«Uşaq kimdi ki, sözümdən çıxsın, nə vaxt böyüyər onda baxarıq», «Uşaq ananı idarə edir, belə tərbiyə olar?», «Uşağa sözü bir dəfə deyərlər, on dəfə yox», «Uşaq ananı saymır, böyüyəndə heç adam yerinə qoymayaca, bunun axırı nə olacaq?» və s bu tipli məzzəmətli sözlərlə qarşılaşmamış olmazsınız.
Lakin əslində bunun bir səbəbi var. Hər kəs uşaqlıqda necə tərbiyə olunubsa , gələcəkdə öz uşaqlarını elə də tərbiyə edir. Əgər uşaqlıqda döyülə -döyülə tərbiyə alıbsa, başqa metod bilmədiyi üçün, təbii ki, elə bu üsula da müraciət edəcək. Yox, əksinə sevgi ilə tərbiyə alıbsa, balasını məhəbbətlə böyüdəcək. Meydana sual çıxır — Deməli, balasını döyürsə sevmir, bəyəm? Əlbəttə, yox, hər valideyn körpəsini sevir, onun yolunda hər şeyə hazırdı, Hər kəs balası üçün çalışır, onlar üçün yaşayır.
Uşaqlıqda hər birimiz cəzalandırılmaqdan qorxmuşuq. («Bu zir — zibili yığışdır, yoxsa sənə göstərərəm!»). Biz onların məhəbbətini itirməkdən çəkinmişik. ( "Əgər özünü belə pis aparmağa davam etsən, daha sənin anan olmayacağam!"). Yaxşı övlad olmadığımızı düşünürdük. (" Mən sizə görə gecə — gündüz çalışıram. Siz isə öz kefindəsiniz. yeganə istəyim bir az mənə kömək edin. Mən çoxmu istəyirəm?!) . Qorxulusu isə qorxunun ən pis forması atılmaqdan, tərk edilməkdən qorxmağımız idi. ( " Əgər beş dəqiqəyə hazır olmasan, mən sənsiz gedəcəyəm. Bax, sayıram bir..., iki..., üç...").
Tərbiyədə mükafatlandırma üsulundan da istifadə olunur. "Əgər otağını yığışdırsan, axşam ata evə gələndə ona deyərəm ki, sənə saqqız alsın."
Digər tərbiyə metodlarından biri də budur ki, valideyn uşağına müraciət edir: " Nİyə vurursan, indi səni vursam xoşuna gələr?!". Bu sualı uşağa vermək birmənalı şəkildə " sən küt, fərsizsən" deməkdir. Şüuraltı uşaqda bu fikir qala da bilər və o özünü doğurdan da küt və fərsiz hesab edə bilər. Uşaqların olduqca həssas psixologiyası var. onlar hər şeyə inanırlar.
Valideynlər uşaqlarından problemlərini özləri həll etmələrini tələb edirlər, lakin bunu tələb etməzdən əvvəl onları bilik və bacarıq vərdişlərinə yiyələndirmək lazımdır.
Qorxu üstündə qurulan tərbiyənin qüsurlarından biri də odur ki, burada ilk növbədə uşağın mənfi cəhətlərinə daha çox fikir verilir. "İndi sən düşünürsən ki, guya otağı yığışdırmısan?". Amma əksinə sevgi əsasında qurulan tərbiyədə vəziyyət bir başqa cürdür- " Otağı pis yığışdırmamısan, amma bilirsən ki, işi sona çatdırmaq lazımdır, hamısını yığ qurtar." Əgər siz mütəmadi olaraq uşağınızın mənfi cəhətlərinə fikir versəniz, bunu ön plana çəkmiş olacaqsınız və onun kiçik psixologiyasında bu şişirdilmiş formada qərar tutacaq. Nəticədə onlar özlərinə inamsız insan kimi formalaşacaq. Beləliklə, valideyn bilmədən uşaqda stress yaradır, bu da onun gələcəkdə uğur qazanmasına mane olur.
