Mən Harold Ebbott ilə çoxdandır ki, tanışam. Bir zamanlar o, mən dərs dediyim kurslarda tədris işləri üzrə direktor müavini işləyirdi. Bir dəfə o, məni öz avtomobilində Missuri ştatının Belton şəhərində olan firmama apardı. Bu səfər zamanı mən ondan soruşdum ki, narahatçılığını o, necə dəf edir? O, cavabında mənim heç zaman unutmayacağım ilhamverici bir hadisə haqda belə dedi: «Mən adətən olduqca çox narahatçılıq keçirirdim, ancaq bir dəfə 1934-cü ilin bir bahar günündə Uebb-Sitidəki Uest Douerti küçəsində mənim təlaşlarıma son qoyan bir hadisə gördüm. Bu hadisə on saniyə ərzində baş verdi.Lakin bu on saniyədə on illik həyatımda öyrəndiklərimdən də çox şey dərk etdim.
Harold Ebbott söyləyirdi ki, mən Uebb-Siti şəhərində iki il idi ki, baqqaliyyə dükanının sahibi idim. Bu müddətdə nəinki qənaət edib yığdığım pulları tamamən itirdim, həm də ancaq altı ilə ödəyə biləcəyim məbləğdə borc götürdüm. Ötən şənbə mən artıq öz dükanımı bağlamaq məcburiyyətində qalmışdım, həmin vaxt iş axtarmaq məqsədilə Kanzas-Sitiyə getmək üçün bankdan borc pul almağa getdim. Mən dərdindən üzülmüş bir insan kimi yeriyirdim. Mən həyatda yaşamaq və mübarizə aparmaq bacarığımı itirmişdim. Birdən mən hər iki ayağını itirmiş bir nəfərin küçəni keçdikdən sonra bir neçə düym hündürlüyü olan səkiyə necə dırmandığının şahidi oldum. O, kiçik taxtadan düzəldilmiş və kənarlarına dörd ədəd diyircək bərkidilmiş arabacıqda yeriyirdi. O, yüngülcə öz arabasının bir tərəfini qaldırdıqda bizim baxışlarımız rastlaşdı. O, sevimli nəzərləri ilə məni mehribancasına salamladı və şən bir tərzdə dedi: „Sabahın xeyir, ağa, gör nə qədər əntiqə havadır, düz deyilmi?“ Ona baxdıqda dərk etdim ki, mən nə qədər böyük bir varın sahibiyəm. Mənim hər iki ayağım vardır. Mən bir az bundan öncə özümə yazığım gəldiyi üçün bərk xəcalət çəkdim. Madəm ki, bu adam hər iki ayağı olmadığı halda, şən, özünə inamlı və xoşbəxt ola bilibsə, qeyri-şərtsiz mən də onun kimi bəxtiyar olmalıyam. Axı mənim iki ayağım da salamatdır.
Gözlənilmədən mən özümdə yeni qüvvə hiss etdim. Bundan əvvəl qərarlaşmışdım ki, bankdan kreditə yüz dollar pul alım. İndi isə artıq yüz deyil, iki yüz dollar götürəcəyimə tam qərar verdim. Əvvəlcə mən istəyirdim ki, bank qulluqçularına deyim ki, fikirləşirəm. Kanzas-Sitiyə gedərək işə düzəlmək üçün çalışım. İndi isə tam qətiyyətlə onlara bildirdim ki, Kanzas-Sitiyə işə düzəlmək üçün gedirəm. Mən kredit aldım işə də düzəldim.
Hal-hazırda mənim vanna otağımdakı güzgüyə yapışdırılmış və hər səhər üzümü qırxdıqda oxuduğum aşağıdakı sözlər vardır: „Mən dərdimdən üzülürdüm, ona görə ki, ayağıma geyməyə biryönlü ayaqqabım da yox idi. Ancaq bu hal məndə iki ayağı olmayan insana rast gələnə qədər davam etdi.“
Bir dəfə Eddi Rikkenbakerdən soruşdum ki, o və onun yoldaşları Sakit okeanın hüdudsuz geniş sularında xilasedici sal üzərində üç həftə tam ümidsiz halda dolaşdıqda bundan hansı ibrət dərsi almışdı? O, dedi: Ən böyük ibrət dərsi bundan ibarətdir ki, əgər sizin yetərincə içməli suyunuz və ərzağınız vardırsa, siz başqa heç nədən şikayətlənməməlisiniz.» Quadalkanalda vuruş zamanı yaralanmış bir serjant haqqında «Taym» jurnalında məqalə dərc edilmişdi. Mərmi qəlpəsi onun boğazını yaralamış və bundan sonra serjanta yeddi dəfə qan köçürülmüşdü. O, həkimə məktub yazıb soruşurdu: «Mən yaşayacağammı?» Həkim cavabında «hə» dedi. Serjant ondan başqa bir yazısında soruşurdu ki, mən danışa biləcəyəmmi? Həkimin cavabı yenə də təsdiqləyici oldu. Onda yaralı aşağıdakı üçüncü sualım verdi: «Bəs onda mən hansı lənətə gəlmiş səbəb üzündən belə narahatam?»
