Nikah günü hamı vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanının qarşısında yığışmışdı. Küçədə gəlin kimi bəzənmiş neçə maşın dayanmışdı. Həmin maşınlarda oğlanla qızın adamları gəlmişdi. Hamı da gül-çiçəklə. Bu gün nikah kəsdirəcək gəncləri təbrik etmək, onlara xeyir-dua verməkdən ötrü. İki ailənin üzvləri bir-birinə qarışmışdı. Tanımaq olmurdu oğlan evinin adamları kimdir, qız evininki hansı. Deyib-gülür, zarafatlaşır, bir-biri ilə daha yaxından tanış olur, bir-birini qonaq çağırırdılar. Oğlan anası qızı əzizləyir, öpür; qız anası da öz növbəsində kürəkənini məhəbbətlə süzür, xoş dillə dindirirdi.
Toy məclisi də biləcə təmtaraqla, xeyir-dua ilə qurtardı. Günlər keçdi, aylar dolandı, il tamam olmamış gənc ailədə bir mərəkə qopdu ki, səsə bütün qohum-əqrəba yığışdı.
Aləm bir-birinə dəydi, hamı bir-birinin kölgəsini qılınclamağa başladı, vaxtilə xeyir-dua edənlər indi bir-birlərini hədələyirdilər. Dünən qız haqqında “Gəlinimin tayı-bərabəri yoxdur” deyən oğlan anası indi ona qarğış edirdi. Oğlan barəsində “İki qızım vardı, indi bir oğlum da var” deyən qız anası da kürəkənini lənətləyirdi.