Cadillac

Cadillac

Cadillac adını yeni avtomobil şirkəti üçün Henri Liland (Henry Leland) (1843 - 1932) təklif edib. O, gənc yaşlarında silah zavodlarında mühəndis işləmiş, 19-cu əsrin sonunda isə “Leland and Faulconer” firmasını qurmuşdu. Həmin firma sənaye mühərriklərinin istehsalı ilə məşğul olurdu, onun istehsal etdiyi mühərriklər keyfiyyəti və etibarlılığı ilə məşhur idi. Amma hər halda Cadillac şirkətinin təməlinin qoyulması Lilandın deyil, Henri Fordun (Henry Ford) adı ilə bağlıdır.
Məlumdur ki, avtomobil markalarının çoxu onların təsisçilərinin adı ilə adlandırılır. Lakin məşhur Cadillac brendinə gəldikdə, burada məsələ başqa cürdür. Bu marka fransız Antuan de la Mot Kadillakın (Antoine de la Mothe Cadillac) şərəfinə belə adlandırılıb. O, 1701-ci ildə ucqar Amerika meşələrində Vil d’Etrua (Ville d’Etroit) şəhərciyini salındı. İki yüz il ərzində bu kiçik şəhərcik Amerika avtomobil sənayesinin mərkəzinə çevrildi. İndi həmin şəhərcik nəhəng bir şəhərdir və Detroyt adlanır.

Hələ öz şirkətini – “Ford Motor Company”ni qurmamışdan əvvəl Ford 1899-cu ildə “Detroit Automobile Company”ni təsis etdi. Bu şirkət 1901-ci ildə əsaslı dəyişikliklərdən sonra “Henry Ford Company” adını aldı. İşlər heç də pis getmirdi, amma bir ildən sonra Ford qalan investorlarla mübahisə edərək firmanın işini davam etdirməkdən imtina etdi. İnvestorlar şirkəti ləğv etmək üçün onun avadanlıqlarını qiymətləndirmək xahişi ilə Lilanda müraciət etdilər. Lakin Liland onları inandırdı ki, firma işini davam etdirərək avtomobil istehsal etməlidir və şirkətin rəhbərliyini öz əlinə aldı. Elə o vaxtdan firma Cadillac adlandırılmağa başladı.

Bu markadan olan ilk avtomobil 1902-ci ilin oktyabrında yığıldı. Növbəti ilin yanvarında onu Nyu-York avtoşousunda nümayiş etdirdilər və bu avtomobilə dərhal iki min sifariş qəbul edildi. Bu modelin seriya ilə istehsalına 1903-cü ildə başlanıldı. O, Ford A modelinə iki damla su kimi bənzəyirdi (söhbət 1920-ci illərin sonlarında istehsal olunmuş 4 silindrli Ford A avtomobillərindən deyil, ondan xeyli əvvəl istehsalına başlanılmış modeldən gedir), fərq bunda idi ki, bu avtomobillərə başqa mühərrik quraşdırılırdı. Bu, 10 at gücünə malik olan 1 silindrli aqreqat idi. O, ön oturacağın altında quraşdırılmışdı.

O vaxtkı dəbə uyğun olaraq əlifbanın hərfləri ilə indekslənən 1 silindrli modellər 1908-ci ilədək istehsal olundu. 1905-ci ildə onlara 4 silindrli Cadillac D modelləri əlavə olundu. Elə həmin il F modelli yüngül yük avtomobili peyda oldu. O, Cadillac markalı ilk yük avtomobili idi. Şirkət 1 silindrli şassi üzərində üstübağlı kupe kuzovlu avtomobil hazırladıqdan sonra (bu tip avtomaşınlar hələ Amerikada yox idi) avtomobil sənayesində yenilikçi şirkət kimi məşhurlaşdı. Yeni avtomobilə Cadillac Osceola adı verildi. O, bir nüsxədə hazırlanmışdı və Lilandın şəxsi avtomobili idi. Artıq növbəti ildə alıcılara üstübağlı kupe kuzovlu Cadillac H avtomobilləri təklif olunmağa başladı.