Belədirsə, bəs nə üçün siz həmin andaca dayanıb özünüzə belə bir sual verməyəsiniz: «Bəs onda mən hansı lənətə gəlmiş səbəbə görə belə narahatam?» Bütün ehtimallara görə, nəhayət dərk edəcəksiniz ki, gətirdiyiniz səbəblər bu hallara nisbətən çox əhəmiyyətsiz və cüzidir.
Bizim həyatımızın təxminən doxsan faizi yaxşı və düzgün, 10 faizə qədəri isə pis keçir. Əgər biz istəyiriksə ki, xoşbəxt olaq, bunun üçün gərək diqqətimizi ancaq yaxşı hallar üzərində mərkəzləşdirək və uğursuzluqlar haqda ümumiyyətlə heç düşünməyək. Əgər biz narahat olmaq, qəmlənmək və mədə yarası ilə xəstələnmək istəyiriksə, onda gərək biz fərəh, sevinc gətirən doxsan faizə etinasızlıq göstərək və fikrimizi xoşagəlməz on faiz ətrafında toplayaq.
«Qulliverin səyahəti» kitabının müəllifi Conatan Svift ingilis ədəbiyyatında ən ümidsiz bədbinlərdən biri idi. O, dünyaya gəlişindən o qədər təəssüflənirdi ki, hər il anadan olduğu gün qara geyinərdi və o gün yemək yeməzdi. Lakin ingilis ədəbiyyatında misilsiz bədbin kim tanınan bu şəxs xoşbəxtliyin, şən əhval-ruhiyyənin böyük şəfaverici qüvvəsi barədə belə deyirdi: «Dünyada ən yaxşı həkimlər — »pəhriz" adlı həkim, «rahatlıq» adlı həkim və "şənlik" adlı həkimlərdir. Siz və mən hər gün, hər saat "şənlik" həkiminin xidmətindən pulsuz istifadə edə bilərik. Şən olmağı bacarmaq bizim ağlasığmaz sərvətimizdir. Biz "şənlik" həkiminin xidmətindən o zaman istifadə edə bilərik ki, diqqətimizi onun ətrafında mərkəzləşdirməyi bacaraq. Şən əhvali-ruhiyyədə olmağı bacarmaq Əlibabanın əfsanəvi xəzinəsinə yiyələnməkdən daha qiymətlidir. Siz gözlərinizi milyard dollara satardınızmı? Siz hər iki ayağınıza görə hansı məbləği tələb edərdiniz? Bəs əlləriniz üçün nə qədər? Bəs eşitmə qabiliyyətinizə görə? Uşaqlarınız sizin üçün əzizdirlərmi? Ailəniz necə? Fikrən bütün bu var-dövlətinizi bir yerə toplayın və siz başa düşəcəksiniz ki, nəyə maliksinizsə, onları Rokfeller, Ford və Morqanın birlikdə malik olduğu bütün sərvətə dəyişərdinizmi?
Ancaq bunu biz qiymətləndiririkmi? Əlbəttə ki, yox. Necə ki, Şopenhauer demişdir: «Bizim nəyimiz vardırsa, onlar haqqında nadir hallarda düşünürük, ancaq nəyimiz çatışmırsa, onlar haqda daim narahat oluruq.»
Həqiqətən də, nəyimiz vardırsa, o haqda nadir hallarda düşünməyimiz, ancaq nəyimiz çatışmırsa, o barədə həmişə narahat olmağımız həyatın ən böyük faciəsidir. Yəqin ki, belə meyllilik insanlara bütün müharibə və epidemiyalardan artıq bədbəxtlik gətirmişdir.
