“Yaquar” (Jaguar Cars Ltd.) şirkətinin tarixi ötən əsrin 20-ci illərindən başlayır. 1922-ci ildə Uilyam Layons (William Lyons) və onun ortağı Uilyam Uolmsli (William Walmsley) Britaniyanın şimalındakı dənizkənarı Blekpul (Blackpool) şəhərində Swallow Sidecar (qısa adı SS) kompaniyasının əsasını qoydular. Şirkət əvvəlcə motosikletlər üçün yedəklərin istehsalı üzrə ixtisaslaşmışdı. Olduqca yaraşıqlı Swallow alüminium yedəkləri avtomobil həvəskarlarının diqqətini tez bir zamanda özünə cəlb etdi.
İstedadlı və zirək Uilyam Layons əldə edilən uğurlarla kifayətlənməyərək özünü yeni istiqamətdə – avtomobillər üçün Swallow kuzovlarının hazırlanması sahəsində sınamağı qərara aldı.
Bu sahədə şirkətin ilk uğuru Austin 7 avtomobili üçün kuzovun hazırlanması oldu, bu uğurun sayəsində Uilyam Layonsun kompaniyası 500 ədəd həmin kuzovlardan hazırlamaq üçün sifariş aldı. Əldə etdiyi vəsaitlər və nüfuzunun artması Swallow Sidecar şirkətinin kuzov dizaynı bazarında möhkəmlənməsinə imkan verdi. Daha sonra kompaniya Fiat, Morris, Swift, Standart və Wolseley kimi modellər üçün kuzovlar hazırladı.
1931-ci ildə istehsalın genişlənməsi ilə əlaqədar olaraq şirkət Blekpuldan Koventiryə (Coventry) köçdü, burada istehsal binaları əvvəlkindən daha geniş idi. İkiyerlik idman modellərinə böyük maraq göstərən Uilyam Layons öz avtomobillərinin layihələrini hazırlamağa başladı, bu, şirkətə Londondakı avtomobil şousunda növbəti uğur gətirdi. Şassisi və kuzovunun dizaynı bütünlüklə Layons tərəfindən hazırlanmış SS1 avtomobili bütün Swallow modelləri arasında ən sürətli avtomobil sayıldı. Həm sürəti və gücü, həm də gözəlliyi və zərifliyi təcəssüm etdirən heyvan və quşların siyahısından Layons yaquarı seçdi və ilk avtomobilini Jaguar adlandırdı. Jaguar SS1 avtomobili sonradan üstüaçıq SS 1 Tourer modelinin prototipi oldu, sonuncunu ilk əsl Jaguar idman avtomobili adlandırırlar.
II Dünya müharibəsinin başlanması ilə əlaqədar olaraq 40-cı illərin əvvəllərində Swallow şirkətində avtomobil istehsalı dayandırıldı. Bütün avtomobil istehsalçıları, o cümlədən Swallow Sidecar dövlətin hərbi sifarişlərinin yerinə yetirilməsində fəal iştirak edirdilər.
1948-ci il şirkət üçün avtomobil istehsalının bərpa edilməsi ilə əlamətdar oldu. Swallow Sidecar şirkətinin adı dəyişdirildi və o, Jaguar Cars Ltd adlandırıldı. O dövr üçün əsl inqilabi yenilik olan 2 silindrli, bir müddət sonra isə 4 silindrli Jaguar mühərrikinin istehsalına başlanıldı. Jaguar avtomobillərinin yeni seriyasına “X” indeksi verildi (“experimental” sözündən), sonralar bu seriyanın modelləri “XK” kimi tanındı.
1948-ci ildə şirkət London avtomobil sərgisində yeni uğur qazandı, həmin sərgidə ilk dəfə ictimaiyyətə təqdim edilmiş Jaguar XK120 modeli avtomobil həvəskarlarının diqqətini özünə cəlb etdi.
