Benzinlərin əsas istismar xüsusiyyəti detonasiyaya qarşı davamlılığıdır. Detonasiya – avtomobilin işlətdiyi yanacağın çox tez (partlayışa bənzər) yanması və yanma kamerasında zərbə dalğalarının əmələ gəlməsi prosesidir. Detonasiya porşenlərin və çıxış klapanlarının yanıb korlanmasına səbəb olur. Detonasiyanın üzə çıxan əlamətləri bunlardır: metalın özünəməxsus taqqıltı səsinin və vibrasiya, işlənmiş qazların qara rəngi (qara tüstü), mühərrikin qeyri-sabit işləməsi.
Detonasiyanın əsas əlaməti mühərrikdən sərt cingiltili taqqıltı səsinin gəlməsidir, həmin səslər sürücünün yerindən yaxşı eşidilir. Bir çox sürücülər düşünürlər ki, bunlar porşenlərin çıxardığı səslərdir. Əslində isə bu səslərin mənbəyi detonasiya (zərbə) dalğasının təsiri nəticəsində yaranan mühərrikin detallarının vibrasiyasıdır.
Detonasiyanın əmələ gəlməsinin əsas səbəbləri bunlardır: benzinin növünün mühərrikin sıxılma dərəcəsinə uyğun olmaması (oktan əmsalının çox aşağı olması); vaxtından əvvəl yanma; yanma kamerasında çoxlu miqdarda hisin olması; drossel qapağının tam açıq vəziyyətdə olduğu və dirsəkli valın fırlanma tezliyinin aşağı olduğu zaman mühərrikin işləməsi, bu da misal üçün avtomobil “əziyyətlə” yoxuşa qalxarkən sürücü vaxtında sürət ötürücüsünü aşağı sürətə keçirmədikdə baş verir. Mühərrikin uzun müddət intensiv detonasiya şəraitində işləməsi yolverilməzdir, çünki bu, silindrlər blokunun başlığındakı kipləşdirici qatın zədələnməsinə, porşen və klapanların yanıb sıradan çıxmasına səbəb ola bilər. Lakin avtomobil işə düşərək sürət yığdığı zaman, drossel qapağının pedalını tam basarkən qısamüddətli və tez yoxa çıxan səslə müşayiət olunan kiçik detonasiya normal hal sayılır və mühərrik üçün təhlükə törətmir.
Detonasiya xüsusiyyətləri oktan əmsalı ilə qiymətləndirilir, sonuncu isə öz növbəsində iki üsulla müəyyən olunur: tədqiqat və mühərrik üsulları. Bir qayda olaraq, benzinin növü göstərilərkən oktan əmsalı ilə yanaşı onun hansı üsulla müəyyən edilməli olduğu da göstərilir. Oktan əmsalı yüksək olduqca, benzinin detonasiyaya qarşı davamlılığı, habelə mühərrikin sıxılmasının mümkün dərəcəsi bir o qədər yüksək olur, nəticədə onun gücü və qənaətcilliyi də artır.
Yüksəkoktanlı benzinlər iki üsulla alınır: 1) mürəkkəb texnoloji üsulla – bu zaman istehsal prosesində yüksəkoktanlı komponentlərin faizi artırılır (etilləşdirilməmiş benzin); 2) daha sadə və ucuz üsulla – benzinə Pb(C2H5)4, yəni qurğuşun tetraetili qatmaq yolu ilə (etilləşdirilmiş benzin).
İnkişaf etmiş ölkələrdə etilləşdirilmiş benzinlərdən istifadə olunmur.
Etil məhlulu - qurğuşunun kimyəvi birləşmələrinin konsentratıdır. Bu konsentrat, eləcə də etilləşdirilmiş benzin olduqca zəhərlidirlər və insan səhhətinə zəhərli təsir göstərirlər.
Etilləşdirilmiş benzindən istifadə edərkən son dərəcə ehtiyatlı olun. Qurğuşun tetraetili (xaricdə isə həmçinin qurğuşun tetrametili) detonasiyaya qarşı davamlılığı əhəmiyyətli dərəcədə artırır. Onu benzinə məhz buna görə əlavə edirlər, lakin lyambda-zond ilə və işlənmiş qazların katalitik neytralizatoru ilə (katalizatorla) təchiz olunmuş avtomobillərdə etilləşdirilmiş benzindən istifadə etmək olmaz, qurğuşun onları çox tez sıradan çıxarır.
Mənbə: http://avtomobil.az/