Maşının mühərrikini qızdırmaq vacibdirmi?

Maşının mühərrikini qızdırmaq vacibdirmi?

Avtomobili hərəkətə gətirmədən öncə mühərriki qızdırmaq məsələsi illərdir sürücüləri narahat edir. Bəzi sürücülər bunun vacibliyini qeyd etsə də, bir çoxu heç bir əhəmiyyətinin olmadığını hesab edir.

Nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bir avtomobili 10-15 dəqiqə qızdırmağa heç bir ehtiyac yoxdur. 30-40 saniyə bunun üçün kifayət edir:

«Mütəxəssislərin fikrincə, 30-40 saniyə, maksimum isə 1 dəqiqə kifayət edir ki, mühərrik işə salınandan sonra avtomobil hərəkət etsin. Mühərriki yerində qızdırmaq ona görə zərərlidir ki, bu zaman ancaq mühərrik özü qızır, digər detallar isə qalır. Bu səbəbdən mütəxəssislər hesab edir ki, mühərriki işə salıb 1 dəqiqəyə qədər gözləyib daha sonra hərəkətə başladıqda bütün detallar eyni vaxtda isinir, eyni vaxtda qızır. Bu, daha təhlükəsiz hesab edilir və avtomobilin ömrünü uzadır.

Müasir mühərrikləri boş yerə işlətməyə ehtiyac yoxdur. Avtomobilqayırma mütəxəssisləri də həmişə bildirir ki, yeni maşınları soyuq havada 30 saniyədən çox qızdırmaq lazım deyil, çünki onlar hərəkət zamanı daha tez qızırlar.

Ancaq Rusiya istehsalı olan maşınların qızdırılmadan sürülməsi məsləhət deyil. Hiss olunacaq ciddi problemlər yaranır bu zaman avtomobildə».

E.Muradlı bildirib ki, bu məsələdə avtomobillərə spesifik yanaşma tələb edilir. Çünki hər avtomobilə görə qayda dəyişə bilər:

«Yəni 0 kilometr olan avtomobillərdə belə bir problem olmur. Mühərriki işə salan kimi avtomobili sürmək olar. Ancaq dediyim kimi, texniki cəhətdən nasaz olan və ya Rusiya istehsalı avtomobillərin sürülməzdən əvvəl mühərrikinin qızdırılması vacibdir.

Ancaq onu da əlavə edib ki, 10-15 dəqiqəyə qədər avtomobili qızdırmağa ehtiyac yoxdur. Nasaz olan avtomobilləri maksimum 1 dəqiqə qızdırmaq tam kifayət edir».

Maşının hərəkətdən əvvəl qızdırılması ilə bağlı eksperiment müəllifləri 5 dəqiqəyə qədər, bəzilərini isə 10 dəqiqəyə qədər qızdırırlar. Eksperiment göstərib ki, maşını nə qədər çox qızdırırıqsa, boş yerə bir o qədər də çox yanacaq sərf edilir.

5 dəqiqəlik qızdırılma yanacağın sərf edilməsini 7-14%, 10 dəqiqəlik qızdırılma isə 12-19% artırır. Bundan başqa, mühərrikin həcmi böyük olduqca yanacağın izafi israfı artır. Yəni, əgər müasir maşınlar bir litr benzin üçün km sayını artırmağa çalışırsa, belə maşınların qızdırılması benzini israf edərək, mühərrikin effektivliyini azaldır.

Mütəxəssislərin fikrincə, mühərrikin lazımsız işini azaldaraq avtomobil sahibləri dünyada hər il yanacaqda 5,9 milyard dollar qənaət edə bilərlər.

axar.az
Top