Silah zavodlarında işləyərkən qazandığı təcrübə Lilandda belə bir fikir oyatdı ki, avtomobil sənayesinin standartlaşdırılması vacibdir. 1908-ci ilin əvvəlində Britaniyanın avtomobil klubuna 1907-ci ildə istehsal olunmuş üç ədəd Cadillac K modeli gətirildi.

Onlar Bruklend trasında 40 kilometr məsafə qət etdilər və bundan sonra onları bütünlüklə söküb hissələrə ayırdılar. Onların hissələrini bir-birinə qarışdırdılar, sonra isə avtomobilləri yalnız vintburanların və qayka açarlarının köməyi ilə yenidən yığdılar. Bundan sonra həmin avtomobillərlə 800 kilometr məsafə qət etdilər və bu zaman heç bir problem yaranmadı.

1909-cu ildə şirkəti General Motors konserninin təsisçisi, məşhur Billi Dürant (Billy Durant) satın aldı. Beləliklə, Cadillac firması General Motors konserninin himayəsi altına keçdi, amma hər halda Cadillac təşkilati cəhətdən ayrıca şirkət olaraq qaldı. Liland isə prezident və baş direktor vəzifəsini qoruyub saxladı. Elə həmin il 1 silindrli modellərin istehsalı dayandırıldı, əvvəlki 4 silindrli modelləri isə 30 at gücünə malik Cadillac 30 modeli əvəz etdi.

Cadillac 30 modeli 6 il ərzində (1909 - 1914-cü illərdə) şirkətin yeganə modeli olaraq qaldı. Bu dövrdə mühərrikin həcmi 3.7 litrdən 6 litrədək artdı, 1912-ci ildə istehsal olunan modellərə isə dünyada ilk dəfə elektrik starteri quraşdırıldı. Starter peyda olana qədər benzin mühərrikləri əllə dəstəyi fırlatmaq vasitəsilə işə salınırdı. Dəstəyi fırlatmaq həm ağır, həm də təhlükəli iş idi. Lilandın bir dostu mühərriki sönmüş avtomobili işə salmağa çalışarkən aqreqat işə düşsə də, dəstək fırlanaraq onun çənəsini və qolunu sındırmış və o, aldığı xəsarətlərdən xəstəxanada keçinmişdi. Bu hadisə Lilanda çox pis təsir etdi. O, kömək üçün ixtiraçı Çarlz Ketterinqə (Charles Kettering) müraciət etdi, Ketterinq isə elektrik starteri ideyasını irəli sürərək həmin qurğunu Cadillac avtomobilinə quraşdırdı. Starterlə birlikdə Cadillac avtomobili elektroavadanlıq sistemi ilə təchiz olundu, onun sxemi ümumən müasir avtomobillərdə istifadə olunan sxemə bənzəyir.

1915-ci ildə 4 silindrli Cadillac 30 modelini 8 silindrli Cadillac 51 modeli əvəz etdi, sonuncuya V formalı mühərrik quraşdırılırdı. Yeni mühərrikə keçid şirkətin rəhbərliyinin lyuks avtomobil istehsalçıları arasında öz yerini qəti şəkildə möhkəmləndirmək niyyətindən xəbər verirdi. Yeni mühərrikin parametrləri o qədər də əzəmətli deyildi: onun həcmi 314 kub düym, qüvvəsi isə 70 at gücü idi. Bununla belə, bu mühərrik irəliyə doğru ciddi bir addım idi, belə ki, həmin illərdə silindrlərin sayının artırılması mühərrikdə səs-küyü və vibrasiyanı azaltmağın yeganə üsulu idi.

1917-ci ildən başlayaraq Cadillac artıq ayrıca firma deyil, General Motors konserninin bölməsi idi. Həmin il Liland Dürantla mübahisə edərək Cadillac şirkətini tərk etdi. ABŞ Birinci Dünya müharibəsinə qoşulanda Liland hərbi təyyarələr üçün mühərriklər istehsal etmək istədi, amma əqidəcə pasifist olan Dürant buna bütün vasitələrlə mane oldu. Nəhayət, Liland Lincoln firmasını təsis etdi. 1922-ci ildə həmin firma Ford tərəfindən satın alındı, zaman keçdikcə Lincoln markası Cadillac brendinin ciddi rəqibinə çevrildi.

