamağa başlamışdır. O, kitab oxumaqla məşğul olur və yaxşı ədəbiyyatları sevməyə başlamışdı. On dörd il ərzində təxminən min dörd yüz kitab oxumuşdur və bu kitablar onun üçün yeni üfüqlər açmış və həyatı heç zaman mümkün hesab etmədiyi həddə qədər zəngin olmuşdur. O, bəyəndiyi yaxşı mahnı və melodiyalara qulaq asır və indi keçmişdə ona darıxdırıcı görünən böyük simfoniyalara valeh olurdu. Ən başlıca dəyişiklik isə onun üçün fikirləşməyə vaxtın yaranması olmuşdu. O, belə deyir: „Həyatımda ilk dəfə idi ki, qərəzsiz bir tərzdə dünyaya tamaşa edirdim və dəyərlərin həqiqi mənalarını hiss etmək iqtidarında idim. Mən dərk etməyə başladım ki, keçmişdəki mənim səylərim heç imiş.“

Çoxlu müalicə ilə bahəm o, siyasət ilə də maraqlanır, cəmiyyət problemlərini də öyrənir, yığıncaqlarda öz kürsüsündə oturmuş vəziyyətdə çıxışlar edirdi. Tədricən o, çox insanlarla tanış olmuşdu və insanlar da onu tanımışdılar. Hal-hazırda Ben Forston əvvəlki kimi öz kürsüsünü tərk etmədən Corciya ştatının katibi işləyir!
Mən 35 ildir ki, Nyu-Yorkdakı yaşlıların kursuna rəhbərlik edirəm. Bu müddət ərzində mən dərk etdim ki, kurs dinləyicilərinin əksər hissəsi peşmandırlar ki, kollecdə təhsil almamışlar. Hər halda onlar belə hesab edirlər ki, ali təhsilin yoxluğu böyük maneədir. Buna baxmayaraq, mən bilirəm ki, bu həmişə belə olmur, minlərlə insan vardır ki, onlar yalnız orta təhsilləri ilə həyatlarında çoxlu nailiyyətlərə yiyələnmişlər. Ona görə də mən öz dinləyicilərimə kəşf etdiyim bir adamın tarixindən danışdım. O, hətta ibtidai məktəbi də bitirməmişdi. O, dəhşətli yoxsulluq şəraitində böyümüşdü. Onun atası vəfat etdikdə dəfni üçün dostları pul toplayaraq tabut almışdılar. Atası öldükdən sonra onun anası çətir fabrikində işləməyə başlamışdı. O, hər gün 10 saat işləyirdi və əlavə işə muzd çalışırdı. Evdə də hər axşam saat on birə qədər işləyirdi. Belə şəraitdə tərbiyələnən oğlan kilsədə təşkil edilmiş dram dərnəyində aparılan məşğələlərə də gedirdi. Səhnə ifaçılığı onda elə bir heyranlıq yaratmışdı ki, hətta o, natiqlik sənətinə də yiyələnməyə qatılmışdı. Bu, onu siyasətə qoşulmağa da həvəsləndirmişdi. Onun otuz yaşı olduqda Nyu-York ştatında leqislaturaya (ölkənin qanunverici orqanlarına) seçilmişdi. Amma çox heyf ki, belə məsuliyyətə o, qətiyyən hazır deyildi. O, mənə açıqca etiraf etmişdi ki, işdə nəyin nə olduğu haqda onun heç təsəvvürü belə yox imiş. O, orada uzun dolaşıq qanun layihələrini öyrənirdi. Lakin bu sənədlər onun üçün çoktau hindlilərinin dilində olduğu qədər anlaşılmaz idi. Hələ meşə ilə tanış olmamışdan qabaq onun meşə işləri üzrə komitəyə üzv seçilməsi onu narahat etmiş, çaşdırmışdı. O, ştatın Bank komissiyasının üzvü seçildikdə də bərk narahat olmuş və karıxmışdı ki, heç onun adına bankda hesab belə yoxdur. O, mənə etiraf etdi ki, tutduğu vəzifəsindən imtina etmək fikrindədir. Ancaq bu haqda anasına söyləmək onun özü üçün çox eyib olacağım düşünürdü. Odur ki, işini davam etdirməyə çalışırdı. O, qərara gəlmişdi ki, hər gün on altı saat fədakarcasına işləsin və öz „biliksizlik limonunu“ „bilik və elm“ limonuna çevirsin. Nəticədə o, yerli səviyyədə siyasətçi olduğu halda, milli miqyasda siyasi fiqura çevrilmişdi və o qədər məşhurlaşmışdı ki, „Nyu-York Tayms“ qəzeti ona „Nyu-Yorkun sevimli sakini“ adı vermişdi.