Nəticədə həyata bu cür münasibətə görə mənim tanışım olan Con Palmer adlı-sanlı, şöhrətli cavan oğlan deyingən bir qocaya çevrilmişdi və az qalmışdı ki, öz ailə ocağını dağıtsın. Bu barədə mənə özü danışmışdı.
Əsgərlikdən qayıtdıqdan dərhal sonra mən özümə xüsusi müəssisə açdım. Mən gecə-gündüz gərgin işləyirdim. Əvvəllər hər şey yerli-yerində, gözəl almırdı. Sonradan isə uğursuzluqlar baş verdi. Mən işin icrası üçün tələb olunan material və maşın hissələrini əldə edə bilmirdim. İş bu cür getsə, müəssisənin bağlanacağı qorxusu məni əsəbi, deyingən qocaya çevirmişdi. Mən qəzəbli və əsəbi idim. Ancaq mən özüm bunu hiss etmirdim. Mən ancaq indi dərk edirəm ki, əgər belə davam etsəydi, xoşbəxt ailə həyatımı itirmiş olacaqdım. Amma bir dəfə mənim müəssisəmdə işləyən gənc bir müharibə əlili mənə dedi: «Conni, sənin üçün ayıb deyilmi? Sən özünü elə aparırsan ki, guya dünyada çətinlik çəkən yalnız sənsən. Deyək ki, sən hansı bir müddətə kimi öz müəssisəni bağladın, nə olsun ki? Sən onu hər işin qaydaya düşdükdən sonra yenə aça bilərsən. Sən, əslində böyük var-dövlət sahibisən, bunun üçün həmişə minnətdar olmalısan. Aman Allah! Mən necə də istərdim ki, sənin yerində olam. Bir mənə bax. Mənim ancaq bir qolum var, sifətimin yarısı odlu silahdan aldığım yaradan eybəcərləşmişdir. Buna baxmayaraq, mən heç vaxt şikayətlənmirəm. Sən öz zəvzəkliyini və deyingənliyini kəsməsən, sən nəinki öz müəssisəni, üstəlik öz sağlamlığını, ailəni və dostlarını da itirəcəksən!»
Bu tənqidlər məni möhkəmcə heyrətləndirdi. Bu iradlar məni məcbur etdi ki, nəyə qadirəmsə, onları qiymətləndirəm. Mən dərhal qərara gəldim ki, təzədən əvvəlki tərzdə olum. Mən belə də etdim."
Mənim tanışım Lyusil Bleyk özü nələrə sahibdirsə, onlara görə şənlənməyi və çatışmazlıqlara görə isə narahatlıq keçirməməyi öyrənməmişdən qabaq mənəvi fəlakət həddinə çatmışdı.
Mən Lyusil ilə bir çox illər idi ki, tanış idim. Biz Kolumbiya universitetinin jurnalistika fakültəsində birgə oxuyurduq. Orada biz qısa hekayələrin yazılma ustalığına yiyələnirdik. Doqquz il bundan qabaq o, öz həyatının ən dərin sarsıntılarını yaşamışdır. Həmin zamanlarda o, Arizon ştatının Tuson şəhərində yaşayırdı. Görün o qadın mənə özü haqqında nə söylədi:
«Mən hadisələrin və vurğunluqların burulğanında dövr edirdim. Mən orqan musiqi alətində çalmaq öyrənir, universitetdə tələffüz səhvlərinin təshihi üzrə məşğələlərə rəhbərlik edir, yaşadığım Dezert-Uillou-Ranc şəhərində musiqinin dərk edilməsi üzrə dərs deyirdim. Mən əyləncə gecələrinə və rəqsə gedir və bəzən gecələr at sürməklə başımı qarışdırırdım. Bir gün səhər elə oldu ki, mən yatağımdan qalxa bilmədim, ürəyim xəstələnmişdi. Həkim buyurdu ki, „Siz yatağınızda bir ilə qədər uzanmalısınız. Sizə tam sakitlik lazımdır.“ Heç inanmazdım ki, haçansa tam sağalıb ayağa qalxacağam.
