Dizel mühərriki yoxsa benzin?

Dizel mühərriki yoxsa benzin?

Avtomobilin potensial alıcısı özünə sual verir: hansı avtomobili alım? Benzin mühərrikli, yoxsa dizel mühərrikli? Bu suala birmənalı cavab vermək mümkün deyil.
Düzgün qərarın hansı amillərdən asılı olduğunu nəzərdən keçirməyə çalışaq. Əgər avtomobil dizel mühərriki ilə təchiz edilibsə, istismar prosesində yanacağın daha az sərf edilməsi sayəsində vəsaitlərinizə qənaət olunacaqdır. Bu nə ilə izah edilir? Dizel mühərrikində sıxılma dərəcəsi 20-22 vahid arasındadır, benzin mühərrikli avtomobillərdə isə bu göstərici 9-10 arasındadır ki, bu da birincilərin qənaətcilliyini təmin edir.
Bundan başqa, dizel mühərrikinin işlətdiyi qatışığın tənzimlənməsi əsasən keyfiyyətli olur, yəni dirsəkli valın fırlanma tezliyindən və silindrlərə düşən yükdən asılı olmayaraq, demək olar ki, verilən havanın miqdarı eyni olur, istifadə olunan yanacağın miqdarı isə iş yükü artdıqca çoxalır.
Lakin hətta mühərrik tam gücü ilə işləsə belə, ötürülən yanacağın kütləsi eyni həcmli benzin mühərrikindən 1,5 - 1,7 dəfə azdır.
Bu o deməkdir ki, həqiqi sıxılma dərəcəsi, yəni sıxılmanın yekun təzyiqi və temperaturu iş yükündən asılı deyil, işlədilən qatışığın tərkibi isə benzin mühərriki ilə müqayisədə həmişə bəsit olur. Bu amillər dizelin yüksək yanma səmərəliliyini və sonradan qismən ağır yüklü rejimlərdə genişlənməsini təmin edir.

İstismar şəraitində mühərrikin güc göstəricilərinin və yanacaq sərfinin stabilliyi ilk növbədə silindrlərin hava ilə doldurulmasına təsir göstərən havatəmizləyənin müqavimətindən (o cümlədən turbokompressorlu mühərriklərdə), yanacaq-püskürmənin qabaqlama bucağından, forsunkanın milinin qalxma təzyiqindən (yanacaqpüskürmənin başlanğıc təzyiqindən), yanacağın forsunkalar vasitəsilə səpələnməsinin keyfiyyətindən, yanacağın yüksək təzyiqli yanacaq nasosu ilə verilməsinin xarakterindən də asılıdır.


Qeyd etmək lazımdır ki, dizel mühərriklərində yanacaqvermə sisteminin tənzimləyici parametrlərinin stabilliyi benzin mühərriklərinə nisbətən yüksəkdir. Lakin istismar prosesində havanın və yanacağın təmizlənməsinin keyfiyyətinə ciddi nəzarət etmək, habelə mühərrikin yanma ehtimalını aradan qaldırmaq lazımdır, bunlar dərhal forsunkaların və porşen qruplarının işinə təsir göstərir.
Dizel mühərrikləri benzin mühərriklərinə nisbətən daha uzunömürlüdürlər, bu onların silindrlər blokunun, dirsəkli valının, silindr-porşen qrupu detallarının, silindrlər blokunun başlıqlarının, daha möhkəm və sərt olması ilə, eləcə də dizel yanacağından istifadə olunması ilə izah edilir, belə ki, benzindən fərqli olaraq dizel həm də müəyyən dərəcədə sürtgü materialıdır.

Dizel mühərriklərinin çatışmayan cəhətlərinə bunları aid etmək olar: kütlələrinin böyük olması, litraj gücünün azlığı, yüksək yanma təzyiqi ucbatından səs-küyün çox olması və havada mənfi temperatur olduqda mühərrikin çətin işə düşməsi, bu xüsusən 100.000 km və daha artıq məsafə qət etmiş avtomobillərdə özünü büruzə verir.