V8 mühərrikinin ömrü uzun oldu. O, 1928-ci ilədək həcmi dəyişdirilmədən istehsal olundu. 1918-ci ildə silindrlərin çıxarıla bilən başlıqları ciddi yenilik oldu, 1924-cü ildə isə tarazlaşdırıcıları olan dirsəkli val tətbiq edildi ki, bu da aqreqatda vibrasiyanı kəskin şəkildə azaltdı. Elə həmin il ön təkərlərdə əyləclər peyda oldu.

Kuzovlara gəldikdə, dəbin tələblərinə uyğun olaraq, onlarda da dəyişikliklər baş verdi. Kuzovların əsas istehsalçıları Fisher və Fleetwood firmaları idi, onlar General Motors konserninin tərkibinə daxil idilər. 1927-ci il reklamının mətnində bildirilirdi ki, müştəri müxtəlif növlü 50 kuzov arasında, habelə 500 müxtəlif rəng çalarları və üzlük arasında seçim edə bilərdi. Faktiki olaraq hər bir alıcı tamamilə unikal avtomobil əldə etmiş olurdu.

1927-ci il “kiçik Cadillac”ın, yəni La Salle modelinin peyda olması ilə əlamətdar oldu. O, bahalı Cadillac avtomobilləri ilə xeyli ucuz Buick avtomobilləri arasındakı qiymət boşluğunu doldurmaq məqsədilə istehsal olundu. La Salle dünyada ilk avtomobildir ki, onun xarici görünüşü üzərində xüsusi dizayner işləmişdi. Həmin dizayner General Motors konserninin gələcək baş stilisti Harli Erl (Harley Earl) idi. La Salle avtomobilləri 1940-cı ilədək buraxıldı.

1929-cu ildə istehsal olunmuş Cadillac modellərində bir neçə mühüm yenilik, məsələn, sinxronlaşdırılmış Synchro-mech transmissiyası, təhlükəsiz möhkəm şüşələr və elektrik sistemi ilə hərəkətə gətirilən qabaq şüşənin təmizləyiciləri peyda oldu. 1929-cu ilin sentyabrında qarşıdan gələn “Böyük depressiyadan” xəbər verən birja böhranı ərəfəsində satışa 452 indeksli yeni model çıxarıldı. V formalı 16 silindrli mühərrik quraşdırılmış bu avtomobil ən təmtəraqlı və bahalı Cadillac avtomobili idi. Yeni mühərrik 452 kub düym həcmə və 175-185 at gücünə malik idi. Eyni zamanda 8 silindrli mühərriklərin istehsalı da davam etdirilirdi. 1931-ci ildə bu modellərə aralıq model – Cadillac V12 əlavə olundu. Bu modelə quraşdırılmış 135 at gücünə malik 12 silindrli mühərrikin həcmi 368 kub.santimetr idi. 1934-cü ildə Cadillac avtomobilləri müstəqil qabaq asqısı olan şassi ilə təchiz olundu.

Yeni Cadillac 60 Special modeli 1938-ci ilin sensasiyası oldu. Formal olaraq ucuz qiymətli 60-cı seriyaya aid edilən bu avtomobil yalnız burun hissəsi 60-cı seriyanın digər avtomobillərinə bənzəyirdi. Qalan detallar isə tamamilə fərqli idi: kuzovun hündürlüyü 7 santimetr aşağı salınmışdı; ayaq qoymaq üçün pillələr yox idi; pəncərələr geniş idi və onların kənarları dairəvi deyil, iti idi, onların arasındakı dayaqlar ensiz idi, baqaj yeri xeyli böyük idi. Bütün bunlar Cadillac 60 Special modelini fərqləndirən cəhətlər oldu. Alıcılar yeni dizaynı bəyəndilər: təkcə bu modelin satışı bütün Cadillac avtomobillərinin satışının 40%-ini təşkil etdi.

1940-cı il 16 silindrli Cadillac modelləri üçün sonuncu il oldu. Onların satışı durmadan azalmaqda idi. Bu cür bahalı və təmtəraqlı avtomobilə sahib olmaq istəyənlərin sayı getdikcə azalırdı.

