Kim deyir ki, xanımlar üçün ən yaxşı hədiyyə brilyantdır? Əgər siz zərif cinsin nümayəndəsinə avtomobil bağışlasanız, bu onu hər bir hədiyyədən daha artıq sevindirər.
Hədiyyəni seçərkən öz zövqünüzü və avtomobildə üstünlük verdiyiniz keyfiyyətləri yaddan çıxarın: avtomobilin hərəkət keyfiyyətləri, dinamikliyi və gücü, bir qayda olaraq, qadınları az maraqlandırır. Onlara asan idarə olunan komfortlu avtomobil lazımdır. Opsiyalar məsələsində də qadınlar çox tələbkar deyillər: sadəcə təhlükəsizlik kəmərlərinin, avtomat transmissiyanın və kondisionerin olması kifayətdir.
ABS və ESP sistemləri isə qadınlar üçün birinci dərəcəli əşyalar siyahısına daxil deyil (hərçənd, bunları almaqda xəsislik etməyi məsləhət görmürük). Avtomobili seçərkən onun gələcək sahibinin psixoloji obrazına da diqqət yetirmək lazımdır. İsveçrənin Bazel psixologiya institutunun alimləri hesab edirlər ki, hər bir qadının psixoloji obrazı aşağıdakı üç tipdən birinə uyğundur: evdar xanım, tələbə xanım və işgüzar xanım.
1-ci obraz: evdar xanım
Bu, sayca ən böyük qrupdur. Buraya təkcə işləməyən evdar qadınlar və ya işləyən analar deyil, birinci kurs tələbələri və pensiyaçı qadınlar da daxildir. Onları birləşdirən başlıca cəhət avtomobili idarəetmə tərzidir: onlar yolda özlərini nümayiş etdirmir, avtomobili sakit tərzdə və ağılla sürür və nə özlərinə, nə də ətrafdakılara problem yaradırlar.
Onun avtomobili:
Avtomobilin güclü və prestijli olması əsas məsələ deyil. Əsas məsələ onun rahat, etibarlı və bir çox hallarda geniş salonlu olmasıdır (uşaqlar, it, nənə və dükandan alınmış mallar oraya yerləşməlidir). Çox vaxt evdar qadınlar avtomobilin quruluşundan baş çıxara bilir və faralarda lampanı və ya şamları dəyişdirməyi bacarırlar.
Bu xanımlar üçün uyğun avtomobillər: Nissan Note, Ford Fusion, Ford C-Max, Citroen Xsara Picasso, Daewoo Matiz, Oka.
2-ci obraz: tələbə xanım
Aşağıdakı deyim məhz bu xanımlar üçün söylənilib: “qadını sükan arxasında gördünsə, ondan uzaq ol”. Onlar avtomobili əsəbi halda və diqqətsiz idarə edirlər, yol hərəkəti qaydalarını bilsələr də çox vaxt ləng düşündüklərindən yoldakı hadisələrə vaxtında reaksiya verə bilmirlər. Bu qadınları avtomobilin sükanı arxasında yenicə oturan sürücülər kimi qəbul etmək olar. Yolda onlardan nə gözləməli olduğunu hətta təcrübəli sürücü də qabaqcadan bilmir.
Onun avtomobili:
Bu elə bir avtomobil olmalıdır ki, tələbə xanımlar özlərini təhlükəsiz hiss edə bilsinlər.
Bu xanımlar üçün uyğun avtomobillər: Toyota Yaris, Nissan Micra, Suzuki Swift, Audi A2, Mercedes-Benz A-Class (bahalı avtomobillər bu xanımlarda özünəinam hissi yaradır), Suzuki Jimmy, Kia Sportage (bu xanımlar üçün ofrouderlər tank kimidir).
3-cü obraz: işgüzar xanım
Bu xanım yolda özünü evdəki kimi hiss edir. O, neçə ildir ki, sükan arxasında oturur və avtomobili sakit sürməyə üstünlük verən evdar xanımdan fərqli olaraq avtomobili daha ustalıqla idarə edir. Qadınların kişilərdən heç də geri qalmadığını sübut etmək üçün yaşıl işıqda avtomobilini hamıdan əvvəl hərəkətə gətirib digər sürücüləri ötməyə can atmır. Onsuz da o, bütün kişilərdən üstün olduğunu bilir. Onun avtomobili bunun əyani sübutudur.
Onun avtomobili:
Çox vaxt belə qadınlar sanballı avtomobillərə üstünlük verirlər: həm ətraf aləmi gözdən keçirmək, həm də özünü göstərmək üçün. Ümumiyyətlə, bu cür avtomobillər işgüzar görüşlər üçün münasibdir (eleqant işgüzar kostyumlar kimi). Əgər biznes-ledi özünə kiçik avtomobil seçibsə, deməli, yanacağa qənaət, rahat manevr və parkinq mülahizələrini rəhbər tutub.
Bu xanımlar üçün uyğun avtomobillər: Honda Jazz, Honda Civic, Toyota RAV4, Mini Cooper, Opel Signum, Audi А4, VW Golf, Toyota Corolla, Mercedes və BMW (avtomobilin sinfi və seriyası xanımın maliyyə imkanlarından asılıdır).
Mənbə: Avtomobil.az jurnalı