16. Özünüzü dərk edin və özünüzlə olun

16. Özünüzü dərk edin və özünüzlə olun

Mən xanım Edit Olreddən məktub aldım. Məktubunda o, belə deyirdi: «Mən uşaq vaxtlarımda yüksək hissiyyatlı və utancaq idim. Mənim həmişə normadan artıq çəkim olurdu, yanaqlarımın quruluşu məni olduğumdan daha „gonbul“ göstərirdi. Mənim anam qədim adət-ənənəni gözləyən bir qadın idi və o, belə hesab edirdi ki, qadının geyimi çox da qəşəng olmamalıdır. O, həmişə deyərdi ki, „geniş tikilmiş paltar geyinmək daha münasibdir, dar geyim isə çox tez sökülüb-dağılır. O, məni bu prinsiplər əsasında geyindirirdi. Mən heç zaman qonaqlıqlara getməzdim. Heç bir əyləncəm də olmazdı. Mən məktəbə getdikdə açıq havada heç bir əyləncəli oyunda iştirak etməzdim, hətta idmanla da məşğul olmazdım. Mən ifrat utancaq bir qız idim. Mənə elə gəlirdi ki, mən başqalarına oxşar deyiləm və özümü də tamam qeyri-cazibədar və görkəmsiz sanırdım.

Yaşa dolduqdan sonra yaşca məndən bir neçə il böyük adama ərə getdim. Mən isə yenə də təbiətcə deyişə bilmədim. Ərim tərəfdən mənim qohumlarım sakit və özünə inamlı insanlar idilər. Mən sahib olmadığım keyfiyyətlərə onlar sahib idilər. Mən var qüvvəmlə onlara oxşamağa can atırdım, ancaq buna nail ola bilmirdim. Onların məni adama yovuşan etmək cəhdləri nəticə vermirdi, mən daha da qapalı təbiətli olurdum. Mən əsəbi və tündməzac olmuşdum. Mən bütün dostlarımdan qaçırdım. Vəziyyətim elə pisləşmişdi ki, hər dəfə qapı döyüləndə mən dəhşətdən əsirdim. Özümü talesiz bir insan sanırdım. Mən belə düşünür və qorxurdum ki, ərim də bunu duya bilər. Ona görə də biz birlikdə cəmiyyət içərisində olduqda çalışırdım ki, şən əhvali-ruhiyyədə olam, buna nadir hallarda müvəffəq ola bilirdim. Bundan sonra mən özümü daha uğursuz və bəxtsiz sanırdım.
Axırda mən elə mütəəssir vəziyyətə düşmüşdüm ki, yaşamağı artıq mənasız hesab edirdim. Mən intihar haqda düşünürdüm.“
Bəs bu bədbəxt qadının həyatını nə dəyişdirdi? Bir təsadüfi mülahizə, bir təsadüfi rəy.
Olred xanım deyirdi ki, mənim həyatımı dəyişdirən qayınanamın söhbəti oldu. O, bir dəfə öz uşaqlarını necə tərbiyə etdiyindən danışdı. „Nə hadisə baş versə də, mən həmişə onlardan tələb edirdim ki, “özünüzlə olun.» "Özünlə olmaq!" Bu tərzdə verilmiş məsləhət həyatımı yeni yöndə dərk etməyə məni məcbur etdi. Birdən mən elə bil yuxudan ayıldım. Anladım ki, bütün dərdlərim mənə yaraşmayan, mənə uyğun gəlməyən bir rola girmək üzündən baş vermişdi. Mən dərhal öz davranışımı deyişdim. Çalışdım ki, özümün şəxsi mənliyimi dərk edəm. Özümün kimliyini öyrənməyə cəhd göstərdim. Güllərin rənginə görə ayırd edilməsini və özümə yaraşan üslubda geyinməyi öyrəndim. Yeni dostlar tapdım. Çox da böyük olmayan ictimai təşkilatlara üzv oldum. Mənə çıxış etmək həvalə olsaydı, ilk vaxtlar qorxumdan donub qalardım. Sonradan hər yeni çıxışımda daha ürəkli və mətin olurdum. Əvvəllər arzularda yaşadığım daha xoşbəxt anlarıma çatmaq üçün az vaxt sərf edilmədi. Mən öz uşaqlarımı belə acı təcrübələrimdən qazandığım qaydalar əsasında tərbiyələndirirdim. Doktor Ceyms Qordon Cilki deyir: "Özü ilə olmaq "özünü dərk etmək" problemi həyatın özü qədər qədimdir və insan həyatı qədər hərtərəflidir. İnsanın "özü ilə olmaqdan" imtinası isə onun ruhi, əsəb və kompleks digər xəstəliklərin gizli səbəblərindən biridir. Uşaqların tərbiyə edilməsindən bəhs edilən on üç kitab və minlərlə qəzet məqalələrinin müəllifi Ancelo Patri deyirdi: "ən bədbəxt o şəxsdir ki, müəyyən ruhi və fiziki xüsusiyyətlərə malik insandan fərqlənib hansı cəhətə görə isə başqa bir şəxsiyyətə çevrilməyi arzu edir." Özünü başqasına oxşatmaq ciddi-cəhdi, xüsusən Qollivudda geniş yayılmışdır. Qollivudun ən məşhur rejissorlarından biri Sem Vud söyləyirdi ki, ən böyük çətinliklərə mən gənc, şöhrətpərəst aktyorlarla apardığım işlər zamanı yuxarıdakı prob­lemlərlə rastlaşırdım. Onları "öz xasiyyətlərində qalmağa" məcbur etmək istəyirdim. Onların hamısı ikinci dərəcəli Lanoy Terner və yaxud üçüncü növ Klark Qeybl olmaq istəyirdilər. «Tamaşaçılar artıq onların parlaq fərdilikləri ilə tanışdırlar.» deyərək Sem Vud yorulmadan təkrarlayırdı. İndi isə o, nə isə başqa bir şey tələb edir."
 
