Bəzi tədqiqatlar göstərir ki, yuxulu sürücü sərxoş sürücü qədər təhlükəli ola bilər. Uzaq yol gedərkən yatmamaq və sayıqlığı qorumaq üçün sizə növbəti metodları təklif edirik.
Lakin yadda saxlayın: əgər çox yorulmuşsunuzsa, yaxşı olar ki, avtomobili yolun kənarına sürüb bir az yuxulayasınız. Bu fürsətdən istifadə edin və özünüzü qoruyun! Tərkibində kofein olan qida məhsullarından və içkilərdən istifadə milyonlarla sürücünün sınaqdan çıxardığı köhnə və etibarlı metoddur. Çoxları üçün qara qəhvə yuxunu birdəfəlik qovmaq üçün ən sadə bir vasitədir.
Əgər yanınızda sərnişin varsa, onunla söhbət edin.
Bu metod açıq-aydın yuxunu qaçıran metoddur. O, sükan arxasında yuxulamamağın ən sadə və ucuz üsuludur. Əgər qarşıda uzun yol varsa, siz iki nəfərsinizsə və sizlərdən biri avtomaşını sürür, digəri isə yatırsa, onda vəziyyət qəlizləşir: axı yoldaşınız eyni vaxtda həm yata, həm də sizinlə söhbət edə bilməz.
Buna görə də avtomobildə iki nəfər olduqda bəzən onlar yatmırlar: birincisi, bu halda iki nəfər daim yola nəzarət edir, ikincisi, onların hər ikisi özlərinin nə dərəcədə yorğun olduqlarını qiymətləndirə bilirlər. Sərnişin yorulduqda, çox güman ki, sürücü də artıq yorulmuş olur, bu isə o deməkdir ki, avtomaşını saxlamaq və dincəlmək vaxtıdır.
Elektron yorğunluq siqnalizatorları
Son dövrlərdə satışda batareya ilə işləyən kiçik qurğular peyda olmuşdur. Onlar mobil telefonlar üçün dəbdə olan Bluetooth qulaqcıqlarına bənzəyir. Siz mürgüləməyə başladıqda onlar kəskin səs siqnalı verirlər.
Nəzəri cəhətdən bu, əlbəttə, yaxşıdır, lakin praktiki cəhətdən, əgər siz yuxulayırsınızsa, bu o deməkdir ki, avtomobili saxlamaq vaxtı çoxdan çatıb. İstənilən halda, daha bir ehtiyat tədbiri, yəni elektron siqnalizatordan istifadə sizə mane olmaz. Bu cür siqnalizatoru həqiqi telefon qulaqcıqlarına quraşdırsaydılar, heç də pis olmazdı.
Yuxunuz gəldikdə avtomaşını tez-tez qısa müddətə saxlayıb bədəninizlə dartının və bir az dincəlin. Hər 150-200 kilometrdən bir münasib yer tapıb dayanmağa vərdiş edin. Bədəninizlə dartının, bir az mürgüləyin, təmiz hava alın, ətrafı seyr edin, bir sözlə, növbəti 200 kilometri getmək üçün sizə kömək edə biləcək bütün vasitələrdən istifadə edin.
Bəzən 15 dəqiqəlik yuxunun nə qədər güclü effekti olduğunu görəndə, təəccüblənməyə bilmirsən. Odur ki, avtomobili mütəmadi saxlayıb, qısa müddətə dincəlməyi unutmayın.
Avtomobilinizə yaxşı audio sistem quraşdırın.
Uzun yol hər hansı əsərin audioyazısına qulaq asmaq üçün əla fürsətdir. Maraqlı əhvalat yuxunuzu asanlıqla qaçıra bilər. Yeri gəlmişkən, audioyazıdan aldığınız təəssüratı gücləndirmək üçün arabir musiqi dinləməyi də unutmayın. Siz internetdə mövcud olan hər cür zövqə uyğun audiomaterialları öz pleyerinizə yaza bilərsiniz ki, onların çoxu pulsuzdur. Bunun üçün МР3-pleyerin olması vacib deyil. Siz audiomaterialı adi kompakt diskə yaza bilərsiniz. Materialın audiodisklərə köçürülməsi üçün nəzərdə tutulan proqramların çoxu buna imkan verir.
Yolda yemək üçün özünüzlə bir şey götürün.
Bəzi sürücülər yolda adi günəbaxan tumlarını çırtlamağı xoşlayırlar. Birincisi, bu, həqiqətən baş qatan məşğuliyyətdir. İkincisi, bu məşğuliyyət sizin monoton səfərinizə rəng qatır: əvvəla, siz tumun qabığını çıxarmalı, içindəki dəni yeməli, sonra isə qabığı harayasa atmalısınız ki, bu da yuxunu dağıtmağa kömək edir.
Eyni zamanda, turş dadlı bərk nabatlar da sizə kömək edə bilər. Onlar ağızda uzun müddət ərimir. İfrat turş dadlı bərk nabatlar o qədər turş olur ki, siz onları sorarkən yatmaq heç yadınıza da düşməyəcək. Ağzınızda bu cür konfet olan zaman yatmağınız, sadəcə olaraq, mümkün deyil. Sağlam həyat tərzi sürənlərin isə bu halda adi alma da işinə yaraya bilər.
Mənbə: Avtomobil.az jurnalı