Özü hərəkət edən nəqliyyat vasitəsi hazırlamaq arzusu çoxdan bəri insanların beyninə hakim kəsilmişdi. Artıq orta əsrlərdə içərisində gizlədilən şəxslər tərəfindən idarə olunan nəqliyyat vasitələri peyda oldu. 1490-cı ildə Leonardo da Vinçi əllə idarə olunan araba düzəltdi. 1769-cu ildə Ceyms Uatt ilk buxar maşınını hazırladı. Uattın bu ixtirasından asılı olmadan fransız Kinyonun buxar avtomobilləri (1769-1770), Trevitikin poçt karetası (1801), Hankokun buxarla işləyən minik avtomobili (1822), habelə fransız buxar omnibusu (1873) peyda oldu. Beləliklə, özü hərəkət edən nəqliyyat vasitələri üçün buxarın kifayət qədər münasib hərəkətverici qüvvə olması faktı hamı tərəfindən qəbul edildi.
Eyni zamanda, özü hərəkət edən nəqliyyat vasitələrinin düzəldilməsi üçün digər istiqamətdə də işlər davam edirdi.
1806-cı ildə İsveçrə əyalətlərinin birində İsaak de Rivazonun emalatxanasında daxiliyanma mühərriki hesabına bir neçə metr irəliyə hərəkət edə bilən nəqliyyat vasitəsi hazırlandı. Benzin buxarı ilə havanı birləşdirmək və bu qatışıqdan hərəkətverici qüvvə kimi istifadə etmək ideyası ilk dəfə fransız Lenuarın ağlına gəldi. Bu primitiv mühərrik onun quraşdırıldığı avtomobilin Parisdən Juenvil-Le-Pona qədər məsafəni qət etməsinə imkanı verdi.
Kölndə Nikolaus Otto kiçik emalatxana qurdu və orada Lenuarın qazolin mühərrikinin təkmilləşdirilməsi üzərində işlədi. Eksperimentlərdən birinin gedişində mühərrikin sonrakı inkişafı üçün həlledici əhəmiyyət daşıyan ideya, yəni daxiliyanma kamerasında qaz-hava qarışığının sıxılması və dördtaktlı iş tsikli ideyası meydana çıxdı. Otto öz ixtirasını 1876-cı ildə patentləşdirdi, lakin onun xəbəri yox idi ki, fransız mühəndisi Bo de Roşşa hələ 1862-ci ildə mühərrikin dördtaktlı iş prinsipini nəzəri cəhətdən əsaslandırmışdır. Buna görə də Roşşanın varislərinin şikayətindən sonra imperiya məhkəməsi 1886-cı ilin fevralında Ottonun patentini ləğv etdi. Bundan sonra istəyi və imkanı olan hər bir kəs dördtaktlı mühərriklərin hazırlanması ilə məşğul ola bilərdi. Qazolin mühərrikinin ixtiraçısı Ottodan sonra Qotlib Daymlerin adını çəkmək lazımdır, o, qarşısına ekipaj üçün yararlı olan yüngül benzin mühərriki hazırlamaq məqsədini qoymuşdu. Nəticədə 460 kub santimetr tutumlu sürətli birsilindrli mühərrik hazırlandı. Onun pərləri dəqiqədə 700 dövrə vururdu və gücü 1,1 kilovatta (1,5 at gücü) çatırdı. Bu mühərrik yandırma sistemi və buxarlandırıcı karbüratorla təchiz olunmuşdu.
Daha sonra Karl Bents 1885-ci ildə Mangeymdə mühərrik quraşdırılmış üçtəkərli ekipaj hazırladı, Daymler isə dünyada ilk motosikl hazırladı, onun təkərləri üzünə metal çəkilmiş taxtadan hazırlanmışdı, raması da taxtadan idi. Bu nəqliyyat vasitəsinin çəkisi 90 kiloqram, maksimal sürəti 12 km/saat idi. Mühərrik ventilyator vasitəsilə soyudulurdu və xüsusi rezindən hazırlanmış saylent-bloklarla ramaya bərkidilmişdi. 1886-cı ilin payızında Daymler daxiliyanma mühərriki quraşdırılmış ilk sürətli dördtəkərli avtomobil hazırlamaqla öz həmvətənlərini heyran etdi. Bu avtomobil saatda 18 kilometrədək sürət yığa bilirdi. 1889-cu il ümumdünya sərgisindən sonra Bentsin və Daymlerin avtomaşınlarının uğurunu gözləmək üçün çox vaxt lazım gəlmədi.
