Benzinə qatılan əlavələr

Benzinə qatılan əlavələr

Hazırda şəhərimizdə bir çox şirkət benzinə qatmaq üçün müxtəlif əlavələr təklif edir. Keyfiyyətsiz avtomobil benzini mühərrikin işinə mənfi təsir göstərə, habelə karbüratorun, filtrin, forsunkanın və s. yolunu tuta bilər. Belə benzindən istifadənin mənfi nəticələrindən yaxa qurtarmaq üçün ehtiyat hissələri satılan mağazalardan yanacağa qatılan müxtəlif əlavələr almaq və yanacağa əlavə etmək olar.


Ümumi məlumatlar

Avtomobil benzinləri təbii xammaldan – neft və qaz kondensatından alınan karbohidrogenlərin qatışığıdır. Onları neft emalı zavodlarında istehsal edirlər. Həmin zavodlarda benzinlərə müxtəlif aşqarlar əlavə edilir ki, onlar zəruri istismar keyfiyyətinə malik olsunlar. Həmin keyfiyyətlər bunlardır:
* detonasiyaya qarşı davamlılıq (detonasiya partlayış doğuran yanma prosesidir, bu proses hissə və detalların həddən artıq qızması, mühərrikdə səciyyəvi taqqıltının eşidilməsi, mühərrikin gücünün aşağı düşməsi, xaricə çıxan işlənmiş qazların çox tüstülü olması və silindrdə temperaturun normadan yüksəkliyi ilə müşayiət olunur);
* buxarlanma qabiliyyəti (bu, ətraf mühitin istənilən temperaturunda hava ilə birləşərək yanma qabiliyyətinə malik olan yanacaq qatışığının yaranmasını təmin edir);
* yanacaq bakında, yanacağın hərəkət etdiyi borularda, karbüratorda, yanacaqçiləmə sistemli mühərriklərin forsunkalarında, drossel qapaqlarında, giriş klapanlarında və porşen halqalarında çöküntü yaratmaq meylinin olmaması;
* yanma kamerasında və işlənmiş qazların xaric edilməsi sistemində yerləşən detallarda yanma qalıqlarının mümkün qədər az olması (əgər katalitik neytralizator varsa, onda bu məsələ xüsusilə aktuallaşır);
* işlənmiş qazlarla birlikdə zərərli maddələrin ətraf mühitə atılmasının azaldılması (məsələn, benzol və kükürdün).

Benzinə qatılan əlavələrin çeşidi


Benzinə əlavələr avtomobilin istismarı prosesində qatılır, burada məqsəd benzinin xüsusiyyətlərinin yaxşılaşdırılmasından, habelə əmələ gəlmiş çöküntülərin və yanma qalıqlarının yuyularaq kənarlaşdırılmasından iba-rətdir. Pərakəndə satış mağazalarında, bir qayda olaraq, plastmas flakonlarda və ya tənəkə bankalarda qatışıqlar təklif olunur. Oktanlılığı artırma, suyu kənarlaşdırma və yuma qabiliyyətindən ibarət əsas xüsusiyyətləri ilə yanaşı bu qatışıqların bir sıra əlavə xüsusiyyətləri də vardır.
Həmin xüsusiyyətlərin olması üçün yanacaq qatışığının tərkibinə aşağıdakılar daxil edilə bilər:
* yanacağın yanması prosesini sürətləndirən və yanma qalıqlarını azaldan inisiatorlar və katalizatorlar;
* yanacağın saxlanması zamanı onun oksidləşməsinin qarşısını alan stabilizatorlar;
* detalların səthlərində təbəqə əmələ gətirərək sürtünən detalları xarab olmaqdan qoruyan və sürtünmənin doğurduğu itkiləri azaldan sürtünmə modifikatorları;
* yanacağın və yanma məhsullarının tərkibindəki aqressiv maddələr ucbatından metalların zədələnməsini azaldan korroziya əleyhinə aşqarlar;
* yaxşı buxarlanma qabiliyyətləri sayəsində yanacağın alışma qabiliyyətini yaxşılaşdıran hərəkətəgətirici aşqarlar (bu, xüsusən aşağı temperaturlarda zəruridir);
* təmirdən sonra mühərrikin sürtünən detallarının işini sürətləndirən aşqarlar.

Turbinlə və işlənmiş qazların neytralizatoru ilə təchiz olunmuş avtomobillərdə onlar üçün təhlükəsiz olan əlavələr tətbiq edilir (məhsulun etiketində bu barədə müvafiq qeyd olmalıdır).

Mühərrik yağlarının istismarı

Avtomobilin aqreqatının uzun müddət saz vəziyyətdə işləməsini təmin etmək üçün öz xüsusiyyətlərinə görə mühərrikin konstruksiyasına və istismar şərtlərinə uyğun olan mühərrik yağlarından istifadə etmək zəruridir.

