Şalvarda və idman ayaqqabısında avtomobili idarə etmək çox rahatdır. Amma sürücülük vəsiqəsi aldıqdan sonra nazikdaban hündür ayaqqabılar, dar cazibədar yubkalar və uzun şubalar qadınların qarderobundan çıxmır. Əsl qadın sürücü öz zərifliyini heç nəyə dəyişməz. Bəs gözəlliklə təhlükəsizliyi necə uzlaşdırmalı?
- İdman üslublu istənilən geyimlər. Qoy bayağı tövsiyə sizi pərt etməsin. Hazırda “glam-sport” dəbdədir və trikotaj tunikaların, “top”ların, bluzonların, sviterlərin streyç-cinslərlə, leqtinslərlə və trikotaj şalvarlarla kombinasiyası nəinki qadınların cazibədarlığını artırır, həm də onları daha cavan göstərir. Soyuq hava üçün gödəkçə və krossovkalar və ya boğazlı çəkmələr məsləhətdir. Sıx yol hərəkəti axınında onlar sizin hərəkətlərinizi məhdudlaşdırmayacaq. Bu geyimlərdə diqqətiniz avtomobilin idarə olunmasından yayınmayacaq, özünüzü komfortlu və inamlı hiss edəcəksiniz.
- Uzunluğu dizə qədər və ya dizdən azacıq yuxarı olan yubkalar avtomobili idarə etmək üçün optimal variantdır.
- Təbii, “hava qəbul edən”, yumşaq və elastik parçalardan geyimlər, məsələn, tam təbii və ya az miqdarda poliester qatışıqlı ipəkdən, pambıq və ya yun parçadan hazırlanmış geyimlər. Belə geyimlər əla görünür, həmişə xoş görüntü yaradır və bədənin formasını yaxşı göstərir. Bütün bunlar uzun müddət tıxacda gözləmələrdən sonra aktual olan amillərdir.
- İlin soyuq fəsli üçün uzun gödəkçə və ya palto: bunlar isti, çox baha olmayan və praktik geyimlərdir. Əgər seçdiyiniz gödəkçə idman üslublu deyilsə, bədəninizə kip yapışırsa və ya kəmərlidirsə (kvilt) və hazırda dəbdə olan “şişirdilmiş” iri yaxalığı varsa, onda siz onu istər şalvarla və ya cinslə, istərsə də dəbə uyğun hər hansı başqa geyimlə geyə bilərsiniz. Yeri gəlmişkən, kvilt ingilislər tərəfindən xüsusi olaraq atsürmə üçün düşünülüb, odur ki, “dəmir atlar” da daxil olmaqla istənilən atların idarə olunmasına ideal yarayır.
- Dəri əlcəklər. Belə əlcəkləri geyərkən əllər sükan çarxından və sürətlərin dəyişdirilməsi rıçaqından sürüşmür. Kiçik dəlikləri olan “barmaqsız” xüsusi sürücü əlcəklərini, hətta salonda isti olsa belə, çıxarmamaq olar. Yeri gəlmişkən, onlar effektli manikürlə birlikdə əla görünür. Amma hər halda yaxşı olar ki, bu manikürü və əlinizin zərif dərisini qoruyasınız və klassik əlcəklərə üstünlük verəsiniz.
- Yumşaq altlığı və hündür olmayan (3-4 sm) etibarlı dabanları olan ayaqqabılar. Avtomobilin idarə olunması üçün krossovkaların daha rahat olduğu barədə rəyin geniş yayılmasına baxmayaraq, bu cür ayaqqabılar avtomobili idarə etməyə daha yaxşı yarayır.
- İsti və uzun tüklü gödəkcə. Baqaj yerində ehtiyatda saxladığınız bu aksessuar avtomobil xarab olduğu təqdirdə sizin köməyinizə çata bilər. Bu hətta ucqar şəhərkənarı ərazidə baş versə belə, siz tüklü gödəkcəni geyərək qəza xidmətinin gəlişini gözləyə bilərsiniz.