105 at gücünə malik Heynes mühərriki ilə təchiz olunmuş bu avtomobil 126 km/saat sürətlə rahat hərəkət edirdi. O, bu seriyanın avtomobilləri arasında ən sürətli avtomobil sayıldı.
50-ci illərdə Jaguar XK Mark V, Mark VII, Jaguar XK140 avtomobilləri istehsal olundu. 1950-ci ildən 1960-cı ilədək şirkət Amerika bazarını fəth etdi. Mühərriklərinin qüvvəsi 220 at gücünə qədər, həcmləri 2,4 litrdən 3,8 litrə qədər olan Jaguar XK150 və XK150 Roadster modelləri bu bazarda böyük uğur qazandı. Jaguar avtomobillərinə tələbat o qədər böyük idi ki, Brauns Leyndə (Browns Lane) avtomobil istehsalı üçün daha bir zavod açmaq lazım gəldi.
Əllinci illər idmanı “Jaguar”ın qələbələri ilə əlamətdar oldu. Adaptasiya edilmiş XK mühərrikləri ilə təchiz olunmuş С-Type və D-Type modelləri yeddi il dalbadal Le Man (Le Mans) avtomobil yarışlarında qalib gəldilər. Jaguar komandasının bu uğurları, habelə 1959, 1960, 1963 və 1965-ci illər çempionatında Qran-pri qazanması Jaguar adını idman qələbələri tarixinə həmişəlik yazdı.
1956-cı ildə İngiltərə kraliçası II Yelizaveta Uilyam Layonsa Avtomobil Sənayesində Kral Dizayneri adını verdi. O, həmçinin ölkənin avtomobil istehsalının inkişafına verdiyi böyük töhfəyə görə kral cəngavəri titulunu qazandı.
1961-ci ildə Jaguar şirkətinin dizaynerlər komandası D-Type avtomobilinin davamçısının hazırlanması üzərində işə başladı. Bu yürüş avtomobilinin kuzovunun aqressiv cizgiləri əfsanəvi E-Type avtomobilinin yaraşıqlı, zərif kuzov cizgilərinə çevrildi. Yeni model 3,8 litr həcmli XK mühərriki ilə təchiz olunurdu, onun arxa asqısı tamamilə yeni sistem əsasında hazırlanırdı.
Jaguar avtomobilləri tarixində ən çox sevilən modellərdən sayılan Jaguar E-Type modeli yeniliklərə meyilli olan təfəkkürün ən parlaq məhsulu hesab olunur. Bu model öz dövrünün ən qabaqcıl texnologiyalarını özündə əks etdirirdi.
1961-ci ildə Jaguar XK E-Type Cenevrə sərgi salonunda sensasiyalı uğur qazandı. 1962-ci ildə Jaguar Mark X modeli Amerika avtomobil bazarında böyük uğura imza atdı.
1968-ci ildə 6 silindrli mühərriki olan yeni Jaguar XJ6 sedanı işıq üzü gördü. O, çoxlu mükafatlar qazandı, o cümlədən “İlin avtomobili” adını aldı. Az sonra, 1971-ci ildə 12 silindrli mühərriki olan, 311 at gücünə malik yeni Jaguar XJ12 modeli peyda oldu. Bu modelə quraşdırılmış aqreqat uzun illər ən güclü Jaguar mühərriki olaraq qaldı. 1975-ci ildə Jaguar XJ-S modeli hazırlandı, o, E-Type asqısı ilə, dördyerlik müasir salonla və 12 silindrli güclü mühərriklə təchiz olunmuşdu.
Bu model Jaguar avtomobillərinin idman ənənəsini davam etdirərək 1977-ci və 1978-ci il çempionatlarında qalib gəldi. 1986-cı ildə XJ6 avtomobili işıq üzü gördü. Bu modelə 24 klapanlı təkmilləşdirilmiş AJ-6 alüminium mühərriki quraşdırılmışdı, onun təkmilləşdirilmiş elektron idarəetmə sistemi bort kompüteri ilə təchiz olunurdu.
