Şinlər

Şinlər

Satışda yeni və bir qədər köhnə, kameralı və kamerasız, radial və diaqonal, çıxıntılı və akvaprofilli şinlər vardır. Avtomobilin “ayaqqabılarının” necə olmasından onun yolda davamlılığı, hərəkətin komfortluğu və sizin təhlükəsizliyiniz çox asılıdır. Buna görə də şinləri seçərkən onlar haqqında ən azı zəruri informasiyaya malik olmaq faydalı olar.
Konstruksiyalarına görə şinlər kameralı və kamerasız şinlərə bölünür. Kameralı şinlərin dövrü keçmişdə qalmışdır. Həm də kameralı şinlər taxılmış təkərlərdə şinomontajda əlavə çətinliklər yaranır, onlar deşilmələrə qarşı çox həssasdırlar.

Kamerasız şinlərin tətbiqi təhlükəsizliyi artırır, çünki germetikləşdirici daxili təbəqə şini deşmiş mismara və ya digər əşyaya “sarılır” ki, bunun sayəsində şindən havanın çıxması xeyli ləngiyir.

Kameralı şində kamera gərginliyə məruz qalır və zədələndikdə dartıcı qüvvələr azad olur ki, bu da zədə yerini genişləndirir və havanın çıxmasını artırır.

Diaqonal şin radial şindən karkasın konstruksiyası və kordun istiqaməti ilə fərqlənir və alıcıda maraq oyatmır. Radial şinlər isə alıcıda maraq doğurur. Onlar diaqonal şinlərlə müqayisədə bir sıra üstünlüklərə malikdirlər.
Əsas üstünlüklər ondan ibarətdir ki, radial şinlər gec yeyilir, yırğalanmaya qarşı sərt reaksiya vermir, düz yolda əla hərəkət edir, sükanın döndərilməsinə daha tez reaksiya verir, maneələrin (məsələn, relslərin və s.) üzərindən keçərkən daha çox dözümlülük nümayiş etdirir, daha elastikdir, eyni profilli diaqonal şinlərə nisbətən daha çox yük daşımağa qadirdir.

Radial şinin çatışmayan cəhətlərinə misal olaraq onların kütləsinin böyük olmasını və müvafiq surətdə, fırlanma inersiyası momentinin yüksək olmasını göstərmək olar ki, bu da avtomobil sürət yığarkən və ya əyləcləyərkən özünü büruzə verir.
Lakin bu çatışmazlıqları yuxarıda sadalanan müsbət cəhətlər bütünlüklə kompensasiya edir, buna görə də hazırda praktiki olaraq bütün minik avtomobilləri radial şinlərlə təchiz olunmuşdur.

Çətin yol şəraitində, dərə-təpəli yerlərdə hərəkət etmək üçün nəzərdə tutulan avtomobillər, habelə ötüşmə üçün nəzərdə tutulan idman avtomobilləri istisna təşkil edir.
Radial şinlərdə havanın normal təzyiqi qorunub saxlanmalıdır, əks halda onların istismar müddəti xeyli qısalacaqdır.

Avtomobilin eyni (qabaq və ya arxa) tərəfində sağ və sol təkərlərdə hökmən eyni modelli və eyni tipli şinlər olmalıdır. Bir təkərə diaqonal şin, digərinə isə radial şin taxmaq qəti qadağandır, çünki bu zaman avtomobilin rəvan hərəkəti pozulur və onu idarə etmək çətinləşir.

Mənbə: http://avtomobil.az/
Top