Tövsiyələr

Mühərrik yağını seçərkən istismara dair təlimatda qeyd olunan tövsiyələri rəhbər tutmaq lazımdır. Eyni zamanda aşağıdakıları da nəzərə almağınız tövsiyə olunur:
* tətbiqinə icazə verilən mühərrik yağlarının siyahısı daim dəyişir, yəni bəzi yeni markaların tətbiqinə icazə verilir, bəzi köhnə markalar isə icazədən məhrum olurlar;
* yağın qabının üzərində yağın hansı temperatur diapazonunda tətbiqinə yol verildiyini göstərən yazı yalnız tövsiyə xarakteri daşıyır;
* yağı rənginə görə qiymətləndirməyə dəyməz, belə ki, yağın tərkibinə qatılan aşqarların çoxu onun rəngini tündləşdirir;
* ağır istismar şəraitində yağın dəyişdirilməsini adi şəraitə nisbətən 1.5-2 dəfə tez həyata keçirmək lazımdır. Bu sözlər uzun müddət istismarda olmuş avtomobillərə də aiddir. Belə ki, köhnəlmiş mühərriklərdə yağın iş şəraiti daha ağır olur, xüsusən yağ karterinə daxil olan yanmış qazların oksidləşdirici təsiri həmin şəraiti daha da ağırlaşdırır;
* yağın tez (1-2 min kilometr məsafədən sonra) qaralması onun istismar keyfiyyətlərini itirməsi demək deyil;
* yağın üzərinə yenidən yağ əlavə edərkən yeni yağ mühərrikə tökdüyünüz yağla eyni olmalıdır, çünki müxtəlif istehsalçıların yağlarının tərkibində müxtəlif aşqarlar olur ki, onların qarışdırılması yağın keyfiyyətini azalda bilər;
* mineral və sintetik yağları qarışdırmaq, habelə yarımsintetik yağın üzərinə mineral yağ əlavə etmək məsləhət deyil. Çünki mineral və sintetik əsasların tərkibində aşqarların ərimə şərtləri müxtəlifdir;
* avtomobilin əvvəlki sahibinin hansı yağdan istifadə etdiyi məlum deyilsə, yağı dəyişməzdən qabaq yağlama sistemini yumaq məsləhətdir;
Antidetonatorlar və ya “oktan-busterlər” benzinin oktan kəmiyyətini artırmaq üçün nəzərdə tutulub. Hazırda onlar əsas etibarı ilə aşağıdakıların əsasında hazırlanır:
* dəmir oksidlərinin (bunlar effektiv və zərərsizdirlər, lakin yol verilən konsentrasiya səviyyəsini aşdıqda qırmızı rəngli yanma qalıqları əmələ gətirə bilərlər ki, bu da xüsusən yandırıcı şamlar üçün təhlükəlidir);
* marqans birləşmələrinin (bunlar effektiv və az zərərlidirlər, lakin yandırıcı şamların işinə əngəl törədən yanma qalıqları əmələ gətirirlər);
* aromatik aminlər (bunlar effektivdirlər, digər antidetonatorlarla yaxşı uzlaşaraq onların təsir gücünü artırırlar, lakin lazımi dozadan artıq tətbiq edildikdə yanacaq təchizatı sistemində çöküntülərin əmələ gəlməsinə, eləcə də yanma qalıqlarının toplanmasına, mühərrikin detallarının tez xarab olmasına səbəb ola bilərlər. Onlar xoşagəlməz qoxuları ilə seçilirlər).

Rütubəti xaric edən qatqılar


Rütubəti xaric edən qatqılar suyun kristallaşmasına mane olur və benzinin tərkibinə qatılarkən donmağa qarşı davamlı olan qatışıqlar əmələ gətirirlər ki, bu da buz tıxaclarının yaranması ehtimalını aradan qaldırır.
Benzinə əsas komponent qismində qatılan yuyucu qatqıların tərkibində aktiv səthli maddələr olur. Ölkəmizdə işlənən avtomobil benzinləri üçün onlar ən faydalı profilaktika vasitələridir. Bu onunla əlaqədardır ki, aromatik karbohidrogenlərin miqdarının çoxluğu ucbatından çirklənmə məhsullarının yaranması ehtimalı artır. Ən təkmil yuyucu qatqılar təkcə yanacaq təchizatı sisteminin qurğularında deyil, həm də forsunkalarda və giriş klapanlarında çirklənmə məhsullarının yaranmasının qarşısını almağa qadirdirlər. Bundan başqa, onlar yanma kamerasında yanma qalıqlarının əmələ gəlməsini ləngidir və bununla əlaqədar olaraq mühərrikin işinin zəifləməsinin qarşısını alırlar.
Bir qayda olaraq, yuyucu qatqıları əsas təyinatlarına görə fərqləndirirlər.

Karbürator təmizləyiciləri yanacaq təchizatı sisteminin detallarında və karbüratorda çöküntülərin əmələ gəlməsinin qarşısını almağa xidmət edirlər. Yanacağa qatılan duru qatqılarla yanaşı onların təsir gücünü artıran aerozol təmizləyicilər də vardır. Bu onunla əlaqədardır ki, yanacağa qatılan qatqılar karbüratorun bütün detallarına gedib çata bilmirlər. Təmizləyici aerozolun axını isə yanacaq kanallarının və digər qapalı yerlərin içərilərinə qədər nüfuz edə bilir.

