AUDİ

AUDİ

1909-cu ilin əvvəllərində Avqust Horh ilk “Horch-Werke” zavodları ilə müəlliflik hüququ uğrunda mübahisədən sonra ikinci avtomobil zavodunun adını dəyişərək “Audi Automobil-Werke” qoydu. 1910-cu ilin ortalarında satış bazarına onun ilk avtomobili Audi çıxarıldı. Bu avtomobil 2.6 litlik, dörd silindrli, 22 at gücündə olan mühərrikə malik idi. 1920-ci ildə “Audi Automobil- Werke AG” yeni ticarət markasını, yəni “Audi”ni təqdim etdi.
Lyusian Bernhard quyruqlu naxışla bəzədilmiş Audi emblemini o dövrdə dəbdə olan işgüzar üsluba uyğun dəyişdi. Bundan belə Audi avtomobillərinin radiatorlarını yeni emblem (dairə içərisində göy fonda qızılı hərflər) bəzəyirdi. 1965-ci ildə müharibədən sonrakı ilk Audi markalı avtomobillər bazara məhz ticarət markalı nişanı ön qanadın sağ, kuzovun arxa hissəsində yerləşdirilərək çıxarıldı.
“NSU”nun istehsal xəttindən buraxılışı ilə əlaqədar olaraq, 1977-ci ildə Audi markasının firma loqotipi kimi şrift nişanı qırmızı-qəhvəyi dairə içərisində buraxılmağa başladı.

1949-cu ilin sentyabrında İnqolştadda “Auto Union GmbH” kompaniyasının təşkilindən sonra elə həmin ildəcə yüngül çəkili yüklərin daşınması üçün avtomobillər və motosikletlər istehsal olundu. 1950-ci ildən “DKW” – müharibədən sonrakı ilk “Auto Union” minik avtomobili istehsal olundu. 1961-ci ilin sonunadək “DKW” minik avtomaşınları Dyusseldorfda “Rheinmetall-B or sing AG” istehsal meydanlarında hazırlanırdı.


1970-ci ilin əvvəllərində Audi markalı avtomobillərin Amerika Birləşmiş Ştatlarına geniş ixracına başlanıldı. İlk vaxtlar ABŞ-a Audi Super 90 (sedan və universal) və yeni Audi 100 modelləri ixrac olunurdu.
1973-cü ildən Avropa variantlarından fərqli olaraq universal kuzovlarında buraxılan Audi 80 modeli də onlara qoşuldu. Tezliklə ABŞ bazarında Audi modelləri üçün yeni adlar müəyyən olundu: Audi 4000 üçün Audi 80, “Audi 5000” üçün “Audi 100”. 

Dünyaya yenidən gəlişinə görə Audi markası Ferdinand Pixə (Ferdinand Piech) – məşhur Ferdinand Porşenin nəvəsinə borcludur. İstedadlı konstruktor Pix 1974-cü ildə Audi kompaniyasının “perspektivli axtarışlar” şöbəsinə rəhbərlik edir. Məhz tam ötürücü “Audi” minik avtomobillərinin yaradılması üzərində işə o başlamışdır. 
Bu avtomobillərdə mühərrik gücü standart yol şəraitində avtomaşının hər iki oxuna – ön və ya arxaya 50/50 nisbətində ötürülürdü. Ön və arxa təkərlərin hərlənməsi zamanı fırlanma anı yola daha möhkəm bənd olan təkərlərə ötürülürdü. Belə sxem mühərrikin bütün potensialından tam istifadə etməyə imkan verirdi.

Müəyyən müddətdən sonra Pix böyük həvəslə Audi avtomobillərinin istehsalında alüminiumdan istifadə etməyə başladı. Gələcəyi qabaqcadan duyaraq etdiyi yeniliklər ona böyük ad qazandırdı.

Bununla belə Ferdinand Pixin istedadı yalnız texnika sahəsindəki nailiyyətləri ilə məhdudlaşmır. Eləcə də o marketinqdə də cürətli addımlar ataraq həlledici qərarlar qəbul edirdi. Xüsusən də Pix həmkarlarını “Audi”nin bazardakı mövqeyini dəyişdirməsinə inandırdı. 

