Ürək-damar sistemi

Ürək-damar sistemi

Ürək-damar sisteminin mərkəzi orqanı ürəkdir, periferik hissəsini isə damarlar təşkil edir. Qan damarları arteriya, vena və kapillyarlara bölünür. Qanı ürəkdən periferiyaya aparan damarlara arteriyalar, periferiyadan ürəyə gətirən damarlara venalar, arteriyalarla venaları birləşdirən mikroskopik damarlara isə kapillyarlar deyilir.
Qan bədəndə cərəyan edərkən venalarla ürəyə gəlir və arteriyalarla periferiyaya qayıdır. Qan orqan və toxumalara qida maddələri və oksigen daşıyır. Ürək-damar sistemi bədəndə iki dövran təşkil edir: böyük və kiçik qan dövranı.
Böyük qan dövranı vasitəsilə qan orqanizmin bütün orqan və toxumalarına çatdırılır, burada qaz və maddələr mübadiləsi həyata keçir. Böyük qan dövranı ürəyin sol mədəciyindən aorta ilə başlanır. Aortadan ayrılan ümumi yuxu və körpücükaltı arteriyaları baş, boyun və kürək nahiyələrini qanla təchiz edir. Daha sonra aorta bir sıra böyük və kiçik arteriyalara bölünərək, bədənin digər sahələrinə qanı çatdırır. Orqan və toxumalarda qaz və maddələr mübadiləsi baş verdikdən sonra qan kapillyarlardan venalara keçərək ürəyə doğru hərəkət edir. Nəhayət, karbon qazı ilə zənginləşmiş venoz qan yuxarı və aşağı boş venalar vasitəsilə ürəyin sağ qulaqcığına, buradan da sağ mədəciyə daxil olur.
Kiçik qan dövranı vasitəsilə qan ağciyərlərə çatdırılır, oksigenlə zənginləşərək yenidən ürəyə doğru yönəlir. Kiçik qan dövranı ürəyin sağ mədəciyindən ağciyər kötüyü ilə başlanır. Ağciyər kötüyü sağ və sol ağciyər arteriyalarına bölünür ki, bunlar da venoz qanı ağciyərlərə çatdırır. Ağciyər alveollarındakı atmosfer havası ilə kapillyarlardakı qan arasında qaz mübadiləsi baş verir. Oksigenlə zənginləşmiş qan ağciyər venaları ilə ürəyə doğru hərəkət edir və ürəyin sol qulaqcığına daxil olur. Sol qulaqcıqdan qan sol mədəciyə, oradan isə aortaya, yəni böyük qan dövranına keçir.
Arteriyaların divarı üç qişadan ibarətdir.
1. Daxili və ya intima qişası — daxildən yastı endotel hüceyrələri ilə örtülmüş nazik elastik birləşdirici toxumadan təşkil olunmuşdur.
2. Orta və ya əzələ qişası — halqaşəkilli saya əzələ toxumasından və elastik liflərdən ibarətdir.
3. Xarici və ya adventisiya qişası — sıx lifli birləşdirici toxumadan təşkil olunmuşdur.

Arteriyalar damardaraldıcı (simpatik) və damargenəldici (parasimpatik) sinir lifləri ilə təchiz olunmuşdur.
Venaların divarı da üç qişadan ibarətdir. Bunlar arteriyalarda olduğu kimidir, lakin bir qədər nazikdir. Venaların daxilində xüsusi qapaqcıqlar vardır ki, bu da qanın geriyə axmasına mane olur.
Arteriyalardan qanın hərəkətini ürəyin işi və damarların elastikliyi təmin edir. Bunun hesabına aortada müvafiq qan təzyiqi yaranır. Qan təzyiqi Riva-Roççi sfiqmomanometri ilə ölçülür. Ürəyin sistolası və diastolası zamanı təzyiqlər eyni olmur. Sistola zamanı olan təzyiq maksimal, diastolik təzyiq isə minimal hesab edilir. Yaşlı insanlarda maksimal arterial qan təzyiqi orta hesabla 110-120 mm civə sütununa, minimal qan təzyiqi isə 70-80 mm civə sütununa bərabərdir.
Ürəyin sol mədəciyinin yığılması nəticəsində arteriyaların divarının ritmik rəqslərinə (genəlib-yığılmasına) arterial nəbz deyilir. Arterial qan təzyiqi, nəbz müxtəlif xarici və daxili təsirlər nəticəsində dəyişilir.


