Kiçik yaşlı uşaqlarda ən çox təsadüf edilən travma – kəllə-beyin travmasıdır. Bunun da əsas səbəbi uşağın yıxılmasıdır. Balaca uşaqlar bələndikləri stoldan, divandan və s. hündürlüklərdən və əksər hallarda da başıaşağı olmaqla yıxılırlar. Ona görə ki, əgər böyüklərdə baş, ümumi bədən uzunluğunun 1/8 hissəsini təşkil edirsə, uşaqlarda bu rəqəm ¼ hissəyə bərabər olur, yəni onların başı bədənlərinə nisbətən daha ağır olur. Bundan başqa, böyüklər yuxıldıqda reflektor olaraq başlarını qoruyurlar — əllərini qabağa verir və s. Uşaqlarda bu qoruyucu refleks formalaşmamış olur.
Əlbəttə ki, uşaqların yıxılmasının qarşısını hər vasitə ilə almaq lazımdır. Heç bir halda, hətta ən kiçik uşaqları da onları bələdiyiniz stolun üstündə, divanda nəzarətsiz qoymayın. Əgər sizə uşaq üçün digər otaqdan nə isə gətirmək, telefona cavab vermək, qapını açmaq və s. lazım olarsa, uşağı da mütləq özünüzlə aparın! Uşaqları uzun müddət ərzində otaqda tək qoymayın – onlar hər şeylə maraqlandıqları üçün stolun, stulun, şkafın və s. ev əşyalarının üstünə qalxmağı xoşlayırlar. Uşaqlarla gəzərkən də diqqətli olmaq lazımdır.
Əgər bütün bunlara baxmayaraq uşaq yıxılarsa, ilk növbədə onun vəziyyətinə diqqətlə nəzarət etmək tələb olunur.
Əgər uşaq yıxıldıqdan sonra dərhal qışqırıbsa, huşunu itirməyib, özünü adi halda olduğu kimi aparırsa və onun sağlamlığında heç bir dəyişiklik qeyd edilməzsə, uşağı sakitləşdirin, zədə olan nahiyəyə soyuq suda isladılmış əsgi və ya parçaya bükülmüş buz qoyun. Bu, ağrının azalmasına, toxumalarda şişkinliyin və qanaxmanın dayanmasına səbəb olur. Əgər qanaxma dayanmazsa, “təcili yardım” çağırmaq lazımdır!
Əgər yıxıldıqdan sonra uşaq huşunu itiribsə, uşaqda bəbəklərin genişlənməsi və ya daralması, bəbəklərin ölçülərinin müxtəlifliyi, baş ağrısı, əzginlik, başgicəllənmə, ona edilən müraciətə cavab verməməsi, yuxululuq, bənizinin avazıması, danışığında və ya hərəkətlərində pozğunluq, ürəkbulanması və ya qusma, burnundan və ya qulaqlarından qanaxma, rəngsiz və ya qan qarışıqlı mayenin xaric olması, gözlərin altında və ya qulaqların arxasında tünd (tünd göy) ləkələrin olması kimi əlamətlər müşahidə edilirsə, onu tez bir zamanda həkimə göstərmək lazımdır. Sadalanan bu əlamətlər beyin silkələnməsi və ya əzilməsinin əlamətləri ola bilər.
Əgər uşaqlarda başın travması yatmamışdan qabaq baş veribsə, azı 1 saat ərzində uşağı yatmağa qoymayın və ona diqqətlə nəzarət edin. Heç bir halda uşağa hər hansı sakitləşdirici və ya ağrıkəsici dərmanlar verməyin! Əgər uşaqda yuxarıda sadalanan əlamətlərdən hər hansı biri qeyd edilərsə, dərhal həkimə müraciət edin!
Beyin silkələnməsi zamanı uşaqda müəyyən bir müddət ərzində huşun itirilməsi, qusma (3 aylığına qədər olan uşaqlarda – çoxsaylı), dərinin avazıması, soyuq tər kimi əlamətlər qeyd edilir. Uşaq əzgin, yuxulu olur, yeməkdən imtina edir. Sadalanan əlamətlərin qeyd edildiyi halda, tez bir zamanda “təcili yardım” çağırmaq lazımdır!
