Beyin-damar problemlərində tibbi yardım

Beyin-damar problemlərində tibbi yardım

İNSULT («beyin zərbəsi») - beyni qanla təchiz edən arteriyalar sistemində kəskin qan dövranı pozğunluğu. Çox vaxt insulta səbəb beyin damarlarının aterosklerozu və arterial hipertoniyadır. İnsult, adətən, iti inkişaf edir, bərk baş ağrısı, baş gicəllənməsi, qusma baş verir, şüur itirilir. Ayrı-ayrı nevroloji pozğunluq ocaqları (sifətin asimmetriyası, nitq pozğunluğu, parezlər, ətrafların iflici) əmələ gəlir. Geniş inkişaf etmiş insultlar komatoz vəziyyətin inkişafı (beyin koması) ilə müşayiət olunur.
Kəskin insulta məruz olmuş xəstə üçün tam rahatlıq təmin edilməli və təcili surətdə həkim çağırılmalıdır. Həkimin təyin etməsi üzrə xəstəyə beyin qan dövranını yaxşılaşdırıcı dərmanlar: eufillin, maqnezium-sulfat, papaverin yeridilir.
KOLLAPS - arterial təzyiqin kəskin surətdə aşağı düşməsi və periferik qan dövranının kobud pozğunluğu ilə fərqlənən iti damar çatışmazlığı. Kollaps əksəriyyətlə çoxlu qan itirilməsi, travmalar, miokard infarktı, zəhərlənmələr, kəskin infeksiyalar və s. hallarda inkişaf edərək, ən təhlükəli mürəkkəbləşmələrdən, bəlkə də xəstənin ölməsinin vasitəsiz səbəblərindən biridir.
Xəstə səciyyəvi xarici görünüşü ilə fərqlənir: onun gözləri aşağı batmış, dərisi solub-saralmış və kiçik tər damcıları ilə örtülmüş, ətrafları soyuq və göyümtül olur: xəstə əzgin hafda və hərəkətsiz yatır, onun hərəkətləri tormozlanmışdır, nadir halda isə onun narahat olması qeyd edilir. O, tez-tez və səthi nəfəs alır, nəbzi yumşaq olub, tez-tez döyünür, nəbzi dolğunluğu isə zəifdir. Arterial təzyiq aşağı düşür. Onun aşağı düşmə dərəcəsi kollapsın ağırlıq dərəcəsini göstərir.
Simptomların aydınlığı əsas xəstəliyin xarakterindən asılıdır. Belə ki, kəskin qan itirmə zamanı dərinin və aydın görünən selikli qişaların solğunluğu gözə çarpır: miokard infarktı zamanı isə çox vaxt sifətin dərisini göyümtül rəng alması, akrosianoz və s. müşahidə olunur.
Kollaps baş verdikdə xəstəni uzandırmaq (başının altındakı yastıqları götürmək), ətrafları isitqac qoymaq lazımdır. Dərhal həkim çağırılmalıdır. Lakin o gələnə qədər xəstənin dərisi altına ürək-damar dərmanları (kordiamin, kofein) yeridilməlidir.
Həkimin təyin etməsi üzrə, kollapsın səbəblərindən asılı olaraq müxtəlif tədbirlər kompleksi, məsələn qan saxlayıcı müalicə, qan itirildiyi zaman - qan köçürülmə, miokard infarktı zamanı qlükozidləri ağrıkəsici dərmanlar yeridilməsi və s. tətbiq edilir.
MİQREN - adətən, başın yarısında hiss olunan bu ağrı tutması çox vaxt göz yuvası, yuxarı çənə və boyun nahiyəsinə də yayılır. Ağrı qırıq-qırıq xassəli (pulsasiyalı) olur, qıcıqlanma (səs, işıq, iy və s.) təsiri nəticəsində şiddətlənir, çox vaxt ürəkbulanması, bəzən qusma ilə müşayiət olunur. Miqren tutması arterial təzyiqin artmasından və ya kəskin surətdə azalmasından, qlaukomadan, kəllədaxili təzyiqin artmasından asılı deyildir.
Adətən, xəstənin obyektiv müayinəsində əhəmiyyətli patologiyanın olması aşkar edilmir.
İlk yardım: maksimum istirahət verilir, ayaqlara isti vanna edilir, kofeinlə (0,1 q) birlikdə analgin (1 q), isti və şirin çay verilir, ənsə nahiyəsinə xardal yaxması qoyulur.
Müəllif tibb elmləri namizədi B.L. Borodulin
Top