Qadın sükan arxasında

Qadın sükan arxasında

Günümüzdə qadınları sükan arxasında görmək adi hal alıb. Lakin 100 il bundan əvvəl yəqin ki, bu heç kimin ağlına gəlməzdi. Lakin avtomobilin ixtirasından sonra qadınların ona maraq göstərməsi heç də uzun müddət tələb etmədi. Bu istiqamətdə atılan ilk addımlardan sonra qadınların bu məsələdə iştirakı vacib hal aldı. Hətta avtomobillə bağlı bəzi ixtiralarda qadınların da böyük rolu olmuşdur.
Nikolaus Avqust Ottonun kəşfindən sonra uzun müddət mühərriklərin təkmilləşdirilməsi ilə məşğul olmuşlar. Bu dövr ərzində qadınlar avtomobil tarixinə öz adlarını yazmağa başlamışlar. Əgər xanımı olmasaydı , yəqin ki,  mühəndis Karl Benz benzinlə işləyən  avtomobili ixtira etməzdi.
Hər şey Berta Benzin öz uşaqları ilə həyat yoldaşının avtomobilində qonşu şəhərə səyahəti ilə başladı. Bəzi çətinlikləri nəzərə almasaq bu səyahət çox maraqlı keçdi. Çünki o zaman yanacaq yalnız apteklərdə və kerosin dükanlarında satılırdı.

Həm də avtomobilin nasazlıqlarını yalnız əl altında olan əşyalarla düzəltmək olardı. Berta Benz bunun üçün sancaq, corab rezini kimi xırda qadın əşyalarından və çəkməçinin köməyindən istifadə etmişdi.
Lakin bu çətinliklərə baxmayaraq, səfər uğurlu alındı və Bertanın bu cəsur hərəkəti haqda bütün Almaniya xəbər tutdu. Bununla Karl Benzin önündə şöhrət qapıları açıldı. Onun xanımı isə tarixdə ilk sürücü qadın oldu.
Lakin qadınların sürücülük etməsi tək Almaniyada yox, digər ölkələrdə də yayılmağa başlamışdı. ABŞ-da isə XX əsrin əvvəllərində “avtomobil və qadın” məfhumu dövlət miqyasında inkişaf edirdi. Məsələn, Elizabet Ruzvelt Lonqvort (prezident Ruzveltin qızı) Nyuportdan Vaşinqtona qədər avtomobili tək idarə etməsi ilə yadda qalmışdı. 

21 yaşlı Elis Heyler Remzi isə 41 gün ərzində şərqdən qərbə doğru səyahət edərək Nyu-Yorkdan San-Fransiskoya getmişdir. 1905-ci ildə isə bu iş daha ciddi forma almağa başladı.
Belə ki, bu il Coan Nyuton Kaneo ilk qadın avto-yarışçı oldu. XX əsrdə avtomobil yarışları çox məşhurlaşdı və qadınlar tez-tez birincilik əldə edirdilər. 1915-ci ildən isə Ulma Rassi taksi idarə etməyə başladı.
Qadınların avtomobilə marağı indiki dövrdə adi hesab olunan bir çox  xırda maşın  detallarının yaranmasına da səbəb olub. Məsələn, hamının yaxşı tanıdığı şüşə təmizləyənləri bir xanım - Meri Anderson kəşf edib.
O sürücülərin yağışlı havalarda necə əziyyət çəkdiklərini, hər dəfə şüşəni silmək üçün avtomobili dayandırdıqlarını görmüşdü. Buna çarə tapan Meri öz kəşfinə 1903-cü ildə patent ala bildi.

Böyük Vətən müharibəsi isə qadınların sükan arxasına keçməsini labüd etdi. Qadınlar ağır və iri maşınları idarə etməyə məcbur idilər. Lakin müharibədən sonra uzun müddət sükan arxasında qadın görmək qeyri-adi hala çevrildi. Çünki bu dövrdə maşını yalnız zəngin kişilər idarə edirdilər.
Lakin indi qadınların avtomobil idarə etməsi ekzotika hesab olunmur. Hətta İranda 2007-ci ilin fevralında avtobusun idarəsi bir xanıma tapşırıldı. Bu avtobus yalnız qadınlar üçün nəzərdə tutulmuşdu.    

Azərbaycanda isə vəziyyət bir qədər fərqli idi. Çünki bizim ölkədə qadınlara münasibət də Avropa ölkələrindən fərqlənirdi. Çünki bizdə “milli-mentalitet” anlayışı daim qadınların xeyrinə olmayan baxışların inkişaf etməsinə şərait yaradıb. Hələ indinin özündə də xanımların iş həyatına qoşulmasını əngəlləyən kişilər var.
Lakin zaman və şərait dəyişir. Artıq xanımlar kişilərin gördüyü bütün işləri görürlər. Eləcə də sürücülük. Bu sahədə “çevriliş” 80-ci illərdən sonra baş verdi.

Artıq Azərbaycan xanımları avtomobilə sahib olmaq, çətin və təhlükəli yollarla üz-üzə qalmaq iqtidarında idilər. İlk avtomobil sahibələri arasında Flora Kərimova və Əminə Yusif qızının adları xüsusilə qeyd edilir. Əsasən də Flora Kərimova Azərbaycanda şəxsi maşını olan və sükan arxasına keçən ilk xanım sürücü hesab olunur. Onun ağ rəngli “Vaz 2107” markalı avtomobili azərbaycanlı xanımlar üçün yeni bir dövrün başlanğıcını qoydu, müasir xanımlarımız üçün yol açdı.
Bütün bunların nəticəsidir ki, hal-hazırda Azərbaycanda xanım sürücülərin sayı günü-gündən artmaqdadır.
Son dövrlərdə xanımların yollarda çox sərbəst olmaları, cəmiyyətin bu faktoru normal qəbul etməsi kimi müsbət irəliləyişlərlə yanaşı bəzi problemlər də yaranır. Belə ki, son illərdə əvvəlkinə nisbətən qəza törədən, təhlükəli vəziyyətlə qarşılaşan xanım sürücülərin sayı artıb.
Lakin qadınlar həmişə intizamlı və “qorxaq” sürücü olmaları ilə fərqləniblər. Ancaq təəssüf ki, axır vaxtlar bir neçə dəhşətli yol qəzalarının baş verməsində xanımların payı çox olub.
Bunu bəzi sürücü xanımların avtomobilin mahiyyətini tam anlamamaları ilə izah etmək olar. Bəzi xanımlar həqiqətən avtomobilə ehtiyacları olduğu üçün ondan istifadə edirlər. Avtomobili etibarlı “iş yoldaşı” hesab edirlər. Lakin bəzi xanımlar avtomobili bir aksessuar kimi qəbul edir, onu sırf həvəs etdikləri üçün, öz kaprizlərini ödəmək üçün alırlar.

Avtomobil sahibi olmaq onlar üçün prestijdir. Təbii ki, bu zaman avtomobili həqiqətən qiymətləndirməkdən, onun məsuliyyətini dərk etməkdən söhbət gedə bilməz. Belə  münasibətin nəticəsi olaraq laqeyd sürücülərin tez-tez qəza törətməsi təbiidir.
Amma xanım sürücülər mübarizəni dayandırmırlar və onların sıraları günbəgün artır. Ümid edək ki, bu sıralarda intizamlı xanımlar daha çoxluq təşkil edəcəklər və qayda-qanunlara riayət etmələri, həmçinin qüsursuz idarəetmələri ilə rəqiblərini geridə qoyacaqlar.  

Müəllif: İlahə Əkbər
Mənbə: Avtomobil.az jurnalı
Top