Varikozun profilaktikası

Varikozun profilaktikası

Əlbətdə ki, digər xəstəliklər kimi, varikozun əmələ gəlməsinin qarşısını almaq, sonradan onu müalicə etməkdən daha asandır. Varikozun profilaktikası üçün bir sıra vacib məsləhətlərimizi qeyd etmək istəyirik.

Evdə:
— yemək hazırlanması üzrə işlərin əsas hissəsini (məsələn, tərəvəzlərin təmizlənməsi, doğranması və s.) oturaq vəziyyətdə ayaqlarınızı uzadılmış şəkildə kiçik skamya üzərinə qoymaqla icra etməyə çalışın;

— gün ərzində bir neçə dəfə olmaqla, uzadılmış səkildə olan ayaqlarınızın altına balış və ya mütəkkə qoymaqla istirahət edin;

— çarpayının ayqlar uzadılan hissəsini qaldırın: döşəyin altına kiçik yastıq və ya bir neçə qat bükülmüş şəkildə olan ədyal yerləşdirin və ya çarpyının özünün ayaqlar olan tərəfdəki ayaqlarının altına hündürlüyü 5-6 sm olan kiçik dirəklər yerləşdirin;

— əgər sizdə varikoza meyllilik varsa və ya o, inkişaf etməyə başlamışdırsa, isti vannalardan, hamamdan və saunadan istifadə etməyi yadınızdan çıxarın;

— ayaqlar üçün gündəlik kontrast duş qəbul edilməsi – varikozdan qorunmağın effektiv üsullarından biridir. Ayaqlarınızın üzərinə 10-15 dəqiqə ərzində ayaq barmaqlarından bud-çanaq oynağına doğru olmaqla növbə ilə gah isti, gah da soyuq su tökün (su axını çox da güclü olmamalıdır);

— artıq çəkidən xilas olun;

— ağır əşyalar qaldırmayın: mağazalardan aldığınız məhsulları kiçik təkərləri olan çantalarla daşıyın və ya onların evə gətirilməsinə sifariş verin;

— dar və sıx paltar, sıx ayaqqabı, rezini dar olan qolf və corab geyinməyin. Bu zaman ayaqlarda olan venalar sıxıldığı üçün qanın hərəkət etməsi pozulur. Daban hissəsinin hündürlüyü 5 sm-dən hündür olan ayaqqabı geyinməyin;

— venoz qan dövranını yaxşılaşdırmaq üçün müntəzəm olaraq xüsusi bədən tərbiyəsi hərəkətləri edin;

— venaların möhkəmləndirilməsi üçün gel, sprey və kremlərdən istifadə edin.

İşdə:
— heç zaman, bir ayağınızı digərinin üzərinə qoymaqla əyləşmək olmaz – bu, venoz qan axınını çətinləşdirir;

— yazı və ya kompüter stolunuzun altında, məktəb partalarında olduğu kimi, ayaqların qoyulması üçün taxta dirək olmalıdır. Əgər o yoxdursa, ayaqların altına hündür olmayan kiçik skamya qoymaq olar

— oturarkən ayaqlarınızın şişməsinə imkan verməyin. Onları tez-tez hərəkət etditin: “oynadın”, “əsdirin”, maksimal şəkildə uzadın, yanlara hərəkət etdirin, dizlərinizi büküb-açın, ayaq pəncələrinizi hər dəfə 15-20 sayda olmaqla, saat istiqamətində və əksinə fırlayın;

— hər 30 dəqiqədən sonra stuldan qalxaraq otaqda bir qədər gəzin, ayqlarınız üçün bəzi hərəkətləri icra edin;
— bəzi filmlərdə gördüyümüz, amerikanlılara xas olan, ayqlarını stolun üzərinə qomaq adəti, xeyli dərəcədə “ədəbsiz” olsa da, aşağı ətraf venaları üçün olduqca faydalı hesab olunur. Ədəb qaydalarına riayət etməlklə, imkan olduqca bu üsuldan da tez-tez istifadə edin.

Məzuniyyətdə olarkən:
— əgər siz, uzun müddət ərzində maşınla getməli olursunuzsa, yola çıxmazdan qabaq ayaqlarınıza varikozun profilaktikası üçün xüsusi krem sürtün; ayaqlarınızın keyləşməsinə imkan verməmək, açılışmasına kömək etmək üçün, mümkün qədər tez-tez olmaqla, maşını yolda saxlayaraq bir qədər gəzişin;

— uzun müddət ərzində təyyarədə uçmaq – ayaq venalarının xeyli dərəcədə yüklənməsinə səbəb olur. Buna görə də uçuşdan qabaq ayaqlarınıza varikozun profilaktikası üçün xüsusi krem sürtmək və xüsusi kompression kolqot geyinmək daha yaxşıdır;

— özünüzu günəş altında uzun müddət qaraltmayın, daha çox gölgədə uzanın: istilik venalara dağıdıcı təsir edir, ultrabənövşəyi şüalar isə toxuma və venaların elastikliyinin azalmasına səbəb olur. Qaralmadan qoruma dərəcəsi 30 vahiddən artıq olan krem və lasyonlardan istifadə edin. Çimərlikdə istirahət edərkən venoz qan durğunluğunun qarşısını almaq üçün hərəkət etmək, üzmək daha çox məslət görülür;

— yay ayları dövründə kifayət qədər su qəbul etmək lazımdır. Heç bir halda yanğı hissiyyatının sizə əziyyət verməsinə imkan verməyin! Maye çatışmazlığı nəticəsində qanın laxtalanması xeyli dərəcədə artmış olur ki, bu da istənilən anda tromb əmələ gəlməsinə səbəb ola bilər! Bu zaman qəbul edilən mayenin həcmi 2,5-3 litrdən az (sağlamlığınız imkan verirsə) olmamalıdır. Qazsız mineral sular və meyvə şirələrinin qəbul edilməsi daha arzuolunandır. Uzun müddət ərzində kondisioner olan otaqda qaldıqda, daha çox maye qəbul etmək lazımdır, çünki havanın kondensasiya edilməsi nəticəsində orqanizmin susuzlaşması baş verir.

Analar üçün:
— dizlərinizin üzərinə ağır əşyalar qoymayın, südəmər yaşdan sonra uşaqları dizlərinizin üzərində əyləşdirməyin. Nəqliyyatda, sirkdə, teatrda və digər yerlərdə olarkən, uşağınızın pulsuz keçməsi imkan verdikdə belə, uşağa da bilet almağa çalışın. Çünki, bu halda, uşağınızın dizləriniz üzərində oturduğu bütün müddət ərzində, sizin aşağı ətraflarınızın venaları həddindən artıq dərəcədə yuklənmiş olur;

— venaların varikoz genişlənməsini minimuma endirmək üçün hamiləlik dövründə fərdi şəkildə seçilmiş olan qarın üçün bandajdan və ayaqlar üçün isə kompression materialdan hazırlanmış olan corab və kolqotlardan istifadə edin. Bu corabların və ya elastik bintlərin doğuş vaxtı da sizin ayaqlarınızda olması məsləhətdir.

Mənbə: saglamolun.az
Top