Suda boğulma zamanı ilk tibbi yardım

Suda boğulma zamanı ilk tibbi yardım

Suda batanı xilas edərkən ehtiyatlı olmaq lazımdır. Belə ki, suda batan hər şeydən tutmağa cəhd etdiyi üçün o, xilasedəni də batıra bilər.

Batan şəxsə arxa tərəfdən yaxınlaşmaq, onu saçlarından, paltarının yaxalığından və ya qoltuqaltı nahiyəsindən tutaraq üzünu yuxarı çevirməklə onunla birlikdə sahilə tərəf üzmək lazımdır. 

Batan şəxsin sifəti mütləq suyun səthindən yuxarıda olmalıdır.

Suda boğulma zamanı ilk tibbi yardım:

— dərhal “təcili yardım” çağırmaq;

— tibbi yardım göstərməzdən əvvəl zərərçəkənin əynindəki sıxıcı paltarları (qalstuk, kəmər və s.) çıxarmaq lazımdır;

— cəld hərəkətlə zərərçəkənin ağız boşluğunu barmağınızla və ya dəsmalla dəniz yosunlarından və digər yad cisimlərdən təmizləyin;
 

— sonra sağ dizinizi yerə qoyaraq, zərərçəkəni üzüaşağı və qarnı budunuza söykənməklə, dizdən bükülmüş sol ayağınızın üzərinə qoyun;

— əlinizlə onun kürəkləri arasındakı sahəyə güclü şəkildə təzyiq etməklə tənəffüs yollarından suyu xaric edin;

— sonra zərərçəkəni üzüyuxarı yerə uzadın, qusma başladığı halda onun boğulmaması üçün başını yana çevirin, nəfəs alıb-almamasını, ürəyinin döyünüb-döyünməməsini  yoxlayın;

— əgər zərərçəkən nəfəs almırsa, yuxarıda göstərildiyi qaydada tənəffüs yollarından suyu xaric edən kimi, ona süni tənəffüs vermək lazımdır. Əgər zərərçəkənin ürəyi dayanıbsa, süni tənəffüs hərəkətləri ilə yanaşı ürəyin qapalı masajını da (bax, “Ürəyin xarici masajı” və “Süni tənəffüs”) icra edin. Bu reanimasiya tədbirlərini həkim gələnədək davam etdirmək lazımdır. Zərərçəkəni tibb müəssisəsinə çatdırmaq imkanı olarsa, bunu dərhal etmək, reanimasiya tədbirlərini isə yolda olarkən davam etdirmək lazımdır.

Əgər zərərçəkən huşunu itirməmişdirsə, tənəffüs yollarından suyu xaric etdikdən sonra  onun əynindəki yaş paltarları çıxarmaq, bədənini spirt və ya quru dəsmalla ovxalamaq, içməyə isti maye vermək, onu isti bir şeyə bürümək, ayaqlarını bir qədər qaldırmaq və dərhal xəstəxanaya çatdırmaq lazımdır. Zərərçəkənin vəziyyəti hətta yaxşı olsa da, o mütləq həkim tərəfindən müayinə olunmalıdır.

Bütün bədbəxt hadisələrdə olduğu kimi, suda boğulmadan qorunmağın ən yaxşı üsulu onun profilaktikasıdır. Uşaqlardan söhbət getdiyi halda bu daha aktualdır! Kiçik uşaqları heç zaman su ilə doldurulmuş vannada təkbaşına qoymayın, hovuzda, dənizdə çimərkən onlara nəzarət edin və s.!

Mənbə: saglamolun.az 

Top