Mən sizə El Smit haqqında danışıram.
El Smit öz siyasi „özünütəhsil“ proqramını yerinə yetirməyə başladıqdan sonra o, Nyu-York idarəsinin məşhur şəxsiyyəti tək tanınmış oldu. O, Nyu-Yorkun dörd müddətə qubernatoru seçildi. Belə bir qısa müddətdə rekord yüksəliş heç kəsə nəsib olmamışdı. 1928-ci ildə o, demokratik partiyadan prezidentliyə namizəd idi. Kolumbiya və Harvard da daxil olmaqla, altı məşhur universitet vur-tut ibtidai təhsili olan adamı fəxri alimlik dərəcəsi ilə təltif etdi.
El Smit şəxsən mənə dedi ki, bütün bunların hamısı onun gərgin əməyinin nəticəsində əldə edilmişdir. Əgər hər gün o, on altı saat işləməsəydi, özünün „mənfilərinin“ müsbətə çevrilməsinə nail ola bilməzdi.
Mən nailiyyətlərə çatmış insanların həyatını nə qədər çox öyrənirəmsə, onların əksərinin öz fəaliyyətlərinin başlanğıcında böyük maneələri ilə üzləşdiklərinin şahidi oluram. Məhz bu maneələr və çətinliklər onları ciddi səylərə təhrik etmiş və nəticədə böyük nailiyyətlərə çatdırmışdır. Necə ki, Uilyam Ceyms demişdir: „Bizim mənfi amillərimiz gözlənilmədən bizə kömək etmiş olur.“
Beli, ehtimal ki, Milton ən gözəl şerini ona görə yaza bilmişdi ki, o, kor idi və ola bilər ki, Bethoven də kor olmasaydı, bu cür gözəl musiqi bəstələyə bilməzdi.

Elen Kelleri misilsiz tayı-bərabəri olmayan nailiyyətlərə gətirib çıxaran ola bilər ki, onun kor və kar olması olmuşdur.
Yer üzündə həyatın yaranması barədə bəşəriyyətə yeni elmi konsepsiya vermiş bir şəxs deyir: „Əgər bu qədər naümid əlil olmasaydım, yəqin ki, öz üzərimə belə nəhəng zəhməti götürməzdim və belə nailiyyətə də sahib ola bilməzdim.“ Çarlz Darvin də bu tərzdə etiraf etmişdi ki, onun da həyatında olan çatışmazlıqlar gözlənilmədən ona kömək etmişdir.

İngiltərədə Çarlz Darvinin doğulduğu gün Kentukki meşələrində ağac növlərindən tikilmiş komada bir uşaq doğulmuşdu. Ona da həyatı boyu törənmiş maneələr kömək olmuşdur. Onun adı Linkoln. Avraam Linkoln idi. Əgər o, zadəgan bir ailədə tərbiyə alıb sonradan Harvardda hüquq şöbəsini bitirmiş olsaydı və onun ailə həyatı xoşbəxt keçsəydi, onda tamamilə mümkün idi ki, qəlbinin dərinliklərindən gələn və Hetteisberqdə əbədiləşdirdiyi kəlamlarını, ikinci dəfə prezident vəzifəsinə seçildiyi gün oxuduğu müqəddəs poemadan olan ifadələrini heç bir dövlət başçısının bu vaxta qədər söyləyə bilmədiyi „Heç kəsə qarşı kin və qəzəbini yönəltmədən hamıya qarşı öz səmimiliyini göstər.“ kəlamını o da söyləyə bilməzdi.