Yanacaqçiləmə sisteminin (forsunkaların) təmizləyiciləri daha yüksək termik stabilliyə malikdir və yanacaqçiləmə sistemli mühərriklər üçün nəzərdə tutulub. Bu, iş temperaturu yüksək olan forsunka və klapanların olduğu yerlərdə qatqıların yuyucu xüsusiyyətlərinin qorunub saxlanmasına imkan verir.

Yuyucu tərkiblər karbüratorlu və injektorlu mühərriklərin həddən artıq çirklənmiş yanacaq təchizatı sistemlərinin çöküntülərdən və yanma qalıqlarından kompleks təmizlənməsini həyata keçirməyə imkan verir. Onlar avtoservis mütəxəssisləri tərəfindən xüsusi avadanlıqdan və müxtəlif təmizləmə sxemlərindən istifadə olunmaqla tətbiq edilirlər. Yanacaq bakındakı çirklər yuyularaq xaric edilərkən bütün yanacaq təchizatı sisteminin deşiklərinin tutulması ehtimalını aradan qaldırmaq üçün avtomobilin benzin nasosunu və yanacaq filtrini söndürürlər. Bu cür yuma zamanı mühərrik yuyucu tərkib əlavə edilmiş yanacaqla müəyyən rejimdə işləyir. Yanacaq mühərrikə qoşulmuş qurğunun təzyiqi altında verilir və yuma müddətində həmin qurğu yanacaq təchizatı sistemi rolunu oynayır.
Bu metodun əsas üstünlüyü ondadır ki, yanacaq təchizatı sisteminin detallarını mühərrikdən söküb çıxarmadan onu təmizləmək olur.

Məsləhətlər

Yanacağa qatılan istənilən qatqılar yalnız təlimata ciddi riayət edilməklə tətbiq olunmalıdır. Əgər belə təlimat yoxdursa, onda naməlum məhsulu almaqdan imtina etmək məsləhətdir.
Qatqılardan yalnız birbaşa təyinatı üzrə istifadə olunmalıdır – karbüratorlu mühərriklərin təmizlənməsi üçün nəzərdə tutulan vasitələr yanacaqçiləmə sistemli mühərriklərin təmizlənməsində yararsızdır və əksinə. Onların lazımi dozadan artıq tətbiq edilməsi yanacaq sistemində çöküntülərin əmələ gəlməsinə, habelə yanma kamerasında və çıxış sistemində yanma qalıqlarının toplanmasına səbəb ola bilər.

Əgər yanacaq bakına oktanı aşağı kəmiyyətli olan benzin tökülübsə və bu səbəbdən detonasiya əlamətləri peyda olubsa (məsələn, səciyyəvi taqqıltı səsləri gəlirsə), onda həmin benzinə antidetonatorlar (oktan-busterlər) əlavə olunur. Burada alternativ üsul ondan ibarətdir ki, bakdakı benzinə oktanı daha yüksək kəmiyyətli olan benzin əlavə edilə bilər.
Yuyucu (təmizləyici) qatqıları avtomobilin istismarına başladıqdan sonra mütəmadi tətbiq etmək məsləhət görülür.

Uzun müddət istismar olunmuş avtomobillərdə yuyucu qatqıların yüksək dozasından istifadə etmək olmaz. Bu çirkin əmələ gəlməsinə və yanacaq təchizatı sisteminin deşiklərinin tutulmasına gətirib çıxara bilər. Qatqılardan tam həcmdə istifadəyə birdən-birə deyil, tədricən keçmək lazımdır, məsələn:
* birinci dəfə (bəzən həm də ikinci dəfə) yanacağa tövsiyə olunan miqdarın 1/5 hissəsi qədər yuyucu (təmizləyici) qatqı qatmaq;
* sonra isə hər dəfə yanacağa yuyucu (təmizləyici) qatqıları əlavə edərkən onun miqdarını zəruri miqdara qədər tədricən artırmaq məsləhətdir (əvvəlcə zəruri miqdarın 1/5-i, sonra 2/5-si, daha sonra 3/5-ü və nəhayət 4/5-ü qədər);
* yalnız bundan sonra yanacağa yuyucu (təmizləyici) qatqını tam həcmdə qatmaq olar. Eyni zamanda, təlimatda göstərilmiş periodikliyə riayət etmək gərəkdir.

Benzinə əlavə olunan qatqılardan istifadə edərkən gigiyena qaydalarına və yanğın əleyhinə təhlükəsizlik qaydalarına əməl etmək lazımdır. Çünki qatqılar zəhərli və tezalışan ola bilər. İstifadə olunmuş qabları xüsusi olaraq bu cür tullantılar üçün nəzərdə tutulmuş zibil konteynerlərinə atmaq lazımdır, çünki onlar ətraf mühit üçün təhlükə törədə bilər.

Mənbə: http://avtomobil.az
Top