Şirkətin yaradıcısı – alman konstruktoru və sənayeçisi Adam Opel 1837-ci ildə Rasselhaymda anadan olub. 1862-ci ildə o, tikiş maşınları istehsal edən fabrik açdı. Fabrikin məhsullarına tələbat böyük idi, bu səbəbdən tikiş maşınlarının istehsalı 1911-ci ilədək davam etdi. Amma Adam Opel daim irəliyə doğru addımlayırdı və hələ 1886-cı ildə ekipaj təkərlərinin istehsalının əsasını qoymuşdu. Bundan bir il sonra istedadlı mühəndisin təşəbbüskarlığı sayəsində onun müəssisələri velosiped istehsalını nizama saldı. Beləliklə, “Adam Opel AG” şirkəti yarandı. O vaxt bu şirkət səhmdar cəmiyyət deyil, məhdud məsuliyyətli cəmiyyət idi.
1895-ci ildə Adam Opel vəfat etdikdən sonra şirkətin idarəçiliyi onun beş oğlunun – Karl, Vilhelm, Henrix, Fridrix və Lüdviqin ixtiyarına keçdi. 1898-ci ildə Rasselhaymda ilk “Opel-Lutsmann” avtomobilləri yığıldı. Bu avtomobillər bir silindrli mühərriklərlə təchiz olunmuşdu. Arxada yerləşən bu aqreqatın həcmi 1,5 litrə, gücü 4 at gücünə, maksimal sürəti isə 20 km/saata bərabər idi.
Opel şirkətinin tarixini 6 mərhələyə bölmək olar:
1899-1928. Birinci mərhələ
Opel şirkəti avtomobil istehsalı sahəsində ilk cəhdlərini tərəfdaşları ilə – öncə Fridrix Lutsmannla (Friedrich Lutzmann), sonra isə Fransanın Darracq kompaniyası ilə birlikdə etdi. 1902-ci ildə Opel özünün ilk layihəsini – 10/12 at gücünə malik 2 silindrli mühərriki olan avtomobil modelini təqdim etdi. Yeddi il sonra Opel “Doktorwagen” (həkim avtomobili) adı ilə tanınan iki yerlik kompakt avtomobili təqdim etdi. Ona bu ad ona görə verilmişdi ki, bu avtomobili kənd həkimləri xüsusilə xoşlayırdılar.
1899 – Opel şirkəti Fridrix Lutsmannla Rasselhaymda ilk avtomobil (“Patentləşdirilmiş Opel avtomobili, Lutsmann sistemi”) hazırlamaq barədə müqavilə imzaladı.
1901 – Opel lisenziya əsasında Darracq avtomobillərini istehsal etmək üçün fransız Aleksandr Darrak (Alexandre Darracq) ilə müqavilə bağladı.
1902 – Opel şirkəti təkbaşına hazırladığı ilk avtomobili təqdim etdi. Bu, 10/12 at gücünə malik 2 silindrli mühərriki olan (su nasosu ilə birlikdə) avtomobil modeli idi. Onun maksimal sürəti 45 km/saat təşkil edirdi.
1903 – 20/24PS modeli işıq üzü gördü.
1905 – Opel şirkətinin daha yüksək sinfə mənsub olan avtomobillərin istehsalına başladı. Mühərrikinin həcmi 6,9 litr olan 35/40PS modeli işıq üzü gördü. Seriyalı istehsalı nizama salan Opel qardaşları Almaniyada tanındılar.
1906 – Berlində şirkətin fabrikinin bölməsi açıldı. 1000-ci Opel avtomobili hazırlandı.
1909 – 4 silindrli mühərriki olan 4/8PS modeli təqdim edildi. “Doktorwagen” (həkim avtomobili) adı ilə tanınan bu model 3.950 marka dəyərində qiymətləndirildi. Şirkət daha çox istehsalçı üçün əlçatan olan avtomobillərin hazırlanması istiqamətində ilk addım atdı.
1912 – 10000-ci Opel avtomobili hazırlandı. Sahibkarlarla həmkarlar təşkilatları arasında əmək şəraitinə dair əldə edilmiş ilk sazişdə 55,5 saatlıq standart iş həftəsi və saatda 36 pfenninq məbləğində minimum əmək haqqı müəyyən edildi.