1980-ci ildə Cenevrədə keçirilən avtomobil salonunda Audi stendində nümayiş olunan yeni tam ötürücü sistemli idman kupeləri sözün həqiqi mənasında əsl sensasiya yaratdı. Avtomobil tarixində ilk dəfə olaraq minik avtomobilləri, bunadək yalnız yük və ofrouderlərdə istifadə olunan ötürücü konsepsiyası ilə təqdim olunmuşdu.

Belə mexanizmli minik avtomobillərinin quraşdırılma ideyası hələ 1976 - 1977-ci illərdə hərbi VW Iltis davamlı ofrouderlərinin sınaqların yoxlanılması zamanı meydana gəlmişdi. VW Iltis avtomobilinin buz və qar üzərində yüksək göstəriciləri, seriyalı Audi 80 modelində tam ötürücü sistemin tətbiq olunması fikrinə gətirib çıxartdı. Elə həmin ildə konstruktor-sınaq işlərinin keçirilməsi Audi quattro idman kupesinin quraşdırılması ilə nəticələndi.

Audi markasının tam ötürücü sistemi quattro firma adını aldı. Unqolştadda başa düşdülər ki, quattro təkcə texniki termin deyil, o, həm də Audi markasının genişləndirilməsində “lokomotiv” kimi xidmət edəcək müstəqil patentdir. Sonrakı inkişaf mərhələsində müəssisədə Audi markasının firma üslubunun inkişafı və təşəkkülü ilə məşğul olacaq ayrıca bölmə “Quattro GmbH” yarandı.

1995-ci ildə “Quattro GmbH” Audi modellərinin dizayn tərtibatını mənimsədi. Bunun ardınca o idman modifikasiyalı avtomobillərin istehsalına başladı. Bu gün sürətli və ekstremal Audi versiyalı avtomobillər “Quattro GmbH” zavodunda yığılır.

Tam ötürücü sistemli avtomobillərin üstünlüklərini nümayiş etdirmək üçün Audi, ralli çempionatlarında iştirak etməyə başladı.

Audi markasının idman debütü Avstriyada 1981-ci il yanvar rallisində oldu. Quattro tam ötürücü sistemi, beynəlxalq ralli və yarışlar dünyasında əsaslı çevriliş etdi. 1982-ci ilin dekabrında tam ötürücü sistemli Audi 80 quattro modelinin seriyalı istehsalı təşkil olundu. Tədricən quattro ötürücüsü Audi markasının digər modelləri üçün də təklif olunmağa başlanıldı. 

1983-1984-cü illərdə yarışlarda əldə olunmuş qələbələr seriyalı avtomo-billərdə ötürücünün tam quraşdırılması üçün konstruksiyanın başa çatdırılmasına imkan yaratdı. Heç də az əhəmiyyətli fakt deyil ki, potensial alıcılarda “qələbə markası” fikri formalaşmışdı. Bu “milli avtomobil” imicindən azad olmağa doğru atılmış ilk addım idi.

Ferdinand Pix Audi şirkətində başgicəlləndirici karyera qurdu: 1988-ci ildə, “Audi AG” idarə postuna sədr seçilir, 1993-cü ildə isə “Volkswagen AG” konserninin baş rəhbəri vəzifəsinə təyin olunur. Təsadüfi deyildi ki, belə irəliləyişin kökü Pixin babası Ferdinand Porşedən başlayırdı. Pix “VW” konserninə 2002-ci ilədək rəhbərlik etdi.


1990-cı ilin mart ayında Cenevrə avtomobil salonunda “Audi AG” – Audi duo, seriyalı Audi 100 Avant quattro modellərini təqdim etdi. Modellərdə benzin mühərrikindən başqa, eləcə də arxa oxa ötürülən elektrik mühərriki quraşdırılmışdır. Ehtiyac duyulan an ötürücünü benzin mühərrikindən elektrik mühərrikinə keçirmək olar. Belə hibrid avtomobili, əsasən, kommunal təsərrüfatlı sahələrdə istifadə olunması üçün hazırlamışdılar. 1990-cı ilin dekabrında konsernin tarixində ilk dəfə olaraq eyni zamanda altısilindrli – “V” formalı mühərriklə təklif olunan yeni Audi 100 təqdim olundu. Güclü (174 a.g) və möhkəm, 2.8 litr işçi həcmli aqreqat öz sinfində ən yüngül hesab edilir. O, yanacaqpüskürmənin yeni sisteminə - alçaq dövriyyədə tələb olunan yüksək cazibə və yaxud diapazon dövriyyəsində yüksək gücə malik idi. 

