Vərəm xəstəliyi

Vərəm xəstəliyi

Vərəm xəstəliyinə hər il dünyada 10 milyona yaxın insan yoluxur, 3 milyona yaxın insan isə bu xəstəlikdən dünyasını dəyişir. İndi bütün dünya bəşəri problemə çevrilmiş bu xəstəliyə qarşı birgə mübarizə aparır. Hər il mart ayının 24-də Ümümdünya Vərəm Əleyhinə Mübarizə gününün qeyd olunması bu bəlaya qarşı hamılıqla mübarizə aparmağın zəruriliyini bir daha sübut edir.
1965-ci il iyunun 7-dən etibarən  vərəm kliniki təsnifata bölünmüşdür. Vərəmin əsas klinik formaları bunlardır:
1.Uşaqlarda və yeniyetmələrdə vərəm intoksikasiyası
2. Tənəffüs orqanlarının vərəmi
3. Digər orqan və sistemlərin vərəmi
4.Beyin qişalarının və mərkəzi sinir sisteminin vərəmi
5. Bağırsağın, peritonun, müsariqə limfa düyünlərinin vərəmi
6. Sümük və oynaq vərəmi
7. Sidik-cinsiyyət orqanlarının vərəmi
8. Dəri və dərialtı toxumanın vərəmi
9. Periferik limfa düyünlərinin vərəmi
10. Gözün vərəmi
11. Digər orqanlarının vərəmi.
Ftizatriya — Vərəm haqqında elmə deyirlər.“Phitsis” yunanca üzülmə, arıqlama, “jatos” isə həkim və ya həkimlik mənasındadır. Vərəm yoluxucu xəstəlikdir. Mycobacterim tuberculosis və ya kox çöpləri tərəfindən törənir. Bunlar aerob, turşuyadavamlı bakteriyalar olub ətraf mühitin bir sıra təsirlərinə qarşı çox davamlıdır. Sağlam, yaxşı immunitetə malik insan vərəmə yoluxduqda adətən heç bir əlamət üzə çıxmır, bu zaman daxildə yaranmış kiçik vərəm prosesi isə öz-özünə sağalır. Bu prosesdən bəzən heç bir əlamət qalmır və ya kiçik məhdud həcmdə qon ocağı qalır. Bu cür ilkin yoluxma adətən uşaq və ya yeniyetmə yaşlarında baş verir.
ağciyər vərəm xəstəliyiVərəmi «tuberkulozis» də adlandırırlar. Bu sözün latın dilindən tərcüməsi qabarcıq deməkdir. Vərəmin törədicisi isə onu aşkar edən alimin şərəfinə «kox» çöpləri adlandırılır. Əsasən immuniteti zəif olanlar və vərəmli xəstələrlə sıx təmasda olanlar bu infeksiyaya tutulur və ya gəzdirici olurlar. Lakin gəzdiricilər nəzarətdə qalmalıdırlar: onlar praktiki sağlam olub, ətrafdakılar üçün təhlükə törətmirlər, lakin onların immuniteti zəifləyərsə, o zaman vərəm çöpləri çoxalmağa başlayır. Nəticədə vərəm xəstəliyi inkişaf edir.

Vərəm çöpləri hansı yolla yoluxurlar?