1912 – Opel il ərzində 3.335 avtomobil sataraq Almaniyada ən iri avtomobil istehsalçısına çevrildi. Şirkət yığım xətlərində qadınları işə götürməyə başladı.
1924 – Opel şirkəti avtomobil istehsalının modernləşdirilməsinə bir milyon qızıl marka vəsait qoydu və Almaniyada yığım konveyeri metodu ilə avtomobil buraxan ilk istehsalçı oldu.
1928 – Avtomobil bazarında 37,5% paya sahib olan və 42.771 ədəd məhsul satan Opel Almaniyanın ən iri avtomobil istehsalçısı adını təsdiqlədi. Opel şirkəti German Aktiengesellschaft səhmdar cəmiyyətinə çevrildi.
1929-1945. İkinci mərhələ
Dünya iqtisadiyyatını bürüyən böhran Opel üçün də narahatlıq yaratdı. Özünə güclü tərəfdaş axtaran Opel ailəsi General Motors korporasiyası ilə saziş imzaladı. 1929-cu ildə General Motors korporasiyası Opel şirkətini aldı. 1935-ci ildə Berlin avtosalonunda Opel 1,3 litr həcmli mühərriklə təchiz olunmuş Olympia modelini nümayiş etdirdi. Bu, kuzovla tam inteqrasiya olunmuş polad ramalı ilk alman avtomobili idi ki, seriya ilə istehsal olunurdu.
1929 – General Motors korporasiyası Opel şirkətinin 80%-ini aldı. Opel kreditlə satışların maliyyələşdirilməsi üçün sığorta kompaniyası və bank təsis etmiş ilk alman istehsalçısı oldu.
1931 – General Motors korporasiyası Opel-in səhmlərinin qalan 20%-ini də aldı. Opel General Motors-un filialı oldu. Şirkətin 13.000 işçisi gündə 500 avtomobil və 6.000 velosiped istehsal edirdilər.
1936 – İldə 120.923 avtomobil istehsal edən Opel Avropada ən iri avtomobil istehsalçısı oldu.
1937 – Uzun illər ərzində dünyanın ən iri velosiped istehsalçısı olmuş Opel velosiped istehsalını dayandırdı. Şirkət velosiped istehsalını NSU-ya sataraq diqqətini yalnız avtomobil istehsalı üzərində cəmləşdirdi.
1940 – Opel milyonuncu avtomobilini istehsal etdi. Minik avtomobillərinin istehsalı oktyabr ayında dayandırıldı.
1944 – Rasselhaym və Brandenburqdakı zavodlar bomba zərbələri nəticəsində dağıdıldı.
1945 – Kadett modeli üçün istehsal avadanlıqları Sovet İttifaqı tərəfindən demontaj edildi.
1945-1979. Üçüncü mərhələ
Müharibə qurtardıqdan sonra Opel-in keçmiş işçiləri Rasselhaymda tamamilə dağıdılmış zavodu bərpa etməyə başladılar. Blitz, daha sonra Olympia və Kapitan modelləri kiçik dəyişikliklərlə istehsal edilərək ictimaiyyətə təqdim olundu. 1962-ci ildə Bohumda yeni zavodun yaradılması Opel-in tarixində yeni dövrün başlanğıcı oldu. 1977-ci ildə Opel şirkəti Senator və Monza modellərini təqdim etdi və yenidən əsas bazar seqmentində mühüm pay sahibi oldu.
1946 – Müharibədən sonra buraxılmış ilk Opel modeli – 1,5 tonluq Blitz yük avtomobili işıq üzü gördü.
1950 – Rasselhaymdakı zavodun yenidən qurulması başa çatdı.
1956 – 2 milyonuncu Opel avtomobili istehsal edildi. Korpusların istehsalı üzrə yeni zavod açıldıqdan sonra Opel-in istehsal məhsuldarlığı iki dəfə artdı.
1962 – Opel şirkəti özünün 100 illiyini qeyd etdi və Bohumda ikinci zavodunu açdı.
1971 – İstehsal göstəriciləri 10 milyon rəqəmini ötüb keçdi.
1972 – Opel Almaniyanın avtomobil bazarında 20,4% pay sahibi olmaqla ölkənin ən iri avtomobil istehsalçısı olduğunu təsdiq etdi.
