Yolda davranış mədəniyyəti

Yolda davranış mədəniyyəti

İnsanın davranışı, danışığı onun mədəniyyətinin göstəricilərindən biridir. Davranış qaydalarma əməl etmək həm də ətrafdakılara hörmət əlamətidir. Bu baxımdan sürücü və piyadalar üçün vacib olan bir sıra qaydaları bilmək və onlara əməl etmək, diqqətli və məsuliyyətli olmaq mədəniyyətdən xəbər verir.
Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi insan həyatına son qoyan qəzaların sayının azalması məqsədilə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsini rəhbər tutaraq müvafiq tədbirlər həyata keçirir, reklam xarakterli videoçarxlar nümayiş etdirir. Tədbirlərin görülməsi yollarda təhlükəli hadisələrin azalmasında yol hərəkəti qaydalarımüstəsna rol oynasa da, qəzaların baş verməsi davam edir. Bu halların baş verməməsi üçün Sürücülük mədəniyyəti yolların təhlükəsizliyi baxımından olduqca vacibdir. Mədəni sürücü digər hərəkət iştirakçılarına kömək edir, özü yol hərəkəti qaydalarını, vəzifələrini bilir və onlara əməl edir.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin göstərişinə əsasən, yeni dərs ilinin başlanması ilə əlaqədar respublikada “Diqqət, uşaqlar!” adı altında “Hərəkətin təhlükəsizliyi” aylığı keçirilir. Tədbirin keçirilməsində əsas məqsəd bunlardır: uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirləri gücləndirmək; ümumtəhsil məktəblərində şagirdlərdə təhlükəsiz davranış vərdişləri formalaşdırmaq; tədris prosesinin səmərəliliyinin yüksəldilməsinə Dövlət Yol Polisinin köməyini artırmaq.
Unutmayın ki, yollardakı işarələr, işıqforlar, müxtəlif qurğular sürücü və piyadaların — bir sözlə, bütün hərəkət iştirakçılarının qanuna əməl etməsinə, insanların təhlükəsizliyinə xidmət edir. Hər kəs buna bir nəfər kimi əməl etməyə borcludur.
Lakin çox vaxt piyadalar piyada keçidindən istifadə etməzdən əvvəl vəziyyəti dəyərləndirmirlər. Piyada nəzərə almalıdır ki, maşın sürətlə hərəkət edə bilər və yaxud sürücünün fikri yayındığından yoldakı ani dəyişikliyə hazır olmaz. Ona görə də piyada keçidindən istifadə etməzdən əvvəl sürücünün sizə yol verəcəyinə əmin olmağınız vacibdir.
Yollarda bəzilərinin etdiyi kimi deyil, yol hərəkəti qaydalarının tələbinə uyğun hərəkət edin. Sərbəst düzgün qərarlar verməyi öyrənin.


Müəllif: Nüşabə Məmmədova, Könül Mahmudova, Sevil Bəhrəmova
Mənbə: Həyat Bilgisi — 9 Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün «Həyat bilgisi» fənni üzrə DƏRSLİK
Top