İstismar prosesində yüksək təzyiqli yanacaq nasosunun plunjer cütlükləri sıradan çıxır və forsunkanın milinin germetik oturuşu pozulur ki, bu da avtomobil işə düşərkən mühərrikin fırlanma dövrəsi aşağı olduqda (dəqiqədə 70-90 dövrə) mənfi nəticələrə səbəb olur. Eyni zamanda, silindr-porşen qrupunun xarab olması nəticəsində sıxılan hava karterə daha çox daxil olur, deməli, təzyiq və temperatur göstəriciləri yanacağın alovlanması üçün zəruri olan həddə gəlib çatmır.

Bununla belə, kifayət qədər sadə qurğular vardır ki, onlar dizel mühərriklərinin aşağı temperaturlarda işə düşməsini olduqca yaxşılaşdırırlar, buraya istilik mübadiləsi qurğusunu da aid etmək olar, o, qış fəslində avtomobil istismar olunarkən giriş kollektoruna quraşdırılır. Dizel mühərriklərinin istismarı üzrə təcrübə belə qənaətə gəlməyə əsas verir ki, yanacaq aparatlarında və silindr-porşen qrupunda baş verən, yuxarıda nəzərdən keçirdiyimiz dəyişikliklər demək olar ki, mühərrikin gücünü azaltmır və yanacaq sərfini artırmır. Mühərriklər əsasən sürtgü yağının həddən atıq sərfi nəticəsində təmirə ehtiyac duyurlar, bunu isə tələb olunan yağın miqdarının artması və yağın yanaraq mavi tüstü əmələ gətirməsi sayəsində müəyyən etmək olur.

Benzin mühərriklərində fırlanma tezliyi daha yüksəkdir, onların litrajları daha çoxdur, səs-küy və vibrasiyası isə daha aşağıdır. Onların işlətdiyi yanacaq qatışığı əsasən kəmiyyətcə tənzimlənir. Buna görə də aşağı və orta rejimli iş zamanı (minik avtomobillərinin mühərrikləri əsasən bu rejimlərdə işləyirlər) həqiqi sıxılma dərəcəsi aşağı olur ki, bunun da sayəsində yanmanın və onun ardınca genişlənmənin effektivliyi aşağı olur, bu isə o deməkdir ki, yanacaq sərfi çoxalır.

Beləliklə, əgər nominal güclərdə benzin mühərrikinin faydalı iş əmsalı dizel mühərriki ilə müqayisədə 20% aşağıdırsa, qismən çoxalan güclərdə bu əmsal artaraq 40%-ə və daha böyük rəqəmə çatır. Eyni gücə malik benzin və dizel mühərrikli avtomobillərin çoxsaylı müqayisəli istismarı da bunu təsdiq edir. Hərəkət şəraitindən asılı olaraq (şəhərdə və ya magistral yollarda) yolun hər 100 kilometrinə düşən yanacaq sərfi arasında fərq 25-50% təşkil edir.

İşlənmiş qazların toksikliyinə gəldikdə, son on ildə benzin mühərriklərinin təkmilləşdirilməsi, o cümlədən porşen prosessoru ilə idarə olunan birbaşa yanacaqpüskürmənin yaxşılaşdırılması sayəsində bu göstərici xeyli yaxşılaşmışdır. Lakin aparıcı avtomobil kompaniyalarının bir çox mütəxəssisləri, məsələn, Volkswagen konserninin mütəxəssisləri hesab edirlər ki, ətraf mühitin mühafizəsi tələblərinin artdığı və yanacağa qənaətin əhəmiyyətli amil olduğu indiki şəraitdə də dizel mühərrikləri ən perspektivli mühərriklər olaraq qalır.
Hazırda Almaniyada avtomobillərin 14%-inə, Fransada hər üç avtomobildən birinə, Avstriyada isə hər iki avtomobildən birinə dizel mühərriki quraşdırılmışdır.

Dizel yanacağının markaları

MDB-də üç markalı dizel yanacağı istehsal olunur: 1) “L” işarəsi yay yanacağını, yəni 0°С və daha yuxarı temperaturlarda işlədilən yanacağı bildirir; 2) “3” işarəsi iki qış yanacağı növünü bildirir – bunlardan birincisi -20°С, ikincisi isə -30°С temperaturlarda işlədilir; 3) “A” işarəsi Arktika yanacağını bildirir, o, -50°С-dək temperaturlarda işlədilir.

