Avtomobil satıram. Nə etməli?

Avtomobil satıram. Nə etməli?

Avtomobili olmayanlar onu almağa, avtomobili olanlar isə onu satmağa çalışırlar. Bu məlum fikirdə yüz faiz də olmasa, hər halda müəyyən qədər həqiqət var. Əgər avtomobilinizi satmaq istəyirsinizsə, onda nə etməlisiniz?

Alıcını seçərkən...

Əlbəttə, ilk növbədə öz niyyətiniz barədə potensial alıcılara məlumat verməyiniz gərəkdir. Ən sadə variant bu barədə dostlarınıza, qohumlarınıza və işdəki həmkarlarınıza deməkdir. Lakin yaxınlarınıza avtomobil satmağa dəyərmi – bu heç də sadə sual deyil.
Birincisi, onlar nədənsə əmindirlər ki, siz dostluq münasibətləri xətrinə ilkin qiymətin, az qala, əlli faizini onlara güzəşt edəcəksiniz. İkincisi, satışdan sonra “xoşbəxt alıcılar” iradlar irəli sürməyə başlayacaqlar: avtomobilin burası sınıb, orası işləmir. Odur ki, əvvəlcədən şərt qoyun ki, sonradan iradları qəbul etməyəcəksiniz.

Ödənişin sərtləri
Daha bir məsləhət: avtomobili heç vaxt möhlətli ödəmə şərti ilə satmayın. Siz pulunuzu tələb etdikdə avtomobilin yeni sahibləri onlara yararsız, daim sınaraq xarab olan avtomobil satdığınızı bildirəcəklər. Siz haqlı olaraq hirslənəcəksiniz... Sonrakı hadisələri təsvir etməyəcəyik, çünki onlar satış prosesinə aid deyil.
Avtomobil kənar şəxslərə təklif olunursa, möhlət barədə söhbət belə gedə bilməz.  

Təmizliyin faydası ... və ziyanı
Təcrübə göstərir ki, təmiz, parıldayan avtomobillər bazarda insanların diqqətini daha tez cəlb edir. Buna görə də kuzovun polirolla işlənilməsi yaxşı olardı. Əgər avtomobilin səthində kələ-kötür yerlər varsa, onda bunu etmək məsləhət deyil, çünki parıltının işığında həmin yerlər daha aydın nəzərə çarpır, kuzov parıldamırsa və tozludursa, onlar o qədər də gözə çarpmır. Alıcıları asfaltdakı ləkələr də qorxudur. Ola bilər ki, həmin ləkələr sizin avtomobilinki deyil, yaxud sizin avtomobilinki olsa belə, bu, heç də ciddi təmir tələb edən nasazlıq deyil, amma buna baxmayaraq, yenə də çalışın ki, avtomobilinizin olduğu yerdə asfaltda ləkələr olmasın. Avtomobilinizi saxlamaq üçün münasib yer seçin.

Alternativ üsullar
Avtomobilin satışı barədə qəzetdə və İnternetdə məlumat vermək olar. Bir qayda olaraq, İnternedəki elanlar ilk növbədə qeyri-adi və ya bahalı avtomobil almaq istəyənlərin diqqətini daha tez cəlb edir. Ekzotik, köhnə, ölkəmiz üçün nadir olan markalar, habelə ölkə avtomobillərinin “lüks” variantları daha çox uğur qazanmaq şansına malikdir. Artıq göründüyü kimi, avtomobil satışında İnternet getdikcə demokratikləşir.
Böyük şəhərlərdə avtomobillər elanlar üzrə ixtisaslaşan qəzetlər vasitəsilə daha yaxşı satılır. Lakin avtomobilinizə görə kifayət qədər böyük məbləğə ümid bəsləyirsinizsə, pullu reklam verməyiniz məsləhətdir. Bu, sizin şanslarınızı daha da artırar.

Alıcı ilə ilk ünsiyyət
Fərz edək ki, siz görüş barəsində razılığa gəlmisiniz. Ciddi müştəri avtomobili görmədən telefonda onun qiymətini aşağı salmağa cəhd etməz. Əgər sizə qəribə alış şərtləri, məsələn, avtomobili hansısa əşya ilə dəyişdirmək, avtomobildə nasazlıq aşkar edildikdə onu geri qaytarmaq və s. kimi şərtlər təklif edirlərsə, o halda söhbəti dərhal bitirmək lazımdır.  

Texniki baxış və sənədləşmə

Alıcı xahiş edə bilər ki, avtomobilin diaqnostikası üçün onunla texniki xidmət stansiyasına gedəsiniz. Stansiyada diaqnostikanın haqqını alıcı ödəyir, çünki bu onun təşəbbüsüdür.
Bir qayda olaraq, alıcılar qiyməti bir qədər aşağı saldırır, satıcılar isə bir qədər güzəştə gedirlər. Əgər qiymət barədə razılığa gəlmisinizsə, yaxşı olar ki, əqdi müvafiq qaydada rəsmiləşdirəsiniz və “kağızları” qoruyub saxlayasınız. Əqddən məhkəməyə 3 il ərzində şikayət vermək olar. Hər şey qanun əsasında rəsmiləşdirilibsə, məhkəmə sizin tərəfinizdə olacaqdır.
Digər bir halda satıcı alıcıya etibarnamə verir. Formal qaydada o, avtomobilin mülkiyyətçisi olaraq qalır və avtomobili ona istənilən vaxt qaytarıb ödənilmiş pulu geri tələb etmək olar. Amma bu, nəzəri mülahizədir, praktikada isə digər xoşagəlməz hallar baş verə bilər.
Çox vaxt elə hallar olur ki, etibarnamə üzrə satılmış avtomobilin sürücüsü piyadanı vuraraq gizlənir. Avtomobilin nömrəsi şahidlərin yadında qalır və siz polis bölməsinə gətirilirsiniz. İndi sübut edin ki, sükan arxasında başqa şəxs olub! Belə hallarla rastlaşmamaq üçün əlavə xərclərin çəkilməsinə rəğmən, avtomobilinizi satmaq qərarına gəldikdə, onu DYP-nin qeydiyyatından çıxarmaq məsləhətdir.
Yəqin ki, etibarnamə üzrə satışla bağlı yuxarıdakı nümunə kifayətdir, hərçənd ki, digər ibrətamiz əhvalatlar da danışmaq olar.

Barter edərkən ...
Daha bir variant: siz avtomobilinizi təhvil verirsiniz və özünüzə yeni (yaxud işlənmiş) avtomobil alarkən onun dəyəri nəzərə alınır. Belə mübadilənin çatışmayan cəhəti sizin avtomobilinizin çox aşağı qiymətə alınmasıdır.

Pulu alarkən ...
Satış prosesində olduqca mühüm məqam pulun alındığı məqamdır. Pullar hesablanarkən gözünüzü onlardan çəkməyin və aldığınız pul dəstini heç vaxt geri verməyin (hətta alıcı bunun üçün tutarlı bəhanə gətirsə belə). Yaxşı olar ki, dostlarınızdan kimsə yanınızda olsun.

Mənbə: http://avtomobil.az
Top