Bütün bunlarla yanaşı, Audi şirkətinin rallidəki uğur və nailiyyətlərinə rəğmən o, dünya avtomobil bazarını fəth edə və BMW, Mercedes-Benz kimi avtomobil istehsalçıları ilə bir sırada dura bilmədi.

Yuxarı təbəqəyə daxil olmaq üçün həmişə yüksək keyfiyyətlər tələb olunurdu. Pix Volkswagen konserninin rəhbəri vəzifəsini tutduqdan sonra Audi markasının aktiv formada yüksək mövqe əldə etməsinə başladı.

İlk öncə Volkswagen və Audi avtomobillərinin ayrı-ayrı satılmasına başlandı. 1993-cü ilədək bu markadan olan avtomobillər dilerlər tərəfindən bir dam altında satılırdı. “VW” konserninin rəhbərliyi Audi markalı avtomaşınların satışı üçün ayrıca ticarət meydançalarının tikilməsini tələb etdi. 

“VW” konserninin marketinq dilerləri, əvvəllər olduğu kimi, müştəri üçün, əsasən, şirnikləndirici maliyyə şərtlərinin yaradılmasına çalışırdılar. Audi ticarət markasının potensial alıcılarını isə xüsusi servis təklifləri ilə cəlb etməyə başladılar. Məsələn, belə servis xidmətlərinə ad günlərinə eksklüziv kompleksdə avtomobilin sifarişi daxil idi.

“Qohum” markalar süni formada biri-birindən ayrılırlar. Volkswagen Audi-dən “boşanarkən” özünün şəxsi model sırasına genişləndirilməsini tələb etdi. 1994-cü ilədək firma cəmi iki model – Audi 80 və Audi 100 buraxdı. 1994-cü ildə isə tam ötürücü sistemlə təchiz olunmuş, nüfuzlu sinfə aid Audi A8 modelinin istehsalına başlanıldı. Tam ötürücü sistem nəzərə çarpacaq dərəcədə ağır və qüvvətli avtomobillərin dözümlülüyünü və təşəxxüslü, qürrəli sərnişinlərin təhlükəsizliyini təmin edirdi.

Dünya avtomobil bazarı avtomobili təmkinlə qarşıladı. “A8” modeli də öz növbəsində Audi markasının yüksək dairələrdə layiqincə təmsil olunmasını uğurla yerinə yetirdi.

1996-cı ildə Audi kompakt A3 – qolf sinfinə aid avtomobilini buraxdı. Avtomaşının hazırlanması çox da böyük xərc tələb etmədi. Belə ki, onun yığılması VW Golf modelinin platforması üzərində aparılırdı. Amma avtomobilin idman dizaynı, interyerin tərtibatı və icrası onu “sadəcə, Volkswagen” modellərindən bir pillə yüksəyə qaldırırdı. Bu səbəbdən də o, “BMW” və “Mercedes-Benz” kimi rəqiblərinin səviyyəsinə yaxınlaşırdı.

1996-cı ildə Audi bazara A6 – biznes-sinif modelini çıxartdı. İstehsal və təchizat səviyyəsinə görə bu avtomobil artıq praktiki olaraq “premium” kateqoriyasından olan liderlərə heç də güzəştə getmirdi. İşin qalanı alıcıları buna inandırmaqdır!

Nüfuzlu dizel

Alıcı uğrunda mübarizə yeni texniki ideyaların təbliği və yayımlanması üzərində qurulurdu. Məhz Audi ilk dəfə aparıcı sinifdən olan avtomobillərdə dizel mühərriklərindən istifadə etdi. Nüfuzlu avtomobillər seqmentində, yeddi il ərzində, dizel mühərriki ilə təchiz olunan yeganə model məhz Audi A8 olub. Belə aqreqatlar müqayisəyə gəlməyəcək dərəcədə qənaətli və ekoloji baxımdan benzin mühərriklərindən üstün idi.