Avtomobil aristokratiyası dövrü sona yaxınlaşırdı, amma bu heç də konstruktor yenilikləri dövrünün başa çatması demək deyildi. 1941-ci ildən Cadillac modellərinə Hydra-Matic avtomatik transmissiyası quraşdırılmağa başlandı. Həmin il alıcılara kondisionerlə təchiz olunmuş modellər təklif edilməyə başladı.

Növbəti dünya müharibəsi dövründə Cadillac şirkəti müharibənin doğurduğu proseslərdən kənarda qala bilməzdi. O, yüngül M-24 tankları hazırlamağa başladı.

Müharibə illərində istehlakçılar yeni avtomobillər üçün bərk darıxmışdılar və müharibə bitdikdən sonra avtomobillərə böyük tələbat yarandı. Buna görə də 1946-cı model ilində bir çox digər şirkətlər kimi, Cadillac da müharibədən əvvəl istehsal etdiyi modellərin zahiri görünüşünə dəyişikliklər edərək onları bazara çıxardı.

Dizaynda ilk ciddi dəyişiklik 1948-ci ildə edildi ki, bu da kiçik inqilaba səbəb oldu. Harli Erlin (Harley Earl) və onun köməkçisi Franklin Hörşinin (Franklin Hershey) zəhməti sayəsində tamamilə yeni Cadillac peyda oldu. Onun əsas fərqləndirici cəhəti arxa cinahlarda kiçik “üzgəclərin” olmasında idi. Onlar Lockheed P-38 Lightning təyyarəsindəki tirlərin nümunəsi əsasında hazırlandı. On ildən sonra həmin “üzgəclərin” ölçüləri xeyli böyüdüldü, onlar 50-ci illərin ikinci yarısında Amerika avtomobillərinin özəl xüsusiyyətini təşkil edirdi.

Növbəti ildə General Motors konserni amerikalılara yenilik təklif etdi. Bu, “hardtop” (hardtop) kuzovu idi. Bu kuzovda mərkəzi dayaq yox idi, bunun sayəsində, yuxarı hissəsi qaldırılmış kabrioletdə olduğu kimi, şüşələr tam aşağı endirilərkən geniş məkan əmələ gəlirdi. İkiqapılı hardtop Cadillac modelləri cərgəsində Coupe de Ville adını aldı. 1954-cü ildə dördqapılı hardtop peyda oldu, onu Sedan de Ville adlandırdılar.

1955-cü ildə yeni model – təmtəraqlı Eldorado kabrioleti peyda oldu. 1956-cı ildə Eldorado Seville kupesi buraxıldı, Eldorado kabrioleti isə Eldorado Biarritz adını aldı. Bir ildən sonra Cadillac modelləri cərgəsində Eldorado Brougham peyda oldu, amma onun digər Eldorado modelləri ilə heç bir ümumi cəhəti yox idi. Bu, həddən artıq təmtəraqlı (və həddən artıq bahalı) dördqapılı “hardtop” modeli idi. O, 325 at gücünə malik mühərriklə təchiz olunmuşdu, halbuki standart Cadillac aqreqatının qüvvəsi 300 at gücünə bərabər idi.

Eldorado Brougham özünün ilkin formasında cəmi iki il istehsal olundu. 1959-cu ildə ona yeni kuzov quraşdırıldı. Onun dizaynı daha sadə və girintili-çıxıntılı idi, dizaynın müəllifi İtaliyanın Pininfarina firması idi. 1959-cu ildə istehsal edilmiş Eldorado Brougham avtomobilləri çox az sayda – cəmi 99 nüsxədə istehsal olundu. Bu modelin dizaynında kiçik dəyişikliklər edilərək 1960-cı ildə 101 ədəd Eldorado Brougham modeli işıq üzü gördü. Bundan sonra Eldorado Brougham istehsal proqramından çıxarıldı.

