Komatoz vəziyyət (koma) - reflekslərin və xaricin təsirlərə qarşı reaksiyanın olmaması ilə birlikdə dərin şüur pozğunluğu. Patogenezdə beyin qan dövranının pozulması və beyin toxumalarının toksik zədələnməsi əsas rol oynayır. Koma beyin qan dövranının kəskin pozğunluqları, şəkər diabeti, xronik nefrit, artan qara ciyər çatışmazlığı, zəhərlərlə ağır zəhərlənmə və s. zamanı müşahidə olunur.
Müəllif tibb elmləri namizədi B.L. Borodulin
Xəstədən anamnez məlumatı almaq mümkün olmadıqda koma halında olan xəstənin müayinə edilməsi çox çətinləşir.
Koma - xəstənin vəziyyəti nisbətən yaxşı olduğu zaman gözlənilmədiyi halda birdən-birə inkişaf edə bilər. İti inkişaf etmə insult və hipoqlikemiya koması nəticəsində baş verən beyin koması üçün səciyyəvidir. Lakin bir çox hallarda xəstəliyin cərəyanını mürəkkəbləşdirən komatoz vəziyyət tədricən inkişaf edir. Belə inkişaf diabet, uremiya, qaraciyər komaları və bir çox başqa komatoz hallar üçün səciyyəvidir.
Xəstənin nəfəsvermə zamanı buraxdığı havanın iyinin diaqnostik əhəmiyyəti böyükdür. Uremiya koması üçün ammonyak iyi səciyyəvidir. Bu iy bəzən xəstələr olan otağa girdikdə bərk hiss olunur. Ağızdan alkoqol və ya araq iyi gəlməsi alkoqol koması olması şübhəsini oyadır. Diabet komasında otaqda nəfəsvermə zamanı buraxılan hava çürüyən alma iyini xatırladan aseton iyi verir.
Uremiya, beyin damarlarının trombozu və qanazlığı zamanı dəri adətən solğun-sarı, alkoqol koması və beyinə qan sızması zamanı çox vaxt hiperemiyalaşmış olur. Dərinin çəhrayı rəng alması dəm qazı ilə zəhərlənmədə baş verən koma üçün səciyyəvidir. Dərinin və göz ağının sarılığı adətən qaraciyər koması zamanı müşahidə olunur. Tərlə örtülmüş yaş dəri hipoqlikemik koma üçün səciyyəvidir. Diabet komasında dəri həmişə quru olur. Diabet, qaraciyər və uremiya komalarına tutulmuş xəstələrin dərisində köhnə qaşınma yerlərinin izləri qeyd edib bilər. Koma əsnasında xəstələrdə aşkar edilmiş təzə çibanlar və köhnə çiban izləri şəkər diabeti olmasını düşünməyə vadar edir.
Diabet komasında göz almalarının turqoru azaldıqda onlar yumşalır və bu palpasiya vasitəsilə yaxşı təyin edilə bilir. Dilin müayinəsində təzə və köhnə dişlənmə çapıqlarının, olması epilepsiyanı xatırladır. Uremiya koması üçün dilin qeyri-adi quruluğu səciyyəvidir. Dərialtı piy təbəqəsinin aydın nəzərə çarpan ödemi uremiya və qaraciyər ödemlərində təzahür edə bilir. Qaraciyər ödemi assitlə birlikdə cərəyan edir.
Tənəffüs ritminin pozulması - səciyyəvi koma əlamətidir. Diabet və qaraciyər komasında küylü tənəffüs, beyin komasında xırıltılı (stertoroz) tənəffüs müşahidə olunur. Çox vaxt koma əsasında xəstələrdə tənəffüs hərəkətlərinin dərinliyi artan Çeyna-Stoks, sonra isə pauza əmələ gələnə qədər zəifləyən (apnoe dövrü) tənəffüsü qeyd edilir.
Ətraflarda ifliclərin və ya parezlərin, nitq və udma pozğunluqlarının təzahür etməsi, beyin qan dövranında iti pozğunluq baş verdiyini göstərir.
Xəstənin hər bir komatoz vəziyyətində dərhal həkim çağırılması tələb edilir.
Müalicə tədbirləri əsas xəstəliyin xarakterindən asılıdır. Xəstəliyin baş verməsindən qabaq zəifliyin getdikcə artması, qaşınma, hərarət (susuzluq), ürəkbulanması və qusma müşahidə olunan diabet komasında həkimin təyin etməsi üzrə dərialtına insulin və venaya natrium-bikarbonat, mayelər və xloridlər yeridilir. İnsulin dozaları qanda və sidikdə şəkərin miqdar səviyyəsinin laborator tədqiqatı nəticələrinə əsasən təyin edilir.
Adətən, hipoqlikemik komadan qabaq aclıq, bərk zəiflik, bütün bədənin əsməsi (hipoqlikemik vəziyyət) hiss olunur, həkim gələnə qədər xəstəyə bir necə tikə qənd, şirin çay vermək, venaya 20 - 40 ml %-li qlükoza məhlulu yeritmək lazımdır.
Uremiya komasında təxirəsalınmaz yardım - intoksikasiyanın azaldılmasına yönəldilir. Bu məqsədlə mədəni yuyurlar, təmizləyici imalə edirlər, damcı-damcı natrium-xloridin izotonik məhlulunu və 5 %-li qlükoza məhlulunu yeridirlər. Qaraciyər komasında həkimin təyin etməsi üzrə damcı üsulu ilə qlükoza məhlulları, steroid hormonlar, vitaminlər yeridilir.
Komatoz halda olan xəstələrə tibb personalının həmişə nəzarət etməsi tələb edilir.