Tam bir il yatağa mıxlanıb qalmaq! Əlil olmaq, ola bilər ölümlə də nəticələnsin. Mən dəhşətdən özümdə deyildim. Nə üçün axı mən bu bəlaya düçar oldum? Mənim günahmı nə idi? Mən peşmançılıqdan inildəyir və ağlayırdım. Mən ifrat dərəcədə həyəcanlı və əsəbi idim. Buna baxmayaraq, həkimin göstərişinə riayət etməyi qərara aldım və yatağıma uzandım. Palata qonşum rəssam cənab Rudolf mənə dedi: „Siz bu an düşünürsünüz ki, tam bir ili yataqda keçirmək faciədir. Amma bu, heç də belə deyildir. Sizin düşünməyə və özünüzü dərk etməyə yetərincə vaxtınız olacaqdır. Bu bir necə ayda siz ruhən keçmiş həyatınızdakından da çox yüksələcəksiniz.“ Mən bir az sakitləşdim və çalışdım ki, dəyərləri yenidən qiymətləndirəm. Məni ruhlandıra bilən kitablar oxudum. Necə oldusa, bir dəfə radiodan aşağıdakı sözləri eşitdim: „Siz ancaq öz şüurunuzda olanı söyləyə bilərsiniz.“ Keçmişdə də buna bənzər ifadələr eşitmişdim, amma indi isə onlarla özüm rastlaşdım. Mən o şeylər haqqında düşünməyi qərarlaşdım ki, onlar yaşamağıma kömək edə bilsin. Bunlar sevinc, xoşbəxtlik və sağlamlıqdan ibarət idi. Hər səhər mən yuxudan ayılarkən taleyimə nəyə görə minnətdar olacağım bütün səbəblər barədə düşünməyə özümü məcbur etdim. Mən düşünürdüm ki, bax bu an məndə heç bir ağrı yoxdur, mənim qəşəng qızım vardır, görməyim yaxşı, eşitməyim də yaxşıdır. Bax radioda əntiqə mahnılar çalınır. Mütaliə etməyə vaxtım da çatır. Yaxşı qidalanmağım üçün imkanım vardır. Mənim yaxşı dostlarım da vardır. Yanıma o qədər dostlar, tanışlar gəlir və mən o qədər şənlənirəm ki, həkim çarəsizlikdən qaldığım palatanın qapısından lövhəcik asmışdı. Orada yazılmışdı: „müəyyən saatlarda olmaqla xəstəni ancaq bir nəfər yoluxa bilər.“
O vaxtdan artıq doqquz il keçmişdir və indi də mən fəal və tam dəyərli həyatımı davam etdirirəm. Mən yataqda olduğum o illərə dərin minnətdaram. Bu illər Arizondakı həyatımın ən məhsuldar və xoşbəxt illəri olmuşdur. Məhz bu illər mən taleyimin mənə bəxş etdiyi bütün xoşbəxtliklər barədə düşünmək vərdişini özümdə aşılaya bilmişəm və bu vərdişi bütün ömrüm boyu mühafizə etmişəm. Bu, mənim həyatım boyu qazandığım ən qiymətli sərvətlərimdəndir. Mən ancaq öləcəyimdən qorxduğum ərəfədə yaşamaq tərzini öyrənə bildiyimi yada saldıqda xəcalət çəkirəm.»
Mənim əzizim Lyusil Bleyk ola bilər sizə məlumdur ki, doktor Semyuel Consonun iki yüz il bundan qabaq dərk etdiyi dərsi siz indi dərk etmişsiniz. Doktor Conson demişdi: «Hər baş vermiş hadisənin müsbət tərəfini görmək bacarığı bir ildə min funtdan da çox qazanmağa bərabərdir.»
Bir fikir verin, bu sözlər heç də peşəkar bir nikbin tərəfindən deyilməmişdir. Bu sözləri iyirmi il ruhi əzablar içərisində, kasıblıqda və aclıqda yaşamış və nəhayət öz yaşıdları içərisində ən görkəmli yazıçı və bütün zamanların parlaq müsahibi olmuş bir insan söyləmişdir.
Loqan Pirsall Smit bir neçə söz vasitəsilə öz dərin müdrikliyini nümayiş etdirmişdir: «Həyatda qarşıya iki məqsəd qoyulmalıdır. Birincisi, nəyin arzusundasansa, onu həyata keçirmək. İkincisi, nail olduğuna sevinmək bacarığı. Ancaq bəşəriyyətin ən müdrik nümayəndələri bu ikinci məqsədə çatmağa qadirdirlər.»