Sonrakı illərdə mühərrikin gücü 15, 20 və hətta 45 kilovattadək (müvafiq surətdə 20, 30 və 60 at gücü) artdı. Ötürücü kəmər sistemi sonrakı dövrlərdə tətbiq edilmədi. Əvəzində müasir tipli avtomobil işlənib hazırlandı, onun konstruksiyasının ardıcıllığı aşağıdakı kimi idi: öncə mühərrik; sonra bəndləyici; ötürücü qutu; kardan valı; bölüşdürücü ilə birlikdə diferensial; və arxada sərt yay. Dişli çarxları və ling mexanizmi olan dördpilləli ötürücü qutu öz mövqeyini möhkəmləndirmiş oldu. Artıq konstruktorlar silindrlərin diametri ilə hərəkəti arasında nisbəti, silindrlərin doldurulması problemini və bir çox digər problemləri nəzərə alırdılar, bunlar daha güclü və qənaətcil mühərriklərin hazırlanması üçün mühüm məsələlər idi. İki əsrin qovşağında maqneto yandırma sistemi (Boş sistemi) meydana çıxdı.
Lakin sürətləri artmaqda olan avtomobillərin əyləcləri nisbətən zəif olaraq qalırdı. Əl əyləcini gücləndirmək üçün avtomobillər dayaqla komplektləşdirildi, avtomobili yoxuşda saxlamaq lazım gəldikdə dayaq cəld aşağı endirilirdi. Artıq 1900-cü ildə belə bir prinsip bərqərar oldu ki, avtomobildə iki müstəqil əyləc sistemi olmalıdır. İndi ayaq əyləcləri qabaq və ya arxa təkərləri bloklaşdırır, əl əyləci isə yardımçı funksiyanı yerinə yetirirdi.
O vaxtlar avtomobilin elektriklə işıqlandırılması praktikası hələ mövcud deyildi, karbidlə işıqlandırma daha geniş yayılmışdı.
İlk müsabiqələr və yarışlar avtomobillərin texniki cəhətdən təkmilləşdirilməsinə təkan verdi. 1900-cü ildə Qordon-Bennet kuboku uğrunda yarışlarda ilk dəfə dəqiq qaydalar müəyyən edildi: yarışa çəkisi 400 kiloqramdan yüngül və 1 tondan ağır olmayan avtomobillər buraxılırdı.
1906-cı ildən 1907-ci ilədək keçirilmiş Herkomer yürüşlərində yalnız dörd oturacaq yerli avtomobillərin iştirak etmək hüququ vardı. Onların avadanlıqları o vaxt ki, avtoturizm tələblərinə tam uyğun olmalı idi. İlk dəfə avtomobilləri mühərrikin gücündən asılı olaraq siniflərə bölməyə başladılar. Şahzadə Henrixin şərəfinə keçirilən sonrakı yarışlarda da qaydalar bu cür idi. Yarışlarda müəyyən reqlamentin bərqərar olması nəticəsində avtomobillərin istehsalında daha yüksək keyfiyyətli materiallardan, məsələn, yüngül metallardan istifadə etməyə başladılar. O dövrün proqressiv elementlərinə diyircəkli podşipnikləri, idarə olunan mexaniki klapanları, çoxpilləli ötürücü qutuları, təkmilləşdirilmiş karbüratorları, eləcə də mühərrikin gücünü və avtomobilin hərəkət sürətini artırmağa qadir olan bir çox digər detalları aid etmək olar.
1906-cı ildən “Qran-pri” adlandırılan yarışlar keçirilməyə başladı. Onlar Birinci Dünya Müharibəsindən sonra 1921-ci ilədək davam etdi. Məhz həmin dövrdə kompressorlu mühərriklərin tətbiqinə başlandı, belə mühərriklərin gücü sayəsində yürüş avtomobilləri çox böyük sürətlə hərəkət edə bilirdilər. Bundan başqa, həmin dövrdə müxtəlif avtomobil zavodları müxtəlif konstruksiyalı avtomobillər buraxmağa başladılar.
Mənbə: Avtomobil.az jurnalı
Ən qədim buxar avtomobili satılıb
Dünyanın ən qədim buxar avtomobili 2012-ci ildə ABŞ-da 4,62 milyon dollara satılıb. Bu avtomobil 1894-cü ildə Fransada istehsal olunub.
"Markiza" adlı qara rəngli buxar avtomobilinin sürəti saatda 61 kilometr, uzunluğu 2,7 metr, çəkisi isə 952 kiloqramdır. Adının gizli qalmasını istəyən avtomobilin yeni sahibi Xerşi şəhərində (Pensilvaniya ştatı) keçirilən hərracda ona satış qiymətindən iki dəfə artıq pul ödəyib. Hərrac evinin məlumatına görə, avtomobil sahibi artıq 4 dəfədir dəyişir. Sonuncu sahibi onu nə az, nə çox 84 il saxlayıb.
Xatırladaq ki, buxar avtomobili Qraf Jül-Alber de Dionun anasının şərəfinə "Markiza" adlandırılıb. O, 1887-ci ildə Paris və Versal arasında keçirilən ilk avtomobil yarışlarında iştirak edib.