Yoluxma çox zaman hava-damcı üsulu ilə baş verir, adətən payız aylarında yoluxma ehtimalı artır. Lakin çox zaman vərəm xəstəliyi orqanizmin zəifləməsi fonunda uşaq vaxtı ilkin yoluxma zamanı əmələ gəlib qalmış qon ocaqlarının yenidən aktivləşməsi nəticəsində yaranır. Beləliklə bu xəstəlik yalnız yaxşı qidalanmayan, qeyri-qənaətbəxş şəraitdə yaşayan müxtəlif səbəblərdən immuniteti aşağı olan, digər xəstəliklər fonunda çox siqaret çəkən, və ya zərərli tozlarla daim nəfəs alan insanlarda və s. inkişaf edir.
Vərəmin klinikası onun formasından asılı olaraq müxtəlif ola bilər. Uşaqlarda və yeniyetmələrdə vərəm intoksikasiyası zamanı bədən temperaturu periodik olaraq 37-38 S –yə qalxır, xəstənin iştahası pozulur, neyrovegetativ pozğunluqlar (əsəbilik və ya süstlük, başağrıları, ürək döyünmə) periferik limfa düyünlərinin zəif böyüməsi, qaraciyərin və bəzən dalağın bir qədər böyüməsi, bədən çəkisinin artmaması, azalması, orta qulağın iltihabı, başqa xəstəliklərə meyllilik müşahidə olunur.
Biz bilirik ki, tənəffüs ritmi mərkəzi sinir sistemi vasitəsilə nizama salınır. İnsan dəqiqədə 14-18 dəfə bütün ömrü boyu isə təxminən 600 milyon dəfə nəfəs alır. İnsan dinc vəziyyətdə 5 litr hava alır. Fiziki iş zamanı bu 120 litrə çatır. Söhbət zamanı öskürək, asqıraqla öpüşərkən seliz damcıları ilə və s. yollarla vərəmə yoluxmaq mümkündür. Vərəm xəstəliyinin mənbəyi xəstə insanlar, heyvanlar, və quşlardır.
Epidemioloji cəhətdən ən qorxulu olanlar bəlğəmlə, külli miqdarda vərəm mikrobakteriyaları xaric edən xəstələrdir. Bir xroniki vərəmli xəstə sutka ərzində 7 milyarda qədər vərəm çöpləri xaric edir. Belə xəstə bir dəfə öskürərkən havaya 60 minə yaxın tüpürcək dənələri püskürür. Bir açıq formalı vərəmlə xəstə il ərzində 10-12 yeni sağlam şəxsin vərəmə tutulmasına səbəb ola bilər. Əgər dünyada hər 7 saniyədən biri 5 yaşına qədər bir uşaq sətəlcəm xəstəliyindən dünyasını dəyişirsə, bu gün dünyada hər 10 saniyə ərzində 1 nəfər vərəm xəstəliyindən dünyasını dəyişir.
Vərəm mikrobakteriyaları təkcə bəlğəmlə deyil, sidik, nəcis, və irinlədə xaric olunur. Yer üzərində 50 növdən artıq məməli heyvanlar, 80 milyondan artıq quşlar, vərəm xəstəliyinə yoluxa biləcək ən qorxulu heyvanlar inəklər və keçilərdir. Öküz tipli vərəm çöpləri ilə insanlar süd və süd məhsulları vasitəsilə yoluxa bilir. Bəzi hallarda vərəm mikrobakteriyaları ilə yoluxmuş ətdən yaxud da xəstə heyvanlarla yaxın kontaktdan yoluxma baş verə bilir.
Adətən, vərəm çöpləri orqanizmə hava-damcı yolu ilə, nisbətən az hallarda dəridə və selikli qişalarda olan sıyrıntı və yaralardan, xəstə heyvan və quş ətindən istifadə etdikdə, xəstənin tüpürcəyi və bəlğəmindən, yenidoğulmuşlara isə anaların qanı vasitəsilə daxil olur.
Əgər vərəm çöpləri nəfəs alınan hava ilə ağciyərlərin alveollarına daxil olarsa, bu zaman ağciyərlərin vərəmi müşahidə olunur (vərəmin ən çox rast gəlinən forması). Vərəm çöplərinin zərərli təsirindən insan tez bir zamanda 5-10 kq arıqlayır. Bundan başqa, iştah pozulur, iş qabiliyyəti zəifləyir, yorğunluq, süstlük, halsızlıq hiss olunur, güclü tərləmə (xüsusilə gecələr və səhərə yaxın), bədən hərarətinin 37-37,5, bəzən isə 38-39 qalxması müşahidə edilir. Daha sonra öskürək əziyyət verməyə başlayır: əvvəlcə irinli-bəlğəmli, getdikcə qan qarışmış əzabverici öskürək xəstələri narahat edir. Çox tez-tez ağciyərlərdəki iri damarların partlaması nəticəsində qanaxma baş verir.
Ən təhlükəli cəhət ondadır ki, xəstələr və onların əhatəsində olanlar vərəmdən heç şübhələnmirlər də, çünki vərəmin əlamətləri çox vaxt yuxarı tənəffüs yollarının xəstəliklərinə, ən çox da bronxitə oxşar şəkildə özünü büruzə verir. Ona görə də yuxarıda göstərilən əlamətlərdən bir neçəsi aşkar olunarsa, bu zaman mütləq həkimə müraciət etmək lazımdır- diaqnozu təsdiq və ya inkar etmək üçün.
Diqqətli olun! Hər il xəstəliyin kəskin formasından əziyyət çəkən, lakin kifayət qədər müalicə almayanların 50%-i ölür. Qalan 50% -də isə xəstəlik xroniki formaya keçir, vərəm mikobakteriyaları isə digər orqanları zədələməkdə davam edirlər.

Vərəmdən necə qorunmaq olar?


