Dərinin və dərialtı toxuma qatlarının zədələnmə dərəcəsinə görə yanıqlar 4 dərəcəyə ayrılır:
1-ci dərəcəli yanıq zamanı dərinin yalnız səthi qatları zədələnir. Bu zaman zədələnmiş sahədə qızartı və ağrı qeyd edilir.
Yanıqların bu dərəcəsində adətən xüsusi müalicə tələb olunmur. Belə yanıqlar heç bir iz buraxmadan tez bir zamanda sağalırlar.
2-ci dərəcəli yanıq zamanı dərinin xarici qatındakı hüceyrələrin ölməsi və lay şəklində aralanması baş verir. 2-ci dərəcəli yanıq da 1-ci dərəcəli yanıq kimi başlayır, ancaq sonradan dəridə içərisində sarımtıl maye olan qabarcıqlar (suluqlar) yaranır.
3-cü dərəcəli yanıq dərinin bütün qatlarını əhatə edir. Yanıqdan bir neçə saat sonra içərisində qatı həlim şəkilli maye olan qabarcıqlar yaranır. Onlar gərilmiş şəkildə olub tez bir zamanda partlayırlar. Yaranın dibi qırmızı rəngdə olub ağımtıl ərplə örtülür və ya ağ rəngdə olur.
4-cü dərəcəli yanıqlar çox təhlükəli hesab edilir. Bu yanıqlar zamanı nəinki dərinin bütün qatları, həmçinin dərialtı birləşdirici toxuma və əzələ qatı da zədələnir. Bu zaman yaranın səthi tutqun-boz rəngdə olur. Zərərçəkəndə şok baş verə bilər. Bu halda kəskin həyəcanlılıq, qorxu və ağrı hissiyyatı — süstlük, apatiya, dərinin avazıması əlamətləri ilə əvəz olunur. Zərərçəkən əsnəyir, ətrafında baş verənlərə zəif reaksiya verir. Onun nəbzi sürətlənir, bəzən qusma da baş verə bilər.
4-cü dərəcəli yanıqdan sonra yaralar uzun müddət ərzində sağalır, uzun müddətli və mürəkkəb cərrahi müalicə tələb olunur, bəzi hallarda isə yanıq nəticəsində zədələnmiş ətrafın amputasiya (kəsilməsi) edilməsinə tələbat yaranır.
Zədələnən şəxsin əl pəncəsinin səthi onun ümumi bədən səthinin təxminən 1%-ni təşkil edir. Ümumi dəri örtüyünün 5%-i zədələndiyi halda yanıq sahəsi geniş hesab edilir.
Zərərçəkənə ilkin yardım göstərilməsinin lap əvvəlində mümkün qədər tez bir zaman ərzində yüksək temperaturun təsirini dayandırmaq lazımdır. Əgər bu alov olarsa, zərərçəkənin üzərinə su tökmək və ya onun üstünə örtük, ədyal atmaq lazımdır. Bu zaman alov sahəsinə hava axını kəsildiyi üçün o, tez bir zamanda sönür. Bunları çox ehtiyatla, zərərçəkənin başını örtmədən etmək lazımdır. Əks halda onda tənəffüs yollarının yanığı və yanmanın toksik məhsulları ilə zəhərlənmə baş verə bilər. Bundan sonra mümkün qədər cəld hərəkətlərlə, yanıq sahəsini zədələmədən, yanmış paltarlarını kəsib çıxarmaq lazımdır. Əgər paltar bədənin zədələnmiş hissəsinə yapışarsa, onu yaradan qoparmaq olmaz – bu halda paltarın həmin sahəsini yara ətrafı boyunca kəsmək lazımdır.
Aşağıdakı hallarda dərhal “təcili yardım” çağırın:
— yanıq sahəsi zərərçəkənin 5 əl pəncəsi səthindən artıq olduqda;
— yanığa məruz qalan uşaq və ya yaşlı şəxs olduqda;
— 3-cü və 4-cü dərəcəli yanıqlar zamanı;
— qasıq sahəsi yandıqda;
— ağız, burun, baş, tənəffüs yolları yandıqda;
— iki ətraf yandıqda.
Yanıqlar zamanı ilk tibbi yardımın xarakteri yanığın dərəcəsindən və sahəsindən asılıdır.
Yüngül və ya sahəsi çox da geniş olmayan yanıqlar zamanı ilk tibbi yardımı zədələnmiş sahənin soyudulmasından başlayırlar. Bədənin yanan sahəsini 10-15 dəqiqə (!) ərzində soyuq axar su altında saxlayın. Bu dərinin soyumasına, ağrının keçib getməsinə və yanığın dərinin daha dərin qatlarına yayılmasının qarşısını alır. Bu zaman buzdan istifadə etmək olmaz, bu travmanı artıra bilər! Yanan sahəyə yağ, yağlı məlhəmlər, vazelin və digər yağlı maddələr və yumurta da sürtmək olmaz!
Dəri su ilə soyudulandan sonra yanıq sahəsini steril bint və ya xovu olmayan, təmiz, yumşaq, təzə ütülənmiş parça ilə sarımaq lazımdır. Binti spirtdə və ya araqda isladmaq olar, onlar ağrıkəsici təsir göstərir və bəzi hallarda suluqların əmələ gəlməsinin qarşısını alır.
Yanıq sahələrinə heç vaxt yod, brilyant yaşılı (“zelyonka”), kalium permanqanat (“marqansovka”) və digər bu tipli antiseptikləri sürtmək olmaz. Həmçinin, yanıq sahəsini heç bir halda sidiklə “təmizləməyin”, sürtkəcdən keçirilmiş kartof və ya kartof qabığı və s. bu kimi “vasitələr” də qoymayın, çünki bu zaman siz yaraya infeksiya sala bilərsiniz.
Yanıq sahəsinə yalnız soyuq su ilə soyutduqdan sonra (!) yanıqlara qarşı olan “Pantenol”, “Levian”, Levizol” və s. bu kimi xüsusi aerozol vurmaq olar.
Güclü və sahəsi xeyli dərəcədə geniş olan yanıqlar zamanı (insan bədəninin çox hissəsi yandıqda) zərərçəkəni təmiz döşəkağı ilə bürümək, daha sonra üstünü ədyalla örtmək, ona antihistamin (suprastin, klaritin və.), ağrıkəsici dərmanlar vermək, duz qatılmış su içirtmək (1 l suya 1 çay qaşığı duz) və dərhal xəstəxanaya çatdırmaq lazımdır.
Əgər zərərçəkən şəxsdə şok başlanarsa, ona içməyə maye vemək olmaz.
Uşağa antihistamin preparatını, həmçinin ağrıkəsici dərmanı (məsələn, panadol, nurofen və s.) yaşına uyğun dozada olmaqla, yanıq sahəsi hətta geniş olmadıqda da vermək lazımdır. Güclü yanıqlar zamanı dözülməz ağrılar yarandığı üçün, ağrı şokunun qarşısını almaq məqsədi ilə, ağrıkəsici dərmanların verilməsi çox vacibdir!
Zərərçəkənin dərisində qabarcıqlar əmələ gələrsa, onları deşmək olmaz. Bu, təhlükəli infeksiyaların yaraya daxil olmasına səbəb ola bilər.
Gözlərin termik yanıqları zamanı gözləri xeyli həcmdə su ilə yumaq, boş sarğı qoymaq və zərərçəkəni təcili olaraq tibb müəssisəsinə çatdırmaq lazımdır.
Mənbə: saglamolun.az