Boğazda hər hansı yad cisim (qida, sümük, meyvə tumu və s.) qaldıqda nəfəs yolları qismən bağlana bilər.
Bu zaman insan çətinliklə də olsa nəfəs ala və danışa bilir. Belə vəziyyətdə orqanizmin müdafiə mexanizmi olan öskürək köməyə gəlir — insan öskürür və yad cisim əksər hallarda xaric olur. Lakin bəzən yad cisim nəfəs yollarını tam bağlaya bilər ki, bu zaman insan nə nəfəs ala, nə danışa, nə də öskürə bilir, boğulur, göyərir. Bu çox təhlükəli vəziyyətdir ki, insan dəqiqələr ərzində həyatını itirə bilər.
Böyük adamın boğazında yad cisim qaldıqda adətən ilk yardım məqsədi ilə Qreymlix üsulundan istifadə olunur. Bu üsulun müəllifi məşhur Amerika həkimi cərrah Henri Qreymlixdir. 1974-cü ildən istifadə olunan bu üsul yalnız ABŞ-da 50 mindən artıq insan həyatını xilas edib.
Qreymlix üsulu necə həyata keçirilir?
Zərərçəkəni arxadan qucaqlayıb əlinizin birini yumruq şəklində sıxın və digər əlinizlə yumruğunuzu tutun. Yumruğunuzu göbəyindən bir qədər yuxarıda olmaqla döş sümüyü qurtaran yerdə yerləşdirin.
Dirsəklərinizi önə verərək, hərəkət istiqaməti dərinə və yuxarı olmaqla cəld hərəkətlərlə yumruğunuzla zərərçəkənin qarnına sıxın.
Zərərçəkənin qarnına təzyiq edilməsini yad cisim tənəffüs yolundan çıxana qədər, həkim gələnə qədər və ya zərərçəkən huşunu itirənə qədər davam etdirmək lazımdır. Əksər hallarda Qreymlix üsulu effektli olur və yad cisim boğazdan çıxır.
saglamolun.az