Vərəmdən qorunmağın ən sadə üsulu-immunitetin aşağı enməsinə yol verməməkdir. Qida rasional, zülallar, vitaminlər, mineral maddələrlə kifayət qədər zəngin olmalıdır. Bundan başqa, özünüzü soyuqdəymədən, həddindən artıq istiləşmədən qoruyun (əgər zərərli istehsalatda işləyirsinizsə, o zaman respiratordan və ya qoruyucu maskadan istifadə edin).
Əgər analizlərin nəticələri vərəm diaqnozunu təsdiq edərsə, kədərlənməyin. Hazırda vərəm əleyhinə tətbiq olunan müasir preparatlar xəstəlikdən müalicə etməyə tamamilə qadirdirlər. Xəstəliyin formasından, inkişaf dərəcəsindən asılı olaraq xəstələr vərəm dispanserində, sanatoriyalarında və yaxud həkim nəzarəti altında evdə müalicə ala bilərlər. Bir vacib məsləhəti unutmayın: həkimin təyin etdiyi müalicəni yarımçıq kəsməyin. Əks təqdirdə mikobakteriyaların davamlılığı artır və onlar sonrakı müalicəyə qarşı dözümlü olurlar.
Vərəm xəstəliyinin müalicəsinin effektini artırmaq və sağalmanı sürətləndirmək üçün vərəm əleyhinə preparatlardan əlavə, xalq təbabətində geniş istifadə olunan müalicə vasitələrindən faydalanmaq məsləhət görülür. Ümumi qüvvətləndirici kimi aşağıda təqdim olunan reseptlərdən istədiyinizi seçə bilərsiniz:
-1 x/q solmazçiçək, adaçayı, bağayarpağı qarışığından 4 x/q götürərək üzərinə 1 litr qaynar su tökün, 1 sutka saxlayın, süzün. Gündə 4 dəfə 1 ç/q balla 1 stəkan qəbul edin.
-ət maşınında 1,5 kq 3-5 illik aloye yarpaqlarını əzin (5 gün əvvəldən bitkiyə su verməyi dayandırın), üzərinə 2,5 kq bal qatın, qarışdırın, tünd bankaya tökün, qapağı bağlı halda 1 həftə saxlayın. 1-ci 5 gün yeməkdən 1 saat əvvəl gündə 1 dəfə 1ç/q, sonrakı günlər isə gündə 3 dəfə qəbul edin.
Dəvə-dabanı, razyana, cirə qarışığından dəmləmələr, biyan kökündən cövhər hazırlayıb qəbul edin.
Keçmişdə köçərilər bir çox xəstəlikləri, o cümlədən vərəmi at südü ilə (kumısla) müalicə edirdilər.
Qədim zamanlardan vərəmin müalicəsində hərtərəfli qidanın, təmiz havanın, günəşin, suyun, fiziki məşğələlərin roluna xüsusi əhəmiyyət verirdilər. Həkimlər qida rasionuna aşağıdakı qidaları daxil etməyi məsləhət görürlər: yağsız ət, balıq, quş əti, süd, kefir, kəsmik, pendir, çovdar çörəyi, kartof, alma, qaraqarağat, kahı, kələm, noxud və s.
Gündə 4 dəfə yemək yeyin. Yemək arası 1 stəkan meyvə şirəsi qəbul etmək olar. Mümkün qədər təmiz havada, dəniz sahillərində olun. Günəş vannaları qəbul edin, özünüzü möhkəmlədin, kontrast duş qəbul edin.
Rəsmi mənbələrdə isə Azərbaycanda 10 minə yaxın şəxsin vərəmə yoluxduğu göstərilir. Ölkəmizdə vərəmli xəstələr ümumi mərkəzləşmiş qaydada pulsuz ərzaq məhsulları ilə təmin olunur, stasionarlarda pulsuz şəkildə müalicə edilir, onlara dərmanlar pulsuz verilir (bax-Vərəmə qarşı vaksin və revaksinasiya) Son illərin statistikası onu göstərir ki, sosial vəziyyəti aşağı olan ailələrdə, cəzaçəkmə müəssisələrindən azadlığa buraxılan məhbuslarda vərəmə yoluxma faizi daha yüksəkdir və bu fakt ətrafdakıların da xəstəliyə yoluxma riskini artırır. Qeyd edək ki, dünyada ən geniş yayılmış yoluxucu xəstəliklərdən biri olan vərəmin insana yoluxması hava-damcı yolu ilə baş verir. Bu xəstəliklə mübarizə aparmaq üçün bütün qüvvələrimizi əsirgəməməliyik.
Mənbə: İqtisadiyyat qəzeti (S. Aytən),Ailə həkimi jurnalı,müxtəlif saytlar
Top