1980-1989. Dördüncü mərhələ
1980-ci illərdə Opel ekologiya sahəsində bir çox təşəbbüslərlə çıxış etdi. Onların bəziləri sənayedə ilk dəfə tətbiq edildi. 1986-cı ildə ictimaiyyətə təqdim edilmiş Opel Omega modeli geniş çeşidli benzin və dizel mühərrikləri ilə alıcılara təklif olundu. Havaya buraxılan zərrəli qazların miqdarının aşağı salındığı bu model “1987-ci ilin avtomobili” elan olundu. 1988-ci ildə şirkət Opel Vectra modelinin aerodinamikasında yeni standartlar müəyyən etdi.
1982 – Kompaniya Opel Corsa modelinin istehsalı üçün Saraqosada (İspaniya) yeni zavod tikdi. Bu, şirkətin həmin dövrədək istehsal etdiyi ən kompakt avtomobil idi.
1983 – Rasselhaymdakı zavodda 20 milyonuncu avtomobil istehsal olundu.
1989 – 25 milyonuncu Opel avtomobili – Omega Caravan modeli konveyerdən buraxıldı. Opel Almaniyada özünün benzin mühərrikli bütün avtomobillərinə standart avadanlıq qismində qapalı katalitik neytralizator quraşdıran ilk kompaniya oldu.
1990-1999. Beşinci mərhələ
Opel şirkəti öz modellərinin cərgələrini genişləndirməkdə, yeni texnologiyaların tətbiqində və Opel markasının beynəlxalq markaya çevrilməsində əhəmiyyətli irəliləyişə nail oldu. Opel-in Rasselhaymdakı (Almaniya) Texniki İnkişaf Mərkəzi (The Opel Technical Development Center in Russelsheim, Germany) General Motors məhsullarının beynəlxalq inkişaf strategiyasının özəyinə və müxtəlif layihə və texnologiyaların aparıcı mənbəyinə çevrildi. Opel Avropadakı zavodlarının və əməliyyatlarının genişləndirilməsinə, habelə bütün dünyada yeni istehsal və xidmət vasitələrinə xeyli investisiya qoydu. İstehsal həcmi artdıqca şirkət Opel markasını dünyanın yeni bazarlarında təqdim etmək imkanı əldə etdi.
1994 – Opel 30 milyonuncu avtomobilini istehsal etdi və ABŞ-da keçirilən Dünya Futbol Kuboku (Football World Cup in the USA) yarışlarında FIFA-nın əsas sponsoru oldu.
1995 – Opel Polşada yığım zavodu açmış ilk alman istehsalçısı oldu.
2000-ci ildən bu günə qədər. Altıncı mərhələ
2002-ci ildə Opel yeni məhsulların istehsalı və istehsalın yeniləşdirilməsi üzrə yeni inkişaf proqramının icrasına başladı. Bu proqrama 10 milyard avroya yaxın vəsait qoyulması planlaşdırıldı. Opel növbəti beş il ərzində hər yarım ildən bir yeni (yeniləşdirilmiş) model istehsal etməyi planlaşdırır. Bu yeniliklər nəticəsində bu il iki yeni model – beş yerlik Opel Meriva və proqressiv Opel Signum avtomobilləri buraxılır.
2000 – Opel Rasselhaymda yeni zavodun inşasını həyata keçirir. Kompaniya öz tarixində ən inqilabi avtomobillərin buraxılışını elan edir. Yeni nəsil ECOTEC mühərrikləri öz gücü ilə və ətraf mühiti çirkləndirmə səviyyəsinin aşağı olması ilə seçilir.
2002 – Son dərəcə müasir Rasselhaym zavodunda yeni Vectra modelinin istehsalına başlanılır. Kişik litrajlı modellər arasında dünyada ən uğurlu avtomobil olan Corsa 20-ci ad gününü qeyd edir. 1982-ci ilin sentyabrından bəri bu avtomobilin 11 milyondan artıq nüsxəsi buraxılıb.
Opel brendi avtomobillərin hazırlanmasının aşağıdakı dörd mühüm prinsipinə istinad edərək dünya bazarında özünə möhkəm yer tutub:
• salonun çoxfunksiyalılığı və çevik konfiqurasiyası;
• güc və dinamizm;
• müasir və bənzərsiz dizayn;
• ən yeni informasiya-əyləncə sistemləri.
Mənbə: Avtomobil.az