"Əlvida cənab Cips" və «Zəng, nədən səslənir?» filmlərinin çəkilişinə qədər Sem Vud uzun illər daşınmayan əmlakın ticarəti ilə məşğul olan müvəkkil işləmişdi. O, bəyan edirdi ki, biznes dünyasında və kino sahəsində eyni prinsip tətbiq edilə bilir. "Əgər siz həmişə meymunluq edərsinizsə, heç nəyə nail ola bilməzsiniz." Tutu quşu olmaq yaramaz. Sem Vud deyir ki, ən məqsədəuyğun hal ondan ibarətdir ki, özlərində olmayan xüsusiyyətlərə malik olduqlarını güman edən adamlardan mümkün qədər tez yaxa qurtarasan."
Bu yaxınlarda «Sokoni-Vakuum-Oyl» neft şirkətinin kadrlar şöbəsinin rəhbəri Pol Bayntondan soruşdum ki, ona iş üçün müraciət edən insanların ən böyük səhvləri və nöqsanları nədən ibarətdir? Əlbəttə, o, bunu bilməlidir. Çünki o, iş axtaran altmış min insanla söhbət etmişdi. Bundan başqa "İşə düzəlmək üçün altı üsul" adlı kitab yazmışdı. O, belə cavab verdi ki, iş axtaran insanların ən böyük səhvi ondan ibarətdir ki, onlar özlərini olduqları kimi təqdim etmirlər. Onlar özlərini sərbəst və səmimi aparmaq əvəzinə çox çalışırlar elə cavab versinlər ki, guya siz onlardan məhz belə cavablar eşitmək istəyirsiniz. Lakin bu heç bir fayda verməz. "Çünki belə «başqalaşma» qəlp pul tək heç kəsə lazım deyildir."
Bax buna bir qadın öz uğursuz, acı təcrübəsi ilə əmin olmuşdur. O, tramvay bələdçisinin qızı idi. Bu qız xanəndə olmağa can atırdı. Lakin onun sifət quruluşu ona böyük namünasiblik gətirirdi. Onun böyük ağzı və irəliyə çıxan dişləri vardı. İlk dəfə Nyu-Cersidə gecə klubunda kütlə qarşısında çıxış edərkən o, hey çalışırdı ki, üst dodağını aşağı əyərək çölə çıxan dişlərinin üstünü örtsün. O, cəhd edirdi ki, «qəşəng» görkəmdə olsun, amma bun­dan nə alındı? O, gülünc bir vəziyyətə düşdü. Onun uğur qazanmaq səyi müvəffəqiyyətsizliklə qurtara bilərdi.
Lakin gecə barının müştəriləri içərisindən birisi onun oxumasını eşitdikdə düşündü ki, bu qızın ifaçılıq qabiliyyəti vardır. Həmin şəxs qıza belə dedi: «mən sənin çıxışına qulaq asdım və bildim ki, sən nəyi gizlətməyə çalışırsan. Sən dişlərinə görə utanırsan.» Qız pərt oldu, bu kişi isə söhbətini davam etdirdi: «Nə olsun ki? Qəşəng, dişlərin olmaması cinayətdirmi? Onları gizlətməyə səy göstərmə! Aç ağzını, tamaşaçılar artıq utanmadığını görüb sevəcəklər səni. Bundan başqa, gizlətmək istədiyin həmin dişlər ola bilər ki, sənə nailiyyət və dövlət gətirsin!
Kese Deyli onun məsləhətinə qulaq asdı, dişləri haqda unutdu. O vaxtdan ancaq tamaşaçılar barədə düşündü. Ağzını geniş açaraq o, elə bir temperament və təsiredici dərin hissiyyatla oxumağa başladı ki, az zaman içərisində ən parlaq kino və radio ulduzuna çevrildi. Başqa komediya aktrisaları da onu təqlid etməyə başladılar.

