Hirudoterapiya- zəli müalicəsi

Hirudoterapiya- zəli müalicəsi

Qara, sürüşkən, qurdabənzər və qanla qidalanan zəlilərdən çox vaxt iyrənirik. Halbuki bu «təbiət həkimləri» bəzən insanların elə orqanlarını sağaldırlar ki, həkimlərin özü belə bunu bacarmır. Xoşagəlməz təsir bağışlasa da, müasir dövrdə zəli insanların bir çox dərdinin dərmanına çevrilmişdir.
 
Qeyd edək ki, zəli 1984-cü ildən «Qırmızı Kitab»a daxil edilmişdir. Ona təbii şəraitdə yalnız Rusiyanın cənubunda, Azərbaycanda, Ukraynada, Macarıstanda, İsraildə və Fransada rast gəlinir. Dünyada zəlinin 400-ə qədər, Azərbaycan da isə 17 növü var ki, bunun ancaq üçü (Şərq zəlisi, aptek zəlisi, tibb zəlisi) tibdə istifadə edilir.

Bütün dünyada zəlinin ən yaxşı növlərindən biri — Şərq zəlisi Azərbaycandadır. Zəlinin insan və başqa canlılar üçün təhlükəli növləri vardır. Daha çox Ermənistanda yayılan at zəlisi hər hansı canlıya yapışıb, qanını sorur və öldürür.

Zəli ilə müalicə hirudoterapiya adlanır. Əsrlərlə insanların bu xeyirxah canlı ilə təmasdan uzaqlaşmanın səbəbi kimyəvi dərman preparatları olmuşdur. Lakin dərmanların ziyanlı tərəflərini insanlar başa düşəndən sonra yenidən hirudoterapiyaya üz tutmuşlar.

Zəlinin ağız suyunda olan fermentlərin insana heç bir ziyanı yoxdur. Zəlinin ağız suyunun tərkibində olan 100-ə yaxın bioloji aktiv maddənin ancaq 20 faizini elm öyrənə bilmişdir. Bu canlının ağız suyunda olan hirudin maddəsi qanın laxtalanmasının qarşısını alır, duruldur, oksigenlə zənginləşdirir, trombları əridir, orqanizmdəki iltihabi prosesi aradan götürür, immun sistemini möhkəmləndirir və infeksiya törədicilərinin inkişafının qarşısını alır.

Hirudin, eyni zamanda, qan damarlarında yüksək təzyiqi azaldır, xoralaşma prosesini, eroziv sahələri bərpa edir və sağalma sürətlə gedir. Xroniki iltihab proseslərində, ürək qüsurlarında, ürəyin işemik və qan dövranı xəstəliklərində, stenokardiya, maddələr mübadiləsi pozulduqda, osteoxondroz (duzlaşma), uroloji, ağ ciyər və qara ciyər, mədə-bağırsaq, ginekoloji, revmatizm, dəri xəstəliklərində zəli ilə müalicə müsbət effekt verir.

Zəli yeganə vasitədir ki, hətta ölmüş sinir hüceyrələrini bərpa edir. Lakin zəlinin fərdi olaraq ziyanı ola bilər. Zəlinin hamilə qadınlara, anemiyalı, hemofiliyalı, onkoloji xəstələrə tətbiq edilməsi düzgün deyildir. Zəli qanı durultduğundan qan təzyiqi aşağı olanlar üçün təhlükə yarada bilər. Zəli qoydurmaq istəyən şəxsin qanının reoloji göstəriciləri haqqında həkimdə məlumat olmalıdır. Hər zəlidən ancaq bir dəfə istifadə etmək olar.

Top