Aşağıdakı iki misala nəzər yetirək: İki uşaq stol arxasında oturub yemək yeyirdilər. Dörd yaşlı Kənan on yaşlı Ceyhungilə qonaq gəlmişdir. Kənan Ceyhunu çox istəyirdi. Birdən o Ceyhunun boşqabına tüpürür. Ceyhun dərhal mətbəxə anasına şikayət etməyə qaçır.
Əgər valideyn qorxu metodundan istifadə edirsə: Ceyhunun anası gəlib acıqlı-acıqlı Kənana deyir: " Ayıb olsun sənə, heç elə edərlər, sənin boşqabına tüpürsəydilər xoşuna gələrdi? Bu çox pis hərəkətdi. Əgər özünü belə pis aparsan, tək oturub, yeməli olacaqsan. Birdə bura gələsi olmayım. Özünüzü yaxşı aparın.". Bu anda Ceyhun inciyir ki, mən pis hərəkət eləməmişəm, Kənan günahkardır və onu acıqlı baxışlarla süzüb öz yerinə keçir. Ceyhunun anası mətbəxə keçən kimi Kənan yenə Ceyhunun boşqabına tüpürür. Ceyhun əsəbi halda onu itələyir. Bir sözlə mərəkə qopur. Ana gəlir hirslə Ceyhunu öz otağına, Kənanı isə evlərinə yollayır.
Əgər valideyn sevgi metodundan istifadə edirsə: Ceyhun anasına Kənandan şikayət edəndə anası deyir :" Get ona de ki, boşqabına tüpürməsin, çünki sənin xoşuna gəlmir. Mən də səninlə gəlirəm.". Belə də olur. Ceyhun öz etirazını bildirir. Kənan susur. Onda Ceyhunun anası deyir: " Sən yəqin istəyirdin ki, Ceyhun səninlə oynasın, hə?". Ceyhun utancaq halda təsdiq üçün başını tərpədir. «Amma bilmirdin ki, necə onun diqqətini çəkəsən, ona görə boşqabına tüpürdün elə deyilmi?». Kənan «Bəli» — deyə cavab verdi. "İndi bildin ki, Ceyhunun bu xoşuna gəlmir? Daha belə eləmə. İstəyirsən o sənlə söhbət etsin? İkiniz də maşınları sevirsiniz. Soruş Ceyhun dünən hansı maşınları görüb." Beləliklə, iki uşaq maşından söhbət etməyə başladılar.
Bu misallardan göründüyü kimi, sevgi ilə tərbiyə daha uğurlu nəticələrə gətirib çıxarır. Qorxu ilə tərbiyə etdikdə valideyn dominant olur və konflikti aradan qaldırmağa çalışır. Əksinə sevgi ilə tərbiyədə valideyn çıxış yolunu göstərir və uşaq özü problemin həll yolunu tapır. Bir növ gələcəyə hazırlayır, tərbiyə edir. Uşaq da bir insandır, «uşaq kimdir?» — deyə düşünmək güclü olduğunuz üçün onun haqqını tapdalamaq deməkdir. Ana səbrlidirsə, uşağına güzəşdə gedirsə bu o demək deyil ki, uşaq onu idarə edir. Sadəcə uşağı öyrətmək lazımdır, sonra isə nəzarət etmək. Məs: Uşaq ananın üstünə qışqırır. Ana öyrədir ki: «Adam özündən böyüyün üstünə qışqırmaz, xüsusilə də ananın». Uşaq yenə o hərəkəti təkrar edirsə, bir də xatırlatmalıdır. Yoxsa bir dəfə deyib, sonra fikir verməmək ki, dedim eləmədi, uşaq tərbiyəsizdi — deyə düşünmək çıxış yolu deyil. Necə deyərlər öyrətmək — verməkdir, nəzarət etmək - almaqdır.
Həmçinin bax: