“Volvo PV 544” avtomobili tarixə kəmərin tətbiq olunduğu ilk avtomobil kimi düşüb. Bu avtomobildə quraşdırılan üç nöqtədən bərkidilən təhlükəsizlik kəməri iş prinsipinə görə indiki varislərindən seçilmir. Quruluş dəyişməz olaraq qalır, sadəcə olaraq son model təhlükəsizlik kəməri insanın bədəninə görə avtomatik tənzimlənir, sürücü və sərnişinlər rahat hərəkət edə bilirlər. Əvvəlki təhlükəsizlik kəmərləri isə bir vəziyyətdə qalırdı, hərəkət imkanı məhdud idi.
Avtomobil sənayesinin tarixi 120 ili keçib. İlk 50 il ərzində heç bir avtomobil etibarlı qoruyucu vasitə ilə təmin olunmayıb. Statistika göstərir ki, bu müddət ərzində təhlükəsizlik kəmərləri tətbiq olunsaydı, bir milyondan çox insanı xilas etmək mümkün idi. Bəlkə də kəmər 120 il əvvəl istehsal olunsa, dünyanın demoqrafik vəziyyəti ayrı cür ola bilərdi.
Təhlükəsizlik kəmərini ixtira edən mühəndis Nils Bolin “Volvo” şirkətindən əvvəl aviasiya zavodunda çalışıb. Burada o, katapult oluna bilən oturacaqlar layihələndirib. Qəza zamanı oturacağın insanı hansı sürətlə kənara atması Bolinə məlum idi və o, insanı oturacaqdan ayrılmağa imkan verməyən sistem yaratmağı qarşıya məqsəd qoydu. Bu həm də istifadəsi çox asan bir sistem olmalı idi.
Min bir zəhmət bahasına ərsəyə gələn təhlükəsizlik kəmərləri 1949-cu ildə “Volvo PV 544” və “Volvo Amazon” modellərində quraşdırıldı. Bütün avtomobil istehsalçılarının sərbəst istifadəsi üçün Bolinin yeni ixtirası açıq patent aldı.
Əlbəttə, yeni ixtira birmənalı qəbul edilmədi. Sürücülər gah hərəkət edə bilməməkdən, gah da təhlükəsizlik kəmərinin geyimi qırışdırmasından şikayət etdilər. Lakin qısa vaxt ərzində insanlar təhlükəsizlik kəmərinin faydasını qavramağa başladılar.
1963-cü ildə “Volvo” ixrac etdiyi avtomobilləri təhlükəsizlik kəməri ilə komplektləşdirməyə başladı. Avropa və Amerika bazarlarında daha təhlükəsiz bir avtomobil ortaya çıxdı.
“Volvo”nun mütəxəssisləri yeni məhsulun nə qədər səmərəli olduğunu öyrənmək üçün 30 min qəzanı araşdırdılar və məlum oldu ki təhlükəsizlik kəməri travma riskini 50-60% azaldıb.
1967-ci ildən etibarən bütün avtomobillər təhlükəsizlik kəmərləri ilə təchiz edilir.
Fransız ekspert Kristian Jerondo 80 km/saat sürətdə qəza anını belə təsvir edir:
— 0,026 saniyədən sonra bamper qatlanır, avtomobilin kütləsindən 30 dəfə böyük bir qüvvə onun hərəkətini qabaq oturacaq xəttində saxlayır. təhlükəsizlik kəmərindən istifadə etməyən sürücü və sərnişinlər 80 km/saat sürətlə irəli atılır;
— 0,039 saniyə sonra sürücü 15 sm irəli hərəkət edir;
— 0,044 saniyə sonra sürücünün döş qəfəsi sükan çarxını sındırır. 0,050 saniyə sonra sürət böhran həddinə düşür. Bu zaman avtomobil, sürücü və sərnişinlərə düşən ağırlıq qüvvəsi onların öz kütləsindən 80 dəfə artıq olur;
— 0,068 saniyə sonra sürücü 9 ton zərbə ilə qabaq panelə çırpılır;
— 0,092 saniyə sonra sürücü və öndəki sərnişinin başı şüşəyə çırpılır və baş beyin ölümcül travma alır;
— 0,100 saniyə sonra sürücü geri atılır – onun sonu gəldi;
— 0,110 saniyə sonra avtomobil yüngülcə geriyə hərəkət edir;
— 0,113 saniyə sonra təhlükəsizlik kəməri taxmayan arxadakı sərnişinlər irəli atılır və ölümcül xəsarət alırlar;
— 0,150 saniyə sonra ortaya sükut çökür. Şüşə və metal parçaları ətrafa səpələnməyə başlayır. Hadisə yeri toza bürünür.
Bütün bu hadisələr saniyənin iyirmidə biri müddətində baş verir.
Əlavə edək ki, hava yastıqları ilə təchiz olunan avtomobildə təhlükəsizlik kəməri taxmamaq daha ağır fəsadlara yol aça bilər. Avtomobilin sürəti artdıqca, qəza zamanı insanın üzərinə düşən zərbə də həndəsi silsilə ilə artır.
Əziz sürücü və sərnişinlər. Tədqiqatlar göstərir ki, təhlükəsizlik kəmərindən istifadə edərkən ölüm riski avtomobilin aşması zamanı 5, üzbəüz toqquşma zamanı 2,3, yandan zərbə zamanı isə 1,8 dəfə azalır.
Yol polisi sürücünü saxlayır, ilişmək üçün heç bir arqument tapa bilməyib, sürücünün yanında oturmuş, kəmər taxmış qoca anasını göstərib, başını bulayır:
— Yekə kişisən, utanmırsan 5 manata görə qoca arvadı kəndirlə sarımısan?
Qeyd: Yazıda auto.ru saytının materiallarından istifadə edilib.
Vüqar Ələsgərov