Bu gün dizel mühərrikləri ilə mötəbər BMW və Mercedes-Benz avtomobilləri təchiz olunurlar. Mazerrati kimi sırf idman markalı avtomobillər də öz modellərində dizel aqreqatları quraşdırmağa hazırlaşırlar. Audi şirkətinin mühəndisləri Avropa avtomobil istehsalçıları arasında ilk dəfə olaraq kütləvi surətdə avtomaşınları variatorlarla - avtomatik ötürücü qutular ilə təchiz etməyə başladı. Belə variatorlar fırlanma anını mühərrikdən təkərədək, gücün fasiləsiz ötürülməsinə qadirdirlər. Bu tip “avtomatla” təmin olunmuş avtomobillərdə praktiki olaraq sürətin ötürülmə anı hiss olunmur. Belə ötürücü qutu “multitronic” adlanır və onda sürətin ötürülmə prosesi duyula bilməz, çünki bu, qətiyyən baş vermir.

Hər şeydən əvvəl Audi modellərində edilmiş əsas yenilik avtomobilin konstruksiyasında alüminiumdan istifadə oldu. 2000-ci ildə Audi şirkəti avtomobil istehsalçıları arasında ilk dəfə olaraq ancaq alüminiumdan quraşdırılmış seriyalı A2 modelini buraxdı. Avtomobil çox orijinal və maraqlı alındı. Ancaq təəssüf ki, kommersiya planında uğursuzluğa düçar oldu. Şirkətin özündə kiçik avtomobilin zəif satışının səbəbini çox baha qiymətə olması ilə əlaqələndirirlər. Son 3 ildə demək olar ki, Almaniyada bütün məişət məhsullarının və digər xidmətlərin dəyəri minimum 2 dəfə yüksəlmişdir. “A2” modelinin istehsalında istifadəçi kimi nəzərdə tutulan və əsas kateqoriya hesab edilən gənclər özlərinə bahalı avtomobil ala bilmirlər. Hazırda dünya avtomobil istehsalçılarından heç biri alüminiumdan Audi qədər geniş istifadə etmir. Firmanın model sırasında sırf alüminiumdan hazırlanmış nüfuzlu sinfə məxsus yeni avtomobil – “A8” hazırlandı. Bu modelin gələcəyinin necə olacağı barədə söz demək çətindir.

1995-ci ildən bəri təxminən 12 il ərzində Audi markasının nüfuzlu avtomobillər kateqoriyasına daxil olduğu dövrdən kompaniyanın dövriyyəsi 8,5 milyard avrodan 22,6 milyard avroyadək qalxmışdır. Texniki yeniliklər, rallidə qələbə, alüminiumdan istifadə! Nəhayət ki, Ferdinand Pixin arzusu çin oldu.

Uzun illərdən sonra Audi yenidən təzə modellərin çatışmazlığı problemi ilə üz-üzə qalmışdır. Audi şirkətində yalnız “Allroad” krossoveri olduğu vaxtlarda alman rəqibləri çoxdan idi ki, alıcılara çətin yola davamlı ofrouderlərinin bir neçə modellərini təklif edirdilər.

2005-ci ildə yeri-göyü lərzəyə salan son dərəcə böyük “Q7” ofrouderinin avtomobil dünyasına qədəm basdığı dövrdən etibarən başlıca problem həll olundu. “Volkswagen Touareg” platformasını və “A6”, “A8” sedan elementlərini cəmləşdirərək o, həmin an imkanlı alıcılar arasında uğur qazandı. “Q7” modelinin sadə versiyası planlaşdırılmamışdır. Ofrouderin gecikmiş istehsalı ilə “Audi” rəqiblərinin bir çoxunu qabaqlamış oldu.

Ancaq güclü ofrouderin buraxılışı ilə problemi bütövlükdə aradan götürə bilmədi. Üfüqdə hələ çox maraqlı “ağ ləkələr”: sportkalar, kompakt krossoverlər, superkarlar, minivenlər qalmaqdadır. Ən əhəmiyyətlisi də odur ki, bütün vakant yerlər yaxın illərdə tamamilə dolacaq.

Mənbə: Avtomobil.az jurnali
Top