Üstünlük nişanları

Üstünlük nişanları

Ölkəmizdə tətbiq olunan yol nişanlarının 2-ci qrupu üstünlük nişanlarıdır. Üstünlük nişanları nizamlanmayan yolayrıclarını, hərəkət hissələrinin kəsişmə yerlərini və yolun daralan yerlərini keçmə növbəliyini müəyyən edir. Bu nişanlar svetofor işləmədiyi təqdirdə keçmə növbəliliyini müəyyən etmək məqsədi ilə svetofor obyekti olan yolayrıclarına da quraşdırılır.

Lakin hər bir sürücü bilməlidir ki, üstünlük nişanları, svetofor siqnalları və nizamlayıcının siqnalları bir-birinin alternatividir. Ona görə də keçmə növbəliliyini müəyyən edən digər iki vasitədən – nizamlayıcının siqnallarından və ya svetoforun siqnallarından hər hansı biri olduqda, yəni yolayrıcı və ya hərəkət hissəsinin kəsişməsi, yaxud yolun dar sahəsi nizamlayıcı tərəfindən və ya svetoforla tənzimləndikdə üstünlük nişanları nəzərə alınmır. Bu barədə birbaşa norma «Yol hərəkəti haqqında» Konvensiyanın 5-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulub. Başqa sözlə, normal rejimdə işləyən svetofor və ya hərəkəti tənzimləyən nizamlayıcı (polis işçisi) varsa, üstünlük nişanları qüvvədə deyil.

Üstünlük nişanlarının vahid forması və başqa ümumi əlaməti yoxdur ki, bu da həmin nişanların mənasından, onların irəli sürdüyü tələbdən irəli gəlir. Bu nişanların mahiyyətində xəbərdaredici, qadağanedici, məlumatlandırıcı əlamətlər var, ona görə də onlar müxtəlif nişan qruplarının forma və əlamətlərinin birləşdirilməsindən yaradılmışdır.

Ölkəmizdə cəmi 9 ədəd üstünlük nişanı var. Onlardan ilk ikisini izah edək.
2.1 «Baş yol» nişanı nizamlanmayan yolayrıclarında və kəsişmə yerlərində hərəkət (keçmə) üstünlüyü verilən yolu, yəni baş yolu göstərir. Bu nişan müvafiq yolun başlanğıcında qoyulur və həmin yolla hərəkət edən sürücü nizamlanmayan yolayrıcında bu yolla kəsişən (ona birləşən) digər yollarla hərəkət edən nəqliyyat vasitələrinə münasibətdə hərəkət üstünlüyünə malikdir.

2.1 nişanı yaşayış məntəqələrində baş yolun digər yollarla əmələ gətirdiyi hər bir yolayrıcının (o cümlədən svetofor obyekti olan yolayrıcının) qarşısında təkrarlanmalıdır. Yaşayış məntəqələrindən kənar yollarda bu nişanı hər yolayrıcında təkrarlamağa ehtiyac yoxdur, çünki 2.3.1-2.3.3 nişanlarının köməyi ilə baş yol fərqləndirilir.

Baş yolun öz istiqamətini dəyişdiyi yolayrıclarında, habelə mürəkkəb planlaşdırmaya malik yolayrıclarında (yəni 5 və daha çox yolun əmələ gətirdiyi yolayrıclarında, dairəvi yolayrıclarında və s.) 2.1 nişanı 7.13 «Baş yolun istiqaməti» lövhəciyi ilə birlikdə tətbiq edilməlidir. Həmin lövhəcik baş yolun hansı istiqamətdə davam etdiyini bildirir.

Başlanğıcında 2.1 nişanı quraşdırılmış yol 2.2 nişanının qoyulduğu yerədək baş yol statusunu saxlayır. 1.6.1-1.6.6 “Eyni əhəmiyyətli yolların kəsişməsi” xəbərdarlıq nişanlarından hər hansı birinin quraşdırılması da yaxındakı yolayrıcında baş yol statusunun ləğv olunduğunu bildirir.

Yolun başlanğıcında 2.1 nişanı qoyulmuşdursa, həmin yolla kəsişən (ona birləşən) bütün yollardan bu yola çıxış yerləri qarşısında müvafiq olaraq 2.4 və ya 2.5 nişanı quraşdırılmalıdır. Qarşısında 2.4 və ya 2.5 nişanını görən sürücü baş yola çıxdığını və ya bu yolu kəsib keçdiyini bilir. Yollarda 2.1 nişanının 2.4 və ya 2.5 nişanı ilə komplektdə tətbiqinə ciddi diqqət yetirilməlidir.

2.2 «Baş yolun sonu» nişanı 2.1 nişanı ilə baş yol hesab edilmiş yolun bu statusunun ləğv olunduğunu, yəni 2.2 nişanından sonrakı nizamlanmayan yolayrıclarında bu yolla hərəkət edən nəqliyyat vasitələrinin artıq üstünlüyə malik olmadığını göstərir.

2.2 nişanı baş yol statusunun ləğv olunduğu yerə qədər bir və ya bir neçə dəfə təkrarlana bilər. Bu halda sonuncudan əvvəlki 2.2 nişanı (nişanları) 7.1.1 lövhəciyi (lövhəcikdə baş yol statusunun ləğv olunduğu yerə qədər qalan məsafə göstərilir) ilə tətbiq olunmalıdır.

Ərşad Hüseynov
hüquqşünas
Top