İnsanların avtomobildən istifadə etdiyi yüz il ərzində praktiki olaraq hər şey dəyişib: dizayn dəyişikliklərə məruz qalıb, avtomobil istehsalçılarının bir qismi fəaliyyətinə son qoyub, digər bir qismi fəaliyyətə başlayıb, avtomobil dəbi də dəyişikliklərdən kənarda qalmayıb. Demək olar ki, hər şey dəyişib… Amma… yox. Hər halda dəyişməyən bir şey var. 1876-cı ildən bəri bütün bu dövr ərzində mühərriklərin taktları dəyişməz olaraq qalır. Bu, avtomobil ustalığını öz praktiki təcrübəsi əsasında öyrənmiş ixtiraçı Ottonun sayəsində mümkün olub.
Nikolaus Avqust Otto 10 iyun 1832-ci ildə Taunus çayının sahilində yerləşən kiçik Holtshauzen kəndində anadan olub. Bir neçə ildən sonra o, atasını itirib və ailəni dolandırmaq üçün təhsilini buraxaraq işləməyə məcbur olub.
Lakin biliklərə yiyələnmə həvəsi Nikolausu tərk etmirdi və o, imkan daxilində müxtəlif kurslara gedirdi. Bu kurslar ilk növbədə texnika ilə əlaqədar idi. Nikolausun daim səfərlərlə əlaqədar olan işi (o, ticarət agenti işləyirdi) onun kurslara getməsinə çətinlik yaratsa da, o, biliklərini artırmaq yolunda hər cür maneələri dəf etməyə hazır idi. Hələ üstəlik, o, ailəni də dolandırmalı idi!
Fərasətli alman elə bir şey ixtira etməyə nail oldu ki, bir neçə ildən sonra ixtira, sözün əsl mənasında, gəlir mənbəyinə çevrildi.
XIX əsrin 50-ci illərinin sonunda fransız Lenuarai bütün dünyaya özünün düzəltdiyi ikitaktlı mühərriki təqdim etdi. Amma bu mühərrikin bir çox nöqsanları vardı.
Belə ki, ilk növbədə mühərrikin resursu kiçik və o, öz-özünə alışmağa meyilli idi. Nikolaus Otto məhz bu mühərrikin təkmilləşdirilməsi ilə məşğul olmağa başladı.
O, tədqiqatları nəticəsində bu qənaətə gəldi ki, ən perspektivli variant dördtaktlı mühərrikdir.
Prinsipcə, dördtaktlı mühərrikin yaradılması üzrə eksperimentlər Ottodan əvvəl də aparılmışdı, amma eksperimentlərin müəllifləri bir sıra problemlərlə üzləşmişdilər.
İlk növbədə, problem onda idi ki, silindrlərdə yanacaq qatışığının alışması o qədər gözlənilməz ardıcıllıqla baş verirdi ki, gücün bərabər qaydada və daimi ötürülməsini təmin etmək mümkün deyildi.
Otto bu problemin həllinin açarını tapmağa nail oldu. Onun fikrincə, əvvəlki konstruksiyaların hamısının problemi yanacaq qatışığının tərkibində (yanacaqla oksidləşdiricinin nisbətində) idi. Bundan başqa, o, yanacaqçiləmə sisteminin sinxronlaşdırılması və yanacağın yanması problemini də həll etməli idi. Otto bütün diqqətini məhz bu problemlərin həllinə yönəltdi.
Digər tərəfdən, Otto Gasmotorenfabric Deiz AG şirkətinin yaradılması işində o dövrün tanınmış sənayeçisi Otto Yogen Langendən maddi dəstək almağa nail oldu. Beləliklə, gündəlik çörəkpulu qazanmaq əziyyətindən azad olaraq bütün vaxtını və səylərini yuxarıda qeyd edilən problemin həlli yollarının axtarışına sərf etdi.
Nəticə özünü çox gözlətmədi. Artıq 1863-cü ildə aviasiya mühərrikinin porşeni və əl starteri ilə təchiz olunmuş atmosfer qaz mühərrikinin ilk nümunəsi hazır idi. Bu mühərrikin işlətdiyi yanacaq qatışığının tərkibi müasir avtomobil həvəskarlarına yaxşı tanışdır: 15 kiloqram oksidləşdiriciyə (havaya) 1 kiloqram yanacaq (Otto yanacaq qismində liqroindən istifadə etdi, hazırda biz bu maddəni benzin adlandırırıq).
Bununla belə maksimum proqram hələ yerinə yetirilməmişdi. Məsələ burasındadır ki, o vaxt Otto dörd taktı hazırlamağa nail olmamışdı, o, konstruksiyanı sadələşdirərək iki taktlı mühərrik düzəltmişdi. Amma bunun özü də irəliyə doğru bir sıçrayış idi! Belə ki, tarixdə ilk dəfə faydalı iş əmsalı buxar mühərrikinin faydalı iş əmsalını üstələyən və istismar üçün uyğunlaşdırılan konstruksiya hazırlanmışdı.
1866-cı ildə Nikolaus Avqust Otto mühərrikinə görə patent aldı. Maraqlıdır ki, praktiki olaraq analoji mühərrik öncə fransız A. Bo de Roş tərəfindən patentləşdirilmişdi, amma o, müəyyən səbəblər ucbatından işlək mühərrik yarada bilmədiyinə görə patent Ottoya verildi. Çünki Otto patent komissiyasına işləməyə qadir olan mühərrik təqdim etmişdi.
İlk uğur Ottonu ruhlandıraraq onun gücünü daha da artırdı və o, mühərrikinin təkmilləşdirilməsi işini davam etdirdi. Nəhayət, on ildən sonra – 1876-cı ildə Otto tarixdə ilk dördtaktlı mühərriki patentləşdirdi. Bu mühərrik bizim indi adət etdiyimiz taktlar üzrə işləyirdi. Bu taktlar o dövrdən bizim dövrədək dünyanı əhəmiyyətli dərəcədə dəyişsə də, özü dəyişməz qaldı...
Yeni mühərrik çox yaxşı alınırdı. 15 il ərzində 30.000 mühərrik satılmışdı ki, bu da onun yaradıcısına xeyli gəlir gətirmişdi. Amma uzunmüddətli gərgin iş Ottonun sağlamlığına təsirsiz ötüşmədi. 1888-ci ildən başlayaraq, onun səhhəti, sözün əsl mənasında, geriləməyə başladı. 1891-ci il yanvarın 26-da Otto ürək çatışmazlığından dünyasını dəyişdi.
Mənbə:
Avtomobil.az jurnalı