Məşhur Uilyam Ceyms „orta hesabla insanlar özlərinin intellektual bacarıqlarının yalnız on faizini inkişaf etdirə bilirlər“ dedikdə nəyə qadir olduqlarını bilməyən adamları nəzərdə tuturdu. Ceyms göstərir ki, biz necə ola biləriksə, onun ancaq yarısı qədər sayıqlıq göstəririk. „Biz öz fiziki və əqli bacarığımızın kiçik bir hissəsindən istifadə edirik. Ümumilikdə deyilərsə, insan öz imkanlarından tam istifadə etməkdən çox-çox uzaq qalır. İnsan bihudə yerə istifadə edilməyərək qalan müxtəlif növ qüvvə və imkanlara malikdir.“ Əslində də, siz, mən və hamımız belə qüvvələrə malikik, amma bunu biz tam dərk etmirik. Ona görə də sizin „mən başqalarına nəyə görə bənzəyə bilmirəm.“ — deyərək daim narahatçılıq keçirməyinizə heç bir lüzum yoxdur. Siz bu dünyada özünüzü nə isə yeni bir varlıq kimi təqdim etməlisiniz. Heç zaman bəşər həyatının başlanğıcından indiyədək elə bir ikinci nəfər olmamışdır ki, dəqiq sizə bənzəmiş olsun və bilin ki, gələcəkdə də bütün əsrlər boyu sizin təkrarınız olmayacaqdır.
Genetiklərin bəlli məlumatlarına görə, biz hazırkı qiyafədə, formada, şəkildə, xasiyyət və xüsusiyyətdə və s. 24 ata və 24 ana xromosomlarının qarşılıqlı təsirləri nəticəsində yaranmış varlıqlarıq. Bu cəmi 48 xromosomda bizim irsiliyimizi təyin edən səbəblər qoyulmuşdur.
Amran Şeynfeld yazır ki, „Hər bir xromosomda iyirmidən yüzə qədər gen olur. Onu da nəzərə alın ki, bəzi hallarda bircə gen insan həyatını tam dəyişməyə qadirdir.“ Doğrudan da, biz insanlar çox „heybətli və ecazkar qaydada yaradılmışıq.“

Hətta sizin ata və ananız evləndikdən sonra onlardan məhz sizin kimi bir insanın doğulacağı şansı 300000 milyardda biri ola bilərdi. Başqa sözlə sizin 300.000 milyard qardaş və bacınız doğulardısa, onların hamısından heç biri sizə identik oxşaya bilməzdi. Siz elə düşünə bilərsiniz ki, bunların hamısı gümandır? — Heç də yox! Bu, elmi faktlardır. Bu məsələyə əlavə məlumat əldə etmək istəyirsinizsə, kitabxananıza gedərək Amran Şeynfeldin „Siz və irsiyyət“ adlı kitabını götürüb oxuyun.