Siz, yəqin ki, inanmazsınız, hətta mətbəxdə qab yumağın özü də insanı cuşa gətirə bilər. Əgər bu barədə sizin üçün maraqlıdırsa, onda siz Borqild Dalın misilsiz qəhrəmanlığı haqda tayı-bərabəri olmayan ilhamverici kitabı oxuyun. Bu kitab belə adlanır: «Mən görmək istəyirəm.»
Bu kitabı əlli il müddətində praktiki olaraq kor olan bir qadın yazmışdı. O, deyir ki, «Mənim ancaq bir gözüm vardı. O da çox sıx qırışlarla örtülmüşdü. Mən nəyi isə ancaq bu gözümün sol tərəfində olan kiçicik dəlikdən ayırd edə bilirdim. Mən kitabı üzümə ancaq çox yaxın tutmaqla və var gücümlə gözümü sola qıymaqla görə bilirdim.»
Amma Borqild Dal ona rəhm göstərilməsini rədd edir və heç kəsə imkan vermirdi ki, kiminsə ona yazığı gəlsin, həm də onu tam «keyfiyyətli» şəxs sanmamış olsun. Uşaq vaxtlarında o da başqa uşaqlar kimi «klassı» oyunu oynamaq istəyirdi, ancaq çəkilmiş xətləri və nişanları görə bilmirdi. Ona görə də uşaqlar evlərinə dağılaşandan sonra o, yerdə sürünürdü ki, çəkilmiş xətlərin vəziyyətini gözü seçə bilsin. O, uşaqların oynadığı həmin sahədə çəkilmiş xətlərin hər santimetrini belə yadında saxlayırdı və beləliklə o, hətta qaçmağı və «klassı» oyunu oynamağı da öyrəndi. O, evdə iri hərflərlə yazılmış kitabı kiprikləri kitabın vərəqlərinə toxunan vəziyyətə qədər gözünə yaxın tutaraq oxuyurdu. O, sonra incəsənət üzrə Minnesot universitetində bakalavr və Kolumbiya universitetində isə magistr kimi iki alimlik dərəcəsinə layiq görülmüşdü.
O, öz fəaliyyətinə Minnesot ştatının balaca Tuni-Velli kəndində başlamış və Cənubi Dakota ştatının Siu-Folsdakı avqust kollecində ədəbiyyat və jurnalistlik üzrə professor rütbəsinə qədər yüksəlmişdi. Borqild Dal orada on üç il dərs demişdir. Bundan başqa o, qadınlar klubunda mühazirələr oxumuş, ədəbi əsərlərin tənqidinə həsr olunmuş radio verilişlərində çıxışlar etmişdir. O, yazmışdı ki, «Qəlbimin dərinliklərində mən tamamən kor olacağımdan daim qorxmuşam. Bu qorxunu rəf etmək üçün mən özümü sərbəst aparmağa başladım və şən əhvali-ruhiyyədə olmağa çalışdım.»
Sonra 1943-cü ildə o, əlli iki yaşında olanda möcüzə baş verdi: məşhur Meyo klinikasındakı cərrahi əməliyyat nəticəsində o, əvvəlkindən qırx dəfə yaxşı görməyə başladı.
Onun qarşısında təzə və qəribə gözəl bir dünya açılmış oldu. «Mən qab yuduğum ləyəndə ağ sabun köpüyü ilə oynamağı xoşlayıram, bu köpük içərisinə əllərimi batırır və köpükdən „təpəcik“ düzəldirdim. Mən köpük qovcuqlarına parlaq işıqda baxır, onların hər birində balaca „göy qurşağı“ tək rəngdən-rəngə çalan parıltılara tamaşa edirdim.»
O, mətbəxin pəncərəsindən baxdıqda qara-boz rəngli qanadlarını çalan sərçələri görürdü. «Onlar qar yağmağına baxmayaraq, çox cəld uçuşurdular.»
Siz və mən özümüzə görə çox xəcalət çəkməliyik. Həyatımızın bütün günləri və illəri nağıllardakı kimi gözəllik səltənətində keçir, amma biz bunları görmək üçün betər koruq, bunlardan həzz almaqda isə həddən artıq doymuş kimiyik.
Əgər siz istəyirsinizsə ki, narahatçılıq keçirməyərək yenidən rahat yaşamağa başlayasınız, dördüncü qaydanı yerinə yetirin:
«Xoşagəlməz halların yox, öz uğurlarınızın hesabını aparın.»