Jaguar avtomobillərinin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində aparılan daimi iş 6 silindrli Jaguar idman avtomobilinin uğurlu ənənələrinin bərpasına gətirib çıxardı.
Jaguar XJ220 modeli 1988-ci il Britaniya mühərrik şousunun əsl sensasiyasına çevrildi. Bu avtomobilin ilk versiyası Kliff Ryudell (Cliff Rudell) tərəfindən hazırlanmış, 1987-ci ildə Keyt Helfet (Keith Helfet) tərəfindən təkmilləşdirilmişdi. Avtomobilin son variantı 1991-ci ildə Tokio avtosalonunda təqdim edildi. Məhdud tirajla, cəmi 280 nüsxədə istehsal olunmuş bu əfsanəvi avtomobil bu gün dünyanın avtomobil kolleksiyaçılarının ən böyük arzusu olaraq qalır. 1988-ci ildə Jaguar Sport bölməsinin açılışı oldu, bu bölmə Jaguar XJ 220 seriyalı avtomobillərin bazasında idman modellərinin hazırlanması ilə məşğul olurdu.
1991 - 1994-cü illər Jaguar markasının yeni modellər cərgəsinin hazırlanması ilə əlamətdar oldu. 50-ci illərdə tikilmiş Brauns Leyn zavodu XJ seriyasının istehsalı üçün 1993-cü ildə yenidən quruldu. Həcmi 6,0 litr olan V12 mühərriki sələfi Daimler Double Six ilə müqayisədə daha güclü, daha müasir və qənaətcil oldu.
1996-cı ilin martında Cenevrədə Jaguar XK8/XKR idman modelinin kupe və kabriolet versiyaları nümayiş etdirildi. AJ V8 mühərriki quraşdırılmış bu avtomobil oktyabrda satışa çıxarıldı və dərhal avtomobil həvəskarlarının diqqətini özünə cəlb etdi.
21 oktyabr 1998-ci ildə Birmingem (Birmingham) şousunda onilliyin yeni modeli – biznes-klass tipli Jaguar S-Type sedanı nümayiş etdirildi. Bu yeni avtomobil müasir dizayn üslubunu özündə təcəssüm etdirməklə yanaşı, Jaguar markasının fərdi cizgilərini də qoruyub saxlamışdı.
Bu avtomobilin kuzovunun hazırlanması üçün baza rolunu 60-cı illərin əvvəllərində populyar olan Jaguar Mark II avtomobili oynadı.
2000-ci ilin noyabrında şirkətin rəhbərliyi “Jaguar brendinin tarixində ən diqqətəlayiq model”in – yeni Jaguar X-Type avtomobilinin hazırlanmasını rəsmən elan etdi. Bu avtomobilin yaranması şirkətin yeni gələcəyinin rəmzi oldu, belə ki, onlar işıq üzü gördükdən sonra şirkət ilk dəfə lüks avtomobillər bazarında liderlik uğrunda mübarizə aparmaq imkanı qazandı.
2002-ci ilin sentyabrında Parisdə keçirilən motor şousunda yeni Jaguar XJ modelinin təqdimatı oldu. XJ seriyasının sayca on yeddinci modeli olan bu avtomobil bütünlüklə alüminiumdan hazırlanmış kuzovu sayəsində öz sələflərindən və öz sinfinə mənsub olan modellərdən 200 kiloqram yüngül idi.
Yeni Jaguar XJ modeli Jaguar avtomobillərinin ənənəvi üslubunu özündə əks etdirməklə yanaşı, zərif dizaynı və salonunun təmtəraqlı tərtibatı ilə seçilirdi. Bu modelin hazırlanmasında avtomobil istehsalının ən son texnologiyalarından istifadə edilmişdi.
Mənbə: Avtomobil.az jurnalı