»Özünü tap" bəşər kəlamını deməkdə mənim əsasım vardır. Çünki bu kəlam mənim hisslərimə dərindən-dərinə toxunur. Mən nə haqda danışdığımı yaxşı bilirəm. Mənim acınacaqlı həyati təcrübəm mənə çox baha başa gəlmişdir. Bunun misallarla izahı belədir: Mən ilk dəfə Missurinin qarğıdalı əkinlərindən Nyu-Yorka gəldikdən sonra Amerikanın dram sənəti üzrə akademiyasına daxil olmuşam. Mən aktyor olmağa cəhd göstərirdim. Elə düşünürdüm ki, ağlıma parlaq bir ideya, özü də sadə, uduzmaq sonucu olmayan bir ideya gəlmişdir. Düşünürdüm ki, görəsən nə üçün minlərlə şöhrətsevən insanların ağlına belə bir fikir gəlməmişdir. Mən o zamanın Con Dryu, Uolter Xempdən və Otis Skinner kimi ən məşhur aktyorların necə müvəffəqiyyət qazandıqlarını öyrənəcəyəm, dedim. Sonradan isə onların hər birinin ən yaxşı ifaçılıq məharətlərini özümdə birləşdirməyi nəzərdə tuturdum. Güman edirdim ki, bu, mənim ən parlaq və misilsiz bir aktyor olmağıma kömək edəcəkdir. Heyhat! Necə də axmaq bir fikir! Tam mənasızlıq! Mən öz həyatımın illərini başqalarını yamsılamaqda itirmək məcburiyyətində qalmışdım. Bu hal mənim bacarıqsız Missurili küt kəlləmə çatana qədər davam etdi. Mən dərk etməliydim ki, "özümlə olmağı" bacarmalıyam. Başqalarını təqlid etmək, dönüb başqası olmaq mümkün deyildir.

Mənim bu kədərli təcrübəm uzun illər boyu mənə dərs olmalı idi. Ancaq belə olmadı. Yəqin ki, bu halları dərk etməkdə mən olduqca «kütbeyin» olmuşam. Lakin bunların hamısını təzədən yaşamağa özümü məcbur etdim. Bir neçə ildən sonra kitab yazmağa başladım. Özlüyümdə düşünürdüm ki, bu kitab işgüzar adamların natiqlik sənəti haqqında nə vaxtsa yazılmış ən yaxşı kitablardan biri olacaqdır. Ancaq kitabı yazarkən aktyor olmaq istədiyim dövrlərdə əldə rəhbər tutduğum həmin axmaq ideyalardan əl çəkməmişdim. Yenə də onlardan istifadə etməyə meylli idim. Mən elə bir kitab yazmaq fikrinə düşmüşdüm ki, digər yazıçıların mülahizələrini də götürüb orada ümumiləşdirə bilim. Beləliklə, mən aktyorluq sənəti üzrə onlarla kitab əldə etdim və bir il də vaxtımı sərf etdim ki, onların fikirlərini öz əl yazılarımda birləşdirəm. Lakin yenə ağlıma gəldi ki, mən özümü axmaqcasına aparıram. Başqalarının fikirlərindən ibarət yazdığım bu qarışıq düşüncələr o qədər kompilyativ (müstəqil tədqiqat aparılmadan başqalarının əsərlərindən istifadə yolu ilə düzəldilmiş əsər) və o qədər cansıxıcı idi ki, heç bir iş adamı bunların üzərində boş yerə əlləşməzdi. Belə olduqda bütün illik əməyimi bir anda zibil səbətinə tullamalı oldum və hər şeyi təzədən başladım. Bu dəfə mən öz-özümə belə dedim: «Sən Deyl Karnegisən və bütün çatışmazlıqların və zəifliyinlə də birlikdə Deyl Karnegi olaraq qalmalısan. Bütün ehtimallara görə sən başqa heç kəs ola bilməzsən.» Mən başqalarının məziyyətlərini öz fikirlərimlə uzlaşdıraq istəyimdən vaz keçdim və çırmanaraq əvvəldən məşğul olduğum fəaliyyətimə başladım. Mən necə bir natiq kimi natiqlik sənətinə aid müşahidələrimin, təcrübəmin və mülahizələrimin əsasında natiqlik sənətinə aid bir dərslik hazırladım. Deyəsən, Uolter Reley tək mən həmişəlik dərk etdim ki, (mən burada kral arvadının tapdayıb keçməsi üçün öz plaşını palçıqlı küçənin ortasına atan cənab Uolter haqqında danışıram. Söhbət 1604-cü ildə Oksfordda ingilis ədəbiyyatı professoru cənab Reley barədə gedir) «Mən Şekspir səviyyəsində kitab yaza bilmərəm, ancaq bacarığım çatan səviyyədə yaza bilərəm.»