Təəssüflər olsun ki (!), bir sıra hallarda, valideynlər zədələnmənin ciddiliyini və uşağın vəziyyətini (məsələn, beyin silkələnməsi halda) düzgün qiymətləndirməyərək, həkimlərin məsləhətinə əməl etmirlər. Kəllə-beyin travmasını diqqətsiz qoymaq, sonadək müalicə etməmək çox təhlükəlidir! Həkimlərin müşahidələrinə görə, kəllə-beyin travması keçirmiş və müvafiq müalicə almamış uşaqların əksəriyyətində, 3-5 il keçdikdən sonra baş ağrıları, başgicəllənmə, eşitmənin zəifləməsi, görmənin pozulması, yuxunun pisləşməsi kimi əlamətlər meydana çıxa bilər. Nadir hallarda belə uşaqlarda daha ağır fəsadlar, məsələn, epilepsiya (qıcolma tutmaları) da inkişaf edə bilər.
Bundan əlavə, bəzi hallarda kəllə sümüyünün sınıqları və beyin silkələnməsi olmadan da, beyinin əzilməsi zamanı, kəllə daxilində qan damarının partlaması nəticəsində axan qan kütləsi tədricən beyin toxumasına təzyiq edir. Belə hallarda əvvəlcə yaxşı vəziyyətdə olan uşaq, bəzən travmadan bir neçə saat sonra, birdən-birə huşunu itirir, onda qıcolmalar başlayır! Bu halda yalnız, bəzən cərrahi əməliyyat da daxil olmaqla aparılan aktiv müalicə nəticəsində uşağın həyatını xilas etmək olar!
Baş beyinin travmasının daha ağır forması – baş beyinin əzilməsidir. Bu zaman bilavasitə travmadan sonra uşaq xeyli müddət huşunu itirir (bəzən 1 saatdan da artıq müddətə). Daha ağır hallarda tənəffüs və ürək fəaliyyətinin pozulması da baş verir.
Kəllə sümüklərinin sınığı zamanı xəstəliyin simptomları dərhal deyil, yalnız travmadan bir neçə saat keçdikdən sonra meydana çıxır! Buna görə də istənilən güclü yıxılmadan sonra uşağa çox diqqətlə nəzarət etmək lazımdır! Kəllə sümüklərinin sınığı zamanı uşaqda burundan və ya qulaqdan qan və ya açıq rəngdə mayenin (likvor) ifraz edilməsi, göz ətrafında göyərmələr (“eynək simptomu”) yarana bilər. Bu zaman uşağın vəziyyəti kəskin şəkildə ağırlaşır.
Beyin silkələnməsi, əzilməsi və ya kəllə sümüklərinin sınığının ilkin əlamətləri qeyd edilən kimi, dərhal “təcili yardım” çağırmaq lazımdır!
Hər bir kəllə-beyin travması zamanı “təcili yardım” gələnə qədər:
— uşağı sakitləşdirmək, yatağa uzatmaq, qusma olduğu halda — başını yana çevirmək lazımdır. Travma nəticəsində başda yara olarsa, onun üzərinə steril, sıx olmayan (!) sarğı qoymaq tələb olunur. Bu, yaraya infeksiya düşməsinin qarşısını alır və qanaxmanın dayanmasına kömək edir. Sarğının üstündən parçaya bükülmüş buz və ya soyuducunun buzxanasında olan hər hansı bir məhsulu qoymaq olar.
— uşaq huşunu itirdikdə, heç bir halda onu üzüyuxarı qoymayın – bu zaman dilin kökü arxaya qatlanaraq tənəffüs yollarını qapaya bilər! Əgər uşaq huşsuz vəziyyətdə olarsa, onun sifətinə soyuq su çiləmək, burnuna naşatır spirtində isladılmış pambıq yaxınlaşdırmaq, gicgahlarını sirkə ilə silmək lazımdır. Onun nəfəs alıb-almadığını, ürək döyünməsinin olub-olmadığını yoxlayın! Əgər uşaq nəfəs almazsa və onda ürək döyünməsi olmazsa, təcili olaraq ona süni tənəffüs vermək və ürəyin qapalı masajını (bax, “Ürəyin xarici masajı” və “Süni tənəffüs”) icra etmək lazımdır!
Böyüklərdə baş beyinin silkələnməsi, əzilməsi və kəllə sümüklərinin sınığı zamanı ilkin tibbi yardımın göstərilməsi prinsipləri uşaqlarda olduğu kimidir.