Hyundai

Hyundai

Hyundai hərfi tərcümədə “yeni zaman” deməkdir. Koreya konserni zamanı haqlamaq və dünya sənayesinin flaqmanları sırasına çıxmaq üçün 60 ilə yaxın vaxt sərf etmişdir. Konsernin inkişaf yolunda nəhəng sıçrayışlar baş verməmişdir. O, minlərlə əməkdaşın əzmkarlıqla iş prosesini öyrənməsini və gərgin əmək sərf etməsini tələb edən uzunmüddətli inkişaf yolunu keçmişdir.
İkinci dünya müharibəsi başa çatdıqdan az sonra əsası qoyulmuş Hyundai kompaniyası avtomobil texnikasına uzun müddət xüsusi maraq göstərməmişdir. Qərargahı Seulda yerləşən Hyundai Motor bölməsi 29 dekabr 1967-ci ildə yaradılmışdır, yarım ildən sonra isə (bu, qısalığına görə rekord göstəricidir) illik istehsal gücü 20.000 avtomobil olan ilk müəssisə istismara verilmişdir.
Hər şey Ford-un Avropa filialının Cortina lisenziya modelinin yığılmasından başlandı, daha sonra əməkdaşlar tam istehsal siklini də mənimsədilər. Ford konserni ilə əməkdaşlıq 80-ci illərin əvvəllərinə qədər davam etdi, o vaxtlar Koreyada hələ Taunus və Granada modelləri buraxılırdı.
1973-cü ilin avqustunda Hyundai Motor özünün ilk minik avtomobili üzərində işləməyə və paralel olaraq yeni zavod inşa etməyə başladığını elan etdi. Əlbəttə, buna təkcə kompaniyanın öz qüvvələri kifayət etmirdi. Beləliklə, yeni strateji tərəfdaşla – mövcudluğunu bu gün də davam etdirən Mitsubishi Motors ilə itti-faq yarandı.

İstehsal ediləcək model üçün baza qismində Colt modeli götürüldü, onun kuzovunun dizaynı İtaliyanın İtalDesign atelyesinə məxsus idi. 1975-ci il üçün Ulsanedə dəyəri 97 milyon dollar olan zavod, eləcə də avtomobilin özü artıq hazır idi. Hyundai Pony-nin ümumdünya premyerası Turin avtosalonunda keçirildi, orada avtomobil hamını valeh etdi.
Mətbuat həm avtomobilin müasir konstruksiyasını, həm də zərif dizaynını ağızdolusu təriflədi. Bundan ruhlanan koreyalılar dərhal Pony-nin Excel adı altında ixracatına başladılar. Əvvəlcə avtomobil Ekvadora, sonra isə digər ölkələrə ixrac edildi. 1976-cı ildə Hyundai markası tələbkar Avropa bazarında peyda oldu.

Kompaniyanın sonrakı səyləri elmi-texniki müstəqillik qazanmağa yönəldi. 2 iyul 1988-ci ildə Sonata modeli konveyerə çıxarıldı. Bu, bütün detalları Hyundai-a məxsus olan ilk model idi, yalnız lisenziyalı Mitsubishi mühərrikləri istisna təşkil edirdi. Kompaniyanın öz mühərrikini yaratması qat-qat çətin iş idi, rəqəmlər bunu bariz şəkildə göstərir:
-Sonata-nın istehsalı dörd il gərgin əmək və 30 milyon dollar vəsait tələb etmişdi, onun güc aqreqatı isə beş il yarım gərgin əmək və 100 milyon dollar vəsait tələb etdi! Nəhayət, 1989-cu ildə dünya 1,5 litr tutumlu Hyundai mühərrikini gördü, ona Alpha adı verildi. Sonralar onun ardınca Beta, Gamma, Delta... mühərrikləri buraxıldı. Eyni zamanda Mitsubishi ilə əməkdaşlıq davam edirdi.
Çox vaxt bu əməkdaşlıq, sadəcə, köhnəlmiş modellərə lisenziyaların verilməsindən ibarət olurdu. Bu yolla Pajero modeli Hyundai Galloper-ə, Space Runner modeli Santamo-ya, Space Gear modeli Н-1-ə, Debonair modeli isə Equus-ə çevrildi. Yeri gəlmişkən, 1999-cu ilin aparıcı modeli olan, Avropada Centennial kimi tanınan Equus bu gün də texnoloji cəhətdən ən yüksək səviyyəli avtomobil markası olaraq qalır. Onun kapotu altında Omega ailəsinə mənsub və birbaşa yanacaqçiləmə sisteminə malik olan 4,5 litr tutumlu Mitsubishi GDI mühərriki vardır.
Kompaniyanın yeni vəzifəsi gəlirli Şimali Amerika bazarında mövqeyini möhkəmləndirməkdən ibarətdir. Kompaniya Kaliforniyada Hyundai California Design adlı dizayn studiyası yaratmışdır, həmin studiya 1991-ci ildə Hyundai-ın tarixində ilk dəfə HCD-I avtomobil konseptini (layihəsini) təqdim etmişdir. Həmin konsept beş ildən sonra Coupe/Tiburon adlı səmərəli seriya modelinə çevrildi.

Hyundai Motor 1998-ci ildə Kia/Asia Motors kompaniyasını satın aldıqdan sonra daxili bazarda liderliyi ələ keçirdi. O, Daewoo Motor kompaniyasını da almaq niyyətində idi, lakin bu alışı rentabelsiz hesab edərək fikrindən daşındı.
Hazırda Hyundai Motor avtomobil modası aləmində inamlı təsir bağışlayır: kompaniyanın firma dizaynı, müasir modelləri və marketinq siyasəti bu günün tələblərinə tam cavab verir. Bundan sonra daha da yüksəyə qalxmaq, başqalarına öz rəyini qəbul etdirmək heç də asan olmayacaqdır. Lakin yaponlar bunu edə biliblərsə, koreyalıların onların uğurunu təkrar edə bilməyəcəyini düşünmək üçün heç bir əsas yoxdur.

Mənbə: Avtomobil.az
Top