Ürəyin quruluşu və işi.
Ürək yastılaşmış konusabənzər əzələvi orqandır. Onun yuxarı və arxaya baxan enli tərəfi əsası, aşağı, sola və önə baxan ucu isə zirvəsi adlanır. Ürək dörd kameraya bölünür: yuxarı hissədə sağ və sol qulaqcıq, aşağıda isə sağ və sol mədəcik yerləşir. Sağ və sol hissə bir-birindən arakəsmə ilə ayrılır. Sağ mədəcikdən ağciyər kötüyü vasitəsilə kiçik qan dövranı və sol mədəcikdən aorta vasitəsilə böyük qan dövranı başlanır. Sağ qulaqcığa yuxarı və aşağı boş vena, ürək venaları açılır. Burada yerləşən qapaq ürəkdən qanın geri qayıtmasına mane olur. Sol qulaqcığa 4 ədəd ağciyər venaları açılır.
Ürəyin əzələ divarının xarici və daxili səthləri birləşdirici toxuma ilə örtülür. Qulaqcıqlarla mədəcikləri birləşdirən dəlikdə taylı qapaqlar yerləşir. Aortanın və ağciyər arteriyalarının ürəyin mədəciklərindən çıxdığı yerlərdə isə aypara qapaqları vardır. Bu qapaqlar qanın bir istiqamətdə: qulaqcıqlardan mədəciklərə, mədəciklərdən isə arteriyalara axmasını təmin edir.
İnsanın ürəyi döş qəfəsində asimmetrik vəziyyətdə iki ağciyər arasında yerləşmişdir. Xaricdən ürək perikard adlanan xüsusi kisə ilə örtülmüşdür.
Ürək 3 qişadan ibarətdir:
1) daxili qişa — endokard
2) əzələ qişası — miokard
3) xarici seroz qişa — epikard.
Ürək əzələsinin tərkibində qlikogenlə zəngin olan atipik əzələ lifləri vardır. Bunlar Purkinye lifləridir. Bu liflər vasitəsilə oyanma dalğası ürək əzələlərinə nəql olunur. Ürəyin aparıcı sistemi (düyünlər, His dəstəsi, Purkinye lifləri) ürəyin avtomatizmini, yəni sinir sisteminin iştirakı olmadan ürəyin təqəllüsünü təmin edir.
Bəzi hallarda ürək fəaliyyətinin sinir tənziminin pozulması ürəyin işində aritmiyaya səbəb olur, yəni ürəyin yığılıb-boşalması ritmi pozulur. Ürək fəaliyyətinin sürətlənməsi və bunun nəticəsində nəbzin tezliyinin artması taxikardiya, azalması — bradikardiya adlanır.
Ürəyin işi reflektor xarakter daşıyır. Ürək əzələlərinin ritmik işi — təqəllüsü və boşalması mərkəzi sinir sistemindən ürək nahiyəsinə yönələn iki cüt efferent sinirlərlə çatdırılan impulslar hesabına olur. Bunlar simpatik və azan sinirin lifləridir. Simpatik sinirlərin tərkibində qüvvətləndirici və sürətləndirici ayırd edilir. Azan sinir qıcıqlandırıldıqda ürəyin təqəllüsü tormozlanır və hətta ürək diastola fazasında dayanır.
Ürəyin işi ürək əzələsinin müəyyən ardıcıllıqla ritmik surətdə yığılıb-boşalmasından ibarətdir. Ürək əzələsinin bir dəfə təqəllüs edib boşalması ürəyin bir siklini təşkil edir (0,8 san). 1 dəqiqə ərzində ürək sikli 70-75 dəfə təkrar olunur.
Ürək sikli aşağıdakı üç fazadan ibarətdir:
1) qulaqcıqların sistolası (yığılması) — 0,1 san;
2) mədəciklərin sistolası — 0,3 san;
3) mədəciklərin diastolası (boşalması) və ya ümumi pauza — 0,4 san.
Orta yaşlı insanda ürəyin ümumi həcmi 250-260 kub sm-ə bərabərdir. Mədəciklər yığıldıqda qan damarlarına orta hesabla 65-70 ml qan qovulur. Bu, ürəyin sistolik həcmidir.

Ürək-damar sisteminin sinir-humoral tənzimi.
Bədəndən izolə edilmiş ürəyin işi bir müddət davam edir. Bu, ürəyin avtomatizmini təmin edən aparıcı sistemin fəaliyyəti ilə izah olunur. Həmin sistem bir neçə sinir düyünündən və sinir liflərindən ibarətdir. Ürəyin işində xarici mühit amillərinə uyğunlaşma reaksiyaları yaranır. Belə ki, müsbət və mənfi emosiyalar, ağrı hissi, xarici mühit temperaturunun yüksəlməsi və ya enməsi halları, günəş kələfi nahiyəsinə endirilən fiziki zərbə, bağırsaqlarda qazların yığılması və s. bu kimi digər təsirlər ürəyin fəaliyyətində öz əksini tapır. Ürək fəaliyyəti sinir-humoral yollarla tənzim olunur. Ürəyin işinə tənzimedici təsir göstərən efferent sinirlər azan və simpatik sinirlərdir. Simpatik sinirlər ürək fəaliyyətini gücləndirir və sürətləndirir, azan sinirlər isə zəiflədir və yavaşıdır. Ürəyin sinir-humoral tənzimi biri digərini tamamlayan vahid bioloji prosesdir. Müxtəlif tipli emosional hisslər və nitqlə ifadə olunan şərti qıcıqlar reflektor olaraq ürək-damar sisteminin fəaliyyətinə bəzən güclü təsir göstərir.
Top