Dizel yanacağının keyfiyyəti etan əmsalı, fraksiya tərkibi, qatılıq və təmizlik dərəcələri ilə və tərkibindəki kükürd birləşmələrinin kəmiyyəti ilə müəyyən olunur. Qəbul edilmiş keyfiyyət göstəricilərinə uyğun olaraq, dizel yanacağının keyfiyyəti əla və birinci növ kimi qiymətləndirilir.
Məsələn, “L”, “3” və “A” markalı əla keyfiyyətli dizel yanacağında kükürdün ümumi çəkisi 0,2%-dən çox deyil.

Dizel yanacağının istifadəsi

Təəssüf ki, yanacaqdoldurma stansiyalarında dizel yanacağı keyfiyyətinə görə minik avtomobilləri üçün nəzərdə tutulan dizel yanacağının tələblərinə çox zaman cavab vermir.
Xüsusən bu, 1988-ci ilədək buraxılmış avtomobillərə aiddir. Dizel yanacağının keyfiyyətinin müəyyən qədər yaxşılaşdırılmasına nail olmaq üçün onu sabit temperaturlu otaqda uzun müddət qabda saxlamaqla durultmaq lazımdır. Bu cür saxlama müddəti 7-10 gündür.
Gecə temperatur +2°С-dək və ya 0°С-dək enərsə, hökmən qış yanacaq növlərinə keçmək, yaxud heç olmasa müvafiq qatqılardan istifadə etmək lazımdır.

Benzin yanacağının markaları

Hazırda MDB-də bu benzinlər istehsal edilir: A-72, A-76, A-80, Aİ-91, Aİ-92, Aİ-93, Aİ-95 və Aİ-98. Onların bu növləri buraxılır: etilli, azetilli, etilsiz, yay və qış növləri.
Bütün etilli benzinlər rəngli buraxılır: A-72 – çəhrayı; A-76 – sarı; Aİ-93 – narıncı-qırmızı; Aİ-98 – göy.
Xaricdə benzinin iki əsas markası var: “Premium” (1-ci növ, oktan kəmiyyəti: 97-98) və “Requlyar” (2-ci növ, oktan kəmiyyəti: 90-94). İngiltərədə, ABŞ-da və bəzi başqa ölkələrdə “Super” benzini də buraxılır (oktan kəmiyyəti: 99-102).

Benzinlərin istifadəsi

Xaricdə istehsal edilmiş minik avtomobilləri üçün oktan kəmiyyəti ən azı 91 - 92-yə bərabər olan benzindən istifadə edin, 90-cı illərin avtomobilləri üçün isə oktan kəmiyyəti ən azı 94-ə bərabər olan benzindən istifadə etmək tövsiyə olunur.
Benzinin keyfiyyəti oktan kəmiyyətinin faktiki miqdarından savayı həm də benzinin mexaniki qarışıqlarla çirklənmə dərəcəsi ilə, tərkibindəki turşuların, qələvilərin, üzvi birləşmələrin, kükürd birləşmələrinin miqdarı ilə müəyyən edilir. Təəssüf ki, yanacaqdoldurma məntəqələrində benzinlərin keyfiyyət göstəriciləri çox vaxt yuxarıda qeyd edilən göstəricilərdən aşağı olur.

Nəticədə yanacaq yanarkən detonasiya prosesləri əmələ gəlir (bu, oktanın faktiki kəmiyyətinin aşağı olmasının nəticəsidir); mühərrikin korlanması sürətlənir (bu, benzinin tərkibində mexaniki qarışıqların olmasının nəticəsidir); qatranın və yanma məhsullarının toplanması, detalların korroziyaya uğraması sürətlənir.

Yanacaq sistemi hökmən narın təmizləmə filtri ilə təchiz olunmalıdır, onun vəziyyətinə mütəmadi nəzarət etmək və onu müntəzəm dəyişmək lazımdır.

Benzinin keyfiyyətinin aşağı olduğunu nəzərə alaraq, 10.000 - 15.000 kilometr məsafə qət etdikdən sonra narın təmizləmə filtrinin dəyişmək gərəkdir. Yanacaq bakını ildə bir dəfə yumaq faydalı olar. Çiləyici sistemli və katalizatorlu mühərriklərdə keyfiyyəti Aİ-95-dən aşağı olmayan etilsiz və ya azetilli benzindən istifadə edin.

Mənbə: http://avtomobil.az
Top