50-ci illər üçün səciyyəvi olan “ifrat üslub yenilikləri” 1959-cu illərin modellərində maksimum həddə çatdı. Belə ki, həmin modellərdə kuzovlar avtomobildən daha çox qayığa bənzəyirdi, həmçinin bu modellərdə reaktiv mühərrikdəki havaçəkəni xatırladan iri radiator barmaqlıqları və fara altlıqları vardı, eləcə də işlənmiş qazların çıxması üçün reaktiv boruları xatırladan, iki fənərlə təchiz edilən həddən artıq iriölçülü “üzgəclər” vardı. Bu ekstravaqant dəbdən sonra “üzgəclərə” olan tələbat getdikcə azaldı, amma Cadillac modellərində onlar bir qədər sadələşdirilsə də, uzun müddət saxlanıldılar və nazik, şaquli fənərlərlə birlikdə bu markanın özəl xüsusiyyətinə çevrildilər.

1967-ci il Cadillac şirkəti üçün əlamətdar oldu, həmin il yeni Cadillac Eldorado istehsal olundu. Bu model yenicə yaranmaqda olan şəxsi lyuks kupelər (personal luxury coupe) bazarı üçün nəzərdə tutulmuşdu. 340 at gücünə malik olan mühərrikindən savayı digər Cadillac modelləri ilə heç bir ümumi cəhəti olmayan bu avtomobildə aparıcı təkərlər ön təkərlər idi. 1970-ci ildən Eldorado avtomobillərinə 500 kub düym (8.2 litr) həcmli mühərriklər quraşdırmağa başladılar. Onların qüvvəsi 400 at gücünə çatırdı.

70-ci illərin neft böhranı ucbatından istehsalçılar Amerika avtomobilləri üçün səciyyəvi olan dizayn dəyişikliklərini bir müddət həyata keçirə bilmədilər. İndi yeni modellər əvvəlkilərdən çox da fərqlənmirdi. Bundan başqa, Amerika bazarına kütləvi şəkildə yol tapmış kompakt və qənaətcil yapon avtomobilləri ilə, eləcə də Avropa avtomaşınları ilə rəqabət aparmaq lazım gəlirdi.

Bütün bunlara cavab olaraq 1976-cı ildə Cadillac modelləri cərgəsində yeni kompakt model peyda oldu. Yeni model Cadillac Seville adlanırdı. Bu avtomobil prestijli Mercedes-Benz və BMW kimi Avropa markalarının alıcılarını Cadillac modellərini almağa sövq etmək məqsədini daşıyırdı. Ölçülərinə görə iri Cadillac modellərindən kiçik olan Cadillac Seville avtomobilinin qiyməti iri modellərin qiymətindən xeyli baha idi. Amma bu, yeni modelin yaxşı satılmasına mane olmadı, belə ki, birinci satış ilində 43.000-dən artıq avtomobil satıldı.

Kompaktlığa meyil növbəti ildə də özünü göstərdi. Həmin il arxa təkərləri aparıcı olan iriölçülü Cadillac modellərinin dizaynında dəyişikliklər edildi və onların ölçüləri kiçildildi. Amma uğurlu dizayn sahəsində bu kiçilmə avtomobilin daxili məkanındakı, yəni salonundakı genişliyə xələl gətirmədi, əksinə, salonun ölçüləri bir qədər artdı. Əvvəlki nəhəng ölçülər yalnız Eldorado modelində saxlanıldı, bu model 1976-cı ildən sonra daha yuxarısı açılan kabriolet formasında istehsal olunmadı. Ümumiyyətlə, bu modeli “sonuncu Amerika kabrioleti” kimi reklam edirdilər, çünki belə güman edilirdi ki, kabrioletlər daha alıcılara lazım deyil. Amma ehtimallar özünü doğrultmadı və 1980-ci illərin əvvəllərində kabrioletlər yenidən Amerika markaları cərgəsində peyda oldular. 1984-cü ildə Cadillac şirkəti yeni Eldorado Convertible modelini istehsal etməklə kabrioletlərin istehsalını bərpa etdi. Əvvəlkitək qabaq təkərləri aparıcı olan bu modelin ölçüləri daha kompakt idi.

Əvvəllər arxa təkərləri aparıcı olan Cadillac modellərində 80-ci illərdə dəyişikliklər edildi və onların ön təkərləri aparıcı oldu. 1980-ci ildə Seville modeli bu “əməliyyata” məruz qaldı. Eyni zamanda, Seville modeli Razor Edge üslublu qeyri-adi kuzovla təchiz olundu, bu üslub 1940-cı illərdə istehsal olunan ingilis modelləri üçün səciyyəvi idi. 1985-ci ildə isə iri De Ville və Fleetwood modellərinin ön təkərləri aparıcı oldu.