Harri Emerson Fostik „Mahiyyəti görə bilmək bacarığı“ kitabında deyir: „Skandinaviyada belə bir atalar sözü vardır ki, bizim çoxumuz onu öz həyatımızın devizi tək qəbul etməliyik: “Şimal küləkləri vikinqləri yaratdı.» (qədim Skandinaviya əsgəri — vikinq). Axı biz nədən bilirik ki, sakit həyat sürmək, ondan tam zövq almaq şəraitinin mövcudluğu, ümumiyyətlə, çətinliklərin qeybə çəkilməsi və qayğının olmaması özü-özlüyündə insanları bəxtiyar və xoşbəxt edə bilir? Əksinə, insanın özünə yazığı gəlməsi və özünə rəhm etmə meylliliyi, o, hətta yumşaq «nazbalış» üzərində uzandıqda belə, özünə rəhmdil olmağını bir daha davam etdirmək istər. Lakin bəşəriyyət tarixindən bəllidir ki, əgər insanlar icra zamanı məsuliyyəti şəxsən öz üzərinə götürürlərsə, onlara məşhurlaşma və xoşbəxtlik onların düşə bildikləri hər bir yaxşı, pis və orta vəziyyət şəraitlərində, nəsib ola bilir.
Beləliklə, mən yenə də təkrarən deyirəm: "Şimal küləkləri vikinqləri yaratdı."
Deyək ki, biz ruhdan o qədər düşmüşük ki, hətta haçansa bizə nəsib olan «limon”larımızı „limonada“ çevirə biləcəyimizə inamımızı artıq itirmişik. Belə olduqda bəs biz „mənfiləri müsbətə“ çevirməyə nə üçün cəhd göstərməməliyik? Bu cəhdin lüzumluluğunun iki səbəbini sizə göstərmək istərdim. Heç nə itirmədən müvəffəqiyyət qazanmağımıza tam imkanımızın olacağına iki səbəb:
I səbəb: Müvəffəqiyyət qazanmağımızın ehtimalının mövcudluğu
II səbəb: Hətta əgər biz heç nə qazanmasaq da, bizim „mənfiləri müsbətə“ çevirmək səylərimiz bizi məcbur edəcəkdir ki, geriyə deyil, qabağa baxaq: belə halda bizim müsbət fikirlər mənfiləri sıxışdırıb çıxaracaqdır; bununla da bizdə yeni yaradıcılıq enerjisi zühur edəcəkdir və biz o qədər məşğulluq mühitinə qapılacağıq ki, bizim ötüb keçmişlər barədə dərd çəkməyə nə
vaxtımız və nə də ki, buna meylimiz olacaqdır.

Bir dəfə dünya miqyaslı məşhur skripka çalan Ole Bull Parisdə konsert verərkən birdən onun çalğı alətinin „A“ — simi qırılmışdı. Ancaq Ole Bull isə heç nə olmamış kimi sadəcə olaraq mahnısını skripkanın salamat qalmış üç simində çalaraq bitirmişdi. Emirson Fostik demişkən: „Həyat belədir də o, bizi bəzən çalmağa başladığımız havanı simin birisi sıradan çıxarsa, salamat qalan üç simdə yekunlaşdırmağa məcbur edir.
Belə olan təkcə həyat deyildir. Bu, həyatdan da artıqdır. Bu, qələbə çalan həyatdır. İmkanım olsaydı Uilyam Bolitonun dediklərini tunc lövhə üzərində əbədiləşdirər və ölkənin hər bir məktəbinin divarından asardım. “Həyatda ən başlıcası, əldə edilmiş nailiyyətlərdən maksimum istifadə etmək bacarığı deyildir. Bunu hər bir axmaq insan bacara bilər. Ən mühüm əhəmiyyətlisi odur ki, itkilərdən xeyirli nə isə əldə etməyi bacarasan. Bu isə ağıl tələb edir. Bax bundadır ağıllı insanla axmaq arasındakı fərq.»
Beləliklə, sizə ruhi sakitliyi və xoşbəxtliyi gətirə biləcək həyata olan münasibəti özünüzdə aşılamaq üçün aşağıdakı altıncı qaydanı yerinə yetirməyə çalışın:
«Tale sizə „limon“ qismət edəndə çalışın ondan „limonad“ düzəldəsiniz.
Top