Təhlükəsizlik baxımından aşağıdakı geyim və aksessuarlardan imtina etməyiniz məsləhətdir
- Ayaqlarınızın hərəkətini məhdudlaşdıran uzun və dar yubka. Birincisi, belə yubkada avtomobilə minmək və avtomobildən düşmək habelə, bu zaman eleqant görünüşü saxlamaq çətindir (xüsusən idarə etdiyiniz avtomobil hündür ofrouderdisə). İkincisi, belə yubkada sükan arxasında otursanız, onun ətəklərini dizlərinizdən yuxarı qaldırmalı olacaqsınız, əks halda ayağınızı əyləcdən qaza keçirə bilməyəcəksiniz. Əlbəttə, dizlərinizin və corablarınızın görünüşü yanınızda oturan kişi xeylağını valeh edəcək, amma yubkanız tamamilə əzilmiş olacaq.
- Uzun şuba. Birincisi, qızdırıcı işləyərkən şubada sizə isti olacaq, ikincisi, hərəkətləriniz olduqca məhdudlaşacaq və ehtiyac yarandıqda çevik hərəkət edə bilməyəcəksiniz, üçüncüsü, tıxaclarda uzun müddət gözləyərkən oturacağa sürtünməyiniz bahalı şubanın ömrünü qısaldacaq. Yaxşı olar ki, belə hallar üçün salonda ehtiyat geyim saxlayasınız, şubanızı isə qatlayıb yanınızdakı oturacağa qoyasınız.
- Görmə sahəsini məhdudlaşdıran baş geyimi. Bu cür kepkalar, dəbə uyğun şlyapalar və ya başlıqlar (kapyuşon) avtomobili idarə etməyinizə mane ola bilər.
- Həddən artıq dar cins yubkalar və ya şalvarlar. Sükan arxasında oturmaq üçün heç də bütün cins yubkalar və ya şalvarlar yararlı deyil. Burada əsas qayda ondan ibarətdir ki, onlar bel və çanaq nahiyələrinə rahat oturmalı, dərini sürtməməli, daxili orqanları sıxmamalıdır. İstənilən dar geyim nəfəsalmanı çətinləşdirə və qan dövranını poza bilər. Nəticədə siz vaxtından əvvəl yorula və əsəbilik hiss edə bilərsiniz və yoldakı hadisələrə reaksiyanız zəifləyə bilər. Bunun nə qədər təhlükəli olduğunu söyləməyə isə ehtiyac yoxdur.
- Nazikdaban hündür və zərif dabanlı ayaqqabılar. Belə ayaqqabılarda əyləci basmaq, doğrudan da, rahat olmur, həm də ayaqqabının dabanı cızılır və qırılır. Hər ehtimala qarşı avtomobildə rahat ehtiyat ayaqqabı saxlamağınız məsləhətdir.
- Platforma dabanlı ayaqqabılar. Belə ayaqqabılarda siz pedalı rahat “hiss edə” bilmirsiniz və bu, ekstremal situasiyaya adekvat reaksiya verməyinizə mane olur. Bəzi ölkələrdə avtomobili bu cür ayaqqabılarda idarə etməyə görə sürücülər ciddi cərimələnir. Bu sözlər sərt və qeyri-elastik qış ayaqqabılarına da aiddir. Belə ayaqqabıları geyməkdənsə avtomobilin qızdırıcısının temperaturunu bir az artırmaq və rahat, yüngül ayaqqabı geymək yaxşıdır.
- Sintetik materiallardan geyimlər. Belə geyimlər bürkü və boğanaq hissi yaradır, həm də rahat deyil.
- İri bəzək əşyaları. Sizin taxdığınız iri bəzək əşyaları yol hərəkətinin digər iştirakçısının diqqətini yoldan yayındıra və qəzaya səbəb ola bilər. Nəticədə avtomobilinizin təmirinə xeyli vaxt və vəsait sərf etməli olarsınız. Barmağınıza taxdığınız iri üzük və ya qolunuzdakı iri qolbaq gözlənilmədən salondakı hər hansı detala ilişərək təhlükəli situasiyaya səbəb ola bilər. Ən əsası isə, hərəkət zamanı sırğanız və ya bəzək sancağınız yerə düşsə (hətta onlar brilyant qaşlı olsa belə), onları dərhal axtarmağı ağlınıza belə gətirməyin. Bu sizə həyatınız bahasına başa gələ bilər.
Mənbə: Avtomobil.az jurnalı