"Öz-özünüzlə olun!" Mərhum Corc Qerşvinə İrvinq Berlinin verdiyi müdrik məsləhətə riayət edin. Berlin ilə Qerşvin ilk dəfə tanış olduqları zaman Berlin artıq məşhurlaşmış, Qerşvin isə hələ həyat yollarını axtaran gənc bir bəstəkar idi. O, yüngül mahnılar bəstələməklə həftədə ancaq otuz beş dollar pul qazana bilirdi. Qerşvinin məharəti isə Berlində dərin təəssürat yaratmışdı və ona məvacibi üç dəfə artıq olan özünün musiqi üzrə katibliyi vəzifəsini təklif etdi. Berlin həm də ona məsləhət bildi ki, bu təklifə razılıq verməsin. "Əgər siz bu vəzifədə işləsəniz, onda ola bilər ki, siz «ikinci növ» Berlin olasınız. Amma siz təkidlə "öz-özünüzlə qalmaq" istəsəniz, gün gələr ki, siz birinci dərəcəli Qerşvin olasınız."
Qerşvin bu məsləhətə diqqət yetirdi və tədricən öz həmyaşıdları arasında Amerikanın ən məşhur bəstəkarından biri oldu. Çarli Çaplin, Uill Rodjers, Meri Marqaret Makbrayd, Cin Otri və milyonlarla digərləri bu başlıq altında sizin diqqətinizə çatdırmaq istədiklərindən ibarət dərsi almaq məcburiyyətində olmuşlar. Bu onlara və mənə çox baha qiymətə başa gəlmişdir.

Çarli Çaplin kinoya çəkilməyə başladıqda kinonun rejissoru təkid edir ki, o, həmin dövrün məşhur alman komikini (məzhəkəçisin) təqlid etsin. Çarli Çaplin öz fərdi məharətini üzə çıxarmayana qədər heç bir nailiyyət əldə edə bilməmişdi. Bob Xoup da həmin həyatı yaşadı: o, da uzun illər musiqinin müşayiəti ilə rəqs edirdi. Lakin heç cür müvəffəqiyyət qazana bilmirdi. O, elə ki, özünün xüsusi janrının, yəni yumorlu nağıl sənətini seçdi, o vaxtdan şöhrət qazanmağa başladı. Rodjers uzun illər vodevillərdə (şən komediyalarda) bir kəlmə də söyləməyən sözsüz rollarda çıxış etmişdir. Əgər o, özündə yumorlu hekayələr tarixindən bəhs edə bilmək məharəti aşkar etməsə idi, o, da belə müvəffəqiyyətlərə nail ola bilməzdi.
Meri Marqaret Makbrayd ilk dəfə radioda çıxış etməyə başladıqda, o, özü üçün İrlandiya komik aktrisa ampluasını (bu komik aktrisanın xüsusiyyətinə görə ifaçılıq rolları) seçmiş və müvəffəqiyyətsizliklərə uğramışdı. O, "özünü" ifa etməyə başladıqdan, yəni sadə Missuri kənd qızı rolunu ifa etməyə başladıqdan sonra Nyu-York radiosunun ən parlaq ulduzu kimi tanınmağa başladı.
Cin Otri öz texaslı sayağı tələffüzündən imtina edərək Nyu-Yorklu olduğunu təsdiqləmək istədikdə insanlar onun ardınca ona gülürdülər. O, özünün «bandco» qiyafəsində oynayaraq öz kovboy ballada mahnılarını ifa etməyə başladı. Cin Otri həm kino, həm də radioda dünyanın ən parlaq kovboyu oldu.