Yalnız Cadillac Fleetwood Brougham modelində arxa təkərlər aparıcı olaraq qaldı, bu model 1980-ci ildən sonra ciddi dəyişikliklərə məruz qalmadı. 1987-ci ildə o, sadəcə olaraq, Brougham adlandırıldı, 1993-cü ildə isə bu modeli iri Fleetwood əvəz etdi. O, 1996-cı ilədək konveyerdə qaldı.

1987-ci ildə Pininfarina dizayn firması ilə əməkdaşlıq şəraitində Allante rodsteri istehsal olundu. Bu avtomobil üçün şassi Detroytda yığılır, təyyarəyə yüklənir və İtaliyaya gətirilirdi. Orada onun üzərinə kuzov quraşdırılır və avtomobil bu formada elə həmin təyyarə ilə Detroyta göndərilirdi. Detroytda avtomobil üzərində son əməliyyatlar həyata keçilir və son detallar yığıldıqdan sonra o, hazır şəklə düşürdü.

Hətta bəziləri zarafatla deyirdilər ki, bu avtomobil yığıldığı konveyer “dünyanın ən iri konveyeridir”. 1987 - 1993-cü illərdə 21 min Allante rodsteri istehsal edildi.

1999-cu ildə Cadillac modelləri cərgəsində ofrouder peyda oldu. Bu, Escalade avtomobili idi. O, General Motors-un istehsal etdiyi Chevrolet Tahoe və GMC Yukon kimi iri ofrouderlərinin analoqu idi. İkinci nəsil Escalade avtomobili girintili-çıxıntılı dizayn üslubunun ilk nümunəsi oldu. Onunla yanaşı, Escalade EXT avtomobili də istehsal olundu, o özünün “əkiz qardaşı” Chevrolet Avalanche kimi ofrouderi ilə pikapın hibridindən ibarət idi. 2003-cü ildə bu iki modelə uzun ölçülü Escalade ESV əlavə olundu, bu model Chevrolet Suburban avtomobilinin analoqu idi.

Elə həmin il Cadillac şirkəti istehsal etdiyi modellərin adlarını ciddi şəkildə dəyişdirməyə başladı. Yeni modellər əvvəlkilərdən fərqli olaraq üçhərfli abreviatura şəklində adlandırılmağa başladı. Yeni üslubda adlandırılan ilk model CTS avtomobili oldu, bu, arxa təkərləri aparıcı olan orta ölçülü sedan idi. 2004-cü ildə ona SRX krossoveri və XLR rodsteri əlavə olundu. 2005-ci ildə Seville modelinin yerini STS tutdu, o, iki variantda istehsal olunmağa başladı (bir variantda qabaq təkərlər, digərində isə arxa təkərlər aparıcı idi). 2006-cı ildə DeVille modelinin adı dəyişdirilərək DTS qoyuldu. Əvvəlkitək onun qabaq təkərlər aparıcı olaraq qaldı. CTS, STS və XLR modellərinin gücləndirilmiş versiyaları da istehsal olundu. Onlar müvafiq surətdə CTS, STS və XLR adlanır.

Əvvəllər Cadillac modelləri yalnız amerikalıların zövqü nəzərə alınmaqla istehsal olunurdu. Lakin indi General Motors bu markanı dünya brendinə çevirmək niyyətindədir. Artıq Cadillac adı altında avtomobillər xarici bazarda ilk dəfə satılmağa başlayır. Cadillac SLS modeli Çin alıcıları üçün nəzərdə tutulur. Avropa alıcıları üçün isə Cadillac BLS modeli istehsal olunur. O, İsveçdə istehsal olunur və Saab 9–3 avtomobilinin platformasında yığılır. Beləliklə, Cadillac şirkətinin yarandığı tarixdən uzun illər keçsə də, hələ qarşıda görüləsi çoxlu işlər var.

Mənbə: Avtomobil.az
Top