Arterial təzyiqin ölçülməsi

Arterial təzyiqin ölçülməsi

Mütəxəssislər arterial təzyiqi müntəzəm olaraq ölçməyi tövsiyə edir. Bu hipertoniya xəstəliyini vaxtında aşkar etməyə kömək edir. Hipertoniya bir çox hallarda simptomsuz olaraq inkişaf edir.

Arterial təzyiqin daim yüksək olması çox ağır fəsadların, o cümlədən infarkt və insultun inkişafına səbəb olur.

Arterial təzyiqi düzgün ölçmək çox vacibdir. İlk növbədə insan bilməlidir ki, dəqiq nəticə almaq üçün arterial təzyiq bir qolda deyil, hər 2 qolda ölçülməlidir.

Təzyiqinizi əvvəl bir, 5 dəqiqədən sonra digər qolda ölçün, 5-10 dəqiqə fasilə verin və ölçməni təkrarlayın. Təzyiqin orta göstəriciləri götürülür. Yalnız bu halda nəticə düzgün sayıla bilər.

Nə üçün təzyiq hər 2 qolda ölçülməlidir? Axı hətta həkimlər adətən təzyiqi 1 qolda ölçür? Məsələ burasındadır ki, bu bəzi ağır pozulmaların vaxtında aşkar olunmasına kömək edir.

Bir neçə il bundan əvvəl nüfuzlu «The Lancet» tibb jurnalında təzyiqin ölçülməsi ilə bağlı olan məqalə dərc olunub. Məqalədə qeyd olunub ki, arterial təzyiqin sağ və sol qol arasında olan fərqi 10 mm c.st.-dan çoxdursa bu qol və ayaq damarlarının xəstəliklərinin riskini 2,5 dəfə artırır.

Fərq daim 15 mm c.st. və daha çoxdursa, bu insultun riskini 1,5 dəfə, ürək-damar xəstəliklərindən ölümün riskini isə 70% artırır. 

Beləliklə, təzyiqinizi hər 2 qolda ölçün və fərq daim 10 mm c.st-dan çoxdursa, vaxt itirmədən həkimə müraciət edin.
Top