Sizin hər biriniz bu dünyada hansı cəhətdənsə büsbütün yenisiniz. Buna siz sevinin. Sizə təbiət nə veribsə, ondan ən faydalı bir tərzdə istifadə edin. Nəticədə hər bir sənət avtobioqrafikdir. Siz mahnını ancaq öz səsinizlə oxuya bilərsiniz. Siz ancaq öz əlinizlə şəkil çəkə bilərsiniz. Sizi öz təcrübəniz, sizi əhatə edən mühit və irsi xüsusiyyətləriniz necə yetişdirmişdirsə, o cür də qalmağa çalışın. Nə hadisə baş versə də, siz ancaq öz bağçanızı «becərməyə» borclusunuz. Necə olsa da, siz həyat orkestrində ancaq "öz çalğı alətinizdə" çalmalısınız.

Emerson "Özünə inam" adlı essesində yazır ki, «Hər kəsin mənəvi həyatında elə bir an yaranır ki, o, həmin vaxt paxıllığın nadanlıq üzündən baş verdiyini anlayır. Dərk edir ki, yamsılama özünə qəsd deməkdir, insan istəsə də, istəməsə də taleyin ona bəxş etdiyi ilə barışmalıdır. Təbiət bol nemətini ondan əsirgəsə də, o, öz taleyi ilə barışmalıdır. Əgər o, payına düşən kiçik torpağını becərməsə, gündəlik ruziyə möhtac qalacaqdır. İnsan özünü dərk etməyincə nəyə qadir olduğu ona aydın olmaz. İnsan qüvvəsini sınaqdan keçirməklə nəyə qadir olduğunu və öz gücünü dərk etmiş olur.»

Emerson belə demişdir. Amma görək mərhum şair Duqlas Mellon bunu necə ifadə etmişdir:
Əgər zirvədə sən şam ağacı ola bilməsən,
Dərədə hər hansı ağac ol, ancaq
Bulaq üstündə ən qəşəng ağaca bənzə
Onda bir kol ol, əgər ağac ola bilməsən.
Kol ola bilməsən də, yaşıl ot ol, barı
Yolları xoşbəxt elə, sən:
Durna balığı olmasan əgər sən,
sadəcə xanı balığı ol
Ancaq göldə ən gözəl xanı balığı sən!
Biz hamımız gəminin kapitanı ola bilmərik.
Kimsə matros olmalıdır, yəqin:
Bizim hamımıza iş yetər, ancaq
İşin böyüyü, kiçiyi olar,
Yubadılmaz işləri görməliyik biz.
Yol ola bilməsən, cığır ol, barı
Əgər günəş ola bilməsən, parlaq ulduz ol
Uduruq və ya uduzuruq — əhəmiyyəti yox,
Nəyə gücün yetirsə, onu tətbiq et sən.

Sizə sakitlik gətirən və sizi narahatçılıqdan azad edə bilən həyata olan münasibətinizi özünüzdə aşılamaq üçün beşinci qaydanı yerinə yetirin:
Başqalarını təqlid etməyin, "özünüzü tapın" və "özünüzlə olun".
Top